Əsəd Cahangir – Səhnəmizin kraliçası

74264681_687285438779015_8362642178314184083_nBu gün milli teatr sənətinin bayramıdır!

Bu gün Azərbaycan səhnəsinin ən gözəl, ən möhtəşəm, ən cəsarətli, ən istedadlı və ən səmimi aktrisası Barat Şəkinskayanın doğum günüdür.

Niyə gözəl?

Çünki, doğrudan da, gözəl idi! Allah onu gözəl yaratmışdı ki, o səhnələrin yaraşığı olsun! Oldu da! O öz dövrünün gözəllik simvolları sayılan Marlen Ditrix və Vivyen Linin ikisini bir yerdə kölgədə qoyacaq gözəlliyə sahib idi! Əgər inanmırsınızsa, sadəcə zövqünüz yoxdur! Bu xanıma sadəcə, 22 yaşında Cülyetta rolunda səhnəyə çıxanda yox, 84 yaşında, bir gözü şüşədən olanda da vurlmamaq mümkün deyildi. Onun qəlbinin gözəlliyinə! Sadəliyinə!Yumor hissinə! Şuxluğuna! Cülyettanı ən istedadlı italyan aktrisaları, hətta Oliviya Hassi belə onun qədər gözəl oynaya bilməzdi. Mələklərin özü belə onu səsinə, gözəlliyinə heyran qalardı! İngilis dahisi sanki bu rolu çar ordusu Şəki alayı polkovnikinin qızı Barat Şəkinskya üçün yazmışdı!

Niyə möhtəşəm?

Bilənlər bilir, qoy bilməyənlər də bilsin. Bir dəfə Birinci katib Vəli Axundov teatra gəlir, hamı ilə foyedə görüşür, Barat xanıma əl uzadanda aktrisa nümayişkaranə surətdə üzünü çevirib, foyeni tərk edir! Katibin əli havada qalır!!! Təsəvvür edirsizmi! Bu amiranə jesti Şuşa bəylərinin nəslindən olan əsilzadə, məğrur, hikkəli  Baratdan başqa kim edə bilərdi?! Səbəb?  Vəli Axundov SSRİ Xalq artisti adını Barat xanıma söz verib, sonra başqa aktrisaya – öz həmyerlisinə vermişdi. Aktersa buna görə onu ömrünün axırına qədər bağışlamadı…

Niyə səmimi?106507740_1688972701280933_3956894347504635211_n

Bir dəfə 50-ci illərin əvvəllərində Fransadan gəlmiş jurnalist, –  “Necə oldu ki, aktrisa oldunuz?” –  deyə teatrın üç ən parlaq ulduzuna müraciət edir. O biri ikisi filan aktrisanın oyunua baxdım, valeh oldum, səhnəyə çıxmaq qərarına gəldim kimi şablon, saxta cavablar verirlər. Barat xanım isə sualı  – “Necə olacaq, atam yox idi, qardaşım yox idi, qabağıma duran olmadı, mən də səhnəyə çıxdım deyə” – deyə cavablandırır. Açıqlama verməyə lüzum görmürəm, özünüz hesabınızı götürün.

Niyə istedadlı?

“Romeo və Cülyetta” tamaşasından sonra Cavid əfəndi pərdə arxasına gəlib, Barat xanıma və Romeo rolunun ifaçısı Ülvi Rəcəbə demişdi: “Yaxşı oynayırsınız, çox yaxşı oynayırsınız. “Nüşabə” adlı yeni bir pyes yazıram, baş rolları siz oynaycaqsınız”.  Hüseyn Cavid kimi elitar zövqə, ilahi istedada malik bir dühanın rəğbətini qazanmaq çoxmu asan idi? Buna yalnız Barat kimi coşqun istedada malik aktrisa nail ola bilərdi! Təəssüf ki şairin repressiya olunması bu arzunun həyata keçməsinə imkan vermədi… Onu Viola rolunda görən ünlü rus teatrşünası Obrazsov isə “Mən bu rolla dünyanın bütün səhnələrini gəzərəm” – deyə heyranlığını ifadə etmişdi.

106065991_3167684193290346_6651131695393683272_nNiyə cəsarətli?

