Tural Sahab – Kəpənəyin gündəliyi

tural sahabÜç günlük dünyadı. Dünən mən vardım, sən də vardın. Bu gün mən varam, sən yoxsan. Sabah isə nə mən olacam, nə də sən…

Üç nəfəslik dünyadı, heç bir nəfəsinə hakim ola bilmədiyimiz, bir nəfəsi belə bizim olmayan. Bir damla göz yaşımız belə bizim olmazkən, bir- birimizə sahib ola bilməzdik. Bu gün ayrılığa, sabah isə ölümə üzülmə..

 Balaca bir kəpənəyin üç günlük ömründə yaşadıqlarını yazması məni çox duyqulandırdı. O, da yazmaq unudulmamaq istəyirdi mənim kimi. Onun balaca qəlbindəki sonsuzluq  istəyini həyata keçirmək üçün, yenə onun gündəliyini insancaya çevirmək istədim. Olduğu kimi… bir sözünü belə dəyişdirmədən…

 Gündəlik:

 Birinci gün: –  Bir bahar səhəri günəşin ardınca mən gəldim dünyaya, yəni günəş dağların arxasından, mən də anam olan qozadan çıxdım. Tək fərqimiz vardı. O,  milyonlarca dəfə yaşamışdı bu anı və yaşayacaqdı. Mən isə ilk, bəlkə də son dəfə yaşayırdım. Bəli, günəş doğdu canlı, cansız hər şeyi sevginin rənginə boyandı. Quşların nəğməsi göy üzü rəngində idi, göy üzü isə quşların nəğməsinin rənginə boyandı. Qozadan çıxdım, bir müddət uçmağa gücüm çatmadı. Sonra yavaş- yavaş qanadlarım bərkidi və mən havaya qalxdım. İlahi, uçmaq nə qədər gözəldi, nəfəs almaq, güllərin gözəlliyinə toxunmaq, yeni çiçəkləmiş ağacların yardımına qaçmaq, nə qədər gözəldi… Ürəyim sevgi ilə dolmuşdu. Biz dünyaya gələndə sevmək üçün gəlirik. Əgər bir çiçəyə sevdalanmasaq yaşamış sayılmarıq. Onun üçün doyunca, yorulana qədər uçmaq, bu üç günlük ömrümü doya- doya yaşamaq üçün- aşiq olmaq üçün bir çiçək axtarırdım.Tanrı bizim adımızı sevgi ilə yazıb, sevgi ilə yaratdı bizi. Bir qədər uçandan sonra hündür qayalıqlara tərəf gəldiyimi hiss etdim. Aşağıda balaca çay daşlarını qabağında dığarlayan nəhir, yuxarıda isə yüz illərə şahidlik edən sərt qayalar. Rüzgarın da yardımı ilə qayaların ən yüksək yerinə qondum. Bir də nə görsəm yaxşıdı- bir çiçək. Daşların arasından baş qaldıran gözəl, mavi bir çiçək. Bəli, eşq mənə doğru ilk addımı atdı, bir göz qırpımında balaca ürəyim özünü bu qayalıqlardan sonsuzluğa atdı. Mən aşiq olmuşdum, mən sevirdim…. Fərqli biri olduğumu qozadan çıxdığım ilk anlarda anladım. Mən sıradan bir çiçəyi sevə bilməzdim. Torpaqda hər toxum cücərə bilər, mənə daşların arasında bitəcək qədər cəsur  biri lazımdı. Yüzlərlə kəpənək və arının nazını çəkən güllər üçün yaradılmamışdım. Mən bu sərt qayalıqlarda bitib,  küləklərə üsyan edən, buludlardan su içən bu mavi gülü sevmək üçün yaradılmışdım…

