Rəşid BƏRGÜŞADLI — Təhqir edilmiş vicdan

12027802_536807073156755_6945701829105550315_n   (İşdən sonra fəhləliyə sürüklənən müəllimlərə həsr olunur)

İnstitutlardan birində bioloji tədqiqatlar lobaratoriyasının müdiriydim. Elmlər namizədiyəm. Bir gün özəl televiziyaların birindən zəng vurdular ki, – “genidəyişdirilmiş meyvə-tərəvəz, korservləşdirilmiş ərzağa vurulan konservantarın insan orqanizminə zərərinə dair veriliş çəkilir, xahiş edirik canlı proqramda iştirak etmək üçün başıçıxan bir nümayəndə göndərəsiniz”.
Ay sizin qadanızı alım, burda nə pis şey vardı ki… Ancaq mən nə bilim ki, axırı zibilə dönəcək. Laboratoriyamızın “ağıl dəryası”, içimizin ən savadlısı olan Feyzulla İbişovu göndərməyi şəkk-şübhəsiz qərara aldım. Adamın vicdanı olar, mən də qarışıq, bütün laboratoriya tərəzinin bir gözünə, Feyzi müəllimsə digər gözünə qoyulsa, yenə də onun çəkisi savadda ağır gələr. Allah baxır, hamımızdan savadlıdır kişi, özü də biologiya elmlər namizədi, dosentdir. Özünə yanaşıb xəbəri dedim. “Necə məsləhət bilirsiniz..!” – deyib par-paltarını dəyişib çəkilişə getdi.
Bütün işçilərlə birlikdə iki saatdan sonra televiziya ilə canlı yayımda gedən həmin verilişə baxmaq üçün mənim ka-binetimə yığışmışdıq. Feyzulla müəllimi televiziyada görəndə hamımızın içindən bir qürur hissi cərəyan kimi keçdi, – o, bizim layiqli təmsilçimiz idi. Birinci dəfəydi ki, fağır və ürəyiyuxa kolleqamın üzündəki alim nurundan gözüm qamaşdı – həqiqətən televizor adamı başqa cür göstərirmiş.
Mövzu çox maraqlı mövzuydu. Durub bütün verilişi da-nışası deyiləm. Söhbəti birbaşa mətləbin üstünə gətirirəm. Söz verildi Feyzulla müəllimə… O üzünü aparıcıya tutub çox inamla və əminliklə hamının bildiyi, qəzetlərin, televiziyaların gündə toxunduğu eyni şeyləri təkrar etdi:
– Elçin müəllim, bu “reklam”, “keyfiyyət”, “halal” terminləri bazara girəndən hər şeyin zayı çıxıb, meyarlar tərsi-məzhəb olub. Reklam olunan şeyi almaqdan insanlar çəkinir, “demək nəysə zay məhsuldur ki, bu qədər xərc çəkib camaata sırışt edirlər.” – deyə düşünürlər. Reklama aldanıb alırsan, məlum olur ki, keyfiyyətsiz bir şeymiş, bir daha aldadıldığına it kimi peşiman olursan. Haram şeylərə “halal” etiketini elə vururlar ki, adamın vicdanı sızıldayır. Mən ali-məm, nə reklamdan, nə keyfiyyət alverindən, nə də halal ticarətdən başım çıxır. Amma bilirəm ki, kolbasaya donuz yağı vurulmasa bu artıq kolbasa deyil. Lap, damla-damla deyil, qətrə-qətrə toplasan da, əgər şirə konservləşdirilib paket-lənirsə, içinə mütləq kimyəvi reagentlər və emulqatorlar vurulur. Gəlin bu camaatın başına cəvərən hörməyək. Qoy heç olmazsa sağlamlıqlarının qayğısına özləri qalsınlar. Hələ ki, kampotun keyfiyyətini əvəz edən bir şirə yoxdur. Qoyun kampotlarını içib, cemlərini, mürəbbələrini bişirməkdə davam etsinlər. Ya da ki, kişi kimi üstündə yazın ki, – “ey müsəlman, məmulatın içində donuz piyi var”. Qoy özünü müsəlman sayan