SEYİD ƏZİM ŞİRVANİ – 185

seyid əzim şirvaniSEYYİDA, ÖLMƏRƏM, ALƏMDƏ SƏSİM VAR MƏNİM
Azərbaycan pedaqoji fikrinin nəğməkar şairlərindən biri də Seyid Əzim Şirvanidir. Gənc yaşlarından pedaqoji fəaliyyətə başlayan Seyid Əzim Şirvani dünyəvi elmləri uşaqlara aşılamağı könlünə hakim etmişdir. Fasilələrlə də olsa pedaqoji fəaliyyəti təxminən 14 il olan Seyid Əzimin özünün açdığı “Məclis” adlı yeni tipli məktəbində (1869-1870) köhnə mollaxanalardan fərqli olaraq dünyəvi elmləri, həmçinin Azərbaycan, ərəb və fars dillərini də tədris etmişdir. Təbii ki, yeni tipli məktəbdə dünyəvi elmlərin öyrədilməsi heç də deməyək ki, hamı tərəfindən birmənalı qarşılanmışdır. Xeyir, yalançı, riyakar ruhanilər və din xadimləri Seyid Əzimə hücumlar etmiş, “budur gəldi səfahətin kani” – deyərək təhqir et-miş, onu nüfuzdan salmağa çalışmışlar. Həyatdan nakam köçən Şirvani isə ona olunan hədə-qorxulardan, məhrumiyyətlərdən çəkinməyərək faciə dolu ölümünün sonuna qədər öz məqsədi uğrunda mübarizəsini davam etdirmişdir. Seyid Əzim Şirvani yalançı şəriət xadimlərinin qadağan etməyə çalışdığı bütün yenilikləri, qabaqcıl fikirləri, yeni məktəbi, yeni əlfbanı, rus dilini, həyatı və kainatı ən doğru şərh edən elmləri, insan əməyini asanlaşdıran, həyatı gözəlləşdirən texnikanı qızğın surətdə təbliğ etmişdir. Çünki şair dünyaya açılan pəncərinin tərəqqisini yeni elmi kəşf və ixtiralarda görürdü.

Seyid Əzim Şirvani mürəkkəb bir yaradıcılıq yolu keçmişdir. O, qəzəl, qəsidə, mədhiyyə, minacat, rübai, qitə, müxəmməs, müsəddəs, müstəzad, tərcibənd və tərkibənd (qoşabeytlər və təkbeytlər), həcv, təmsil, mənzum hekayə və sair formalarda əsərlər yazmaqla yanaşı, uşaqlar üçün “Rəbiül-Ətfal” (1877) və “Tacül-Kütüb” (1883) kimi dərsliklər də yazmışdır. Dərsliklərdə olan materiallardan sonralar Aleksandr Osipoviç Çernyayevski də “Vətən dili” dərsliyində istifadə etmişdir.

Seyid Əzim Şirvanini bir sənətkar kimi yüksəldən onun öz dövründəki haqsızlıqları ifşa edən, xalqı maarifə, mədəniyyətə çağıran yaradıcılıq toplusudur. Şair “Qafqaz müsəlmanlarına xitab” şeirində xalqı avamlığa sürükləyən yalançı dərviş, molla, xaxam, axund və mərsiyəxanların iç üzünü açaraq onları realist tənqid atəşinə tutmuşdur:

Hər vilayətdə var beş-on kəsəbə,

Əlli min seyyidü, axund, tələbə,

Əlli dərviş, əlli mərsiyəxan,

Hamının sözləri tamam yalan.

Hamının fikri xəlqi soymaqdır,

Quru yerdə bu xəlqi qoymaqdır.

Seyid Əzim gənc nəslin təlim və tərbiyəsini yalançı din sahiblərinə tapşırmağı cinayət hesab etmiş, belələrinin cahillik və kəmsavadlığını “Müctəhidin təhsildən qayıtması”, “Alim oğul ilə avam ata”, “Müəllim haqqında tədbir” və s. kimi əsərlərində şiddətli satira atəşinə tutmuşdur. O, Şərqin dini mərkəzlərində təhsil alanların vətənə savadsız qayıtmalarını “Müctəhidin təhsildən qayıtması” şeirində ürək ağrısı ilə, dönə-dönə qeyd edirdi:

Elmdən bir şey etməyib hasil,

Vətənə gəldi alimi-cahil,

O zaman ki, vətəndə qaim idi,

Binəva bundan artıq alim idi…
Tutalım, elmə olmusan vasil,

Bizə bu elmdən nədir hasil?

