(povest)
Elmira xoşbəxt idimi, bədbəxt idimi? Bilmək olmurdu. Nə ağrısı-acısı vardısa, açıb-ağartmırdı, özünü o yerə qoymurdu. Bəziləri onu qınayırdılar, amma özünü o yerə qoymurdu. Bir qulağından alıb, o biri qulağından ötürürdü. Bir də insan ağlayıb-sızıldamaqla nə qazanır, nəyə nail olur ki? Dərdinin üstünə dərd gəlir. Əlini bu gün dünyadan çəkirsən, yediyin-içdiyin də zəhər olur. Hərənin bir düşüncə tərzi var. Biri səni başa düşür, o biri dodaq büzür, üçüncüsü şəbədə qoşur, başqası qeybət edir və ilaxır.
İnsan öz taleyindən kiməsə şikayətlənəndə ən yaxşı halda başqalarının ona yazığı gəlir. Bu da nəyi dəyişir?
Elmira belə acımaları istəmir, özü üçün təhqir sayırdı. Ona görə də özünü həmişə tox tuturdu. Problemi olanda da, çətinliyə, dara düşəndə də. Haqqında kimsə xoşagəlməz söz danışa bilməzdi. Çünki buna əsas verməmişdi. Şərəfini, ləyaqətini həmişə qorumuşdu.
Bəs niyə onu qınayırdılar? Nə günahın sahibi idi? Heç bir günahı yox idi. Nədəsə suçlu olduğuna görə qınamayırdılar onu. Ərə getmək istəmirdi, elçi düşənləri bir-bir qapıdan qaytarırdı.
Yəni Elmira bu vaxta qədər evdə oturub qalmış, ərə getməmişdi? Artıq iyirmi səkkiz yaşı vardı. Ərdə olmuşdu, iki yaşında bir oğlu da vardı. Əri dünyasını dəyişdiyindən dul qalmışdı. Özünə söz vermişdi ki, yenidən ailə qurmasın, bütün həyatını övladına həsr etsin, onu ayaq üstə qoysun. Uşaq kimdənsə minnət görməsin. Ana fədakarlığının qarşısında hər şey acizdir! Ana Allahın, təbiətin yaratdığı ən mükəmməl, ən gözəl sənət əsəridir!
Amma cavan ikən Elmiranın ailə səadətindən məhrum olması, yenidən ərə getmək istəməməsi də yaxınlarını, doğmalarını ağrıdırdı, onlara əziyyət verirdi.
Başqaları Elmiranın vecinə deyildi. Bircə ata-anasının ahlarına dözə bilmir, özü ilə də bacara bilmirdi. Fikri qəti idi: ərə getməyəcək. Birincidən yarıdı ki, ikincidən gün görsün? Taleyin bu gərdişində ortada qalan bir odur, bir də balaca Fərid. Allah-taala doğma atasını Fəridə çox gördüsə, ögeyi heç lazım da deyil!
Elmira ailə həyatından yarımadı. İyirmi altı yaşında ikən ərini itirdi. Bir üzü qız, bir üzü gəlin qaldı. Təsəllisi Fərid oldu. Nə yaxşı ki, o vardı!
Elmira hündür boylu, mütənasib əndamlı, gözəl-göyçək bir qadın idi. Subay olanda çoxlarını dərdə salmışdı, indi dul ikən yenə neçəsinin ürəyini yerindən oynadırdı!
O zamanlar Şahmarı seçdi, ona könül verdi. Şahmar da Şahmar idi. Qədd-qamətli, enli kürəkli, pələng biləkli gənc idi. Qızlar da onun həsrətini çəkirdilər. Yaxşı yaşayır, yaxşı dolanırdılar. Bir-birinə güldən ağır söz deməzdilər. Münasibətlər yaxşı olanda, ər-arvad bir-birini başa düşəndə, bir-birinə hörmət edəndə, qarşılıqlı güzəşt olanda narazılıq üçün əsas yaranmır. Şahmarın anası Şəfiqə xanım da mədəni qadın idi, gəlinini oğlundan ayırmır, Elmiranın xətrini çox istəyirdi. Elmira da yaxşı gəlin kimi bu hörmətə layiq idi. Öz ləyaqəti, öz mərifəti, öz tərbiyəsi ilə. Qayınana da sağ olsun ki, gəlininin yaxşı məziyyətlərini görüb qiymətləndirirdi.
