Usta Veysəl – Ağlıma gələnlər

20140302_193645(trilogiya)
3.
Həyatın sözü.

Tarixə meydan hərəkatı kimi düşmüş bir dönəmi yaşayanlar bu dövrün silinməz izlərini, yəqin ki, hələ də yaddaşlarında daşıyırlar. Bu elə bir zaman kəsiyi idi ki, hərəkata ən azından biganə baxmaq mümkün deyildi. Yaşım az olsa da, (o vaxtlar orta məktəbdə oxuyurdum) gözümü açınca özümü meydanın ortasında gördüm. Bir də ayıldım ki, SSRİ-nin tarixindən danışan dərsliyimi İncəçayın sularına vermişəm, komsomol biletimi yandırmışam və…
O vaxt mənim təşəbbüsüm və rəhbərliyim ilə, Azad Gənclər İttifaqı adı altında bir qurum yaratdıq. Şəhid şair Ülvi Bünyadzadənin ölümqabağı yazdığı məşhur andı, bizim quruma qəbul olmaq üçün yazılı ərizəni əvəz edirdi. Ümdə məqsədimiz heç bir partiyanın vassalı olmadan, həqiqət bildiklərimiz uğrunda mübarizə aparmaq idi. Biz az idik, amma, vətənin mənafeyi naminə hər hansısa partiyaya qoşularaq, nəsə deməyə qadir gənclər idik. O zamanı yaşayan gənclərin digər bölgələrdə də oxşar qurumlar yaratdığından xəbərdar idim və onlarla qüvvəmizi birləşdirməyə cəhd edirdim. Bununla bağlı rəhmətlik Əbülfəz Elçibəylə şəxsən görüşüb, yardım etməsini də xahiş etmişdim. Təəssüf ki, bu və digər səylərim o zaman heç bir nəticə vermədi.
… Mən uduzdum. Uduzmağımın bir-neçə səbəbi var idi. Səbəblərdən biri AXC-nin bəzi nümayəndələrinin bizi özünküləşdirmək üçün hərəkətə keçməsi oldu… Digər səbəblər də var idi, amma, ən böyük zərbəni müxalifət hakimiyyət başına gələndə aldım.
O gün, sadəcə, mənim üçün hər şeyin bitdiyini anladım. Meydan qəhrəmanlarının əksəriyyətinin kreslo düşgünü olduğunu gördüm və bundan utanc duydum. Daha önəmlisi-“ AZADLIQ bu idimi?” sualının cavabında duruxdum. Xatirinizdədirsə, Azərbaycan Xalq Cəbhəsi partiyalandı, dövlətləndi və ən sonunda parçalandı. Buna siyasətə mənim kimi ağlı ilə deyil, ürəyi ilə qoşulanların uzaqlaşmağı az rol oynamadı.
Siyasət mənə düşündüyüm azadlığı vermədi. Verə bilməzdi də. Mənim üçün azadlıq utopiya imiş- mən bunu anladım və bir daha siyasətə qoşulmayacağıma söz verdim.
***
“Bir dəfə hansı filosofsa demişdir ki, məhəbbət təcrübəsi insanın ən təsirli güclü təcrübəsidir. Məhəbbətin paradoksları barədə nə qədər deyilmiş və yazılmışsa da, bu təsirli təcrübədə riyazi cəhətdən bəlkə də düz olmayan, amma mənən dağılmaz mütləq qanun, heç nədən asılı olmayan dəhşətli bir qanunauyğunluq, qəribəliklərin harmoniyası mövcuddur. Əks təqdirdə buna təcrübə, daha doğrusu xaosdan əldə edilmiş aləm demək olmazdı. Və Petrarkanın Lauraya- adi avinyonalının on bir uşaq doğmuş adi arvadına olan sevgisini duymaq üçün arxivlərdə eşələnmək yox, insanın ən təsirli, güclü hissinə nüfuz etmək lazımdır.” (Yevgeni Boqat, “ Onlar belə sevirdilər” Bakı. Gənclik. 1990 səh.-12)
***
Didro sevgilisi Sofi Volana təxminən otuz il ərzində beş yüz əlli üç məktub yazmışdı.
“Onlar tanış olanda Didronun qırx üç,Sofinin isə qırx yaşı var idi. Onun arvadı, qızı vardı və bu vaxta qədər həyatında xeyli romantik sevgiyə düçar olmuşdur.”(yenə orada, səh.-23)
2-ci Yeketirina Avropanın fəxri olan Didroya şəfqət göstərmək üçün, onu Peterburqa dəvət etsə də, Didro bundan sevgisi naminə imtina edir. Didro Rusiyada yaşayan heykəltəraş Falkonaya demişdir:” Mənim tanış qadınım var və mən bu qadına elə zərif, elə güclü hisslərlə bağlıyam ki,əgər yüz ömrüm olsaydı belə , hamısını ona həsr edərdim.”
“1770-ci ildə Didronun əlli yeddi yaşı olanda kurortda tanış olduğu qırx beş yaşlı gözəl qadın xanım Demo ilə oturub-dururdu.”(yenə orada, səh.-29-39)