1936-da teatrın iki ən böyük aktyoru – A.M.Şərifzadə və Ü.Rəcəb “xalq düşməni”  adıyla həbs olunur. İclas zamanı kollektiv arasında yalnız iki gənc qız ölümlərini gözlərinin qabağına alıb bu aktyorları müdafiə edir və onlardan birincisi Barat. Ikincisi isə onun yaxın rəfiqəsi Cəvahir Bayramova idi. İclasdan sonra teatrın direktoru Süleyman Rüstəm qızları öz kabinetinə çağırıb, – “Sizə qurban olum, balalarım, onlar getdi, heç olmasa sizi qoruyaq, belə çıxışlar etməyin” – deyə qızları birtəhər sakitləşdirir.

Azərbaycanın üç ən yaraşıqlı, ən kübar, ən ünlü kişisi Barat xanımın həyat yoldaşı olub – İbrahim Həmzəyev, Şəmsi Bədəlbəyli və Mehdi Məmmədov. Və Barat xanımın bu izdivaclardan üç övladı doğulub:

uzun illər televiziyada çalışan Solmaz Həmzəyeva;

hazırda Kanadada yaşayan Rövşanə Bədəlbəyli;

və “Yeddi oğul istərəm” filimndən Mirpaşa, “Dədə Qorqud” filmindən  Qaraca Çoban kimi tanıdığımız Elçin Məmmədov…

Barat xanım haqda ən gözəl sözü keçmiş həyat yoldaşı, məşhur rejissor, SSRİ Xalq artisti  Mehdi Məmmədov deyib: “Ən xoşbəxt teatr odur ki, orda Barat var!”

Barat xanım haqda ən gözəl kitabı ünlü teatrşünas, Azərbaycan teatr tarixinin canlı ensiklopediyası  İlham Rəhimli yazıb.

Barat xanımdan ən maraqlı müsahibəni Atababa İsmayılov 1988-də “Ədəbiyyat və incəsənət” qəzetində alıb: “Aktyor yuxusu” adlı bu müsahibədə aktrisa səhnəni tərk edəndən sonra hər gecə yuxuda teatra getməsi, amma hər dəfə tamaşaya gecikməsindən danışıb… O bu yuxunu ömrünün sonunacan gördü…

Barat xanımla sonuncu müsahibəni isə imən eləmişəm. 1999-cu il yanvarın 9-da. Yanvarın 14-də isə böyük aktrisanın dünyasını dəyişməsi xəbərini eşitdik. On on beş dəqiqə sonra əfsanəvi aktrisa haqqında ilk nekroloqu yazdım.106345633_310655950308616_2631869273841552876_n

Barat xanım – səhnəmizin Cülyettası, Kordeliyası, Dezdemonası, Violası, Florellası, Gültəkini, Güləri, Şirini, Xuramanı, Dilarəsi, Dilşadı, Yetəri və hətta Napoleonu –  ilk travest aktrisası! Amma mən onun səhnədə yalnız bir rolunu görmüşəm – “Nazirin xanımı” tamaşasındakı xanım rolunu! 1975-cü ildə! On yaşım olanda! Ekranda isə hamı kimi dönə-dönə – Sənəm, Şövkət…və sair rollarının tamaşaçısı olmuşam!

Təsəvvür edirsinizmi, Xalq artisiti adına qədər yüksələn aktrisa heç bir teatr təhsili almamışdı. Uşaq yaşlarından səhnəyə çıxan bu şıltaq, ipə-sapa yatmayan qız səhnənin özündən doğulmuşdu. Onun ustadları öz tərəf müqabilləri olan böyük aktyorlar – A.M.Şərifzadə, M. Davudova, F.Qədri… olmuşdu.

O, Şuşada doğulmuş, Gəncədə böyümüş, Bakıda parlamışdı! Məzarı Fəxri Xiyabanda – sevimli ustadlarının yanındadır!

Səhnəmiz belə aktrisanı nə ondan öncə, nə də sonra görməyib!

Və görməyəcək…

O, sözün həqiqi mənasında əfsanə idi!

Allah rəhmət eləsin!

 

Yazıya 702 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.