“Məndə sığar iki cahan…” , yoxsa “Pəncü-şeş” ?
Anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan olunması böyük şairin yaradıcılığına bələd olan və olmayan insanlarda müxtəlif reaksiyalar doğurur. Bu cəhətdən də il ərzində müxtəlif ədəbi-bədii və tənqidi situasiyalarla rastlaşacağımız təbiidir. İki cahana sığmayan şair haqqında yazılanlar bu 365 günün də çərçivəsinə sığmayacaqdır. Şərqin böyük filosofu, üsyankar şairi əsrlər boyu gedəcəyi yollarda öyrəniləcək, anılacaq, xatırlanacaqdır. Çünki Nəsiminin poetik qalaktikasının mərkəzində İNSAN və onun tərənnümü dayanır:
Səni bu hüsnü-camal ilə, kamal ilə görüb,
Qorxdular həqq deməyə, döndülər insan dedilər.
Sözü insan qədər ucaldıb, insanı söz qədər hikmətləndirən Nəsimiyə, onun yaradıcılığına münasibət müdrikanə, yalançı pafosdan, şou xarakterli təqdimatdan uzaq olmalıdır. “Nəsimi ili”dir deyə, bacaran-bacarmayan meydana atılıb, “ bu da mənim Nəsimiyə hədiyyəmdir” deməməlidir. Nəsimi yaradıcılığına, Nəsimi sözünə qiymət böyük şairimiz Füzulinin “SÖZ”ə verdiyi qiymətin işığında verilməlidir:
Artıran söz qədrini sidqilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz
Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərir hərdən niqabi-ğeybdən rüxsar söz.
Bizim düşüncəmizə görə Nəsimi haqqında sözü də, onu dərk edən, onu anlayan, onun ruhuna doğma ola bilən söz xiridarları, söz sənətinin ustadları, “ənəlhəqq” deyərək, söz yolunda “soyulmağı” bacaranlar deməlidir. Nəsimi sözünü musiqiyə, rəssamlığa, heykəltəraşlığa, filmə gətirmək istəyənlər Nəsimi əzəmətini unutmamalıdırlar.
Son günlər savadı, bilik səviyyəsi ilə öyünməklə Nəsimi yaradıcılığına müraciət edən bir müğənni böyük şairin “Sığmazam” qəzəlini mahnı janrına gətirməklə geniş bir müzakirə obyektinə çevrilə bilmişdir. Nəsimini və musiqini anlaya bilən insan mahnını dinləyərkən hiss edir ki, Nəsimi yaradıcılığına müraciət etmək istəyi şairə sevgidən, ona ruhən bağlı olmaqdan daha çox reklam olunmaq həvəsindən yaranıb. Belə olmasaydı, hətta, qəzəl janrında yazıldığını belə dəqiq bilmədiyi “Sığmazam”ı “şıdırğı” hind musiqisi ritmi üzərində qurub toyxana mahnısına çevirməz, onu bəyənməyənləri isə ironiya ilə “Bollivud müsiqisindən xəbərsizlər” adlandırmazdı. Bu adam anlamaq belə istəmir ki, insanların haqlı iradı özünün düşünüb tapdığı ilə öyündüyü bu Bollivud musiqisinə deyil, “kamil insan ideyası”nı təbliğ edən şairin sufiliyi, hürufiliyi, fəlsəfi-panteist fikirləri əks etdirən bir şeirinə bu musiqini “calaq” etdirərək toy mahnısına çevirməsinədir.
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü-məkana sığmazam…! – kimi üsyankar, fəlsəfi çağırışın sədaları qulaqlarında yox, qəlbində əks-səda verdiyi bir məqamda sözügedən bu mahnını dinlədikcə, sanki Nəsiminin fəryadını eşidir, sevimli sənətkarımız Rasim Balayevin ifasındakı yanğının, atəşin mahnıya etiraz olaraq daha da alovlandığını görürük. Nəsiminin yazdığının və Rasim Balayevin ifa etdiyinin müqayisəsində bu toy ruhlu mahnı necə cılız və bir toy mağarına “sığan” görünür. İki cahana sığmayan bir ruhu bit toy mağarına sığışdıra bilmək “qeyri-kamil”liyin göstəricisidir. Varlığa sığmazlığı, laməkanlığı, kamilliyi əks etdirən bir sənət abidəsinin “Pəncü-şeş” adlandırılıb, toy mahnısı kimi ifa olunması insanın ruhunu zədələyir.
Yaxşı ki, internet arxivində məni gərginlikdən çıxara bilən “Nəsimi” filmi və Rasim Balayevin gözəl ifası var. O mahnının beynimdə əks etdirdiyi mənfi emosiyanı, pis ovqatı filmin fraqmentlərini izləmək və “Məndə sığar iki cahan…” şeirini Rasim Balayevin ifasında dinləməklə özümdən uzaqlaşdıra bildim. Haradansa yadıma ustad Aşıq Ədalət, “Yanıq Kərəmi”, toylarımız düşdü.. Elə o anda təsəvvür etdim ki, “Pəncü-şeş”ləşən “Sığmazam”ın sədaları altında toyxanalarda qol görürüb şıdırğı süzürük… Tanrı cismimizi belə “mahnılara” oynamaqdan qorusun ki, son anda ona borc olaraq qaytaracağımız ruhumuz zədələnməsin.
Nəsiminin obrazlı, bədi-estetik dəyərli, kamil qəzəlləri, lirik “mən”in üsyankar monoloqları əsl ifaçılarını, əsl bəstəkarlarını gözləyir. Məgər “Sənsiz”, “Sevgili canan” romanslarını, “Nəsimi”, “Füzuli” kantatalarını, “Karvan” suitasını yaratmağı bacaran xalqımızın istedadlı övladları içərisində “Nəsimi ili”ndə böyük Nəsiminin adına, ruhuna layiq müsiqi əsərləri yarada biləcək bəstəkarlarımız yoxmu? Bəlkə, Nəsimi ruhunu böyük simfoniyalara sığdırmaq, doğrudan da, çətin və məsuliyyətlidir? “Nəsimi ili”ndə “yalandan oyananlara” və həqiqətən oyana bilənlərə elə Nəsimi dili, Nəsimi şeiri ilə demək istəyirəm :
Ey özündən bixəbər qafil, oyan!
Həqqə gəl kim, həqq deyil batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!
Pərvanə O-nurlu
Yazıya 706 dəfə baxılıb