Şura hökuməti illəri idi. Qəzetdə, yazın, şeirin, hekayən, jurnalda məqalən, romanın, pyesin, povestin çıxanda qonorar, yəni zəhmət haqqı verərdilər. Kitabın nəşr olunanda isə, təbii ki, qonorar vurub kəllə-çarxa çıxardı. Radio və televiziyada çıxışa görə də gözdolusu qonorar almaq olurdu.
Dövran dolandı, zəmanə dəyişdi. Bazar iqtisadiyyatı gəlib çıxdı. İndi yazı, məqalə çap etdirmək üçün çox vaxt sən özün pul ödəməli olursan. Bəzi qəzet və jurnallar dövlət tərəfindən maliyyələşdirilmədiyindən nəşrlər müəlliflərin hesabınadır. Bəziləri də çap üçün pul almasalar da, qonorar da vermirlər.
Əlqərəz… Həmin dövrlər idi. Kərəm Kərəmli tədqiqat institutlarının birində kiçik elmi işçi idi. Maaşı az idi. Cəmisi 112 manat. Dissertasiya müdafiə etmək istədiyindən qalıb burada işləyir, bir təhər dözürdü. Amma əlini-əlinin üstünə də qoyub oturmamışdı. Özünü oda-közə vurur, məktəblərdə saat hesabı dərs deyir, qəzet-jurnala məqalələr yazır, bununla da özünü, ailəsini dolandırırdı. Gözünü dikmişdi qonorarlara. Ayda maaşı qədər qonorar ala bilirdi.
Ay başa çatmış, növbəti aydan beş-on gün keçmişdi. Qonorarlardan xəbər-ətər yox idi. Kirayədə qaldığından redaksiyalara institutun ünvanını vermişdi. Bildiriş kağızı gəlir, Kərəm onu götürüb poçt şöbəsinə gedir, pulunu alıb Allahına şükür edirdi.
İnstitutun birinci mərtəbəsində bir stol qoyulmuşdu, üstünə də şəhərdaxili telefon. Hər şöbəyə telefon çəkmək imkan xaricində olduğundan ümumi telefon ayırmışdılar ki, sözü-söhbəti olanlar telefonlu şöbələri narahat etməsinlər. Qonorarlara aid bildirişlər də həmin stolun üstünə düzülürdü. Kimə aid idisə ya özü götürər, ya da ona xəbər verərdilər ki, bəs qonorarın gəlib.
Bu ay təkcə Kərəm Kərəmliyə bildiriş gəlməmişdi. Qalmışdı mat-məəttəl. Evdə oğluna, qızına nəsə alacağını vəd etmişdi. Onlar da gözləməkdə idilər.
Növbəti ayda həmin vəziyyət təkrar oldu. Daha utanmağın və çəkinməyin yeri yox idi. Kərəm telefonu götürüb bir-bir redaksiyalara zəng edib məsələni anlatdı. Mühasibatlardan dedilər ki, bəs ötən ayın da, bu ayın da qonorarını yazıb göndəriblər, poçt şöbəsinə dəysin.
Kərəm Kərəmli tez özünü poçt şöbəsinə çatdırdı. Pulunu buradan alırdı. Üz cizgisi xoşagələn bir qız onu gülərüz qarşıladı:
-Buyurun, eşidirəm.
Bu qız deyəsən təzə işçi idi. Kərəm əvvəllər onu görməmişdi. Çıxarıb pasportunu qıza uzatdı:
-Redaksiyalardan qonorar göndəriblər.
Qız təəccüblə ona baxdı:
-Nə? Qonorar?
Kərəm başa düşdü ki, qız qonorarın nə demək olduğunu bilmir. Odur ki, aydınlıq gətirdi.
Qız gülümsəyərək üzrxahlıq etdi.
Kərəm:
-İki aydır pulumu ala bilmirəm. Nə sirri-xudadırsa poçtalyon gətirib çıxarmır. Xəstələnib, ya məzuniyyətdədir, bilmirəm. Əvvəllər vaxtlı-vaxtında çatdırardı.
Qəşəng qız çiyinlərini çəkdi:
-Ola bilməz. Mən az qala iki aydır burada işləyirəm. Bizim poçt göndərişləri heç zaman ləngitmir, dərhal çatdırır yiyələrinə.
