Bir üzünü mənə çevir, bənövşəm,
Həyatdanmı, yoxsa məndən küsmüsən?
Ürək sınır, yenə sevir, bənövşəm,
Sənə laqeyd çəməndənmi küsmüsən?
Xoş günlərim təqvimimdə azalır,
Ümid var ki, qış sonrası yaz olur.
Niyə sənin ömrün belə az olur,
Sükutuyla üsyan edən bənövşəm.
Şans ummadım, yorğanıma sığışdım,
Acı, şirin həqiqətə alışdım,
Bir az küsüb sən olmağa çalışdım,
Unuduldum, sevilmədim, bənövşəm.
Dərdlər axıb ürəyimdə göllənir,
Göz yaşlarım ləçəyində sellənir,
Hər sükutda günahlarım dillənir,
İşgəncədir qara səhvlər, bənövşəm.
Səni gəlib qönçə ikən üzdülər,
Məni gücsüz körpə ikən üzdülər,
Dəniz oldum, sularımda üzdülər,
Torpaq oldum-tapdaq oldum, bənövşəm.
Güc toplayıb yaraları sararkən,
Düşüb çöldə xoşbəxtliyi ararkən,
Dərd-bəlalar sənə tələ qurarkən,
Bildin, həyat gizlənqaçdır, bənövşəm.
Təzə eşqə qucaq açır ürəklər,
Səndən uzaq gəzir əllər, biləklər,
Gəl-gəl deyir başqa güllər, çiçəklər,
Çıx get artıq, qürurlu ol, bənövşəm.
Yazıya 851 dəfə baxılıb