 Ömrümün ilk gününü sevgimi ona bildiməklə və isbat eləməklə keçirdi, keçəcəkdi. Dağ gülüm bitdiyi qayalıqlar kimi möhkəm iradəli birinə hədiyyə edə bilərdi qəlbini . Unutdum neçə dəfə havaya qalxıb, dərənin dibinə yuvarlandığımı onun üçün. Çaya çatana qədər qanadlarımı qəsdən açmırdım ki, bəlkə mərhəmətə gəlib “ hə” cavabını verə, ancaq, yox qəlbindəki daşaları sındırmağı bacara bilmirdim. Günəş bir az sonra  dağların arxasında yoxa çıxacaq, gizlənəcəkdi. Üşüdüyümü, qorxduğumu hiss etdim. Gecəni burada keçirmək intihar olardı. Günəş gözdən itdikcə külək möhkəmlənir, ipəkdən incə qanadlarımı titrədirdi. Ancaq gedə bilməzdim. Qanadlarımı gülə sarıb, gözlərimi yumdum. Ölsəm belə burada, sevdiyim gülün yanında öləcəkdim. Hava qaralanda, bir iki damla yaş qanadlarıma düşdü. İnanmışdı qəlbi, onun üçün yaşamamı istəyirdi. Qayalıqdakı oyuqlardan birini göstərdi, ora getməmi deyə- deyə. Mən ora getdim. O, isə küləklə savaşa- savaşa olduğu yerdə məğrurca dayanmışdı. Bir qədər onu izlədikdən sonra sevgicə yuxuya getdim…

İkinci gün: Gözlərimi açanda ilk onu- günəşə gülümsəyən ləçəklərini gördüm. Yaşamaq nə qədər gözəldi, sevmək nə qədər gözəl… qəlbim minlərcə mahnını eyni anda oxuyur, qanadlarım onun qoxusu ilə nurlanırdı. Yaxınlaşdım ona, başına dolandım dəfələrcə. Ona sevgilim dedim ilk dəfə, sonra dəfələrcə təkrarladım bu ilahi sözü. Hekayələr anlatdı mənə. O, da bir neçə gündü gəlmişdi dünyaya, ancaq məndən fərqli olaraq gecə yarısı. Qaranlığın bağrını yarıb, günəşdən öncə doğmuşdu dünyamıza…

Bura onun üçün çox təhlükəli idi. Hər an, hər dəqiqə bir fırtına kökündən qoparıb, bir bilinməzə doğru apara bilərdi. Bir an qəlbim titrədi, qorxu- ayrılıq, itirmək qorxusu kimi duyquları iliklərimə qədər duydum. Mən uça, uzaqlaşa bilirdim. O, isə məhkumdu olduğu yerə, başqa yerə getsə solar, yaşaya bilməzdi. Bir damla yaş gözümdən ayrılıb, aşağıya- çaya doğu düşdü. Çaya qarışa biləcəkdimi, qarışsa belə… Özümü çox aciz hiss etdim bir an, mən də bu dünyada bax bu qədər kiçik, bu qədər çarəsiz idim..