da bilsin ki, bu kolbasa haramdır, yeyər, ya da imtina edər özü bilsin, bir də Allahı… Mən bir şeyə məttəl qalmışam – təsəvvür edin ki, “dindar” insan “Halal” kolbasası yeyir və ya alkoqolsuz “Hacı” pivəsi içir. Bir burdakı iyrənc məntiqə baxın – demək vaxtilə yediyi haramın dadını unuda bilmədiyindən damağının dadını qurcalayır bu adam. Belə də mömin olar? Belə məhsula ruhanilər idarəsi də rüxsət verirsə, gör nə böyük fəlakətdədir müsəlmanın başabəla nəfsi? Bu “halallıqda”, “hacılıqda” iblis barmağı açıqca görünür. Bazarın alver qaydalarına kim gətirib bu şeytan düsturunu? Camaatı aldatmaq günahdır, bu milləti özbaşına bu¬raxsan, nəyin haram, nəyin halal olduğunu özü yaxşı ayırd edəcəkdir.
Mən Zakatala rayonundanam. O gün rayona gedəndə şəhərin girəcəyində bir reklam lövhəsinə gözüm sataşdı. Deməli, şəkildə iki alma var – birinin böyrünü qurd yeyib azca qaraldıb, digəri isə genidəyişdirilmiş “sappasağlam” qırmızıyanaq almadır. Şəkilin altından iri hərflərlə belə yazılıb: – “Yaxşısını özün seç!”. Bu bir bank reklamıdır. Demək istəyir ki, – “başqa banklar çürük işlər görür, biz isə sağlamıq, bizimlə işləsəniz bax belə sağlam alma yeyəcəksiniz” . Elçin müəllim, sizə sual verirəm, siz qurd yemiş almanı seçərdiniz, ya qırmızıyanaq sağlam almanı?
Aparıcı:
– Sağlam almanı.
Feyzulla müəllim:
– Bax burda səhv edirsiniz – belə düşünənlərin hamısı səhv edir. Qurdun yemədiyi sağlam almada ziyanlı bir kimyəvi qatqı var ki, qurd ona yaxın durmayıb. Bu işdə qurd insandan ağıllıdır. Bax genidəyişdirilmiş meyvələr də öz gözəlliyilə adamı yoldan çıxarır. İnsana görk olsun deyə qurda göz və ağız dadı verib yaradan Allah, şeytan vəsvəsəsi kimi insanları zahiri gözəlliklə yoldan çıxaranlardan bir gün mütləq haqq-hesab soracaqdır. İblis əslində insanın iradəsini idarə edə bilmir, yalnız bir şeyi gözəl göstərməklə insanı düz yoldan sapdırır. Gerisini öz mükalimənizə buraxıram Elçin müəllim.
Quba almasının dadı qaçıb, Qızıləhmədi almasının rəngi gündən-günə gözəlləşsə də, artıq oduncaq dadı verir. Selek-siya qanunları başqa şeydir, gen transplantasiyası isə tamam başqa bir şey. Baxın, həkim analara, öz uşaqlarına vitamin kimi təbii meyvə şirələri çəkib verməyi tövsiyyə edir. Zavallı ana da bazarda ən yaraşıqlı və bahalı meyvələri alıb şirəsini canından da əziz övladına verir. Gecənin bir yarısı, körpə, yuxudan qarnını doğrayan sancıyla yerindən dəli kimi dik atılır və qusub rahatlanmadıqca yuxuya getmir. Həkimlər bildiyimiz diaqnozu qoyur, – “Zəhərlənib!”, ya da ən yaxşı halda “qarnı pozulub”. Kimyəvi dərmanlarla, gen dəyişməklə alınan meyvələr insana çox ziyanlıdır – insanın nəslini kəsmək üçün düşünülmüş bir silahdır. Mən də meyvələrin “həkim”iyəm, mən də alma ağacına nə yedirmək lazım oldu-ğunu təyin edirəm. Bilirəm, kiminsə bostanına daş atıram, ancaq paketlənmiş şirələrdənsə, yaşadığınız arealın təbii şə-raitində bitən meyvələrdən istifadə edin.

