Qılman İman – “Bizsiz anaların darıxır bətni, Qoyub gəldiyimiz köç yeri kimi”

45050208_2241883252713853_7162769005952892928_n

 

 

 

 

 

 

 

 

 

 

***

Soruşsalar səvabımı,

Batıb günaha deyəcəm.

Yol yox, dünənə getməyə,

Nə də sabaha deyəcəm.

 

Düzlük görmədim düzündə,

Günlər azır gündüzündə.

Mən burdayam – yer üzündə,

Axtarma daha, deyəcəm.

 

Fatma nənənin qurşağı,

Sevindirmir ta uşağı;

Göy üzündən düş aşağı,

Gedib Allaha deyəcəm.

2009-cu il

 

       ***

Dünyaya ümidli olub yaşarıq,

Maaş aldığımız iş yeri kimi.

Ömrümüz içində günlər görünər,

Çəkilib atılmış diş yeri kimi.

 

Ay bulud, sənə də ağlamaq olmaz,

Ağlasan, göz yaşın saxlamaq olmaz,

Allahı bu qədər dağlamaq olmaz,

Göy üzü qaralıb şiş yeri kimi.

 

Qoy çəksin sevincin qəm həsrətini,

Axtara-axtara öz “qismətini”.

Bizsiz anaların darıxır bətni,

Qoyub gəldiyimiz köç yeri kimi.

2010-cu il

 

      ***

Duaya açılan əllər

Ovcunda saxlar Allahı.

Mələklər mürgü tutanda

Fələklər yoxlar Allahı.

 

Çəkilib göyün üzünə,

Axar, ələnər düzünə…

Hamımızın əvəzinə

Bu yağış ağlar Allahı.

 

Ahımız ün alıb neydən,

Qolumuz asılıb heydən.

İp sallayıb yerə göydən

Kim bizə bağlar Allahı?!

2012-ci il

 

      ***

İlahi – yaşayırıq can –

Boğaza yığılan yerdə.

Saman çöpü də tapmadıq

Ümidlər boğulan yerdə.

 

Əllərimiz əlcək-əlcək,

Cibimizdə can verəcək.

O dünyanı kim tikəcək –

Bu dünya dağılan yerdə?

 

Adəmdən, Həvvadan bəri,

Alnımızda əcəl təri.

Dəfn elədik sevgiləri

Adamlar doğulan yerdə.

2010-cu il

***

Rüstəm Dastanoğluna

Şeir yazmaq – səhrada tək,
Qumnan ev qurmaq kimidir.
Karvan-karvan sözə qədər,
Yolları yormaq kimidir.

Baxıb əyrinə, düzünə,
Axşamına, gündüzünə;
Özündən çıxıb özünə –
Tanrıya varmaq kimidir.

Savaşdı, sözlə başlanan,
Quyudu, sirri daşlanan;
Ömrün üzünə tuşlanan,
Qələm də barmaq kimidir.

Dərya olsun için təki,
Ləpələrdi gücündəki.
Fikir də tor içindəki,
Ov udan qarmaq kimidir.

2018-ci il

      ***

Aç qapını, dünya qoca,
Qapına bir uşaq gəlib.
Uzaqları yaxın edib,
Yaxınlardan uzaq gəlib.

Təşnətək bir içim suya.
Günü, ayı saya-saya.
O dünyadan bu dünyaya,
Adam boyda soraq gəlib.

Gözdə sevdi su yuxunu,
Nəğmə etdi Qu yuxunu,
Ömür adlı bu yuxunu,
Yatıb-yatıb oyaq gəlib.

Başqa kim qapı döyəsi?!
“Hazırlaş, gedək” deyəsi.
Qarşıla, ölüm yiyəsi,
Əcəlindir, qonaq gəlib.

2009 -cu il

 

 

Yazıya 474 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.