NAĞIL
Gəlsənə sənə danışam,
Bir qaragöz qız nağılı.
Gözlərindən axıb getsin,
Bir şıdırğı yaz nağılı.
Söyləyim, öyrən qədərin
Şahididir gör nələrin-
Qara-qara gecələrin
Dümağ, bəmbəyaz nağılı.
Köksü üstdə buludu var,
Köksü altda umudu var.
Birdən ölər, unudular,
Götür, qardaş, yaz nağılı.
ALÇAQ ÜRƏYİM
Darıxmışam səninçün,
Ay təmiz, ağ ürəyim.
Hardasan, ay bənövşə,
Nərgiz, zanbağ ürəyim?
Kimdi sənə daş atan,
Kimdən gəldi xoş xatan,
Eşqi qanına qəltan,
Köksü dağ-dağ ürəyim?
Ağlama, bəsdi, kiri,
Dedimmi, sevmə şeri,
Ay bir zaman dipdiri,
Ay sappasağ ürəyim?!
İndi yan-yaxıl belə,
İndi çox sıxıl belə.
Mərd Şahinə Könülə,
Namərd, alçağ ürəyim.
QARIŞQALAR
Mən sizi öldürmürəm,
Yaşayın, qarışqalar.
Sizin də bu dünyada
Yaşamaq haqqınız var.
Sizin də istəyiniz,
Sizin də sevginiz var.
Yox, sizi öldürmərəm
Dünya sevgisiz qalar.
Bu dünyanın ən duru,
Ən təmiz sevgisi – siz.
Bəlkə də siz ALLAH-ın
Ən əziz sevgisisiz.
Bəlkə də sizi yerə
Qəsdən göndərib ALLAH.
Göndərib, biz bəndələr
Sevginizdən dərs alaq.
Bir qarışqa hayına
Qarışqa qoşun gəlir.
Baxıram bu sevgiyə,
Baxıram, xoşum gəlir.
İnsan olan insanın
Hayına çatmır, bacım.
Bəlkə əl tutmaq üçün
Qarışqaya əl açım?
Dünyanın sevgi yolu
Desələr hardan keçir?
O, burda – Yer üzündə
Qarışqalardan keçir.
Yox, sizi öldürmərəm,
Yaşayın, qarışqalar!
Siz ölsəz Yer üzündə
Fikirdən qırış qalar.
ALDI, NƏ ALDI?!
Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı.
Mən ki, bu yollara bələd deyildim,
Enişi-yoxuşu görmüşdüm harda?
Qonşudan gəlməyib, evdə bişməyib,
Könlümə uyuşmur hələ yollar da.
Məni heç açmadı bu dünya evi,
Qaranquş köksündə yaşadım ömrü.
Harda bir dağılmış yuva görəndə,
Çör-çöp qırığıtək daşıdım ömrü.
Ömürdən ölümə gedən yollara
Addadım dünyanın içindən keçib.
Dünyanı tərk edib getmək istəyim
Mənə durnaların köçündən keçib.
Dünyanın fırlanan oxu kimiyəm,
Dolana bilmədim, Anam, başına.
Mən də insanların çoxu kimiyəm,
Gəlib yalvarıram, Atam, daşına.
Dünyanın kəc yolu gətirib məni,
Bu səhra ömrümün qumuna saldı.
Anamın qoynundan götürüb məni,
Atamın əlindən aldı, nə aldı…
BU GÜN…
Dünyanın sonu gəldi,
Doyunca güldüm bu gün.
Tanrı sirr saxlayırdı,
Sirrimi bildim bu gün.
Toz tutmuşdu izimi,
Kül örtmüşdü közümü.
Unutmuşdum özümü,
Yadıma gəldim bu gün.
Bir sehirli yuxuydum,
Bir deyildim, çoxuydum.
Bu fənada yoxuydum,
Var oldum, öldüm bu gün.
Yazıya 699 dəfə baxılıb