Elmira həyatından, ailəsindən, ərindən razı idi. Ata-anası da dirəyi idi.
Elmira uşaq gözləyirdi. Bu xəbərdən evdə hamı şadyana idi. Onu qayğı və nəvazişlə əhatə etmişdilər. Körpənin gələcək həyatı, sağlamlığı ana bətnində olarkən ananın həyəcan və təşviş keçirməməsindən, qanının boş yerə qaralmamasından çox asılıdır. Allaha şükür, hər şey qaydasında idi!
İlk narazılıq, inciklik axır ki, baş verdi. Elmira qadın məsləhətxanasından çıxıb evə getmək üçün avtobus dayanacağında dayanmışdı. Taksiyə özü minmək istəmirdi. Tək olanda heç vaxt taksiyə oturmazdı. Marşrut avtobusunu gözləyirdi. Həkim müayinə edib demişdi ki, hər şey qaydasındadır, körpənin vəziyyəti yaxşıdır, yeyib yatma, çox hərəkətdə, tez-tez təmiz havada ol, ağır şey qaldırma. Şirələrə üstünlük ver. Elmira bunu həkimsiz də bilirdi. Özü yarımhəkim idi. İnstitutda təhsil alarkən tibbi biliklərin əsaslarından dərs keçmişdilər. Bundan başqa, hamiləlik dövrünə aid kitablar oxuyurdu. Çalışırdı ki, yazılanlara, həkimin dediklərinə əməl eləsin.
Arada çağanı hiss edirdi. İndi də qarnını döyəcləyirdi. Elmira gülümsəyib əlini qarnına apardı və dərhal da gülüşü dodağında dondu. Gördüyü səhnədən mütəəssir oldu. Qarşı tərəfdə bir maşın dayanmışdı. Onların maşını idi. Şahmar dişini ağarda-ağarda bir qadının qolundan tutub maşına mindirirdi. Deməklə, danışmaqla deyil, insanın hərəkəti, bu və ya digər vəziyyətdə özünü aparması onun məqsədini, məramını ifadə edir. Özünə nə qədər haqq qazandırmağa, “məsələ elə deyil, belədir” deməyə çalışsa da,
Elmira hələ axşam Şahmara demişdi ki, sabah həkimə gedəcək. O isə, “Məni bağışla, səni apara bilməyəcəyəm. İşdə olmalıyam, tədbirimiz var. Təəssüf edirəm, amma məni başa düş. Taksi ilə gedərsən” – demişdi. Özü də, Elmiranın taksiyə minmədiyini bildiyi halda ona belə təklif etmişdi.
Elmira onu başa düşmüşdü. “Nə etməli, iş adamıdır. Yanımı kəsdirib durmalı deyil ki… Avtobusla gedərəm”, -deyə öz-özünə düşünmüşdü.
Amma bu necə olur? Elmira üçün vaxt tapa bilmədiyi halda, başqa qadını maşında gəzdirirdi.
Elmira fikir verib gördü ki, Şahmar maşını işlədiyi müəssisəyə sarı deyil, tamam əks istiqamətə sürdü. Bu onun şübhələrini daha da artırdı. Qəzəblənməsə də, qarşılaşdığı mənzərə, Şahmarın hərəkəti ürəyinə, xətrinə dəydi. Özünü ələ alıb avtobusa qalxdı. Ona yer verdilər. Əyləşdi. Dilxor olsa da, özünü ələ ala bildi. Buna görə evdə söz-söhbət salmayacaqdı ki…
Evə gələndə Şəfiqə xanım gəlinin qırımından başa düşdü ki, Elmiranın halı özündə deyil. Qorxuya düşdü. Tez:
-Həkim nə dedi? Uşağın vəziyyəti necədir?
Elmira özünü toplayıb sifətinə işıqlı bir təbəssüm verməyə çalışdı:
-Yaxşılıqdır. Uşaq normal inkişaf edir.
Şəfiqə xanım:
-Bəs elə isə, kefin niyə yoxdur? – deyə xəbər aldı.
Elmira həqiqəti demək istəmədi:
-Yorğunluqdandır yəqin.
