ŞEİR – YENİ SÖZ DEMƏKDİR

adil-cemil-1Adil Cəmil: “O şeydə ki, əxlaq pərdəsi yoxdu, o ədəbiyyat deyil. Postmodernistəm deyib, çılpaq yazarlar artıq postmodernist yox, parnoqrafistdir”.

 

 

Müsahibim şair, publisist, tərcüməçi, tədqiqatçı Adil Cəmildir.

 

Alnımın qırışı fikir yoludur,

Qəlbimin yolları fikir doludur.

Gözümün yaşı da gözümdən böyük,

Böyüyüb olmuşam özümdən böyük.

Buna yaş neyləsin?!

Yaş neyləsin ki?!..

 

– Sizcə illərin sizdən aldıqları çox oldu, ya verdikləri?

 

– Hər bir normal insan özünə ilbaşı hesabat verir ki, bu il mən nə etdim və nəyi edə bilmədim. Illər yanımızdan çox sürətlə keçib gedir. O anı, məqamı ki, biz zamandan qoparırıq, nəsə edirik, həmin ildən elə o qalır. Mənim də bu illər ərzində bir qələm adamı olaraq elədiklərim göz qabağında olsa da, eləmək istədiklərim hələ qarşıdadır. Bu doğrudur, illər də mənə nəsə verib, mən də illərə borclu qalmamışam. Amma tərəziyə qoyası olsaq, illərin mənə verdiyi ağır gələr. Yaradıcılıqda çox qəribə bir şey var: necə ki, idmançılarda ikinci nəfəs olur, onun kimi 50-60 yaşlarından sonra bəzi yazarlarda dünyaya yeni pəncərə açılır. Bəzən belə də olur ki, məsələn gənclikdə yaza bilən nəsildaşlarım vardı ki, onlar ədəbiyyata güclü bir nəfəs kimi gəlmişdi, ama indi yoxdular, yəni onlarda ikinci nəfəs açılmadı. Sədi, Şirazı, Hafiz, Mirzə Ələkbər çox gec yaşlarında özlərini tanıda bilib. 35-40 yaşına qədər şairin emosionallığını tərifləmək olar. Bu yaşdan sonra oturuşmuş bir insan həddinə gələndə şair dünyaya hisslərinə nisbətən, daha çox ağlının gözüylə, filosofanə baxışla baxır, həyat fəlsəfəsini dərk etməyə başlayır. Bir də ki, həyatı dərk etmək üçün yaşamaq azdı, oxumaq, mütaliə etmək də vacibdir.

 

– Sovet dönəmindən üzü bu yana mətbuat aləmindəsiniz, son səkkiz ildir ki, “Ədəbiyyat qəzeti”ndə çalışırsınız. Dünənin və bugunün yazarlarının qələminə bələdsiniz. Müxtəlif ədəbi nəsillərə münasibətiniz necədi? Əvvəlki nəsil yazarlarla bu günün yazarı arasında oxşar və fərqli cəhətlər hansılardır?

 