Hansı nadanı alim etdin sən?

Hansı bimarı salim etdin sən?

Seyid Əzimin oxucusunun marağına səbəb olacaq əsərlərindən biri də “Hacı və Molla” hekayəsidir. Bu hekayənin məzmununu müəllimlər şübhəsiz ki, bilirlər. Hacının çox vəfalı “Bozlar” adlı iti ölür. Hacı da itinə öz vəfa borcunu yerinə yetirmək istəyir və Bozları müsəlman qaydası qüsl edib, kəfənləyib qəbiristanlıqda basdırır. Yeddi gün yas saxlayır və ehsan verir. Bu məsələ mollaya çatanda molla “Getdi əldən şəriətü Quran”, “Getdi əldən hörməti-İslam” – deyib havar təpir. Atını minib Hacıyla davaya gəlir. Bunu eşidən Hacı 50 qoyun ayırıb yol kənarında saxladır və özü də təmtəraqla mollanın pişvazına çıxır. Mollanın hədyan və zəhər dolu ifadələr işlətməsinə imkan verməyərək deyir: Molla, bu dövlətimi qazanmaqda Bozların mənə çox köməkliyi olubdur. Ona görə mən onun vəsiyyətlərini yerinə yetirdim və onu bu cür basdırdım. Və:

Bir vəsiyyət də sizinçün etmiş əzəl.

Söyləyib siz cənabə əlli qoyun,

Demişəm onları yol üstə qoyun.

Qoyun adın eşitdi çün molla,

Dedi: – Əhsən bu halə, nami-xuda!

İt demə, ol dəxi bizim birimiz,

Belə ölmüşlərə fəda dirimiz.

Rəhməti-həqqə ol düçar olsun,

Səgi-Əshabi-kəhfə yar olsun!

Oxuyub sidq ilə ona yasin,

Özü də saxladı onun yasin.

Göründüyü kimi, Seyid Əzim bu cür tamahına qul olan mollaların daxili mərəzlərini açmaqla onları öz dilləri ilə gülünc vəziyyətinə salmışdır.
Nəsr görüşləri

Seyid Əzim Şirvani şeirlə yanaşı, bədii nəsrlə də məşğul olmuş, bu janr sahəsində də bir sıra maraqlı əsərlər yazmışdır.

Şairin inandırıcı şəkildə təsvir və tərənnüm edilən hekayələrinin əksəriyyəti kiçik həcmlidir; hamısı vahid bir mövzuya – əxlaqi-mənəvi dəyərlərə həsr edilmişdir: hamısı bir qayda olaraq, canlı təsvir və ifadə üzərində, uşaq psixologiyası görüşündən faktlar və hadisələr əsasında qurulmuşdur. Müəllif mənəvi bir ata, ustad bir müəllim kimi gənclərə və uşaqlara çirkin vərdişlərdən, tamahdan, yalandan, dikbaşlıqdan, təkəbbürdən uzaq olmağın, həmçinin, namusla yaşamağın, cəmiyyət üçün faydalı olmağın, vətənə, xalqa sədaqətlə xidmət etməyin, dostluğa möhkəm olmağın yollarını göstərir.

Seyid Əzim Şirvaninin hekayələri içərisində ictimai mövzulara həsr edilmiş, yalançı ruhanilərin kələkbazlığını, xanların, bəylərin zülmünü, tacirlərin tamahkarlığını ifşa edən, cəhalət və nadanlığı nifrətlə damğalayan, xalqa dostu ilə düşmənini tanıdan əsərlərə fəal və tənqidi münasibət yaradır, onların gözünü açır, hərəkətə, fəaliyyətə, mübarizəyə səsləyir. Ancaq şairin nəsri üçün xarakterik olan əsərlər, əvvəldə dediyimiz kimi, didaktik-əxlaqi hekayələrdir. Bu hekayələr bizə xalq məsəllərini, hikmətamiz lətifələri və Molla Nəsrəddin lətifələrini xatırladır.

Nəsr əsərlərində şairin canlı həyata, real hadisələrə, xalq məişətinə, əmək adamlarına daha yaxından yanaşdığı, realizmə daha ciddi meyl göstərdiyi nəzərə çarpır.

