“Məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili” layihəsi “Azərbaycan Uşaqları” İctimai Birliyi tərəfindən bu ilin may ayından etibarən 3 ay müddəti ərzində icra edilməyə başlayıb. Qeyd etmək lazımdır ki, məişət zorakılığı və erkən evliliyə məruz qalmış insanlarla bağlı psixo-sosial və hüquqi xidmətlərin təşkili və bu xidmətlərin davamlı təmini üçün mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədli bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.
Layihənin vəzifələri arasında hədəf qrupuna daxil plan şəxslərə stasionar xidmətlərin təşkili, məişət zorakılığı və erkən evliliyə məruz qalmış uşaqların və qadınların psixo-sosial, hüquqi reabilitasiya işlərinin həyata keçirilməsi, eləcə də, həmin sahədə ixtisaslaşmış mütəxəssislərin bilik və bacarıqlarının artırılması, hədəf qrupu ilə bağlı elektron məlumatlar bazasının yaradılmasından ibarətdir.
Fəaliyyət müddətində müxtəlif qrupları (QHT üzvlər, universitetlərin yuxarı kurs tələbələri, könüllülər və s.) əhatə edən sosial işçilər, psixoloqlar, tibb işçiləri, hüquqşünaslar, ictimai fəallar müəyyənləşdiriləcək və onlar müvafiq təlimlərə cəlb edilmələri məqsədilə qruplara bölünəcəklər. Təlimlər komandaya daxil olan mütəxəssislər tərəfindən keçiriləcəkdir. Əsas təlim mövzularına xidmətlərin göstərilməsi qaydaları, reabilitasiya üçün zəruri şərtlər, sosial işin təşkili, psixoloji reabilitasiya metodları, hüquqi yardım üsulları və s. əlaqədar mövzular daxil ediləcəkdir.
Stasionar xidmətlərin göstərilməsi müddəti ərzində “Azərbaycan Uşaqları” İctimai Birliyi nəzdində fəaliyyət göstərən Müvəqqəti Sığınacaq – Reinteqrasiya Mərkəzinə müraciət etmiş şəxslərə xidmətlər təklif ediləcəkdir. Qadın və uşaqlarla reabilitasiya işləri aparılarkən onların hansı zorakılığa məruz qalmalarını aşkarlamaq məqsədi ilə hərtərəfli müayinəsi – tibbi, psixoloji müayinənin aparılması görüləcək əsas fəaliyyətlər sırasındadır. Benefisiarın vəziyyətinin ağırlıq dərəcəsindən asılı olaraq, onun “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Günərzi Mərkəzə cəlb edilməsi, yaxud Sığınacaqda yerləşdirilməsi ilə bağlı qərar qəbul ediləcəkdir.
Bakı və Bakıətrafı ərazilərdə icrası planlaşdırılan layihənin gözlənilən nəticələri kimi sözügedən benefisiarlara xidmət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, məişət zorakılığa və erkən evliliyə məruz qalmış şəxslərin ünsiyyət ehtiyaclarının ödənilməsi və onların özlərini aktuallaşdırmaq üçün imkan və şəraitin yaradılması və onların kənar təsiri özündə əks etdirən qruplara daxil olmaqdan imtina etməsi, hüquqpozmaların önlənməsi və zorakılıqdan uzaqlaşmaya nail olmağı qeyd etmək mümkündür.
Yazıya 776 dəfə baxılıb