– Mənim mənsub olduğum nəsil “yetmişincilərdir”. Vaqif Bəhmənli, Ağacəfər Həsənli,  Mahirə Abdulla, Maarif Soltan, Sultan Mərzili, Nəsib Nəbioğlu. Sonuncu iki nəfər Moskvada yaşayır. Bir çoxlarının da imzası artıq unudulub. Ədəbiyyat elə bir meydandı ki, burada insanın özünün enerjisi kifayət eləmir. Həm də alın yazısı, tale yazısı var. Bəzən yaradıcı bir insanın həyatında elə bir hadisə, elə bir faciə baş verir ki, o adam yaradıcılıqdan tamamilə ayrılmaq məcburiyyətində qalır. O ki qaldı müxtəlif ədəbi nəsillərin təhlilinə, ilk növbədə “altmışıncıları” yada salaq: Anar, Əkrəm Əylisli, Elçin, Fikrət Qoca, Musa Yaqub, Məmməd Araz və s. bu nəsil ədəbiyyatımızda təqdirəlayiq bir xətt kimi fərqlənir. Təbii ki, “altmışıncılardan” əvvəl “qırxıncılar”, “əllincilər” də var idi. Lakin o əvvəlki nəsillər 37 represiyasının xofundan, qorxusundan sonra cəsarətli söz sahibinə çevrilə bilmirdilər. Altmışıncılar tam fərqli olaraq o dəmir pərdəni tamamilə yırtdı, dağıtdı öz sözlərini dedi. Bununla yanaşı, o dönəmdə ciddi bir senzura da var idi. Kitab nəşrə gedərkən, yazı qəzetdə dərc edilərkən mütləq senzuradan keçməli idi. Sovetin son illərinə yaxın bu senzurada da ölkədəki kimi boşluqlar yaranmışdı və azad fikirli insanlara meydan veriləcək bir zaman gəlib çıxmışdı. Bu, çox vacib idi. Mən onu həmişə deyirəm ki, indi bizim müstəqil Azərbaycana sahib olmağımızda birinci növbədə fikir, duyğu, azadlıq daşıyıcısı olan qələm adamlarının çox böyük xidməti olub. Yəni bu insanlar öz kitablarında sətiraltı mənalarla, cümlələrlə birliyin, milli düşüncənin qorunmasına xidmət ediblər.

Əgər sovet dövründə Yazıçılar İttifaqının 350-400 üzvü var idisə, bu gün bu say 2000-i keçib. Amma burada bir seçim tərəfi var idi. O dövrdə ittifaqa üzv olmaq çox çətin məsələ idi. Əvvəla onun iki, üç kitabı çıxmalı, haqqında ədəbi mühitdə kifayət qədər fikir formalaşmalı, ədəbi tənqid bu adamın istedadını təsdiqləməli, üç zəmanət almalı, bir il də həmin zəmanət, sənəd, təqdimatlarla namizədlik dövrü yaşamalı, ondan sonra üzv olmalı idi. İndi AYB-nin üzvü olmaq o zamankı kimi çətin deyil. Yəni indi demokratiyadı, yazan yazıçılar, rəsm çəkən rəssamlar, mahnı yazan bəstəkarlar birliyinin üzvü olur. Yenə də AYB-nin bu qədər üzvləri içərisində nüvə təşkil edəcək yazarların sayı mən deyərdim ki, bu gün 50-60 nəfərdən yuxarı qalxmır.

 

– AYB üzvlərinin sayı iki mini keçsə də, onların çox hissəsi elə köhnə qələm sahibləridir. Nəyə görə yaradıcı gənclərimiz AYB dən çəkinir, ayrı-ayrı ədəbi birliklərə getməyə üstünlük verirlər?

 

– İstedadı olan insan üçün AYB-nin qapısı açıqdır.

 

Bu gün AYB-nin müxtəlif üzvlərinə fəxri adlar verilir, prezident təqaüdünə layıq görülür və s. bunlar sizi qane edirmi? Bu advermələrdə təsadüflər, tanışlıqlar nə dərəcədə rol oynayır?

 

– Təsadüflər ona görə yaranır ki… belə deyək, bu gün yaradıcılıqla məşğul olan gənclərin sayı azdır…

 

 – Məşğul olan gənclərin sayı çoxdu, Adil müəllim…

 

– Amma üzə çıxa bilmirlər. Bunun da müxtəlif səbəbləri var. Nə qədər ki, mətbuat çoxdu, o qədər də oxucu azdı. Sovet dövründə cəmi 3-4 qəzet, jurnal var idi. Onlardan birində çap olunanda hamı səni tanıyırdı. Amma indi qalın-qalın kitablar çıxarırlar o imzanı heç kim tanımır. Mən deyərdim ki, ədəbiyyatda bir pintilik yaranıb. Indi sanki kitab nəşrindən çox kərpic istehsalı ilə məşğuldular. Yəni onlar ədəbiyyat naminə içərisində bir cümlə belə olmayan maklaturadır. Şeir yeni söz deməkdir. Yəni, yeni söz deyilsə, bu, şeir deyil, yeni fikir deyilsə, bu, şeir deyil. Bu gün ədəbi tənqidin özü də sanki yana çəkilib.