Seyid Əzim Şirvaninin hekayələrini oxuyan zaman görürük ki, Seyid Əzim həm də xalq pedaqogikası ənənələri ilə yazılı ədəbiyyat ünsürlərini məharətlə birləşdirməyi bacarmışdır. Xalq pedaqogikası ilə yaxın bağlılıq şairin üslub və dilində də özünü göstərir. O, öz nəsr dilini sadələşdirmək, aydınlaşdırmaq, danışıq dilinə yaxınlaşdırmaq məqsədilə hekayələrində sual-cavablardan, nidalardan, xüsusilə xitablardan geniş istifadə etmişdir. Onun elə hekayələri vardır ki, bütünlükdə sual-cavab üzərində qurulmuşdur. Bunlar şair və ya yazıçının dilini konkretləşdirməklə yanaşı, ona bir şirinlik, canlılıq, ahəngdarlıq vermişdir.

Seyid Əzim hekayələrində daha çox xalq ifadələrinə, el sözlərinə, danışıq dili ünsürlərinə müraciət edir, onların zənginliyini, aydınlığını, ahəngdarlığını saxlamaq şərtilə məzmununu yaradıcı şəkildə genişləndirir, yeni mənada işlədir.

Hekayələrin bir çoxunun mövzusu xalq nağıllarından, lətifələrdən, yaxud da Şərq klassiklərinin (Əbülqasım Firdovsi, Nizami Gəncəvi, Əbdürrəhman Cami, Sədi Şirazi və b.) və rus yazıçılarının (Krılov və Dmitriyev) nəsihətamiz və ibrətamiz əsərlərindən alınmış, tərbiyəvi-əxlaqi məzmunla qiymətləndirilmişdir. Bunların əksəriyyəti çox sadə bir süjet əsasında qurulmuşdur. Hadisə əvvəldən axıra kimi bir və yaxud iki şəxs arasında cərəyan edir. Bunların bəzilərində heç süjet də olmur. Müəllif bir hadisədən və ya bir şəxsdən danışır, demək istədiyi həkimanə və nəsihətamiz fikri sadəcə olaraq onun dili ilə verir.

Bu hekayələrin bir çoxu satirik, yumoristik xarakter daşıyır.

Qeyd etdiyimiz kimi, şairin hekayələri çox sadə, aydın bir dildə yazılmışdır. Burada biz çətin anlaşılan ərəb-fars sözünə, uzun, mürəkkəb və dolaşıq cümləyə rast gəlmirik. Seyid Əzim öz fikrini oxuculara müxtəsər, lakonik bir şəkildə çatdırmağa çalışır. Şair nədən danışırsa danışsın, hansı bir məsələyə toxunursa-toxunsun, fikirlərini təlim-tərbiyəyə tətbiq edərək, böyük bir pedaqoq ustalığı ilə öz bədii niyyətini aça bilir, oxucunun fikrini təsvir obyekti ətrafında toplayıb dərindən düşündürməyə, oxuduğundan nəticə çıxarmağa vadar edə bilir.

Buna misal olaraq şairin “Sual və cavab” hekayəsinə nəzər salaq. Bu hekayədə Seyid Əzim, insanların yüksək və nəcib bəşəri borcundan – xalqa və vətənə sədaqətindən danışır. Bir gün “bir cavan bir qoca kişiyə rast gəlib sual eylədi ki, neçə yaşındasan?.. Qoca cavab verdi ki, dörd yaşında. Cavan gülüb dedi: – Ey baba, nə deyirsən, dörd yaşında kişi də belə ağsaqqal olurmu? Qoca dedi: – Bəli, mənim əzizim, dörd ildir ki, özümü və həqiqi olan xalqımı tanıdım. Qalan əyyam ki, cəhalətdə keçibdir, ömür hesab olunmaz”.

Müəllif cəhalət və nadanlıqla keçən ömrü həyat hesab etmir. İnsan özünü ancaq o zaman insan saya bilər ki, dünyaya nə üçün gəldiyini, nə üçün yaşadığını, kim olduğunu başa düşsün, öz vicdanı qarşısında həmişə məsuliyyət hiss etsin, cəmiyyətə, xalqa, vətənə namusla xidmət etməyi özünə ən müqəddəs bir vəzifə saysın. Ancaq xalqa xidmətlə keçən həyatı şərəfli həyat adlandırmaq olar. Seyid Əzimin bu qısa sual-cavabla oxucuya yetirmək istədiyi əsas fikir bundan ibarətdir.