Şəfiqə xanım diqqətlə onun sifətinə baxdı:
-Qızım, məndən söz gizlətmə. Yorğunluq bir bəhanədir. Heç özündən xəbərin var? Sən evdən çıxanda belə deyildin, əhvalın yaxşı idi. İndi bahar buludu kimi dolub durmusan. Mənə düzünü de: həkim nə deyib? Nə olub? Get-gedə rəngin də qaralır. Nə baş verib? Xətrinə dəyən olub yoxsa? Axı niyə məni qoymadın səninlə gedim?
Elmira qayınanasının çox narahat olduğunu, əl çəkmək istəmədiyini görüb həqiqəti söylədi.
Bu dəfə Şəfiqə xanımın rəngi qaraldı:
-Qızım, fikir vermə, belə şeyləri ürəyinə salma. Özünü, uşağını fikirləş. Şahmar gələr, aşını-suyunu verərəm.
Elmira tez əl-ayağa düşdü:
-Anacan, sən Allah, açıb ağartma. Evdə söz-söhbət yaranar. Bəlkə orta ciddi bir şey yoxdur. Niyə onun da qanını qaraldaq?!
Şəfiqə xanım Elmiranı sakitləşdirmək üçün:
-Bəlkə də sən deyəndir. Görünür tanış xanım imiş, rast gəlib. Şahmar da mənliyinə sığışdırmayıb ki, altında maşın ola-ola onu mənzil başına çatdırmasın. Nə bilmək olar?! Düzünü Şahmarın özü yaxşı bilir, sən də deyirsən soruşmayım.
Elmira tez:
-Belə yaxşı olar, – dedi.
… Axşam düşmüşdü. Elmira yataqda uzanmışdı Qapının zəngi səsləndi. Şahmar idi. Ayağa qalxıb onu qarşılamaq istədi. Şəfiqə xanım Elmiranı qabaqladı. Elmira qayınanasının səsini eşidib ayaq saxladı.
-Oğlum, sən yavaş-yavaş həddini aşırsan ha. Yoldaşın ikicanlıdır. Ona deyirsən həkimə özün get, işim var. Məlum olur ki, həmin vaxt yoldan keçənin birini maşınına mindirib Allah bilir hara aparırsan. Bunu necə başa düşək?
-Bilirsən, ana…
Şəfiqə xanım hədsiz əsəbi idi, sakitləşmirdi:
-Heç nə bilmirəm, bilmək də istəmirəm. Bu sənin axırıncı qələtin olsun. Su sonası kimi arvadını onun-bunun ayağına vermə. Sənin yoldaşın yol gedəndə dönüb onun ardınca baxır, onun həsrətindən ölürlər, sən isə kimin isə dalına düşüb, ona quyruq bulayırsan. Ayıb olsun sənə!
Şahmar udqundu. Cavabı ləngidi. Sonra:
-Anacan…
Şəfiqə xanım ona danışmağa imkan vermədi:
-Nə anacan? Utanmırsan? Hamilə qadını həkimə avtobusla yola salırsan…
Qulağını aç, yaxşı eşit. Mən sənin tərəfində deyil, gəlinimin tərəfindəyəm. Ağlını başına yığ. Söz ver.
Şahmar təəccüblə:
-Nəyə söz verim?
-Bildiyinə.
Oğlunun key-key baxdığını görən Şəfiqə xanım aydınlıq gətirdi:
-Bir də qələt etməyəcəyinə.
Şəfiqə xanımın danlağından sonra Şahmar özünü yığışdırdı, özünü danladı, özünü söydü: “Anam düz deyir. Mən gör nə qədər zövqsüz heyvanam ki, arvadımın əlinə su tökməyə belə layiq olmayan qadınların yan-yörəsində dolanır, onlarla oturub-dururam. Yenə dərd yarıdır, arvadından gözəl ola, cazibədar ola, deyəsən özümü saxlaya, nəfsimi öldürə bilmədim. Yoxsa… Mənə nə desələr yeri var. Elmiranı istəyən, onun dərdindən ölən neçə gənc vardı. Polis rəisinin oğlu, mağaza, univermaq müdiri, zərgər… Onlara heç gözünün ucu ilə də baxmadı. Məni seçdi. Baxmayaraq ki, bir həsir idim, bir də Məmmədnəsir. Bu da mənim ona verdiyim qiymət! Sabah yığışıb atası evinə getsə, üzüm də olmayacaq dalınca yollanıb geri qaytarmağa. Odur ki, gərək özümü yığışdıram, ağıllı aparam. Bir də elə qələtlər eləməyəm!
