Allah vətən orucunuzu qəbul etməsin!

eminprofilkoseQarşıdan ramazan ayı gəlir. Ildə bir dəfə yada düşən,işi-gücü ayın necə, nə zaman çıxıb-batacağını müəyyənləşləşdirmək olan Azərbaycan rəsədxanası öz töhfələrini verməyə başlayacaq. İnanc, və.s. bir kənarda qalacaq, kimin nəqədər mömin olması ölçüləcək.

Nə hansısa rəsədxananın qrafikinə, nə də bir ərəb şeyxinin fətvasına gərək var. Zatən biz üçüncü on illikdir orucuq. Qarabağ orucu. Kimsə bizi bu orucu açmağa vadar edə bilməz. Biz öz orucumuza, bu “mömin”liyimizə sadiqik.
Bizim bir çox jurnalistlər, TV-lər bu rəsədxananın başqa formasına oxşayır. Laçının işğal günüdür. Hərə əlinə bir mikrofon alıb insanların vətənpərvərlik dozasını ölçəcək.

Işğal gününü dəqiq bildinsə, vətənpərvərsən. Bir az da saatını müəyyənləşdirsən, artıq milli qəhrəman qədər hörmətli insan olacaqsan. Lazımı da bir yanına qoysan, sən artıq ucasan, ulusan. Əzbərçi vətənpərvərlikdən gözümüz qabarbağlayacaq.

Fikir vermişəm, bizdə çox vaxt adlar paradoksal olur.“Sevinc”, “Xoşbəxt” kimi adlar daşıyan insanların həyatı kədərli, dərdli olur.(Bu arada keçən dəfə efirdə Ağamirzə adlı bir xanımdan bəhs olunurdu). Necə ki, şadlıq sarayları daha çox işğal olunmuş rayonların adlarını daşıyır.
Hər iki orucumuz 20 ildən çoxdur, üst-üstə düşür. İyirmi ildir bizdə yalnız bir aydır – Ramazan ayı. Bu xalq hər iki orucu tutmaqda çətinlik çəkmir. İyirmi iki ildən çoxdu atəşkəsdir, qarabağsızlıq orucunu saxlayırıq.
Bu aclığa dözümlüyük – vətən aclığına. Lap “ataların” dediyi kimi, “aclıq olsun, kef olsun”.
Görəsən, biz bu orucu nə zaman pozacağıq? Bəlkə bir dəfə günah edək, özümü günaha batıraq?!  Bu qədər də ac qalmaq olar?
Yenə yığışacağıq“təbrik etməyə” işğal günlərimizi. Öncə yediyimiz kabablardan, qoyub gəldiyimiz gözəl evlərdən, bulaqlardan danışacağıq. Cıdır ətrafında at sürüb, kabab yeyib, üstündən “İsa bulağı”nın suyunu içdiyimizdən danışmaqdır Qarabağ sevgisi… Sonra… sonra… sonra xatirələrdəki kabab tüstüsü (Vətən yox, məhz, kabab tüstüsü) gözlərimizi yaşardacaq…

Arzulayacağıq, arzulayacağıq, arzulayacağıq Qarabağı…

Arzular heç də çox şeyi həll etmir. Bəlkə, ümumiyyətlə, heç nəyi həll etmir. Ən böyük arzu elə əməldi. Əməl isə cəsarətdi. Arzulamaq isə cəsarət istəmir. Arzu ən ucuz və hətta havayı nemət olduğundan onu daha çox istəyirik. Elə buna görə də, həyatımız daha çox arzulardan ibarətdir.

Bir  dəfə hansısa işğal günündə vətənlə əlaqəli şeir gecəsi keçirilirdi. Şairlər bir-bir tribunaya qalxaraq vətənpərvərlik şeirlərini səsləndirməyə başladılar. Şeirlərin təxmini mənası belə idi: “Vətənin bir qarışı getsə,  dünyanı dağıdaram”,“Azərbaycanın bir rayonu işğal olunsa, özümü öldürərəm” və s və i.Ardınca bu şairə qarşı sevgi dolu baxışları, alqışları görəndə belə başa düşdüm ki, başqa zamana gəlib çıxmışıq. Bu insanlar, həmin şairlər zaman maşınından istifadə edib Səfəvilərin XVI əsr dövrünə gəliblər. Rəhmətliyin uşaqları nə bir qarış? Azərbaycanın, daha dəqiq ölçsək, 80%-i indi yoxdur. Bu qədər özündən və dünyadan xəbərsiz olmaq olarmı? Bu adamlar, az qala, SSRİ-nin belə dağılmasından xəbərsizdilər. Ya da belə yalana inanmaq, belə yaşamaq daha gözəldir.

Belə şeirlər, belə yazılar yazan adamlarçün bir qarış vətən torpağı nədir, axı? Bəlkə vətən deyərkən çıxış etdiyi tribunanı nəzərdə tutur?

Azərbaycanın Qarabağla bağlı ədəbiyyatı da, müharibəyə yanaşması da hipnoz vəziyyətindədir. Qarabağ ədəbiyyatının hipnozdan çıxması üçün bir ədəbi psixoloqun bərk silləsi lazımdır. Bədbəxtçilik onda olur ki, psixoloq özü də hipnozda ola…
Hə, bu arada orucuq axı…
Allah vətən orucunuzu qəbul etməsin!

xeber365.com

Yazıya 861 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.