Seyid Əzim Şirvani yaradıcılığında daha çox həyatın mənasını ancaq yeyib-içməkdə, var-dövlət toplamaqda, eyşü-işrətdə və əylənməkdə görən yalançı molla və axundlardan, bəy və xanlardan, mülkədar və tacirlərdən söz açır, onların yaramaz əməllərinə qəzəb və nifrətini göstərir.

“Xan əylənir” adlı hekayədə Seyid Əzim Şirvani oxucusunu insanlıqdan xəbəri olmayan qəddar və rəhmsiz Mustafa xan adlı biri ilə tanış edir. Əməkçi kəndlilərin hesabına firavan həyat sürən, günlərini kef məclislərində eyşü-işrətlə keçirən bu xanın yeganə əyləncəsi yeyib-içəndən sonra avam və sadəlövh kəndliləri yanına çağırıb ələ salmaqdan, lağa qoymaqdan, onların avamlığına, sadəliyinə qəhqəhə çəkib gülməkdən, onları təhqir edib alçaltmaqdan ibarətdir.

Bir gün Mustafa xan və onun ətrafındakılar yenə də vaxtlarını xoş keçirmək, əylənmək məqsədilə avam bir kəndlini yanlarına çağırıb ələ salmağa başlayırlar. Xan, kəndliyə sual verir ki, Allah neçədir? Dindən, şəriətdən, Allah və Peyğəmbərdən bixəbər olan sadəlövh kəndli bu suala cavab verməkdə çox çətinlik çəkir. Bu zaman xanın arxasında duran nazir, xandan gizli əlini yuxarıya qaldırıb kəndliyə beş barmağını göstərir. Kəndli elə bilir ki, beş demək lazımdır və heç tərəddüd etmədən xana: – Allah beşdir – deyir. Xan qəhqəhə çəkib güləndən sonra kəndlinin üstünə çığırır: – Ay heyvan, nə danışırsan, necə yəni Allah beşdir? Qorxudan boğazı qurumuş bədbəxt kəndli, xanın qəzəbindən dəhşətə gəlib dili-dodağı əsə-əsə səhv etdiyini və günahkar olduğunu boynuna alır, təqsiri isə xanın nazirinin boynuna yıxıb yalvara-yalvara deyir: “ – Xan, Allah sənin nazirnə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu, onun üçün mən beş dedim. Xan Allah ondur”.

Şair xırdaca bir dialoqla gözümüz qarşısında təkcə bir xanın, bir nazirin deyil, ümumiyyətlə, bütün zalım xanların, nazirlərin, mülkədar və bəylərin tipik surətini canlandırmağa müvəffəq olmuşdur.

Seyid Əzim Mustafa xanın zülmkarlığı və despotizmi, rəhmsizliyi və qəddarlığı fonunda, eyni zamanda, özünün kəndlilərə olan rəğbətini gizləmir. Bunu biz şairin “Talıbxan” hekayəsində tam aydınlığı ilə görürük.

Bu hekayədə təsvir olunan kəndlilər yazıçının əvvəlki hekayələrindəki avam, aciz, müti adamlar deyil. Onlar gözüaçıq, diribaş, zirək və cəsarətli adamlardır. Bu, kəndlilərdə zəif də olsa, həyata və hadisələrə tənqidi münasibət vardır. Bunlar öz ağalarından üstün olduqlarını dərk edirlər. Buna görə də onu açıqdan-açığa “barmaqlarına dolayıb” oynadırlar. Bu cür gözüaçıq və zirək kəndli surətlərinin ən parlaq nümunəsinə biz Seyid Əzimin “Nəkir və Münkər” adlı hekayəsində rast gəlirik.

Hekayənin qəhrəmanı dünya işlərindən bixəbər, sadə bir çobandır. Buna baxmayaraq o, gözüaçıq, diribaş, cəsarətli bir adamdır. Din məddahları və yalançıları onun beynini cəhənnəm əzabı, qəbir sitəmi, Nəkir-Münkər divanı haqqındakı cəfəngiyyatla doldurub ruhən və mənən şikəst edə bilməmişlər.