* * *

…Nəysə, başınıza dönüm. Bura qədər bəsdi, gerisi alim araşdırmaları və tövsiyyələrindən başqa bir şey deyildi. Bütün kollektiv, Feyzi müəllimi alqışlayır, sevincimizdən atılıb düşürdük . “Əhsən İbişov” bağırırdıq. Əslində kişi hamımızın adından nə lazımdısa, hər şeyi dedi, bir şeyi unutmadı. Tibb elmlər namizədi, dosent Rəşid Məmmədov cindarlar, falçılar, ekstrasenslərlə mübarizədə necə ad çıxarmışdısa, əmin idik ki, İbişov da bu gündən “halal və haram telesavaşının ən yaxşı hakimi” olacaqdır. İşçilər öz iş yerlərinə təzəcə dağılışmışdılar ki, telefon zəng çaldı. Sevinclə dəstəyi götürdüm. “Yəqin alim dostlarımdan Feyzulla İbişovu tanıyanlar verilişə baxıb məni təbrik etmək istəyir…”
– Alo, buyurun eşidirəm – demişdim ki, telefonun o biri ucunda yonulmamış bir səs az qala cöngə kimi böyürdü – “Sən kimsən!?…”
– Mən.., meyvəçilik institutunun bioloji tədqiqatlar la-boratoriyasının müdiri, biologiya elmlər namizədi, dosent Ək-bər Vəliyev…
– Əyə, donqili! O qaloşu sən çıxartmısan televizora?!
– Nə olub ki..?
– Ə o bambılıya deynən ki, gözünün yaşını damla-damla toplayıb eksporta göndərərəm. Ətini donuz piyinə qatıb “halal” kolbasası düzəldərəm! Bir də murdar qaşıq kimi özünüzü gözə dürtməyin, eşitdin!
– Bağışlayın, kimnən danışıram?
– Adamın qanını damla-damla içməkdən zövq alan biriylə! Deyəsən dediklərim sənə yaxşı çatmadı… Dilinizi soxun dinməzinizə, bir də çıxartmayın. Qandın!? Yenotabənzər tısbağa, genidəyişdirilmiş porsuq, tüklü heyvərə!
– ….
– Düt.., düt, düt….
Dəstəyi peşiman-peşiman yerinə qoydum. Ayaqüstə quruyub qalmışdım. Bayaqkı sevincimdən zərrə qədər də əsər-əlamət qalmamışdı.
Ürəyimi tutub stula oturdum. Axı İbişov neyləmişdi ki? Bir vicdanlı alim kimi ürəyindən gələn, haqlı və səmimi elmi izahatdan başqa heç bir günah söz işlətməmişdi. Niyə vicdan və haqq söz də kiminsə monopoliyasına tabe etdirilməlidir? Maddiyyət üstündə çarpışanlar barədə çox eşitmişəm, ancaq bu yolda alimin təhqir edilməsini heç ağlıma da gətirməzdim. Allah sənə rəhmət eləsin Sultan Səlim. Deyirlər Səlimin dövründə vətənə hücum olardısa, sultan əmr edərmiş ki, – “İlk növbədə ölkənin alimlərini təhlükəsiz yerə çıxarın”. Sonra öz ailəsini xilas edər və qoşunun qabağında yağı üstünə gedərmiş. “Vətəni müvəqqəti itirmək də olar, ancaq alimin eti-barını bir saniyə də olsa itirmək ağır günahdır”. Dernəyin da-ğılsın nadan insan! Səni görüm yer üzünə gəlməz olaydın! Yeri, Allah qatında Şəhidlərlə bir tutulan alimlərin daş-qalaq olunan, dərbədər salınan vaxtıdır! Günahlarda yıxanan yurdum, sən allah acgöz, hiyləgərlər, yaltaqlar, nadanlar, ikiüzlülər vətəninə çevrilmə! Halallıq, haqq söz deyən alim də səndə təhqir olunacaqsa, artıq buranı tərk etməyin vaxtıdır demək!
Qeyri ixtiyari əlimə qələm aldım, ağ vərəq götürüb yaz-dım:
…institutun direktoruna
Ərizə
Xahiş edirəm məni səhhətimlə əlaqədar olaraq işdən azad edəsiniz.
İmza b.e.n Vəliyev Əkbər Vəli oğlu
Ərizəni də götürüb direktorun yanına qalxdım və ərizəni stolun üstünə qoyub tam ciddi şəkildə işdən azad olunmağımı israrla xahiş etdim. Çox çək-çevirdən sonra kişini bezdirdim və inandırdım ki, mütləq işdən azad olunmalıyam. Allah köməyi olmuş, sonda razılaşdı. İşdən azad olundum və birbaşa evə gəldim.
* * *
…Qaynımın “Sədərək” ticarət mərkəzində iri bir dükanı var. Ali təhsil almağına mən səbəb olmuşam, onu mən evlən-dirib adam eləmişəm. İndi onun yanında anbardar işləyirəm. İşim çox rahatdır, ancaq vicdanım hələ də yaralıdır. Kaş mənə o acı sözləri deyən adamı bir gün mənə göstərəydilər. Təhqir olunmuş vicdanıma and olsun ki, dəmirdən, qurğuşundan tökülmüş olsa belə, onu dişlərimlə, caynaqlarımla parça-parça edərəm.
Xaricdən gələn iş təkliflərinin bir neçəsini artıq götür-qoy etmişəm. Mənə anamdan da əziz, məni böyüdüb boya-başa çatdıran Vətənimi – doğma Azərbaycanımı “uf” demədən tərk edəcəyim günü səbirsizliklə gözləyirəm. Bazardakı tanışlarım tez-tez soruşurlar, – “Niyə işindən, rahat dolanışı-ğından imtina etdin?”. Həmişə də eyni cavabı verirəm, – “Mən, alimi zibil yerinə qoyulan bir məmləkətdə yaşamaq istəmirəm”. Mən, haramın “halal” etiketi altında alınıb-satıl-dığı bir məmləkətdə yaşamaq istəmirəm… Mənə elmlə azad məşğul ola biləcəyim bir yer lazımdır. “Amma kiməsə şikayət edə bilərdin, məsələnin araşdırılmasını, səni təhqir edənin tapılmasını tələb edə bilərdin” – deyəndə, cavab verirəm ki, “Mən elm adamıyam, bütün bicliklərdən, şeytan və siyasətdən uzaq vicdanlı bir alim..! Məni təhqir edəni axtarmaq mənim işim deyil. Bir alim heç bir vəchlə təhqir edilməməlidir!”
Məni qara yola-qara saata itələdilər Vətən! Əlvida, doğma Azərbaycanım mənim, səni məndən küsdürdülər, iyrən-dirdilər, qəlbimi qırdılar vətən! Mən elmimi sənin xoş gələcəyin üçün qurban verməyə hazır idim, hər şeyimin sənin olmasını istəyirdim vətən…
Kaş, heç olmazsa, son məzarım olaydın. Artıq indidən qürbətin zəkkum dadını duyuram…
Məni isti ocağımdan, yurdumdan-yuvamdan edən, səni görüm lənətə gələsən!

 

Yazıya 756 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.