***

Bütün bunlar yaşanmış həyat nümunələridir. Bunları kimin yaşamasının nə fərqi var ki… Fakt faktlığında qalır-bu bir yaşantı, sözünü deyib də xatirələrdə iz buraxa bilən həyatın sözü.
Yeri gəlmişkən, mən həmişə riyaziyyata bəxtəvər elm deyirəm. Ən azından ona görə ki, riyaziyyatda toplananların yerini dəyişəndə, cəm dəyişmir. Ədəbiyyatda isə “zavod çörəyi” ilə “çörək zavodu” arasında danılmaz bir fərq var. Bu fərq şübhəsiz ki, “həyatın sözü” ilə “ sözün həyatı”nda da olmamış deyil. Amma bunu görmək adamdan diqqət tələb edir bir az.
Söz həyatı özündə o dərəcədə əks etdirə bilir ki, aradakı fərq itir bəzən. Əslində sözün başlıca məqsədi elə bu deyilmi? – Cavab verməyə tələsməyək.
M.Qorkinin qəhrəmanlarından biri deyir: “- Elə bilirsən yoldan çıxardığım arvad bilmir ki, mən onu aldadıram? (…) O özü istəyir ki, onu aldatsınlar.”( M.Qorki. “Özgə qapılarında”Bakı. Gənclik. 1981səh.138) Əslində “ bədən öz haqqını tələb edir, oxşanmaq istəyir, bundan artıq ona heç bir şey lazım deyil…” ( yenə orada. səh. 202)
“Qadın kişi ilə təklikdə qalırkən könlündə təbii bir arzu doğur ki, kişi ilə əlqədə olsun, kişi də qadının bədəninə yiyələnmək istəyir.” (A.Tolstoy “ Əzablı yollarla” Bakı. Azərnəşr 1961 səh. 110) “ İnsanı yoldan çıxaran tamahdan, günah işdən yaxa qurtarıb bir yana qaça bilmirsən(…) onlar ehtiras və həvəs oyadır, adamı aldadıb tora salır, yenə də aldanırsan” ( yehə orada. səh. 123) – Bütün bunlar həyatın sözü, diqtəsi.
Sual doğur- həyatın çılpaq şəkildə ƏDƏBiyyata gətirilməsi lazımdırmı. Yaxud, (belə daha düzgün olar) lazım gəlmədikdə belə, əsərdə kiminsə yorğanını qaldırmaq düzgündürmü? Əsərindən iqtibas gətirdiyim A.Tolstoyun məramı,məqsədi var idi və o məramını yazırdı, ÖZünü göstərməyə çalışırdı.- “Xurafatın kökünü kəsmək, yandırmaq, dağıtmaq lazımdır… Qəti, heyvani, toxunulmamış bir azadlıq olmalıdır. Zamanın tələbi budur. Belə zaman daha olmayacaq… Biz də böyük təcrübəni həyata keçirəcəyik. Meşşan firavanlığına can atanların hamısı məhv olacaq… Biz onları əzəcəyik… İnsan heç bir şeylə məhdudlaşmayan arzu deməkdir…” ( yenə orada. səh.571) A. Tolstoyun fikrincə azadlıq “ müqəddəs anarxiyada, ehtirasların böyük atəşfəşanlığında”dır. (yenə orada. səh.582)
Nədir AZADLIQ???
Ədəbiyyat içimizdəki azadlığın ürəyimizdən sıçrayan qığılcımları deyilmi? Kiməsə yox, özümüzə belə etiraf etməkdə zorlandığımız sirlərimiz var. Bunlar ya bizimlə qəbrə getməli, ya da şeirə çevrilib üstüörtülü halda deyilməlidir. Şairin, yazıçının bəxtəvərliyi ondadır ki, sözünü deyə bilir. Fikrimcə burada mütləq müəyyən sərhəd gözləmək lazımdır. İçimi daha çox tökdüyüm şeirləri “ çılpaq şeir” adlandırıram. Bu çılpaqlıq heç də ifadə etdiyim ədəbsiz sözlərlə( türkün sözü) ilgili deyil. Məsələn, “Yarasa” şeirinin çılpaqlığı son misralarında:
… Eh yarasa, yarasa,
yenə mənə baxmadın.
Hava qaralan kimi,
uçub getdin harasa.
Və nəhayət şeirə çılpaqlıq gətirdim deyərək öyünənlərə, bunu günah sayıb da deyinənlərə Yevgeni Yevtuşenkodan bir şeir hədiyyə edirəm. Xatırladıram ki, tərcümə ölməz şairimiz B. Vahabzadəyə aiddir.
Təşəkkür.

