Azərbaycan Xalq şairi Mirvarid Dilbazinin şeirlərini Azərbaycan Mədəniyyət və Ədəbiyyat Portalı
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murğuzov təqdim edir:
Yasəmən gül açıb, bəzəyib bağı,
Qönçəyə dolubdur gülün budağı,
Bölümdə qaldıqca vətən torpağı
Mən bu gözəlliyi duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Sarmaşıb çəməndə yenə gül-gülə,
Nəğməli quşlar da gəliblər dilə,
Mən elə qəmliyəm, qəmliyəm elə,
Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Şuşam, Qarabağım, dağlar maralı!
Siz də yaralısız, mən də yaralı,
Elim düşən gündən sizdən aralı,
Bu gözəllikləri duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Sinəmdə dağı var Əskiparanın,
Ağrısı azalmırheç bu yaranın,
Düşmənlərə qalan dağım, aranım,
Sizsiz gözəlliyi duya bilmirəm,
Bahar sevincinə uya bilmirəm.
Gün doğub, ürəyim işıqlanmayır,
Könlümdə çıraq yox, şam da yanmayır,
Çoxdandır saçlarım xınalanmayır,
Ürəyim şəhidlər qəbristanıdır,
Gözlərimdən axan göz yaşı deyil,
Şəhid qanıdır.
* * *
Sən-qəhqəhə,
Mən-göz yaşı.
Hardasan, könlüm sirdaşı?
Tufanlıdır ömrün qışı.
Sən gül!
Mən gülə bilmirəm.
Şənlik içindəykən aləm,
Nədir könlümdəki bu qəm?
Neyləyim ki, mən bəxti kəm
Dərdimi bilə bilmirəm.
Qəm əyib məğrur başımı,
İtirmişəm sirdaşımı,
Selə dönən göz yaşımı
Üzümdən silə bilmirəm.
Səhrada bitmiş bir güləm,
Fəsli quraq keçən iləm.
İstəyirəm sənsiz öləm,
Neyləyim, ölə bilmirəm.
.
Qoymayın ağlayım məni
Mən ağlasam, düşmən gülər,
Qoymayın ağlayım məni!
Ulduzlar yerə tökülər,
Qoymayın ağlayım məni!
Mən ağlasam, daş ağlayar,
Göydə uçan quş ağlayar,
Yurdu dağılmış ağlayar,
Qoymayın ağlayım məni!
Mən ağlasam, ağlar elim,
El ağlasa, sınar belim,
Ərşə dayandı bu zülüm,
Qoymayın ağlayım məni!
Arxam yağı, önüm yağı,
Bölünməz mərdlər torpağı!
Ay ellər, döyüşqabağı,
Qoymayın ağlayım məni!
Biz nə qorxaq, nə naçarıq,
Bağlı qapılar açarıq,
Düşmən üstə od saçarıq,
Qoymayın ağlayım məni!
Yazıya 2398 dəfə baxılıb