İncə, lirik söz ustası, filosof, psixoloq, insan qəlbinin bilicisi, nəhayət, Odlar yurdunun məşəl daşıyanı – Məmməd Araz. Məmməd Araz hələ balaca yaşlarından həssas bir təbiət vurğunu olmuş və sanki təbiətin dilini bilmişdir. O, Naxçıvanın gözəlliyindən vəcdə gəlmiş, onun dağlarına, düzlərinə mahnılar oxumuş, tərənnüm etmişdir. Naxçıvanda təbiətin hər guşəsi, hər daşı, uzaq dərələr döşündə şırıl-şırıl axan tənha bulaqlar belə, ona dünyalar qədər əziz görünmüşdür. Görkəmli şair, söz xiridarı Məmməd Araz uşaqlıq illərini “Yaşa, ucal, doğma torpaq” adlı məqaləsində belə xatırlayır: “Araz sahilində dünyaya göz açmışam. Araz sahilindən dünyaya baxmışam. Hərdən mənə elə gəlir ki, bu torpaqda hər çayın, hər bulağın dilini bilirəm; hər daşın, hər qayanın tərcümeyi-halına bələdəm. Üçqardaşdan, Keçəldağdan, Dərələyəz silsiləsindən üzüaşağı – Araza doğru nə qədər qaçmışam, küləklərlə gizlinpaç, şimşəklərlə çilingağac oynamışam. Aydın, təmiz cənub gecələrinin göylərinə nə qədər sapand atıb, “ulduz endirmişəm”. Uşaq alayımız səhərlər gündoğana, axşamlar günbatana nə qədər at çapıb, günəşə yetmək, onu səhərlər dağ başından bir qədər tez qaldırmaq, axşamlar batmağa qoymaq istəməmişik… Bəlkə neçə min il əvvəllər də bu torpaqda insanlar günəşsevər olublar; uşaqlarla günəşin dostluğundan bu yerə bu qədər işıq ələnib”.
Məmməd Arazı əhatə edən ana təbiətin saflığı ilə ata ocağı mühitindəki halallıq, təmizlik və zəhmətkeşlik həmişə vəhdət təşkil etmişdir. Atası İnfil kişinin halallığı, şəxsiyyət kimi bütövlüyü, ömrü boyu yalnız alın təri ilə yaşamağın qovğalarına qatlaşması Məmməd Arazın dünyagörüşünün, gələcək mərdanə poeziyasının formalaşmasında mühüm rol oynamışdır. Ailə mühitindəki atanın sərtliyini və halallığını nənəsi Zöhrə xanımın və anası Cahan xanımın kövrəklik və səmimiyyəti tamamlamışdır. Zöhrə nənə milli folklor nümunələrini hafizəsində saxlayıb həvəslə nəvələrinə, o cümlədən Məmmədə çatdırmışdır. Cahan ana isə nəğməkar olması, sözlü-söhbətli dünyası ilə oğlunu gələcək ədəbi həyata hazırlamışdır. Ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan ata ocağı sözün həqiqi mənasında, bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağına çevrilmişdir. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı odqoruyanıdır:
Çırpısı tətikdə, odunu dəmdə,
Şəhərin gözündən od alıb ocaq.
Yanır aram-aram, odu sinəmdə,
Sonra kim söndürüb, kim yandıracaq?..
Ocaq tüstülənir, kövrəlir atam:
“Anan o dünyada darıxır, bala,
Ancaq ki, kişinin qəbri od tutar –
Gedə, od-ocağı tüstüsüz qala.
Babandan qalıbdır bu ocaq bizə,
Bir ocaq sönəndə bir tifaq itir.
Bir ocaq söngüsü qeyrətimizə
Bir düşmən nəslinin qəhqəhəsidir;
Apar bu oçağı evində yandır,
O gözdən qor alır, gözdən odlanır.
Kişi yer üzündə od qoruyandır,
Kişi ona görə kişi adlanır”.
Məmməd Araz yaradıcılığıyla tanış olan hər bir oxucuya aydın olur ki, Məmməd Araz uşaqlıq çağlarından Araz çayına vurğun olmuşdur.
Mən neçə yol danışmışam Arazla…
Araz dili, ürək dili, göz dili,
Torpaq dili, hava dili, göy dili.
Böyük rus yazıçısı “Mixail Şoloxov üçün Sakit Don, xalq şairi Səməd Vurğun yaradıcılığında Kür qırağı, Qarayazı, Şərqi Avropa yazıçılarına görə mavi Dunay, rus ədəbiyyatının böyük bir nəslinin təsəvvüründə Volqa çayı hansı əhəmiyyətə malikdirsə, Məmməd Arazdan ötrü də Naxçıvan – xan Araz həmin mənaları daşıyır. Məmməd Arazın yaradıcılığında Çadırdaş ətəyindən, Nursu bulağından başlanan poetik təəssüratlar, kövrək notlar xan Arazın tərənnümünün timsalında yüksək vətəndaşlıq mahiyyəti ilə zənginləşərək tamamlanır”.
