Od düşdü sulara,
od düşdü, sular yandı.
32 adamın
günahsız gözlərində
32 sual yandı.
32 Sevginin
gülü yandı dənizdə.
32 ananın
dili yandı dənizdə.
32 mələyin
pörşələndi qanadı.
32 yerindən
Yurdun bağrı qanadı.
Bu gün,
bu an
mənimçün
qara xəbər gətirən
“Qara kağız”dı Vətən.
32 dişi düşmüş
cılpaq ağızdı Vətən.
GÜZGÜYƏ BAX…
Hayana uçub gedib
bu quşun qanadları?
Bir qara daş üstündə
inləyir zarı-zarı.
O buludun yağışı
aralanıb özündən.
Bir mələk qan ağlayır
o buludun gözündən.
O dağın küləkləri
bu dağa qış gətirir.
Daha qəlb ağacları,
sevgi yox, daş gətirir.
Güzgüyə bax, soruşma
hardan yarandı bu şər.
Qəbrin mübarək olsun,
Salam əleyküm, bəşər.
Yazıya 764 dəfə baxılıb