Bir gün həmin çobanın vətəni Şamaxı şəhərində qəflətən bir adam ölür. Qaranlıq düşdüyü üçün ölü sahibləri onu gecə basdırmayıb, səhərə saxlamağı qərara alırlar. Ancaq qabaqcadan hazırlanmış qəbirin gecə boş qalmasını dinə və şəriətə uyğun olmadığını, “muğayir” bir iş olduğunu hesab edən mollalar ölü yiyələrini məcbur edirlər ki, qəbiri boş qoymasınlar, bir gecəliyə bir adam tapıb orada yatırsınlar, həm ölünü, həm də özlərini günaha batırmasınlar.

Ölü sahibləri uzun axtarışdan sonra qəbiristan yaxınlığında qoyun otaran bir çobana rast gəlir və ona on manat verib gecəni boş qəbirdə yatmağa razı salırlar.

Çoban gecə qoyunlarını rahatlayıb qəbiristana gəlir, tapşırılan qəbiri tapıb heç bir şeydən ehtiyat etmədən qəbrə uzanır, dəyənəyini də yanına qoyur. Çobanın heç bir zəhmət çəkmədən bir gecənin içində on manat pul qazanması şəhərin tamahkar və paxıl adamlarında həsəd hissi oyadır. Onlardan iki nəfəri bu qərara gəlir ki, gecə paltarlarını dəyişib Nəkir və Münkər sifətində qəbiristana getsinlər, çobanı qorxudub on manatı ondan qoparsınlar. Bu məqsədlə onlar gecə yarısı ağ kəfənə bürünür, əllərinə uzun bir ağac alır, ağacın başına neftlə isladılmış bir lopa keçirib qəbiristana gəlir, lopanı yandırıb çobanın yatdığı qəbiri tapır, biri qəbirin baş tərəfində, o biri isə ayaq tərəfində dayanıb uca səslə bağırırlar: “Biz Nəkir və Münkərik, hesabını ver”.

Çoban qəbirdən başını qaldırıb cəsarətlə cavab verir: “Mən ölməmişəm, mən bir nəfər çobanam, mənə on manat pul veriblər ki, mən bu gecəlik bu qəbirdə yatam; hələ ölən sabah gələcək, gedin, sabah gəlin”. Lotular əldə tutduqları lopaları silkələyib çobana vurur və yenə deyirlər: “Mən rəbbikə?” (Allahın kimdir – K.C.). Çoban çox yalvardı ki mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular”.

Yalvarışlarının lotulara təsir etmədiyini görən və onların kötəyinə davam gətirə bilməyən çoban yerindən sıçrayıb dəyənəyini qapır, həriflərin üstünə atılıb birinin başını dağıdır. O biri məsələnin belə ciddi şəkil aldığını görüb şəhərə tərəf qaçmağa başlayır, özünü şəhərə yetirib meyit olan evin yanındakı xaraba hamama soxulur. Çoban ondan əl çəkməyib dalınca düşür. Hamama çatanda fəryad eləyir ki, “ay camaat, bir çıraq gətirin! Çobanın sədasına xalq cəm oldular, gördülər həmin çobandır ki, on manat pul alıb qəbirdə yatmışdır. Dedilər ki, ay çoban, nə var?.. Dedi ki, Münkər ilə Nəkir səhv edib məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər aldılar. Nə qədər mən onlara dedim ki, mən ölməmişəm, diriyəm, hələ meyit sabah gələcək, qanmadılar. Əllərində olan kürzi-atəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb, ölübdür. Amma Nəkir zəbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə, bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə ölənlərimiz rahat yatarlar, Münkər və Nəkirin şərindən səlamət olarlar”.

Camaat əvvəlcə çobana inanmır, elə bilirlər ki, onu qara basıb. Ertəsi gün qəbiristana gələndə, doğrudan da, bir nəfərin öldüyünü görür, onun və yoldaşının kim olduğunu tanıyır, gecə qəbiristana nə üçün gəldiklərinin mənasını başa düşürlər.

Mövzusu canlı həyatdan, real hadisələrdən alınmış bu maraqlı, ibrətamiz hekayədə Seyid Əzim cəsur və bacarıqlı çobanı Nəkir-Münkər adı gələndə yüz dəfə salavat çevirən gözü bağlı, avam cəhalətpərəstlərə qarşı qoymuşdur. Xalqın yoxsul və əməkçi təbəqələrini təmsil edən çoban, əsərdə dərin rəğbət hissilə qələmə alınmışdır.

