Qəlbinə şübhə dolmasın
Ürəyimi boşaldıram
Yerin darısqal olmasın…
*******
Hərdən tərpənir deyəsən
Beli əyilib dünyanın
Gör bir nə vaxtdı fırlanır
Oxu yeyilib dünyanın…
****
Baxırsan, söz yerində
Saqqal, bığ, üz yerində
Salavat öz yerində
Mollanı aş saxlayır
Nə büdrə, nə də axsa
Allah üzünə baxsa
Unudulardı yoxsa
Şeytanı daş saxlayır
Qovğa var hər tərəfdə
Həm xeyir, şər tərəfdə
Hərəmiz bir tərəfdə
Salamat baş saxlayır…
****
Xəyallar qoynunda yatdım
Guya ki, arzuma çatdım
İşimi, gücümü atdım
Tələsdim şair olmağa
Gənc ömrümə lazım deyə
Qucağımda sazım deyə
Qıza şeir yazım deyə
Tələsdim şair olmağa
Nə qədər yazı oxuyub
Özümnən razı oxuyub
Məmməd Arazı oxuyub
Tələsdim şair olmağa
Kimdi sözü yada salan
De görüm, ay qutab alan
Kimdi indi kitab alan
Tələsdim şair olmağa
Kimə peşədi, sənətdi
Kimə ənamdı, xələtdi
Mənim üçün bir qələtdi
Tələsdim şair olmağa…
****
Bəxt üzünə gülməyib ki
Sənə yaxın gəlməyib ki
Eh, şairlər ölməyib ki
Ğözəllər nazdan kəsilə
Dərin mətləblərə girmə
Çoxu eşit, amma görmə
Şükür elə, imkan vermə
Qismətin azdan kəsilə
Nə yazım könlün xoş ola
Ürəyin qəmnən boşala
əyri əyridən beş ala
Düz adam düzdən kəsilə
Ömür olub düyün- düyün
Yoxdu daha o gördüyün
Vay o günə könül, bir gün
əlacım sözdən kəsilə…
****
Şair futbolçuya bənzər
Boynuna çox şey götürür
Yaxşı şeir yaxşı qoldu
“Pası” məhəbbət ötürür
Söz və top çox maraqlıdır
Hər ikisi tən keçirir
Futbolçu qapıya vurur
Şair ürəkdən keçirir
Sözlərim ünvana çatmır
Ürəyə dəyib qayıdır
Vurduğum söz topları
Dirəyə dəyib qayıdır
Yaxşı oynaya bilmirəm
Hey çəksəm də mən əziyyət
“Kartoçka”larım deyir ki
Şeirdən kənar vəziyyət…
Hərdən babat şeir yazmışam
Könlüm, ruhum xoş olanda
Mən sözlə az qol vurmuşam
O da qapı boş olanda…
*****
Başladı ömrümün yarpaq tökümü
Bu dünya gözümdə bir söz bükümü
Vaxtında tutmuşam sevda yükümü
Sonralar yüklənmək çətin olurmuş
Gəncliyində oz əhdin var, öz andın
Düz məsləkin, düz əqidən, düz andın
Cavan vaxtı nə qazandın qazandın
Sonralar “tüklənmək” çətin olurmuş
Dayıda, əmidə post görə – görə
Qədəhlər əlində tost görə – görə
Sağımda, solumda dost görə – görə
Ayrılmaq, təklənmək çətin olurmuş
Şeir yazmaq – bu nə peşə şairim
Salmısan özünü işə şairim
Qoyma təbin kökdən düşə şairim
Təzədən köklənmək çətin olurmuş…
****
Sənin bulud gözündən
Mənə nə xeyir gələr?…
Ömrümə yağış yağar
Xatirələr pöhrələr…
****
Bu həsrəti eşq veribdi pay kimi
Ağrılara, acılara tay kimi
Ömür çöldən səssiz axan çay kimi
əzilirəm, yoğruluram içimdə
Bu nə sirdir, görmək olmur fələyi
Göynən gedir baş tutduqca kələyi
Nə sərt gəldi zəmanənin küləyi
Saman kimi sovruluram içimdə
Tanrı dediyini deyə bilmirəm
Fələk saydığını saya bilmirəm
Mən xatirə xatırlaya bilmirəm
əvəzində qovruluram içimdə
Demirəm ki, əlim yerdən üzülüb
Etiraflar növbə – növbə düzülüb
Günahlarım tövbə -tövbə düzülüb
Yavaş- yavaş doğruluram içimdə…
****
O da bir bəxtdi fırlanır
Quruca taxtdı fırlanır
Gör bir nə vaxtdı fırlanır
Oxu yeyilib dünyanın
Bu qədər günahmı olar
Ya naləmi, ahmı olar
Bu qədər silahmı olar
Beli əyilib dünyanın
Gözümüz yaşla dolsa da
Ümid Allaha qalsa da
Günahkar bəndə olsa da
Üzü söyülüb dünyanın
Yazdıqlarım yalan, hədər
Qalan deyil, gəldi – gedər
Görürəm ki, mənə qədər
Sözü deyilib dünyanın…
*****
Tutdun ayrılıq yolunu
Mənə qalan sazım oldu
Bir az da xatirə götür
Bəlkə yolda lazım oldu…
*****
Hər zaman bəhər gətirmir
Bu işləri duymaq gərək
Beynimiz də şum kimidi
Hərdən dincə qoymaq gərək…
****
Sevgimizə əhsən deyib
Gənclik bizi yola saldı
Kədər çox atılıb düşdü
Həsrət yana – yana qaldı
Hamar olmadı yolumuz
Çətinə dözüb gəlmişik
Azımızı, çoxumuzu
Qismətə yozub gəlmişik
Nəfsim mənnən yola getdi
Onu sirdaşım sayıram
Sərvət, qızıl əvəzinə
Indi söz xırdalayıram
Dünyanın havası ağır
Fələk saydığını saydı
Tanrını görənə qədər
Yaşamaq nəsib olsaydı….
Düzdü qəm- qəmi gətirər
Dərdlərə gülən yaxşıdı
Hara gedir bəs bu dünya
Eh, Allah bilən yaxşıdı….
Yazıya 883 dəfə baxılıb