Bir damla payız
Adından islanıb
bu payız yağışı…
Bir yarpaq ümid yoxdu
yarasını sarıyım
bu ürəyin…
Əllərim uzaqlarda qalıb,
Sənsizliyin
Kölgə saldığı yerlərdə…
Payızı sərmişəm yollara
bəlkə insafin üşüdü
bir payız…
Ovcumu tutmuşam
ürəyimin altına,
sən damcılayırsan…
Sus
Bu payız günü
qoltuğuna
bir
Nəsimi beyti verib,
səni də belə oynatdılar, qoca əruz…
Şeir stolunda
çəngəl-bıçağın ağzında
misralar çırpınır,
qartal caynağındakı kəklik kimi.
Həyasız gəncliyin təkəbbür
dumanı
bürüyüb ədəbiyyat çöllərini…
sayt-sayt işğal olunur
sözün
saitləri, samitləri…
Qəlbindəki son misranı
qucaqlayıb
ağlayan qoca şairin səsi –
Məzar üstə titrəyən çam işığıdı.
Sus, ey Vətən,
sükutun göz yaşları islanır…
Qoca şairə məktub
Səsindən bir ev tik,
çıx damına.
Gör mələklər
hansı dildə qələm çalır,
ey qələmi qırılmış…
Daha şairləri dar ağacından deyil,
kabinetden asırlar,
say, necə şeir qoyulub
kətil kimi
asılacağı günün ayağı altına…
kabinetdə şeir nə gəzir, zalım,
bir saxta təbəssüm bəsdir,
bir misranın qanını tökməyə…
Ayağın altına yaxşı bax,
Adəmin hönkürtüləri
əzilər birdən.
Həvvanın qulağının dibində
uçan kəpənək deyil – misradı…
Bunu hardan biləsən, qoca şair…
heç cavan olmadın ki,
hələ də
ürəyində qartopu oynayır bir uşaq…
Sən bu şeirin
hansı misrasındasan? –
xatirələrdən soruş…
Kəndə məktub
Oxu, kəndim, oxu,
mən sənin şairinəm;
Ürəyi xəstə,
arzuları qəfəsdə,
ümidi son nəfəsdə!
Oxu, kəndim,
göy üzü kimi gözlərimi oxu,
“Quran” ayəsi kimi sözlərimi.
Əzab içində
misralarla üz-üzə ulayan
gecələrimi, gündüzlərimi oxu.
Mən gəbərməmiş
üzümün qırışlarını,
bəbəklərimdə don vurmuş
göz yaşlarını oxu.
Bakı küçələrində
it kimi ləhləyən ayaq izlərimi,
Bir ömür yorulsa da
Allahın səbrini boğan
dizlərimi oxu.
Oxu, kəndim, məni oxu,
Vətənə məhəbbət kimi,
Düşmənə nifrət kimi,
döyüşçü yarasından
axan qeyrət kimi oxu.
Toz basmış qeyrətini
çıxar arxivdən…
Oxu, kəndim, oxu…
Qarabağa gedən yoldu misralarım,
Vətənin rəngi qaçmış dodağında
iməkləyən “sağ ol”du misralarım.
Oxu, ağzındakı
qanlı tüpürcək kimi,
yerə tüpürdüyün
“Azadlıq” sözünü oxu.
O sözün içində özünü oxu,
Oxu, kəndim,
şəhid tabutuna bükülmüş
bayraq kimi oxu məni.
Yaralı döyüşçünün
son gülləsi qalan yaraq kimi
oxu məni.
Haqqını tapdayan məmurdan,
torpağını tapdayan gavurdan,
qisas alırmış kimi oxu,
İşğal olunmuş yurd kimi,
Başına çaqqallar yığışmış
boz qurd kimi oxu məni.
Oxu, kəndim,
Məndən mənsizəcən,
Səndən sənsizəcən,
Dərbənddən Təbrizəcən
məni oxu,
mən sənin şairinəm axı…
Hər gün misra-misra öpürəm,
alnındakı üçrəngli bayrağın təbəssümünü…
Məhbuslar
Məhbuslar!
Qalxın bu gecənin ahına.
Yuxunuzu sərin
dəmir çarpayıların üstünə.
İçinizdəki
Son ümid payını
soyuq su kimi ovuclayıb
çırpın yorğunluğun üzünə.
Məhbuslar!
Bu gün sıranıza,
otağınıza,
Üzündən-gözündən
qan sıza-sıza,
Azadlıq adında
bir məhbus gəlir.
Yaxanızdakı nömrəni
ilan qabığı kimi soyun.
Bu yaxası nömrəsiz
məhbusun göz yaşında,
Ömrünüzün
bu qərib gecəsini yuyun.
Bu qərib gecəni,
tənha gecəni,
ölən ümidlərə
başdaşı qoyun.
Məhbuslar, məhbuslar!
Arzular dar ağacıdır, qardaslar…
Bu gün –
ürəklərdə ümidsiz Adam günüdür.
Başınız sağ olsun,
sabah
Azadlığın edam günüdür.
İntihar
Bu gün
yazmadığım bir şeirin
misralarından,
İçimdə üşüyən sükutun
səsindən asdım özümü….
Xocalıda
anasının don vurmuş
meyiti üstə ağlayan
körpənin göz yaşından,
işğal altında üşüyən
yurdun yaddaşından,
qisası alınmamış şəhidin
başdasından
asdım özümü….
Uşaq evində
dilində
“ana”, “ata” sözləri üşüyənlərin
baxışından,
qocalar evində
gözüyaşlı yollara boylananların
qarğışından
asdım özümü…
Bu gün
“asmaq”
sözünün boyu çatmadı
arzularıma…
Azadlıq
Azadlıq!
Səni çox istəyirdik,
az aldıq.
Səni sevə-sevə
azaldıq.
Eh, azadlıq, azadlıq…
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.
Sənə uzalı əllərimizi
zəmi kimi biçə-biçə,
meydanlara, küçələrə tökülən
qanımız üstdən keçə-keçə,
adına
meydan verdilər,
küçə verdilər –
Azadlıq!..
Bir gün
məmləkətin başı üstə
şəhid ruhların
qiyamı başlanacaq.
Göy üzündən
ahlar,
günahlar
daş-daş yağacaq.
Yağacaq
“Azadlıq” adı verilmiş
meydanlara,
küçələrə;
Üstünə qərənfil çilənmiş
qara paltarlı
şəhid gecələrə.
Ah, azadlıq, azadlıq –
kiminə çörək ağacısan,
kiminə başdaşı.
Mən sənə arzularımı uzatdım,
Sən mənə bir cüt göz yaşı…
Yazıya 743 dəfə baxılıb