Çəkdi aradakı qara pərdəni,
Dedi pıçıltıyla:-Artıq o yatdı.
Oğlunu yatırıb
O, süzdü məni,
Xalatı çıxarıb kənara atdı.

Sevgidən bir kəlmə danışmadıq biz,
Görüşdük,
Sevişdik,
Ancaq sevgisiz…

-Çoxdan həyatıma tüpürmüşəm mən.
Qadın paltarında kişiydim…
Birdən
Dönüb qadın oldum.
Sən işə bax bir,
Gülməli deyilmi?
Lap gülməlidir.

Ehtiras oduna alışır ürək,
Çırpınır,çırpınır.
Bu da bir oyun.
Mən qızmış, mən harın bir canavar tək
Onun yatağına girmişəm bu gün.

Ürkək qurd balası qısılıb mənə,
Axır göz yaşları…
Sıxılıram mən.
Onun minnətdarlıq təşəkkürünə
Yanıb-yaxılıram xəcalətimdən.

Mən ona təşəkkür eləməliykən
O,mənə təşəkkür eləyir nədən?
İşə bax,sevilib,oxşanıb deyə
Təşəkkür eləyir qadın kişiyə.

Belə də iş olar?
Unutduq nədən
Onun başımıza tac olduğunu,
Biz salıb qadını mərtəbəsindən
Kişiylə bir görüb alçaltdıq onu.

Dünyada hər kəsin öz yeri varkən
Adamlar hardasa bir az çaşıbdır,
Qadınlar, qadınlar kişiləşirkən
Kişilər də dönüb qadınlaşıbdır.

Titrəyir vücudu bayaqdan bəri,
O sevgidən özgə nə bilir bu dəm?
Cinsini itirən onun gözləri
Qadın gözlərinə çevrilir bu dəm.

O mənə yönəldi, mən döndüm sağa,
Deyəsən utandı…
Səyirdi gözlər,
İlahi,qadını qadın saymağa
Axı nə varmış ki…
Çətindir məgər?

MART, 2014

Yazıya 831 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.