Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” könüllüləri tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərindəki Dövlət Tarix-Memarlıq Qoruğu haqqında özbək dilində bölmə istifadəyə verilib.
Tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu xalqın, habelə dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır.
Azərbaycanın qədim məkanı olan Şuşada çoxsaylı tarixi abidələr yerləşir ki, bu abidələr əsasında 1988-ci ildə şəhərdə Azərbaycan dövləti tərəfindən Dövlət Tarix-Memarlıq Qoruğu yaradılıb.
Dövlət Tarix-Memarlıq Qoruğu haqqında özbək dilindəki bölmədə XVIII əsrdə Azərbaycan şəhərsalma mədəniyyətinin mühüm özəlliyi, ölkənin siyasi-ictimai durumu ilə bağlı xanlıq mərkəzlərinin formalaşması, Qarabağ xanlığının paytaxtı olan Şuşa şəhərinin salınması, xanlığın ictimai-siyasi, habelə mədəni həyatındakı rolu haqqında məlumat verilir.
Əvvəlcə Pənahabad, sonralar isə Şuşa adlandırılan Qarabağın baş qalası olan tarixi şəhərimizin orta əsr Azərbaycan şəhərsalma ənənəsinə uyğun dörd qapısının olduğu qeyd edilir. Məlumatda yazılır ki, Qarabağ xanı Pənahəli xanın qədim yaşayış məskəninin yerində saldırdığı Şuşa Azərbaycanın son orta əsr şəhərsalma mədəniyyətinin nadir abidəsi, Qarabağ memarlığının canlı ensiklopediyasıdır. Şuşa şəhərində tarixi əhəmiyyət kəsb edən bir çox abidə inşa olunub. Həmin abidələrin çoxu məscidlərdən ibarətdir.
Daha sonra bölmədə özbək oxucularına şəhərdə olan abidələr haqqında məlumat verilir. Şəhərin tarixi abidələr ansamblını zənginləşdirən və bir hissəsini təşkil edən XIX əsrdə memar Kərbəlayi Səfi xan Qarabaği tərəfindən tikilmiş Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, həmçinin Saatlı, Malıbəyli, Qaybalı, Şırlan məscidləri haqqında məlumat verilir, şəhərdəki alban və rus kilsələri, 4 karvansara, Qulam Şahın, Əsəd bəyin və Mamay bəyin malikanələri haqqında məlumatlar oxuculara təqdim edilir.
Özbək dilində “Shusha davlat tarixiy-meʼmoriy qoʻriqxonasi” adlı bölmədə vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində bu abidələrlə yanaşı, görkəmli şəxslərin mülkləri, bağları, qəsrləri, muzeyləri, körpüləri, büstləri, heykəlləri və s. erməni işğalçıları tərəfindən talan edilib. Bölmədə Şuşa şəhərində yerləşən bütün abidələrin siyahısı, onların yaradılma tarixi, yerləşdikləri ünvan öz əksini tapıb.
Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi nəticəsində 2019-cu ildə Şuşa şəhəri, habelə tanınmış şuşalılar haqqında da özbək dilində bölmə istifadəyə verilib (https://uz.wikipedia.org/wiki/Shusha_tumani).
Mərkəz AMEA-nın Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” könüllüləri ilə birgə sistemli şəkildə Azərbaycan tarixi, milli mədəniyyətimizə dair bölmələrin yaradılması istiqamətində işini davam etdirir. /Azərtac/
Yazıya 348 dəfə baxılıb