Ramiz Qusarçaylı — Bu il qaranquşlar Yəmənə uçmaz

ramizqusarçaylı7540506788643_8126700775286295592_n

Bu il qaranquşlar Yəmənə uçmaz…
Bu dünya ələkdən keçib qurtarıb,
Kəpəyi, köpüyü ələyə yatmır.
Bu dünya səbrini içib qurtarıb,
Hikkəsi, hoqqası bələyə yatmır,
Bu dünya özündən köçüb qurtarıb,
Alxışı, qarğışı fələyə yatmır,
Bu il qaranquşlar Yəmənə uçmaz…

Dünyanın ürəyi gör nə gündədir,
Dünyanın ürəyi kündə-kündədir,-
Qaranquş qanadı boydadı göylər,
Qaranquş yuvası boydadı yerlər…
Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Kim var ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz…

Güclər arasında bölünüb dünya,
Giclər arasında bölünüb dünya,
Biclər arasında bölünüb dünya,
Bu dünya güclərin sınaq yeridi,
Giclərin, biclərin sınaq yeridi,
Ölümlər Kərkükdə sınaqdan keçir,
Təlimlər Sənada sınaqdan keçir,
Bu il qaranquşlar Yəmənə uçmaz…
Dünya çox oynadı ərəblər ilə,
Bir az Buş oynadı,
bir az Mitteran.
İndi də oyuna girib Rusiya,
İndi də oyuna qoşulub İran.
Nələr oynanılır burda, eh, nələr,
Suları yandırır qara səhnələr.
Qaçıb alov-alov yağıntılardan,
Ötüb şəhər-şəhər dağıntılardan,
Sulara qərq olur ətcə balalar,
Batır dəniz-dəniz ərəb dünyası,
İtir gəmi-gəmi ərəb dünyası,
Yığıb adamları tökür dənizə,
Bu köpük adamlar, kəpək adamlar.
Köpək balıqları məəttəl qalıb
Yeyir adamları köpək adamlar,
Bu il qaranquşlar Yəmənə uçmaz…

ABŞ viran qoydu Əfqanıstanı,
Mali Fransanın qanlı dastanı,
Suriya rusların ölüm bostanı…
Dünya ədalətin qısır yuvası,
Dağıldı Mursinin Misir yuvası…
Üst-üstə qalandı xarabalıqlar,
Hər daşın altında cəsəd yuvası,
Uçdu bu yerlərin həsəd yuvası,
İsinməz bəşərin Əsəd yuvası,
Bu il qaranquşlar Yəmənə uçmaz…

Qaranquş səsində Yəmən qalmayıb,
Gül-çiçək qalmayıb, çəmən qalmayıb,
Haqq yox ATƏT-ində, BMT-sində,
Bir nəfər halal süd əmən qalmayıb,
Bu il qaranquşlar Yəmənə uçmaz…

Mənlik deyil

Bu səngər haqq səngəridi,
Zəhmində çox cəng əridi,
Ləngərim söz ləngəridi
Yüngül hava mənlik deyil.

Öz göyüm var,
öz mələyim,
Öz xəttim var,
öz lələyim,
Öz məzarım, öz bələyim
Haram yuva mənlik deyil.

Davam nə can davasıdı,
Nə də yorğan davasıdı,
Azərbaycan davasıdı,-
Ayrı dava mənlik deyil.

Göy gəzirəm Yerdə bir az

Mövzu deyib dağı, düzü
Gəzib suyun çıxardıram.
Misraya yatmayan sözü
Əzib suyun çıxardıram.

Ruh uçunan sirdə yer az,
Göy gəzirəm yerdə bir az,
Ayrılığı Araz-Araz
Üzüb suyun çıxardıram.

İpək hördüm dəmirdən də,
Gül bağladım kömürdən də,
Can çəkişən ömürdən də
Bezib… suyun çıxardıram.

Dəniz gözlüm, bu mən, bu sən,
Gir könlümə, üz dərindən,
Sənsizliyi gözlərindən
Süzüb suyun çıxardıram…

Laçında nə var, nə yox

Məhəbbət Kazımovun məzarı önündə düşüncələr…

Deyirlər Laçındasan,
Laçında nə var, nə yox…
Danış… danış…
dilinin
ucunda nə var, nə yox…

Kimi gəzir gözlərin,
Nələr deyir sözlərin,
Əsir düşən qızların
Saçında nə var, nə yox…

Kim var Keyti dağında,
Kim yatıb qucağında,
Kor qalan ocağında,-
Sacında nə var, nə yox…

Yeri itib pirlərin,
Səsi batıb ərlərin,
Açılmayan sirlərin
İçində nə var, nə yox…

Sarıbaba sarı yurd,
Qarı düşmən, qarı yurd,
Yarı məzar, yarı yurd
Tacında nə var, nə yox…

Öt Laçınım… Laçınım…
Ürək-ürək uçunum.
Ay göylərə uçanım
Köçündə nə var, nə yox…

Deyirlər, Laçındasan,
Laçında nə var, nə yox…

Sənin işığından keçir bu yollar

Sənin işığından keçir bu yollar,
Sənin işığından keçirəm mən də.
Səni işıq-işıq içir bu yollar,
Öz işıq payımı içirəm mən də.

Sənin işığına köklənib hər yer,
İşığa yüklənib əlim, ayağım.
İşıq dirəkləri saxlaya bilmir,
Bu qədər işığı necə saxlayım…

Gecəni şəhərdən yuyur işığın,
Gecəyə gözündən yol çəkəcəklər.
İşıqdan işığa qonur arılar
Arılar işıqdan bal çəkəcəklər…

Baxıb işıl-işıl işarır adam,
Hardandı bu qədər boya, bilmirəm.
İşığa bulaşır dilim, dodağım
Üzümdən işığı yuya bilmirəm.

Bu qədər işığı hardan yığmısan,
İşıqdan od tutub yanır bu şəhər.
Gözləri qamaşır göy üzünün də
Çıxmağa utanır Günəş bu səhər.

Yenə də keçirəm sizin şəhərdən,
Yenə də qarşıma işığın çıxır.
Qapını gizlicə döyür gözlərim,
Qapının ağzına uşağın çıxır…

Yazıya 797 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.