Şahmar üzünə üz tutub otağa keçdi. Elmira sakitcə oturub televizora baxırdı. Şövkət Ələkbərovanın konserti idi. Şahmar asta addımlarla yaxınlaşıb arxadan onun boynunu qucaqladı: “
-Ema, özümə haqq qazandırmaq üçün heç nə demirəm. Məni bağışla!
Elmira dönüb ərinə baxdı. Onun iri, piyalə gözlərində sonsuz kədər gizlənmişdi. Nə dindi, nə danışdı. Elmiranın əhvalını görən Şahmar da pis oldu, özünə acığı tutdu. Nə isə demək istəyirdi ki, Elmira imkan vermədi:
-Şahmar, mənim bu dünyada heç nədə gözüm yoxdur. Sayılmağa, hörmətə ehtiyacım var. İstəmirəm təhqir olunum, alçaldılım. Sənə dözürəm. Amma hər şeyin bir həddi var. Çalış o həddi keçməyəsən.
Evdəki söz-söhbət bununla qurtardı. Şahmar başını aşağı salıb işləri ilə məşğul olmağa başladı. Ticarətə qoşulmuşdu. Rusiyadan, Çindən, Polşadan, Dubaydan, Türkiyədən dostlarının gətirdikləri malları obyektlərə çatdırırdı. Tezliklə pullandı. Amma pulla bərabər evə içki iyi də gətirirdi. Restoranlardan yığışmırdı. Bircə səhər yeməyini evdə yeyirdi. O da tələsməyəndə. Şən, deyib-gülən olmuşdu. Elmira onun xətrinə dəymirdi. Şəfiqə xanım da:
-Bənd olma, kişi yeyib-içər də! Təki yaman işlərə qoşulmasın!
Elmira arada:
-Şahmar, az iç, – deyirdi. -Bu zəhrmarda nə görmüsən bilmirəm. Ondan kim xeyir görüb axı? Ən yaxşı halda qara ciyəri sıradan çıxarır.
Şahmar:
-Nədən narahatsan bilmirəm? – dedi.
-Evə gec gəlirsən. İçərsən, birisi ilə sözün çəp gələr, əlindən xəta çıxar. Hələ maşını demirəm. İçib sükan arxasında oturursan. Qəza törədər, bizi yaman günə qoyarsan.
Şahmar onun sözlərini qəribçiliyə salırdı:
-Ema, desəm inanmazsan. İçkili maşın sürəndə ayıq vaxtdakından daha sayıq və diqqətli oluram.
Elmira nə deyirdisə, Şahmar bir şey fikirləşib cavab verir, özünə haqq qazandırırdı.
* * *
Günlər ötdü. Şahmar qumara, narkotik maddələrə qurşandı, danlaq yiyəsi oldu. Axırda da özünü məhv elədi.
İndi Elmira ata evində idi. Şəfiqə xanım da dünyasını dəyişmişdi. Oğlunun ölümünə tablaşmadı. Elmira iki yaşlı oğlu Fəridi böyüdürdü. Ay parçası kimi uşaq idi. Elmira dərdli, kədərli olsa da, əvvəlki təravətini saxlamışdı. Ala və piyalə gözlü, şux yerişli, qara saçlı, qara qaşlı, qəddi-qamətli, işvəli-nazlı, iyirmi səkkiz yaşlı xanım idi. Baxan onun qız, yaxud gəlin olduğunu ayırd edə bilməzdi. İş yerində, məhəllədə, şəhərdə, qohum-əqrəbada həsrətini çəkən çox idi. Onun dul və uşaqlı olduğunu biləndə də geri çəkilmək istəmir, onunla evlənmək fikrində olduqlarını bildirirdilər. Ata-anası da Elmiranın yenidən ailə qurmasını istəyirdi. O isə, daş atıb başını tutur, deyirdi ki, ərə getmək istəmir, bundan sonra həyatını oğluna həsr edəcək.
Yazıq ata, tazıq ana! Gəl indi buna döz! Övlad yolunda nə qədər problemlər olurmuş? Özü də tükənmək bilmir. Birini həll edirsən, başqa birisi meydana gəlir. Bu qızı ərə verə bilsəydilər, dərdləri olmazdı. Qız da tərslik edir, inadından dönmür. Nə atanı eşidirdi, nə də ananı.