Yaşadığı zəmanədə sənət adamlarının şərəf və ləyaqətini ucuz tutanlar da Seyid Əzim Şirvaninin tənqidindən yayına bilməmişlər, öldürücü satira atəşinə məruz qalmışlar. Təəssübkeş ruhanilərə, kütbeyin tacirlərə nifrətini yazıçı “Şair və dövlətli” hekayəsində ifadə etmişdir.

Beş-altı cümlədən ibarət olan bu hekayədə Seyid Əzim hazırcavab bir şairlə cahil bir tacirin söhbətini qələmə alır: “Bir hazırcavab olan şair bir təvangərin yanına gəldi. Elə yavuq oturdu ki, şair ilə təvangərin arasında bir vəcəb (qarış) yer qaldı. Təvangər bu səbəbdən bərhəm oldu, qaş-qabağını töküb, üzünü turşudub şairə dedi ki, sənin ilə eşşək arasında nə qədər məsafə var? Şair dedi ki, bir qarış.

Təvangər şərmnak oldu”.

Əziz oxucu! Şairin hekayələrində bəzən “tavangər”, “gürzi-atəşin”, “məğzi-sər” və sairə kimi qəliz sözlərə rast gələcəksiniz. Ancaq belə sözləri şair, əvvəla, seyrək hallarda işlədir, sonra isə elə tərkib daxilində verir ki, oxucu onları çətinlik çəkmədən başa düşür.

Doğrudur, Seyid Əzim Şirvani nəsrində dövrün ictimai cəhətdən vacib və təxirəsalınmaz məsələləri qoyulmur, yeni və müasir problemlər irəli sürülmür. Ancaq şair öz yaradıcılıq fəaliyyəti ilə nəsr janrını yenidən canlandırmağa çalışmış, mövcud nəsr əsərlərini özünəməxsus bir yolla davam etdirərək onun gələcək inkişafı üçün müvafiq zəmin hazırlamışdır.
Təmsil və tərcümələri
Seyid Əzim Şirvani, eyni zamanda, təmsil və tərcümə ustadıdır. Onun təmsillərinin əksəriyyəti şeirlə yazılmışdır. Ancaq şairin təmsilləri içərisində biz nəsrlə yazılmış əsərlərə də təsadüf edirik. Bunların sayı çox deyildir. Bizə şairin yeddi mənsur təmsili məlumdur.

Seyid Əzim Şirvaninin təmsilləri uşaqlar üçün yazılmışdır. Satirik şeirlərində, mənzum hekayələrində olduğu kimi, burada da şair tərbiyəvi-didaktik fikirlər irəli sürür, gənc nəsli mütərəqqi ideyalarla yaşamağa çağırır. Yazıçı kəskin satirik bir dildə hiyləgərliyi, riyakarlığı, paxıllığı, yalançılığı amansız surətdə pisləyir, tənqid edir və belə yaramaz ünsürləri uşaqlardan və ya gənclərdən uzaqda saxlamağı nəsihət edir.

Seyid Əzimin nəsrlə yazılmış təmsilləri də onun hekayələri kimi qısa və yığcamdır. 40 yaşında rus dilini öyrənməyə başlayan Seyid Əzim İ.A.Krılov kimi təmsilə ən yaxşı tərbiyə növlərindən biri kimi baxmışdır. Krılovdan doğruluq, sayıqlıq, vətənpərvərlik, işgüzarlıq və başqa bu kimi nəcib əxlaqi sifətlər tərbiyə edən təmsillər Seyid Əzimin tərcümələrində öz əksini tapmışdır. Krılovun “Şir və siçan” təmsilini şair “Ayı və siçan” adı ilə ilk dəfə tərcümə etmişdir.

Şair təmsilin əsas ruhunu oxuculara çatdırmaq məqsədi ilə tərcümədə Azərbaycan dilinə məxsus ifadə formalarından, atalar sözlərindən bacarıqla istifadə etmişdir. XIX əsr Azərbaycan pedaqoji-psixoloji fikir tarixində Krılovun təmsillərindən edilən tərcümələr içərisində Seyid Əzimin tərcüməsi öz bədiiliyi, məna dolğunluğu, dilinin səlisliyi ilə başqalarından fərqlənir. Seyid Əzim yeni məktəblər üçün tərdib etdiyi dərsliklərdə Krılov və Dmitriyevin təmsillərindən nümunələr vermiş və beləliklə, bir çox şagirdləri kimi Mirzə Ələkbər Sabiri və Sultan Məcid Qənizadəni də rus yazıçılarının yaradıcılığı ilə tanış etmişdir.

