Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edilib

nesimi

Azərbaycanda keçirilən “Nəsimi ili” ilə əlaqədar Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Özbəkistanda “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsi elan edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə əlaqədar Mədəniyyət Mərkəzi il ərzində Daşkənddə silsilə tədbirlərin keçirilməsini planlaşdırır.

Müsabiqəyə əsasən Azərbaycan və Özbəkistan şairlərinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, habelə Nəsimi dəstxətinə, yaradıcılıq üslubuna uyğun şeirlər təqdim edilməlidir.

Əsərlərin bu il aprelin 5-dən iyunun 30-dək AMM-nin poçtuna (culcenter.az@gmail.com) elektron formada göndərilməsi xahiş olunur. Müəllif haqqında qısa məlumat və şəxsiyyət vəsiqəsinin surəti də əlavə edilməlidir.

Toplanan əsərlər sonra hər iki dilə tərcümə olunaraq kitab halında çap ediləcək. Müsabiqədə Azərbaycandan və Özbəkistandan iki qalib müəyyənləşəcək və onlara Mədəniyyət Mərkəzinin diplom və pul mükafatları təqdim olunacaq.

Yekunda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti və “Kitob dunyasi” qəzetinin təşkilati dəstəyi ilə Daşkənddə “Canımı qıldım fəda…” adlı təntənəli poeziya axşamının keçirilməsi nəzərdə tutulub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Mənbə: azertag.az

 

Yazıya 360 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.