Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistanın ölkəmizdə törətdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yaddaşımıza əbədi həkk olunmuşdur.
Dünən Sumqayıt Regional Mədəniyyət İdarəsi Mərkəzi Kitabxana Sisteminin İncəsənət şöbəsində 31 mart-Azərbaycanlıların soyqırımına və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bir daha bu dəhşətlər haqqında söz açıldı.
Tədbirin aparıcısı, Sumqayıt MKS-in İncəsənət şöbəsinin əməkdaşı Sevda Məhəmmədova ümumi məlumat üçün bildirdi ki, Ermənistan sovet rejiminin ermənipərəst rəhbərlərinin himayəsi altında ərazi iddialarını irəli sürərək, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və Kəlbəcər rayonu da daxil olmaqla, ona bitişik 7 rayonu işğal edərək xalqımıza qarşı ədalətsiz müharibəyə başladı:
“…Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 18 min azərbaycanlı qətlə yetirilib, 20 mindən çox dinc sakin yaralanıb, 50 mindən çox adam əlil olub, 4 mindən çox insan əsir və itgin düşüb, 877 şəhər, kənd qarət edilib dağıdılıb. Məhz ümumilli lider Heydər Əliyevin başladığı və ölkə prezidenti İlham Əliyevin davam etdirdiyi məqsədyönlü fəaliyyət proqramı nəticəsində nəhayət ki, Avropa Şurası, BMT-nın Təhlükəsizlik Şurası Ermənistanı təcavüzkar kimi tanıyıb, Azərbaycanın ərazi bütövlüyünü öz qətnamələrində qeyd edib. Ölkə prezidenti cənab İlham Əliyev 31 Mart azərbaycanlıların soyqırımı günü münasibətilə xalqımıza müraciətində demişdir: “Əminəm ki, xalqımızın vətənpərvərliyi, milli birliyi və məqsədyönlü fəaliyyəti Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində biz qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, onilliklər boyu planlı olaraq əsl soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifrət və düşmənçilik təbliğ edənlərin ifşasına nail olacağıq…”
Tədbirdə iştirak və çıxış edən kəlbəcərli qələm adamlarından, “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırlatdı ki, Dağlıq Qarabağdan kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, dinc əhaliyə vəhşicəsinə divan tutulmuş, kəlbəcərlilər min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınmışdır: “
Əslində, Kəlbəcər hələ 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri Xocalı soyqırımının davamı kimi, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə divan tutandan bu gözdən uzaq, könüldən iraq (uzaq-yaxın diyarı) mühasirəyə salaraq, aradan götürüb Ermənistanla Dağlıq Qarabağı birləşdirmək üçün məkrli planının bir hissəsini reallaşdırmışdı. Erməni qəddarlığının həddi-hüdudu yox idi. 33 nəfər diri-diri qətlə yetirilmişdi. Onların arasında olan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdı. 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarət almış, ölümcül yaralanmışdı və s”.
Kəlbəcərli şairlərdən Yusif Hüseynlə Namiq Dəlidağlı, həmçinin AYB Sumqayıt filialının sədri Rafiq Oday, təşkilatın üzvü şairlərdən Elbrus Qayalı, Müşfiq Zülfüqar, , İbrahim İlyaslı,Ədalət İzzətoğlu, Etibar Səfərli, Qaratel Azəri, Rəhilə Veysəlli, Tahirə xanım, Ələsgər Həsənli, Asif Asiman, tarixçi-tədqiqatçı Taleh Şahməmmədov və digərləri qeyd etdilər ki, bütün bu dəhşətlər barədə 26 ildir kəlbəcərlilər danışır, deyir, mətbuatda yazır. Amma düşmən öz bildiyindədir.
İkiüzlü siyasəti ilə bəşəriyyəti çaş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işğalçı ilə təcavüzə məruz qalanları ya bilərəkdən ayırd etmək istəmir, ya da Ermənisatana havadarlığını gizləmir. Demək, dünyada dini tolerantlıq yoxdur! Kəlbəcərlilər isə yurd həsrəti ilə qəribməzar olur, qırılır, o cənnət-məkanda doğulub oranı sevənlərin sayı azalır, yeni nəsil isə ölənləri əmanətə xəyanətdə suçlamaqdadır…
AYB Sumqayıt filialının sədri,əməkdar jurnalist Rafiq Oday öz çıxışında xatırladıldı ki, Ermənistanın münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan “Human Rights Watch/Helsinki” “Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili” (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunmuşdur. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respukblikasının dövlət sərhədindən keçirilmişdir ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapmışdır.
Tədbirin ədəbi-bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İlahə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovun da çıxışları yaddaqalan oldu. Sumqayıt şəhər 29 saylı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılarına çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-in incəsənət şöbəsinin rəhbərliyinə – şöbə müdiri Aidə Qələndərovaya, baş multimedia mütəxəssisi
Sevda Məhəmmədovaya, multimedia mütəxəssisləri Məlahət İskəndərova ilə Cəmilə Əliyevaya, eləcə də burada mədəni-mənəvi xidmət göstərənlərə – təşəkkürünü də unutmadı.
Taixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-in fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, həmçinin Sumqayıt Dövlət Universiteti Tarix fakultəsinin tələbələri də tədbirin yüksək səviyyədə hazırlanmasından və belə “dəyirmi masalar”ın burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraətlə, telli sazın həzin müşayiətilə Kəlbəcərə həsr edilən şeirləri səsləndirdilər.
Yazıya 582 dəfə baxılıb