 

AYB niyə susur bu maklaturalara?

 

– AYB təkcə məsuliyyət daşıyıcısı deyil, AYB bir qrum olaraq yazıçıların maddı-mənəvi mövqeyində dayanır.  Amma cəmiyyət var, cəmiyyətdə elmi elita var, ədəbi mühit var, Akademiyanın Ədəbiyyat İnstitutu var. İldə bir dəfə bir hesabat hazirlayırlar. Siyahını düzürlər filan, filan… bir qəzet səhifəsi ki, bunlar hələ sağdı. Amma konkret ədəbi meyarlarla yanaşanda heç bir tənqidçi bu günün ədəbiyyatının mənzərəsi haqda bir icmal vermir. Bu gün tənqidçidən çox tərifçilər meydana çıxıb. Bütün kitabların ön sözünü tanıdığımız tənqidçilər yazır, yazdığına baxırıq ki, başdan-başa tərifdir. Mətbuatda kəsərli tənqidi yazılar getmir.

 

– Bu gün Azərbaycan ədəbiyyatı deyəndə mərkəzdəki yazarlar yada düşür. Bunun da səbəbi ondan yaranır ki, bölgələrdə yaşayan yaradıcı insanlar sanki kölgədə qalıb, görünmür. Məsələn, bizdə – Gəncədə Aydın Murovdağlı kimi istadadlı bir qələm sahibi bu günə qədər AYB tərəfindən bir dəfə də olsun xatırlanmayıb, halbuki, onun prezident təqaüdünə, hər hansı bir qayğıya ehtiyacı var, nəinki, ədəbiyyatın sadəcə yanından ötmüş bəziləri var ki, indi müxtəlif ad-san, təqaüd sahibidir….

 

– Aydın Murovdağlını yaxşı tanıyıram və çox güclü qələm sahibidir. Gəncədə ondan başqa da əsil şairlərimiz çoxdur. Düzdür, əyalət yazarları bu gün sanki mərkəzdən təcrid olunub. Amma əyalətlərin özündə də AYB-nin filialları var.

 

– Filiallar var. İndi sadalayıram: Gəncədə filialın rəhbəri Məmməd Alim, Qazaxda Barat Vüsal, Mingəçevirdə İsmayıl İmanzadə və s. bütün bu filiallar olan yerdə rəhbərlərdən başqa kimsənin adı çəkilmir. Sanki o bölgələrdə elə bircə yazar var, o da rəhbərdir, oturub kreslosunda yazıb-yaradır. Mənim demək istədiyim budur ki, bu əyalət və mərkəz yazarları arasındakı sədd (ama Çin səddi kimi sünidi, kimlərinsə əliylə salınıb) haçansa aradan götürüləcəkmi?

 

– Gəlin belə danışaq, Naxçıvan da əyalət idi. Onda oradan Mirzə Cəlil çıxmazdı. Şamaxı əyalət idi, Sabir, Nəsimi, Xaqanı, Şirvanı çıxmazdı…

 

– Deməli, bu gün əyalətdə yaşayan yaradıcı adamlarımız həqiqi istedad deyil ki, adlarını saydıqlarınız kimi parlaya bilmir. Axı siz özünüz dediniz ki, Gəncədə çox dəyərli yazarlarımız var…

 

– Söz bu ki, yaşadığı yerdə yazar kimi lider olmaq, liderlik xəstəliyi siz deyən problemləri yaradır. Yəni o adamlar özlərindən başqa kimsəni ya görmək istəmir, ya da görə-görə görməməzliyə vurur. Əslində o rəhbər ora qoyulub ki, qayğı göstərsin. Sən bir bağbansan, səni ora qoyublar ki, ağac ək, deməyiblər ki, bütün ağacları qurut, de ki, elə bir dənə yaşıl mənəm.