“ Get”- dedi- “ get, sevgilim”- məni yanından qovmurdu, sadəcə mənim yolumu gözləyən çiçəklər vardı, onların mayalanmasına yardım etməliydim. Bu üç günlük dünyaya sadəcə eşq üçün gəlməmişdim. Bir çiçəyin meyvə olmasına yardım edəcəm. Sonra mən öləcəm, ancaq o meyvə böyüyəcək. Günəşin doğuşunu, qaranlığı dəfələrcə görəcəkdi. Daha sonra o meyvəni kimsə dadacaq mənim əməyim yenə yaşayacaq. Yəni mən ölsəm də, məndən qalan xatirə itməyəcək, dünya var oldquca dövr edəcəkdi. Onun üçün uçdum, çoxlu çiçəklərin üzərindən keçib, vəzifəmi yerinə yetirdim. Uşaqlar məni tutmaq istədi, bir təhər canımı xilas elədim. Demək insan oğlu öz övladını yırtıcı heyvan kimi böyüdür, elə olmasaydı həyat almağı əyləncə olaraq görməzdi. Uçdum, çoxlu dost tapdım çiçəklərin üzərindən keçərkən, ancaq mənə qəribə gələn onların bu üç günlük dünyanı heç ölməyəcək kimi yaşamaları idi. Gün ərzində onlarca çiçəyin üzərinə qonub, eşq nəğmələri oxudular. Bax, bunu anlaya bilmirdim mən- sevgi üçün yaradılan mən. Onlar eşqbazlıq edərkən mən sadəcə axşamı- sevdiyim, dağ gülümə qovuşacağım zamanı gözləyiridim. Necə darıxmışdım, kaş gecələr sabahacan onunla dərdləşə biləydim, ancaq olmaz, yatmasam yox olaram. Bax budur… Günəş göy üzündə ilan kimi sürünür, qarşıdakı dağlara tərəf. Mən həyacanla qayalıqalara, sevgilimə doğru qanad çatıram. Yaxınlaşdıqca külək gülümün qoxusunu mənə gətirir, balaca qəlbim həyacanla döyünür. Gəlib yanına qonuram, “ ah bu də nədir, nələr olub mənim gülümə” – ləçəklərindən biri yerə düşüb, digərləri isə solub. Göz yaşlarıma əngəl ola bilmirəm, onu elə gördükdə. Təsəlli verir mənə, ay üzlüm. Demək günortaya yaxın möhkəm bir külək əsib. Narin ləçəkləri bu zərbəyə davam gətirə bilməyib…

 “ Ağlama, sevgilim və üzülmə. Bu gün ayrılığa sabah isə ölümə. Biz ən gözəl şəkildə yaşadıq bu qısa həyatımızı. Sevdik, heç toxunmadıq sevdanın şərəfinə. Mən bu sabah günəşi görə bilməyəcəm, ancaq sən bir günəş artıq yaşayacaqsan sevgilim. Açan hər gül, uçan hər kəpənək bizim sevdamızdan danışacaq”- deyib,  məni yanına, yaxınına çağırdı. Sarılıb doyunca ağladıq, sonra güldük sevgimizə, güldük sevgi kimi keçən ömrümüzə. İndi günəş görsənmirdi səmada, küləl də yoxdu… sakitlikdi. Demək bu son gecəsində sevgilimə sarılıb yata biləcəkdim. Göz qapaqlarımla mübarizə aparır, adəta savaşırdım. Onunla keçən hər anı yaddaşıma, ürəyimə yazmaq istəyirdim, yazırdım. Çayın səsi layla dedi mənə, ona- sevgimizə. Mən yatdım, o, öldü sevgimiz ölümsüz oldu o gecə….

Üçüncü gün: “ Bu gün ayrılığa, sabah isə ölümə üzülmə “- demişdi, ancaq ölüm ayrılıqdan öncə gəldi. Çox qəribə deyilmi, tərk edib gedən sevgili, öləndən daha çox acıdır canımızı. Ölümü ayrılıqdan hesab etmirik…

 Bu gün həyatımın son günüdür, ancaq dünən mənim də onunla ölməmi çox istərdim. Bu son günümü onsuz yaşamağa məhkum etdi məni həyat. Nə olsun ki, o, yoxdu- öldü. İndi mən sadəcə özümü yox, sevgimizi- onu da yaşamalıyam. Bax bunun üçün yaşamalıyam, yaşayacam. Onu o qədər çox sevdim ki, nə onun, nə sevgimizin unudulmasını istəmirəm. Ona görə bir dəlilik edəcəm, həmcinslərimin heç vaxt etmədiyi bir dəlilik. Gün batımına bir neçə saat qalmış yaşadıqlarımı yazacam. Bəli, səhv eşitmədiz yazacam və bir insan qəlbinə göndərəcəm, ancaq axşama hələ çox var və mən yaşamalıyam….