Elmira elmi institutda çalışırdı. Şöbə müdirinin gözü onu tutmuşdu. Nə zaman idi, ona göz qoyurdu. Qənaəti belə idi ki, əxlaqına, oturuşuna-duruşuna, davranış-rəftarına, qanacağına söz ola bilməz. Tərbiyəsi, sözü, əməli düz idi. Dul olsa da, yenə birisinin çırağını yandırmağa layiq idi, yaxşı gəlin olardı. Amma şöbə müdiri bunu da eşitmişdi ki, Elmira heç kimə könül vermir, elçiləri qapıdan qaytarır.
Elmiranın anası da burada işləyirdi. Amma başqa-başqa şöbələrdə idilər. Şöbə müdiri axırda qərara aldı ki, qızın özü ilə deyil, onun anası Maral xanımla söhbət eləsin. Görüşdülər.
-Maral xanım, qızınız Elmiradan çox razıyam. İşli-güclü, ağıllı-kamallıdır. əxlaqı gözəl, özü gözəl! Ərini itirdiyindən xəbərim var. Cavandır, təravətlidir. Gec-tez ailə qurmalıdır. Bilirsiniz mən də arvadımı itirmişəm. Amma həyat davam eləməlidir. Öləni nə qədər çox istəsən də, onunla ölmək olmur. Bu, günahdır.
Maral xanım təəccüblə ona baxdı: “Bu kişi nə danışır? Nə olsun duldur, başsızdır? Qızım dağ vüqarlı, dağ gövdəli, şir ürəkli cavan oğlanları bəyənib ərə getmir, atası yaşında kişiyə razılıq verəcək? Nə olsun sənin yanında işləyir. İşçin olduğuna görə ona təsir edəcəksən? Günü bu gün direktorun yanına gedib deyərəm qızımın şöbəsini dəyişsin. Bu kişi deyəsən xərifləyib. İştahasına bax. Mən bunu bir ağıllı adam bilirdim…”
Şöbə müdiri sözünə davam etdi:
-Həyat yoldaşını itirməyin nə demək olduğunu mən öz təcrübəmdən yaxşı bilirəm.
Maral xanım çox təsirlənmişdi. Şöbə müdiri ilə söhbətin, onun təklifinin yersiz olduğunu görüb ayağa qalxdı. Fərhad müəllimə ağır söz deməkdən özünü zorla saxladı. Fərhad müəllim qolundan tutub onu stulda oturtdu:
-Səbrin olsun. Mən hələ sözümü deməmişəm….
Maral xanım daxilən əsəbiləşdiyini, artıq özünü ələ ala bilmədiyini başa düşüb sərt:
-Eşidirəm, – dedi.
Maral xanım su sonası kimi gözəl-göyçək, tovuz quşu kimi yaraşıqlı qızını bu kişinin yatağında heç cür təsəvvür edə bilmirdi. Təsəvvürünə gətirəndə isə, ürəyi qalxırdı!
Onun əhvalının dəyişdiyini Fərhad müəllim də hiss etdi, lakin söhbətini yarımçıq qoymadı:
-Yəqin eşitmisiniz, mənim oğlum Fuad iş adamıdır.
Maral xanımın bu barədə məlumatı yox idi, hətta onun oğlunun olmasından bixəbər idi. Amma candərdi başını tərpədib onun sözünü təsdiq elədi.
-Fuadın burada mənzili, maşını, obyektləri var. Özü Sankt-Peterburqda yaşayır, orada işləyir. Orada da evi-eşiyi, bağ evi, şirkəti, xidməti və şəxsi maşını var. Cavan oğlandır. Sizin qızdan bir-iki yaş böyük olar. Allah ölənlərinizə rəhmət eləsin. Bir ildən bir az artıqdır ki, onun həyat yoldaşı da torpağa tapşırılıb. İki-üç yaşlarında bir oğlu var. Fuad oğluna ana, özünə ömür-gün yoldaşı axtarır. Sizin qızı ona mən nişan vermişəm. Uzaqdan da olsa Elmiranı görüb, bəyənib.
Maral xanımın əhvalı dərhal dəyişdi. Sifətinə xoş bir təbəssüm qondu: “Bu hövsələ, təmkin və səbir nə yaxşı şeymiş! Yaxşı ki, ağılsızlıq eləmədim. Az qalmışdı dişimin dibindən çıxanı Fərhad müəllimin cəmdəyinə döşəyim. Bu rüsvayçılıqdan yaxşı qurtardım! Ona görə deyirlərmiş ki, o insan güclüdür ki, qəzəblənən zaman özünü ələ ala bilir!