Əgər Naxçıvan torpağının yetirməsi olan məşhur rəssam Bəhruz Kəngərli ən yaxşı sənət nümunələrini “Naxçıvan yadigarı”nda toplamışdırsa, bu torpağın digər bir qüdrətli yetirməsi Məmməd Araz da doğulduğu torpağın atmosferini, bioesferini, iqlimini, coğrafi şəraitin gözəlliyini və gələcək haqqında düşündüklərini “Naxçıvan albomu”nda cəmləşdirib, nəsillərə ərmağan etmişdir. Onun “Naxçıvan albomu”, “Araz axır”, “Arpaçayın aşıb-daşan nəğməsi”,“Mənim Naxçıvanım”, “Atamın kitabı”, “Kəndim, balacasan, çox balacasan”, “Mən Araz şairiyəm” və s. kimi onlarla əsəri artıq pedaqoji fikir tariximizin qızıl fonduna daxil olmuş və şairi respublikamızın hüdudlarından çox-çox uzaqlarda tanıtmışdır.
Şahbuz dağlarının özünəməxsus ab-havası, səfalı Batabat yaylağının, Çadırdaş ətəyindəki, Salvartı yaxasındakı obaların romantik axar-baxarı uşaqlığı və ilk gənclik illərindən Məmməd Arazın ruhuna hopmuşdur. O, “bütün aləmə” – Vətənə və dünyaya “yayda günəşi, qışda qarı bol olan”, “ürəyinin bir parçası” adlandırdığı Naxçıvandan baxmışdır. Naxçıvan Məmməd Arazın təkcə tərcümeyi-halının – həyatının deyil, sənətinin də start nöqtəsi olmuşdur. Məmməd Araz həyatının sonrakı çətin dövrlərini, sənətin eniş-yoxuşlarını daim sinəsində hifz etdiyi həmin “dağ havası” ilə uğurla keçə bilmişdir:
Sinəmdə o yerin dağ havasıdır,
Qaynar bulaqları qaynar qanımda.
Mənim ürəyimin bir parçasıdır
Doğma Şahbuzum da, Naxçıvanım da…
Mən burdan baxıram bütün aləmə,
Bu yerin qışı da yazımdır mənim.
Axar çaylarına lal sudur demə,
Onlar min nəğməli sazımdır mənim…
Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açır onun səsində.
Bu yerin min dərdi, min də kədəri
Yazılmış Atabəy məqbərəsində.
İkinci cahan müharibəsi illərində Nursu kəndinin balaca sakini, “axşam məktəbli, gündüz çoban”ı olan Məmməd İbrahimov ilk qələm təcrübələrini obrazlı şəkildə “tapşırıq dəftəri” adlandırdığı “sal daşlar üstündə” yazmalı olmuşdur. Müharibə aparan ölkədə hər məktəbdə bir kitabın, hər sinifdə bir dəftərin olması, ancaq mümkün idi. Bu mənada Çadırdaş ətəyində, Şahbulaq yaylağı ətrafındakı yazı masasına bənzəyən sal daşlar Məmməd Arazın ilk şeir dəftərinin daşlaşmış səhifələridir.
Qədim Naxçıvanın nadir təbiət abidəsi Narbənd ağacı haqqındakı təsvirlər ixtisasca coğrafiya müəllimi olan xalq şairi Məmməd Arazın lirik ovqata malik obrazlı baxışlarının publisistikadakı təqdimatıdır: “Narbənd ağacına uzaqdan baxanda hündür, yaşıl göbələyə oxşayır. Onun köksündə bir sürü yata bilər. Sıx yarpaqları arasından günəş şüaları keçə bilmir. Onun altında şıdırğı yağışdan da qorunmaq olur. Ancaq qəribə taleyi var bu ağacın… Yer üzündən nəsli kəsilib. Onu babalarımız Naxçıvanda əkib yaşadıblar. Naxçıvanın isti yayında çox münasib kölgəsi var. Narbənd ağaclarına baxdıqda ağıllı, zəhmətkeş babalar yadıma düşür”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmməd Arazı milli poeziyanın ənənələrini yaşadan şair kimi təqdim edərək deyir: “Məmməd Araz düşünən və düşündürən şairdir. Buna görədir ki, onun yaradıcılığında lirik-fəlsəfi üslub üstünlük təşkil edir. Azərbaycan aşıq poeziyasında, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Hüseyn Cavid sənətində formalaşan poetik fəlsəfə Məmməd Araz yaradıcılığında yeni mərhələyə qədəm qoymuşdur. Şairin ötən əsrin 70-ci illərindən başlayaraq ardıcıl davam etdirdiyi insan və dünya barədə fəlsəfi düşüncələri böyük tərbiyəvi əhəmiyyətə malikdir. Hikmət və müdriklik onun poeziyasının mahiyyətindədir”.
Məmməd Arazın şeirlərinə bir-birindən gözəl kantanta, onlarla mahnılar da bəstələnmişdir. Cahangir Cahangirovun məşhur “Füzuli” kantatası, “Dünya sənin, dünya mənim…”, “İnan istiqlala gedən yola”, “Mehribanım”, “Qurban olum”, “Dağlar”, “Nə bilim” və s.
Yekun olaraq qeyd edək ki, Məmməd Arazın şeir dili təbiətlə üz-üzə, nəfəs-nəfəsə ərsəyə yetişən insanlar haqqında etiraf nəğməsidir. Məmməd Araz Naxçıvan torpağı və təbiəti haqqında olan balladalarında təbiət mənzərələrinihər bir oxucusunun gözündə canlandırmış, peyzaj lirikasının yaddaşlara həkk olunan mükəmməl nümunələrini yaratmışdır.
Kamal CAMALOV
Pedaqogika üzrə fəlsəfə doktoru, dosenti
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Yazıya 454 dəfə baxılıb