 

O lider tək özünü görür. Bəs AYB rəhbərliyi bilirmi, əyalət ədəbiyyatı təkcə rəhbərdən ibarət deyil?

 

– Mən indiyə qədər görməmişəm ki, AYB-nin əyalətdə rəhbər adamları ki var, onların fəaliyyətini bizim mərkəzi aparatda yığışalar, təhlil edələr, analız verələr, deyələr ki, Gəncə, Qazax, Mingəçevir, Şirvan və s. fəaliyyəti qənaətbəxşdirmi, yoxsa, əksinədir. Yəni, bu da lazımdır ki, onlar işlərində irəliləyişə can atsınlar. Bir həqiqət də var ki, şair üçün məkan fərq eləmir. Şairlik tanrı pıçıltısıdı, yəni sənə nə deyirlər, sən də onu varağa köçürürsən. Düzdü, mühitə görə inkişaf üçün mətbuata, efirə çıxmaq da vacibdir. Bölgələrdə bu çətinlik var. Bakıda isə çox asandır. Bizdə sanki belə bir mif yaranıb. Düşürlər bir on nəfərin üstünə. Ölü yerlərində də bunlardı, diri yerlərində də. Yəni ədəbiyyat bu on nəfərdən ibarət deyil axı… Hətta elə adamlar da var ki, yazır-yaradır təbliğatı olmur, dünyasını dəyişir. Bəli, kölgədə qalan insanın təbliğatı olmadığından kölgədə qalır, bölgədə qalır… axır ki, ölkədə qalır…

 

– Ölkədə qalmayanlar da var – Məmməd İsmayıl.

 

– Məmməd İsmayılın gücünü heç kim inkar edə bilməz.

 

– Adil müəllim, çox vaxt postmodernizmi əxlaqsızlıq adlandırırlar, lakin,  nəinki yeni yazarlar, hətta sovetlərdən gələnlər də bu cərəyana üz tutur. Bəs siz necə düşünürsünüz, doğrudanmı postmodernizm əxlaqsızlıqdır?

 

– Ədəbi cərəyanlar bütün dövrlərdə olub. Hətta sovet dönəmində də yazılan bəzi nümunələr var ki, bu gün onlar postmodernizm deyilən yeni bir ruhun bütün tələblərinə tam cavab verir. Amma bunun adına o zaman postmodernizm deyən yox idi. “Altmışıncılar”ın elə yazıları var ki, postmodernizmin gözəl nümunələridir. Anarın, Elçinin, Əkrəm Əyislinin hələ o zaman yazdıqları postmodernist əsərləri çoxdu. Postmodernizm əslində bizim hər zaman axtarışında olduğumuz bir yenilik stilidir. Bunu kimsə çılpaq şəkildə ifadə edirsə, bu, o demək deyil ki, postmodernizm əxlaqsızlıqdı.

 

– Sizcə yeniliyi çılpaq göstərməkmi yaxşıdı, yoxsa hansısa bir əxlaq pərdəsi arxasınadmı?

 

– O şeydə ki, əxlaq pərdəsi yoxdu, o ədəbiyyat deyil. Postmodernistəm deyib, çılpaq yazarlar artıq postmodernist yox, parnoqrafistdir.

