Aləmzər Əlizadə – SÖZÜM QURTARMAYIB

 

aləmzarDilarənin dili beş yaşında açıldı. Atasıgil çox narahat olub vaxtaşırı qızı həkimə aparır, müayinədən keçirirdilər. Həkimin ümidverici sözləri ata ananı o qədər də inandırıb ovutmurdu, təşvişləri günü- gündən  daha da artırdı.

Onlar həkimin dediyi kimi hər an qızı danışdırır, sorğu- suala tutur, ondan bircə kəlmə çıxmadığını görüb məyus olurdular.

Uşağın ilk dəfə “ A-n-a, mə-n bi-ld-i-m” sözlərini beləcə  söyləyəndə ananın da, atanın da sevinclə “ qızım” çığırıb onu qucaqlamaları bir olmuşdu.

Elə həmin vaxtdan Dilarə dil boğaza qoymadı. Sanki çoxdan danışırmış kimi heç kirimədi: – Ana, mən səni çox istəyirəm. Atamı, qaqamı, nənəmi, babamı hamısını çox istəyirəm. Bax, o, qollarını yana açıb göstərir, bax, bax, bu boyda istəyirəm, deyirdi. Tezcə də üzünü tuturdu ki, anası öpsün. O,quşlar, itlər, pişiklər, ağaclar, güllər, çiçəklər daha nə bilim, nələr, nələr haqqında elə hey danışır, danışmaqdan yorulmurdu.

Balasının dili açılıb danışmasına görə sevinci aşıb – daşan qadın onun şirin kəlmələrindən doymur,  öpüşlərə qərq edirdi.

Dilarənin əmisigil Moskvada yaşayırd. Onlar xeyli vaxtdı telefonla yox, kompyuteri açıb bir – birlərini görə- görə danışırdılar.  Əmisigil nə qədər çağırsalar da, qız əvvəllər  qaçıb gizlənirdi. O, heç həmyaşıdı olan əmisiqızı Elnarəni də görməmişdi. Elnarənin dili çoxdan açıldığından hamıyla danışır, tez- tez Dilarə gəlsin danışım deyirdi. Lakin qız özünü göstərmirdi.

Həvəslənib – ana, kompyuteri aç Elnarə ilə danışmaq istəyirəm, deyən Dilarənin marağı anaya xoş gəldi. Dərhal kompyuteri açıb eltisigilə çağırış elədi. Ekranda qaynı qızı Elnarənin gülümsər üzü canlandı. O, salam ağbacı deyib, həmişə olduğu kimi Dilarə hardadı, gəlsin mənimlə danışsın, söylədi.

Dilarə çəkinə- çəkinə ekranın önünə keçdi. Ordan  baxan qızı ona çox mehriban, çox qəşəng  gəldi. Biri- birlərini çoxdan tanıyırmışlar kimi sevinclə görüşdülər:

qizciğaz

–Salam, Dilarə !

–Salam, Elnarə!

Qızlar gah Moskvanın, gah da Gəncənin əyləncə mərkəzlərindən, gəzdikləri, gördükləri məkanlardan həvəslə söhbət açırdılar.Dilarə deyirdi ki, Elnarə, bizim böyük Heydər parkımız var. Orada yelləncəklər, fəvvarələr, çoxlu adamlar, çoxlu uşaqlar,  hər şeylər, hər şeylər var. Sən bizə gələndə atama deyəcəm səni də aparsın, ananı da, atanı da, balaca qardaşını da. Qoy onlar da bizin necə gözəl  parkımızın olduğunu görsünlər. Mən onda təzə donumu geyəcəm. Mən böyüyüb bu boyda olacam, qız dabanlarını qaldırıb əllərini yuxarı qaldıranda qardaşı ona təpindi: – Bacı, bəsdi də, qoy Elnarə də danışsın! Bayaqdan o, heç nə deməyib. Elə sən  danışırsan.

Qız bir andaca mısmırığını salladı. Sıx kiprikləri ilə əhatələnmiş iri şabalıdı gözlərinin üstünə düşən qara, qıvrım saçlarını pompuş əlləriylə hirsli- hirsli arxaya daraqladı. Ekranda qızların şəkli nədənsə itdi.

Dilarə əmisi qızının şəklini ekranda görməyib düşdü qardaşının üstünə ki, qaqaş, sən çoxdan danışırsan deyə bütün sözlərini deyib qurtarmısan. O, xırdaca burnunu qırışdırıb, şəhadət barmağını yellədə – yellədə sözünə davam elədi: – Ancaq mən təzə danışıram, sözümü deyib qurtarmamışam. Axı mənim sözüm lap çoxdu. Mən danışmaq istəyirəm.

Qız bu sözlərdən sonra  susdu. Onun ağbəniz çöhrəsi çəhrayıya boyandı. Al- qırmızı dodaqlarını bir- birinə  sıxıb büzüşdürdü. Yenicə ağlamaq istəyirdi ki, qardaşı pərt olub, yaxşı, yaxşı, bacı dedi. Di danış, nə qədər istəyirsən danış.

Dilarə sanki yuxudan ayılıbmış kimi bərkdən güldü.Əllərini bir- birinə vurub şappıldatdı. Qardaşını qucaqlayıb öpdü, səni çox istəyirəm, qaqaş,  səni lap çox istəyirəm deyə pıçıldadı.

Qardaşı da bacısının qıvrım saçlarını sığallayıb astaca öpdü. Onları  bayaqdan izləyən ananın sevinci uşaqların sevincinə qarışdı.

Yazıya 497 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.