-Fərhad müəllim, qızım ağıllı və gözəl qızdır, amma bir xoşagəlməz xasiyyəti var: inadkardır, nə billah eləyirik, onu fikrindən daşındıra bilmirik. Deyir ikinci dəfə ailə qurmayacağam.
Fərhad müəllim:
-Bilmək olmaz, Maral xanım. Onları görüşdürək, qoy söhbət etsinlər. Tutar -nə yaxşı, tutmaz… daha bizlik deyil. Amma mən əminəm ki, söhbətləri alınacaq. Fuad da yaxşı oğlandır, iş bacarandır, tay-tuşlarından geri qalmır.
Maral xanım Fərhad müəllimin təklifini əri Rasimə çatdırdı. Rasim fikrə getdi: “Əcəb işə düşmüşük. Bu qıza necə təsir edək? Axı o, balaca bir uşaqla tək-tənha nə qədər yaşayacaq?”
-Arvad, qızının tərsliyini bilirsən. “Yox” deyib durur. Fuadı da yaxın qoymasa, daha mən bilmirəm nə edim. Döyülməli deyil ki – döyəsən. Söyülməli deyil ki – söyəsən. Bircə əlac özünə qalır. Bəlkə insafa gəldi.
Maral xanım:
-Hər halda cəhd edək.
-Elə isə Elmira ilə özün danış. De ki, onun yanına səni mən göndərmişəm. Mən bu izdivaca razıyam.
Maral xanım ayağa qalxdı. Rasim söhbətini davam etdirdi:
-Bircə Elmiranı razı sala bilsəydik, narahatlığımıza son qoyulardı. Maral, heç özümə yer tapmıram. Bu həyatda qızım üçün əlimdən gələni etdim, heç nədən korluq çəkməyə qoymadım. Bircə onu xoşbəxtliyə çatdıra bilmədim. Qızıma qızıldan taxt yarada bildim, fəqət bəxt yarada bilmədim. Budur məni yandıran, alovlandıran, qətrə-qətrə öldürən!
-A kişi, elə danışma. Düşmənlərin ölsün. Sən bizə – mənə, qızıma, nəvəmizə lazımsan! Sizsiz bir günümüz də olmasın!
Maral xanım bu sözləri deyib qulaqlarını çəkdi:
-Dərdim-azarın səni istəməyənlərə getsin, ömrüm-günüm, həyatım!
Rasimin gözləri yaşarmışdı:
-Elmira bizim qızımız olmaqdan savayı, həm də qadındır. Atanın – ata yeri, ananın – ana yeri var. Qadının yanında kişi olmalıdır. Nəvəmə ata lazımdır.
Maral xanım onu sakitləşdirməyə çalışdı. Ərini qucaqlayıb üzündən öpdü:
-Ay kişi, hövsələni bas. Axırı yaxşı olar. Bu Fərhad müəllim pis adam deyil. Oğlu da atasına çəkər yəqin. Atalarımız demişkən, “Ot kökü üstə bitər”.
Maral xanım ərindən aralanıb qızının otağına sarı getdi.
Yaz girmişdi. Havanın elə bil qazı alınmışdı. Daha qarla, şaxta və yağışla insanları qorxutmurdu. Bir neçə gün ərzində yağan yağış ara vermiş, günəş səmada öz yerini tutmuşdu. Onun şüaları zəif olsa da, adamın canını qızdırırdı.
Rasim trest rəisi idi. Şəhərdə hörməti, nüfuzu vardı. Hələ bir adam onun qabağına çöp sala bilməmişdi. Çoxuna əl tuturdu. Görüb-götürmüş, istidən-soyuqdan çıxmış insan adam idi. Heç nəyə ehtiyacı yox idi. Belə yerdə deyirlər: bircə donuzu əskik idi.