 

– 2003 cü il oktyabr məlumatına görə dünyanın ən məşhur üç yazıçısından biri argentinalı Paolo Koelyo olub. Onun kitabları 59 dilə tərcümə edilib, 150 ölkədə nəşr olunur, 27 milyon nüsxəsi satılıb. Koelyonun ən məhşur kitablarından biri də “Kimyagər”dir. Bu kitab “Çinar” çap evi tərəfindən Azərbaycan türkcəsinə də çevrilib. Yeri gəlmişkən, onu da deyim ki, Nadir Qocabəylinin tərcüməsi, Xanəmirin redaktoru olduğu bu kitab dilimizə o qədər qüsurlu çevrilib ki, kitabı sonacan oxumaq özü bir igidlik tələb edir. Belə tərcümələr məncə, maarifləndirmə yox, birbaşa Azərbaycan dilinin biabırçı tanınmasına xidmət edir. Bu məşhur “Kimyagər” əsəri adi bir çobanın arzularının arxasınca düşərək, alın yazısını tapmağından bəhs edir. Müəllif burada demək istəyir ki, hətta çoban belə istəsə dünyanın ən varlı, ən məşhur adamı ola bilər, əsas o ki, alın yazısının arxasıyca getməyi bacarasan. Adil Cəmil isə Koelyonun təxminən 150 səhifəlik kitabda yazdığını kiçik bir şeirində verib:

 

İstəsə qəzəblənər,

İstəsə həlim olar.

İstəsə şəhərə gəlib,

Alim olar.

Çobanın nəyi çatmır.

“Tanrı mənə yar olanda” Bakı-2004(səh.73)

 

Mən bu oxşarlıqları görən zaman hər iki əsərin yazılma tarıxıni müqayisə etdim və şahidi oldum ki, sizin yazdığınız “Kimyagər”dən hardasa 30 yaş böyükdür. Bəs bu necə olur ki, Koelyo bütün dünyaca məşhurlaşa bilir, Adil Cəmil…

 

– Biləcəridən o yana keçə bilmir.

 

– Deməzdim, amma hər halda cavab sizdədir.

 

– Mən o şeiri yazanda təxminən 26 yaşım var idi. “Şüvəlan” yaradıcılıq evində oxuyanda Fikrət Qoca dedi: “Əla şeirdi”…. Həm də belə olur hərdən. Bir də görürsən ki, ayrı-ayrı yerlərdə iki insan eyni fikri yazır.

 

– Adil Cəmil həmişə sevgi şeirləri yazıb, yenə də yazır. Hətta bu yaxınlarda sizin “Bir dəli sevgidən göyərib dünya” adlı lirik şeirlərdən ibarət kitabınız da nəşr olundu. Hərə sevgiyə bir cür tərif verir. Bəs, Adil Cəmilçün sevgi nədir?

 

– O kitab illərdən bəri müxtəlif vaxtlarda yazılan şeirlərdir. Birdən-birə o qəder sevgi şeirlərinə ürək dözməz. Yəni, hər biri bir məqamın məhsuludur. Sevgiyə mən tərif verə bilmərəm, amma Nizaminin diliylə cavab verərəm: “Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya, nədir dəyərin?” Onu da deyim ki, sevməyən insanı mən sevmirəm. İnsanda sevgi hissi yoxdursa, o insan anormaldır. İnsan sevməyi bacarmalıdır. Sevgi insan ürəyinin tanrıdan gələn işığıdır. Yazıq o kəsə ki, o işıqdan məhrumdur. İnsan sevdikcə özü də gözəlləşir, saflaşır.

 

– Adil müəllim, bahar fəslidir, hər yanda  gül-çıçək. Hava da indi bir az yağışlı, çiskinlidir. Nə yadınıza düşür?…

 

– Kəlbəcər! Ancaq və ancaq Kəlbəcər. Türk şairi Fazil Hüsnü Dağlarcanın belə bir şeiri var “Məni bu gözəl havalar məhv etdi”. Hava sönük olanda elə də fikir eləmirəm. Lakin hava ki, belə dəyişir, Kəlbəcər, yaylaq yerimiz yadıma düşür. Deyirəm görəsən bir də o qoyun-quzunun mələrtisini, hər bir heyvanın örüşdən öz qapısına qayıtmasını görmək qismətim olacaqmı? Kəlbəcər çox qeyri-adi, möcüzəli bir yer idi. Adətən insan xoşbəxtliyi o zaman hiss edir ki, artıq o sənin əlindən çıxıb. Kəlbəcər yerində olanda, biz də Kəlbəcərdə olanda bütün ili Bakıda aldığım yorğunluğu yay ayında Kəlbəcərdə çıxarar, yeni enerji ilə geri dönərdim.