Qız onun pasportunu alıb sənədlərə baxmağa başladı. 6-7 sənədi çıxarıb göstərdi:
-Hə, tapdım. Sizin göndərişlərdir.
Kərəm sevindi:
-Dedim axı. Buralarda ilişib qalıb.
Qız ciddi:
-Yox, vətəndaş, siz nəyisə ya qarışdırırsınız, ya da unutmusunuz.
Kərəmin alnı düyünləndi:
-Necə yəni?
-Bir baxın. Sizə çatası pulları almısınız. Özü də hamısını, qəpiyinə kimi. Kərəm Kərəmli deyilsiniz?
-Kərəm Kərəmliyəm.
Qız təəccüblə: “Bu nə qəribə insandır. Qol çəkib pulu götürüb, indi də adamın üzünə dirənir ki, bəs almamışam”:
-Sənədləri imzalamısınız da, – dedi.
Kərəmin dili-ağzı qurudu: “Bu qız nə danışır? Almışamsa, burada nə gəzirəm?”
-Hə, alınıb, amma imza mənimki deyil.
Qız artıq əsəblərini cilovlaya bilmirdi:
-Yəni deyirsiniz pulun dalına biz keçmişik? Bu lap ağ oldu axı. Fikirləşin.
Kərəm udqundu:
-Bəs necə oldu? Sən vurmadın, mən yıxılmadım. Ortada pul yoxdur. İki aylıq zəhmətim hədərə gedib.
Bu qəribə adamla hansı tonda danışacağını bilmədiyindən çox da zilə çıxmadı:
-Ay yoldaş, əvvəla, biz pasporta baxıb pulu veririk. Hətta görəndə ki, özü yox arvadı, əri, oğlu, qızı gəlib, deyirik gedin, gəlib pulunu özü alsın.
Birdən Kərəmin gözləri poçt şöbəsinin qapısı ağzında görünən tanış şəxsə sataşdı. O da Kərəmi gördü, amma yaxınlaşıb salamlaşmaq əvəzinə özünü görməməzliyə vurub poçtun başqa şöbəsinə sarı getdi.
Kərəm nəsə fikirləşib tez:
-Xanım, o imzalanmış kağızları bəri ver.
Qız sənədləri uzatdı. Kərəm axır ki, başa düşdü. Bu, Kərəm Kərəmlinin imzası idi. Eyni soyadlı, eyni adlı tanışının. Qonorarları göndərəndə mühasibatlıq sadəcə qonorar sahibinin adını və soyadını yazır, ata adını göstərmirdi.
O Kərəm də institutla bağlı şəxs idi. İnstitutun qiyabi aspirantı idi. Tez-tez instituta gələr, şöbələrə baş çəkər, oturub yoldaşlarla söhbət edər, elmi kitabxanada ədəbiyyatlara baxardı.
Hər iki Kərəm bir-birini yaxşı tanıyırdı, zarafatları da vardı. Bu Kərəmə sataşmaq üçün o biri Kərəm göndərişləri institutun birinci mərtəbəsindəki stolun üstündən götürər, gedib alardı.
Kərəm Kərəmli iti addımlarla, az qala qaçaraq adaşına, soyadaşına sarı getdi. Məsələni başa düşən o biri Kərəm Kərəmli əllərini yuxarı qaldırdı:
-Amanın günüdür, öldürmə məni, – deyib şaqqanaq çəkdi. Sonra əlini döş cibinə salıb bir zərf çıxartdı:
-Poçtdan aldığım pullar hamısı bu zərfin içərisindədir. Heç sənin min əziyyətlə, alın təri ilə qazandıqlarını yemək olar? Poçt şöbəsinə yollandığını görüb dalınca gəlmişəm. Bir zarafatdır da, qardaş, elədim. Bağışla məni.
İki Kərəm Kərəmli qucaqlaşdı. Bu Kərəm zərfi o biri Kərəmə uzatdı. O da öz növbəsində:
-Adaş, bu münasibətlə sənə qonaqlıq düşür ki…- dedi.
Yazıya 488 dəfə baxılıb