Seyid Əzim Şirvani hər bir təmsilinin nəticə hissəsində ümum oxucu kütləsinə avam və nadan qalmamağı, müəyyən bir peşəyə sahib olmağı, işgüzarlığı, şər adamlardan uzaq gəzməyi, yaxşı və nəcib adamlarla dostluq-yoldaşlıq etməyi, başqa xalqların, xüsusən rus dilini öyrənməyi məsləhət görür. “Qaz və durna” adlı təmsilində isə gənclərə səslənir və onlara öyrənəcəyi hər bir şeyi kamil öyrənməyi məsləhət və nəsihət edir:

Qaz utandı o göldə durnadən,

Vaqif ol, ey oğul, bu mənadən

Yəni bir elmə daim ol talib.

Kişi bir sənəti bilər xalis,

Çoxuna meyl edən qalar naqis.

Qeyd etdiyimiz kimi, zəmanəsində yaradıcılığı qiymətləndirilməyən, əzab və əziyyətlərə məruz qalan istedadlı şair bədbinliyə qapılmamışdır. Seyid Əzim bir şair-vətəndaş kimi bütün varlığı ilə doğma xalqına bağlı olmuşdur. Xalqının ruhu, hiss və düşüncələri şairin əsərlərinin qanına, canına hopmuşdur. Seyid Əzim özünün “qəlbə qida, çeşmə ziya” olan əsərlərilə bu gün də aramızda yaşayır və xalqın mədəni səviyyəsinin inkişafına mane olan mövhumat əleyhinə apardığımız mübarizədə bizə kömək edir. Seyid Əzim Şirvani gələcək nəsillərin onun yaradıcılığını qiymətləndirəcəklərini qabaqcadan hiss etmiş, duymuş və yazmışdır:

Ol zaman kim, bu dövreyi-əflak,

Çürüdüb eyləyər vücudimi xak.

Oxuyanlar həqiri yad edələr,

Ruhumu qəbr evində şad edələr.

Gələcək aləmə çox əhli-məzaq,

Olacaqlar vücuduma müştaq…

Ey gələn ruzigarə növrəslər,

Qaşları qəvstək müqəvvəslər.

Sizlərə sərbəsər səlamım var,

Olmasam da özüm, kəlamım var.

Oxuyun şeirimi, qılın yadım,

Şad olsun bu ruhi-naşadım.

Seyid Əzim Şirvani yaradıcılığının vurğunu olan görkəmli tədqiqatçı alim Xeyrulla Məmmədov yazırdı ki: “Əziz oxucular! Ehtiram əlaməti olaraq böyük şairin vəsiyyətinə əməl edib, əsərlərini oxuyun. Bu sizin kamilləşməyinizə, əqli və mənəvi cəhətdən zənginləşməyinizə yaxından kömək edər”. Bu gün tam əminliklə demək olar ki, hələ də təravətini itirməmiş və öz əhəmiyyətini saxlamaqda olan maarifpərvər şair-pedaqoq Seyid Əzim Şirvaninin əsərləri geniş oxucu kütləsinin stolüstü kitabıdır. Seyid Əzim Şirvani tərbiyəvi-didaktik əsərlərində, demək olar ki, tərbiyənin və təlimin bütün sahələrini işləmiş və dövrünün əxlaqi ideyalarını götür-qoy edərək təkmil pedaqoji bir sistem yaratmışdır.

Sonda qeyd edək ki, dərin və geniş biliyə malik Seyid Əzim Şirvani Şərq aristotelçiliyinin tanınmış bir nümayəndəsidir. Seyid Əzim yaradıcılığı boyu əqlin və idrakın qüvvəsinə inanmış, cəhalətə qarşı tənqidi münasibətini rəngbərəng yaradıcılıq məharətilə tərənnüm etmişdir. Seyid Əzim Şirvani hikmətli, nəsihətamiz və məlahətli əsərləri ilə cahanda özünə ölməz, əbədi abidə ucaltmışdır. Necə ki, özü də gözəl demişdir:

Mövti-cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
20200512_103901Kamal Camalov

Naxçıvan Müəllimlər İnstitutunun dosenti

Pedaqogika üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Azərbaycan Yazıçılar Birliyinin üzvü

kamal.camalov@gmail.com
 

Yazıya 549 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.