 

– Kəlbəcər bizi gözləməlidir, yoxsa biz onu?

 

– Qarabağ haqqında bu yaxınlarda belə bir şeir yazmışdım ki, “Babamı öldürmüşəm ki, goruna and içim!”

 

 – … Adil müəllim, neçə nəvəniz var?

 

– Bir Fidanım var!

 

– Yəqin ona şeirlər yazmısınız…

 

– Əslində yazmamışam. Hətta hərdən anası da məndən inciyir ki, atam Fidana şeir yazmayıb.

 

Bəxtiyar Vahabzadəyə deyəndə ki, Şəkiyə niyə şeir yazmırsan, cavab verir ki, Şəki mənim anamdı. Anama olan sevgimi necə tərifləyim? Yəni Fidana olan sevginizin böyüklüyünü  sözə sığışdıra bilmirsiniz?

 

– Düzdür Fidana olan sevgim hüdudsuzdu. Bir həqiqət də var ki, uşaq şeiri yazmaq üçün gərək uşaqlarla uşaqlaşasan. İmkan olmadığından demək olar ki, Fidana vaxt ayıra bilmirəm. O, çox maraqlı, poetik və ağıllı uşaqdır. Ürəyimdə müəyyən misralar, fikirlər var, yəqin ki, haçansa balaca bir kitab şəklində nəvəmə ərməğan edəcəm.

 

Yaradıcılığınızda hansı yeniliklər var? Bu yaxında Aşıq Şəmşirə aid bir kitabınızın nəşrini eşitdim.

 

– O Dədə Şəmşirə müxtəlif insanların həsr etdiyi şeirlərdən ibarət kitabdır. Neçə illərdir o şeirləri toplayırdım və kitab şəklində tərtib etdim, bir növ Dədə Şəmşirin ruhuna minnətdarlıq kimi. Indi təzə şeirlərim var, hazırlamışam verəcəm “Azərbaycan” jurnalına. Şeiri mən az yazıram. Ümumiyyətlə, bilmək olmur şeir nə vaxt yazılacaq. Ola bilər ki, ildə 5 şeir də yazaram, 35 şeir də. Oturub məqsədli şəklidə şeir yazmıram, şeir özü yaranır sonra kağıza köçürürəm. Məndə şeirdə qaralama olmur. Yəni, bişməmiş şeiri mən düşürmürəm. Yolda-izdə olanda şeir fikrimdə tam bişir bə kağıza köçürürəm.

 

– Sonda istərdim ki, özünüz istədiyiniz hər hansı bir şeiri oxucularımıza hədiyyə edəsiniz.

 

– Bu şeirim bayaqkı Kəlbəcərlə bağlı söhbətimizin davamı da ola bilər…

 

Yaz gələndə pöhrələnir nisgilim,

Dağın-düzün dərdi yatır içimdə.

Mən Doğudan Batıyacan yolçuyam,

Ay da, Gün də doğur, batır içimdə.

 

Hanı mənim o zamanım, o çağım,

Ayrılığa açılıbdır qucağım.

Yurd yerində söndürülmüş ocağım

Gecə-gündüz ocaq çatır içimdə.

 

…Atam getdi bu dərdlərin əlindən,

O Kəlbəcər heç düşmədi dilindən.

Toxum tutub bu yanğının külündən

Köhnə dərdim budaq atır içimdə.

 

Üzmü qoydum dağlar baxsın üzümə,

Edam hökmü oxuyuram özümə.

Zaman-zaman bu dözülməz dözümə

Unutqanlıq məni satır içimdə.

 

 Söhbətləşdi: İradə Aytel

 

 

 

“Ədalət” qəzeti 2011

Yazıya 1120 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.