52 il öncənin sözü – Sabir Rüstəmxanlı

sabir r“Genişlənən üfüqlər. Bu sətirləri yazmaq istəyəndə yadıma düşdü ki, Fikrət Qocanın ilk şeirlərini mətbuatda oxuyanda “Qoca” sözünü həqiqi mənasında başa düşmüşdüm: onu yaşlı bir adam kimi təsəvvür etmişdim. O vaxtdan keçən illər ərzində Fikrətin yaradıcılığını həmişə izləmişəm və mənə elə gəlir ki, o, şeir yolunda əsl mənada yaşa dolmuş, “qocalmışdır”. Cəmi bir neçə il əvvəl onun ilk “Qağayı” kitabını oxumuşduq. İndi isə “Dənizdə Ay çiməndə” adlı dördüncü kitabı, “Təkərlər geri fırlanır”, “Yaralı çiçəklər”, “Həkim və şair” poemaları Respublika Komsomolu mükafatını almışdır. Gənc şairin bir neçə il ərzində belə inkişafı təəccüblü deyil, poetik istedadının təbii nəticəsidir.

Fikrət tutduğu yolun müqəddəsliyinə baş əyən, əziyyətlərinə sinə gərməyə hazır olan, bağlandığı sənətə taleyi kimi baxan gənclərdən, biridir. Şeirlərinin qəhrəmanı da məğrur, qüdrətli bir gəncdir. O, bugünkü ağıllı, ayıqbaşlı gəncliyin fikrini ifadə edir, xalqın adından danışır. Bu lirik qəhrəman hər gün əlinin istisini, ürəyinin döyüntülərini barıya hörən fəhlə kimi əzəmətli, nağıllardakı qəhrəmanlar kimi xəyalpərvər, uşaq kimi kövrəkdir. Bəzən onun düşüncələri adama bir az qəribə gəlir; o, yolları ayaqlarına geymək, yer kürəsini təyyarə kimi harasa sürüb aparmaq, dünyaya sığmayan buludları dünyadan geniş ürəyinə doldurmaq, vahiməsini canından çıxarmaq üçün Allahla vuruşmaq, yuxuların, dənizin, Ay işığının ancaq şairlərə məhrəm olan dilini öyrənmək istəyir. Bütün bunlar həyata şairanə baxışın nəticəsidir.

Fikrətin şeir danışığında bəzən ilk baxışda sadəlövh görünə bilən elə təbii ifadələr var ki, bunlar şairi oxucuya daha çox sevdirir. Bu cəhətdən onun xüsusilə son əsərləri diqqətəlayiqdir.

Fikrət Qocanın şeirlərində güclü müasirlik vardır. Bu müasirlik fikrin ifadəsində, obrazlarda, şeirlərin psixoloji rənglərində özünü daha aydın göstərir. Fikrət Qoca poetik düşüncəsindəki özünəməxsus, fərdi cəhətləri maraqlı şəkildə şeirlərinə gətirməyi bacarır. Bu da onun yazılarını təbii, həyati edir.

Şeir həyata yaxınlaşdıqca onun üfüqləri daha da genişlənir. Fikrətin yaradıcılığındakı ümumi istiqamət göstərir ki, o, məhz belə bir genişliyə doğru inkişafdadır”.

…Bu kiçik məqaləni Fikrət Qoca haqqında 1968-ci ilin dekabr ayında yazmışdım. Üstündən yarım əsr keçir. İkimiz də yaşa dolmuşuq. İndi baxıram ki, o vaxt özümdən asılı olmadan qeyri-adi bir fəhmlə Fikrət haqqında nə yazmışamsa, düz yazmışam. Yəni cavanlığımda onun haqqında dediyim sözləri indiki yaşımda da təkrar edə bilərəm.

60-cı illərdə onu sərbəst, mücərrəd yazmaqda ittiham edirdilər, halbuki onun şeirləri həyatın içindən, o dövrün fəhlə həyatından, gənclərin sevgi və ümidlərindən gəlirdi. Sadəliyinə və səmimiliyinə görə o şeirlərə onlarca mahnı bəstələnib. Fikrət Azərbaycan ruhunun bir parçası olsa da, gənclik illərindən dünyanı bütöv görüb, hansı ölkədə milli azadlıq savaşı, haqq-ədalət uğrunda mübahisə varsa, ora can atıb. Kuba, Qvineya-Bisau, Vyetnam haqqında poemalar yazıb, onları bəhanə edib Azərbaycanın dərdlərini dilə gətirib..

Sadə sözlərlə mürəkkəb mətləblərin ifadəsi onun üslubuna xas olan cəhətlərdəndir. Fikrət ömrü boyu dünya, tarix, insanlığın taleyi, savaşlar, tanıdığı sadə və qəhrəman insanlar haqqında düşünür və yazır. Poeziyadan çox uzaq görünən olayların poetikliyini gizli, sehrli, tərəflərini görmək Fikrət Qoca poeziyasını fərqləndirən cəhətlərdəndir. Onun ilhamı bu gün də gənclik eşqiylə çağlayır. Son illərdə mətbuatda bir neçə silsilə şeirlərini oxumuşam. Bu şeirləri oxuya-oxuya düşünürəm ki, Fikrət elə cavanlığında da az sözlə, bəzən də gizli bir yumorla böyük mətləbləri ifadə etməyi sevərdi:

Sevgi ən uzun nemət

Həm də ən ağır işdi.

Leyli-Məcnuna qalsa,

Kökümüz kəsilmişdi.

Fikrət Qoca səmimi, gördüyü işi gözə soxmayan, təvazökar, etibarlı və gözəl bir insandır.

Ustad qələm sahibi ömrü uzunu janr məhdudiyyəti bilmədən çalışmışdır. Poeziyada olduğu kimi, nəsrdə də qələmi itidir və həyatın ən dramatik məqamlarını işıqlandırır. Hansı mövzuya əl atırsa, orda bənzərsiz, yalnız özünə məxsus söz deməsi hələ gənclik illərindən təsdiqlənmişdir.

Ömrünün ən bəhrəli çağında xəstəlik Fikrəti sınağa çəkdi. Bu savaşda o, səsinin gurluğunu qurban versə də, məğlub olmadı. Elə bil səsi içinə çəkildi, ordan kağızlara köçdü. Adamlarla canlı ünsiyyətdə nə qədər sakit danışdısa, əsərlərində səsi o qədər gurlaşdı. İndi meydanlarda, müxtəlif yığıncaqlarda səsimiz tutulana qədər danışdığımız günləri xatırlayıram. O danışıqlarımızın çoxu uçub gedib, amma Fikrətin səsi içinə çəkildi ki, daha uzunömürlü olsun, daha uzaq gələcəyə gedib çatsın.

Fikrət Qocanı fərqləndirən bir cəhət də onun hadisələrə müdrik münasibətidir. Tərifi də, tənqidi də sakit, özünəxas bir fəlsəfi yozumla, yumorla, təbəssümlə qəbul edir.

Ustad şair artıq adına yaraşan yaşa qədəm qoyur. Lakin sözü elə cavan Fikrətin ruhu və həvəsi ilə doludur.

Əziz dostumuzu yubileyi münasibətilə ürəkdən təbrik edir və onun Qocalığının uzunömürlü olmasını arzu edirəm.

mənbə: http://edebiyyatqazeti.az

Yazıya 376 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.