İstəmirdi nəvəsi atasız böyüsün. Amma buna da razı olmazdı ki, qızı kimə gəldi ərə getsin. Söhbət varlı-karlı, ya da kasıb adamdan getmirdi. Qızının qarşısına mərifət sahibi, qanacağı olan, ailəsinin qədrini bilən bir şəxsdən gedirdi. Eləsinə rast gələ bilərdi ki, başlayardı Fəridi burunlamağa, Elmiranın gününü göy əskiyə bükməyə. Onda gərək Rasim öz əlləri ilə boğaydı o it oğlunu! Çəkdiklərini artıq çəkmişdilər.
Elmira Fəridi çarpayıya uzatmışdı, çalışırdı ki, uşaq yatsın. Otaq nisbətən isti olduğundan Elmira yorğanı bir kənara qoyub, Fəridin üstünə nazik bir örtük salmışdı.
Maral xanım Elmiranın Fəridi yatızdırdığını görüb qapıdan qayıtmaq istədi. Elmira anasının gəlişini hiss etmədi. Fərid nənəsini görüb dikəldi:
-Nənə, nənə, ay nənə!
Elmira çevrilib baxdı. Maral xanım əli ilə işarə etdi ki, narahat olmasın. Astaca:
-Sonra söhbət edərik, -deyib uzaqlaşdı.
Az sonra Maral xanımla Elmira üz-üzə oturmuşdular. Maral xanım şirin dilini işə saldı:
-Qızım, artanla söhbətimiz oldu. Bilirəm yenə bir bəhanə gətirəcəksən. Sözümə diqqətlə qulaq as. Sən bizim ciyərparəmizsən. Biz sənin xoşbəxtliyini istəyirik. Ona görə iki ayağını bir başmağa dirəyirik. Axı nə vaxta qədər tək qalacaqsan?
Elmira ürəyində: “Bəli, anam yenə başlayacaq. Köhnə hamam, köhnə tas”.
Elmira dedi:
-Tək niyə oluram, ana? Allaha şükür gül kimi balam. Siz – sən, atam, bacım…
Elmiranın Esmira adında bir bacısı vardı. Ərdə idi. İki övladı vardı – biri oğlan, biri qız. Öz evləri, eşikləri, iş yerləri… Yaxşı dolanırdılar. Həm maddi baxımdan, həm də münasibətlərinin kamilliyi baxımından problemləri yox idi.
Maral xanım davam etdi:
-Bacın sarıdan arxayınıq. Sənsən bizim yaralı yerimiz.
Elmira təəccüblə anasına baxdı:
-Mənə nə olub ki? Yoxsa sizə yükəm?
Maral xanım özünə divan tutdu:
-Gör hara yozursan? Mən nə deyirəm, sən nə fikirləşirsən? Yük niyə olursan, qızım. Övlad da valideynə yük olar?
-Yenə nə olub, ana? Sözlü adama oxşayırsan. İndi kimdir elçi gələn?
Qızının rişxəndlə danışmağı Maral xanımı açmadı: “Bu qız düzələn deyil. Elə hey öz dediyini deyir.”
Maral xanım hiss etdi ki, artıq özündən çıxır, əsəbləri tarıma çəkilir. Bir istədi dinməz-söyləməz qapını çırpıb çıxsın, amma fikirləşdi ki: “Bununla nəyə nail olacaq? Üstəlik Rasim də ona acıqlanacaq: “Elə sən də qızın ağıldasan!” deyəcək. Sonra birini o deyəcək, birini Maral. Ortaya söz-söhbət düşəcək”
Odur ki, Maral xanım birtəhər özünü ələ alıb dedi:
-Düz fikirləşirsən. elçi gəlmək istəyirlər.
Elmira zarafata saldı:
-Kimə elçi gəlirlər, sənə?
Maral xanımı gülmək tutdu:
-Ay qızım, mənim hayım gedib, vayım qalıb. Neyləyirlər məni? Turşuya qoyacaqlar? Elçi səninçin gəlir. Gəl bizə qulaq as. Axırda bizi qohum-əqrəba yanında xar eləyəcəksən. Deyəcəklər ata-anasına qulaq asmır. Hələ “valideynlərini saymır” deyənlər də olacaq.
-Kimdir axı gələn?
Söhbətə körpü saldığından sevinən Maral xanım tez cavab verdi:
-Sənin şöbə müdirin Fərhad müəllim.
-Fərhad müəllim?
Bu dəfə Elmiranı gülmək tutdu:
-Ay ana, elə o da sənin günündədir. Mostu qaçıb.