 Yenidən uçmağa başladım. Tarlaların, bağların üzərindən. Yenə çiçəklərin mayalanmasında onlara yardımcı oldum, yenə bir çiçəyin üzərinə düşən şehdən doyunca içdim. Gülürdüm- dünyaya bir kəpənək olaraq gəlmişdim, ancaq dünyadan köçərkən həm kəpənək, həm gül olaraq köçəcəkdim. Bu düşüncələrlə nə qədər uçduğumu bilmirəm, birdən yerdə boynu qırılmış, ancaq solmamış- hələ həyatda olan bir çiçək gördüm. Nəsə ürəyimin sızladığını, canımın yandığını hiss edib, sakitcə yerə- yanına endim. Gözəl bir çiçəkdi. Dünyaya gəldiyi gecənin sabahı vəhşi heyvanlardan birinin ayaqlarının altında qalıb əzilmişdi. Onu bu halı ilə kimsə bəyənib, sevmirdi, ancaq o, sevmək, sevilmək istəyirdi. Göz yaşları ilə islatdı qanadlarımı, balaca ürəyim paramparça olmuşdu. Bu həyatda bir ağlayanın göz yaşını silə bilmədikdən sonra niyə yaşayırıq ki?! Göz yaşlarımı rüzgarla silib, havaya qalxdım. Onun başının üstündə eşq uçuşları elədim çoxlu. “ Mən səni sevirəm, sənə vuruldum- aşiq oldum. Elə olmasaydı sənə doğru uçardımmı, heç” – dedim. Dedim, deməsinə də mənə inanmırdı, inana bilmirdi, ancaq bütün qəlbi ilə inanmaq istədiyini də biliridim. Ömrümün geri qalanında nələr edəcəyimi daha biliridim. Bu gülə sevgi ilə yanaşacaq, həyatdan sevgisiz getməsinə izn verməyəcəkdim. Nəğmələr söylədim ona uzaq gülərdən, efsanə olan sevdalardan.  Nə qədər gözəl olduğunu, necə ətir saçdığını anlatdım ona. Onun yaralı qəlbininin sevgi ilə sağaldığını gördükcə, öz acılarımın da dindiyini hiss edirdim. Bəli, indi o, inanırdı mənə. Aşiq  olmuşdu. Ona baxdıqca dağ gülümün mənə baxıb, gülümsədiyini görürdüm, sanki. Zaman yavaş- yavaş axıb gedirdi və gedərkən bizi də özü ilə bir bilinməzliyə doğru sürükləyirdi. Mən ölümü dağ gülümün bitdiyi yerdə qarşılamaq istəyirdim, ancaq bu yaralı çiçəyin də çox ömrü yoxdu. Onu tərk eləmək bu qədər əməyin boşuna getməsi, tikdiyim yuvanı öz əllərimlə uçurmaq olardı. Nə edəcəkdim, heçnə bilmirdim. Göz yaşlarıma əngəl ola bilmirdim. Elə bu an bir möcüzə baş verdi, gözümdən axan yaşlar onun yarasına damlamış və sağaltmışdı onu. Gülmsədi, mənə baxaraq və “ get, get sevdiyinə “ – dedi. Heç nə demədən havaya qalxıb, qayalıqlara doğru uçmağa başladım. İndi o, yaralı deyildi və ölməyəcəkdi. Mütləq həqiqi sevgini tapacaq və xoşbəxt olacaqdı. Qayalıqlara  gələndə artıq günəşin batmasına çox az qalırdı. Gündəliyimi- yaşadıqlarımı yazmağa başladım. Günəş dağların arxasında gözdən itəndə, gündəlik yazılmış və aid olduğu yerə doğru yola çıxmışdı.

 Bu gün tez yatmalıyam, ölümü yuxuda qarşılamaq istəyirəm, yuxuda…

 

Yazıya 1415 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.