Paytaxt Bakıdakı Azərbaycan İstiqlal Muzeyinin iclas zalında Cəbrayıl rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı və Cəbrayıl rayon İcra Hakimiyyətinin dəstəyi ilə tanınmış şair İsmayıl İmanzadənin yaradıcılıq gecəsi keçirilmişdir. Azərbaycan Yazıçılar Birliyini təmsil edən tanınmış yazarların, ədəbiyyatsevərlərin, İstiqlal Muzeyi rəhbərliyinin, Biləsuvar Regional Mədəniyyət İdarəsi nümayəndələrinin, tələbə gənclərin və məktəblilərin, o cümlədən çeşidli KİV təmsilçilərinin qatıldıqları tədbirin aparıcısı, filologiya elmləri üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Tariyel Abbaslı giriş sözüylə açaraq şairi həyat və yaradıcılığı barədə məlumat vermişdir.
Yeri gəlmişkən, şair-publisist İsmayıl İmanzadə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. Uzun müddət Cəbrayıl rayon məktəblərində müəllim, sonrakı illərdə dövlət qulluğu vəzifələrində çalışıb. Onun həyat yolu və yaradıcılığı əvvəlcə doğma yurd yeri ilə, 1993-cü ilin avqust ayında, Cəbrayıl rayonu ermənilər tərəfindən işğal olunandan sonra isə Mingəçevir şəhəri ilə bağlı olub. İyirmi ildir ki, AYB Mingəçevir bölməsinin sədridir. Bu müddət ərzində Mingəçevirdə ədəbi mühitin formalaşmasında onun böyük əməyi olmuşdur. Otuza yaxın ədəbi-bədii, publisistik kitabları çap olunub. Şairin yaradıcılığında əsas yeri vətən, torpaq, yurd ağrıları təşkil edir. Doğma yurd yeri işğal olunandan sonra onun bütün yaradıcılığı bu mövzu üstə köklənmişdir. Bundan əlavə İ.İmanzadənin yaradıcılığında sevgi-məhəbbət motivləri, təbiət gözəlliklərinin təsviri əsas yer tutur.
Yaradıcılıq gecəsində ilk olaraq çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev şairi doğulduğu rayonun rəhbərliyi və ictimaiyyəti adından təbrik etmiş, ədəbi yaradıcılığını dəyərləndirən fəxri fərmanı ona təqdim etmişdir.
Tədbirdə şairin sənət dostlarından “Kredo” qəzetinin baş redaktoru, şair-publisist Əli Rza Xələfli, uzun illər Polis Akademiyasında işləmiş polkovnik-şair Əjdər Yunus Rza, görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, AYB-ni təmsil edən tanınmış yazıçı Elçin Hüseynbəyli, “Ədəbiyyat” qəzetinin şöbə müdiri, şair Sərvaz Hüseynoğlu, “Seyid Əzim Şirvani” poeziya məclisinin sədri yazıçı-publisist Mətanət Ulu Şirvanlı, Cəbrayıl rayon Ağsaqqallar Şurasının sədri polis polkovniki Vaqif Məhərrəmov, veteran müəllim Arif Xəlilov və Bakıda yaşayan tanınmış yazarlardan Əzizə Ağahüseynqızı, Qorxmaz Abdulla, Kifayət Əliyev çıxış edərək ürək sözlərini dilə gətirmişlər. Tanınmış səhnə ustası Təvəkkül Əhmədov və Bakıdakı 38 saylı tam orta məktəbin şagirdləri-Aişə, Ayla, Nuray, Sinavər şairin qələmə aldığı şeirlərdən nümunələr söyləmişlər.
Yaradıcılıq gecəsinin ayrı-ayrı məqamlarında tanınmış incəsənət nümayəndələri-Vüsal Zamanov, Zəminə Hüseynova və Gülnarə Qarabağlı şair İsmayıl İmanzadənin sözlərinə bəstələnmiş mahnılardan bir neçəsini ifa etmişlər. Sonda şairin özü çıxış edərək sənət dostlarına və tədbir iştirakçılarına minnətdarlığını bildirməklə yeni şeirlərini oxumuş, tədbirə qatılanlarla birlikdə xatirə şəkilləri çəkdirmişdir.
Tahir Şirvanlı,
filologiya elmləri üzrə fəlsəfə doktoru
Bakı şəhəri
Yazıya 1053 dəfə baxılıb