Maral xanım uğunub getdi:
-Allah səni güldürsün! Nə zamandır belə gülməmişdim. Əvvəl mən də elə bilirdim səni özünə istəyir. Çox bəyənib səni. Tərifləməkdən yorulub-usanmır, dili ağzına sığmır. Sonra gördüm yox, səni oğluna almaq istəyir. Oğluna.
Elmira:
-Onun oğlu var? Heç bilmirdim. Qızlarını görmüşəm.
Maral xanım söhbətini davam etdirdi:
-Oğlu olduğunu mən də bilmirdim. Sən demə, neçə il əvvəl çıxıb gedib Sankt-Peterburqa. Orada işləyir. İş adamıdır. İmkanları genişdir.
Elmira qaş-qabağını salladı:
-Deməli, məni özünüzdən uzaqlaşdırıb Sankt-Peterburqa yola salmaq istəyirsiniz?
Maral xanım tutuldu:
-Qızım, əzizim, bu nə sözdür? Sən həmişə, hər zaman gözümüzün işığısan, gözümüzün işığı olaraq da qalacaqsan!
Elmirə sözünün Maral xanıma pis təsir etdiyini görüb onun könlünü aldı:
-Bağışla, anacan, zarafat etdim. Görünür yerinə düşmədi. O Fuad bu vaxta qədər nə əcəb evlənməyib?
Maral xanım dedi:
-Evli olub. Onun da Fərid yaşında bir oğlu var. Fuadın da arvadı ölüb. Acı olsa da, taleyiniz bir-birinə oxşayır. Bəlkə də Allahın işidir. İstəyir sizi qovuşdursun. Bu da şəkli. Fərhad müəllim verib.
Elmira şəkli alıb baxdı:
-Pis oğlan deyil Allah qismətini yetirsin, – deyib şəkli anasına qaytardı.
Maral xanım ümidini itirdi:
-Qızım, yenə tərslik edirsən. Mən nə deyirəm ki? Görüşün, söhbət edin. Bəlkə xoşuna gəldi.
Elmira qaş-qabağını tökdü:
-Ana, üz vurma. Mənim ərə getmək fikrim yoxdur.
Rasim qapıda göründü. Elmira ayağa qalxdı:
-Qızım, söhbətinizi eşitdim. Ananı sənin yanına mən göndərmişəm. Bu saat səni ərə vermirik ki… Görüşün, söhbət edin, bir-birinizdən hal-əhval tutun. Xoşuna gələr – gələr, gəlməz – gəlməsin. Səni məcbur eləməyəcəyik ki… Hə, nə deyirsən?
Elmira susdu. Atasını sındırmaq istəmirdi. Odur ki:
-Yaxşı, ata, siz deyən olsun. Amma bir şərtlə. Başqa yerdə yox, bizim mənzildə, sizin yanınızda onunla danışmaq istəyirəm.
Rasim:
-Necə istəyirsən, qızım, -dedi.
Maral xanım Fərhad müəllimə zəng edib məsələni anlatdı.
* * *
Elmiranın xəyalı ötən günlərə qayıtdı. Körpə dünyaya gəlmişdi. Başına fırfıra kimi dolanırdılar. Şahmar daha əvvəlki kimi ilişib qalmır, özünü evə tez çatdırmağa çalışırdı. Daha evdən içki iyi gəlmirdi. Ata olmuşdu. Elmira ona oğul bəxş etmişdi. Elmiranı qolları arasına alır, öpüşlərə qərq edir, sonra əyilib mışıl-mışıl yatan Fəridə baxır, baxdıqca doymaq bilmirdi. Körpə oyaq olanda qucağına götürüb gəzişir, əlindən yerə qoymaq bilmirdi. Fərid kəlməsi dilindən düşmürdü. Harada otururdusa Fəriddən danışırdı.
Şəfiqə xanımın da sevinci aşıb-daşırdı. Zarafat deyildi. Nənə olmuşdu. Şahmar evə, ailəsinə daha çox bağlanmışdı.
Fəqət şeytan heç zaman sakit dayanıb-durmur. İnsanın qəlbinə, beyninə girir, ağlını əlində alır. Necə oldusa Şahmar şeytana yoldaş oldu, onun buyruğu ilə oturub-durmağa başladı. Uşağın ailəyə gəlişindən bir neçə ay, daha səhih desək, altı ay ötmüşdü. Şahmar yenə içkiyə qurşanmışdı, kefdə-damaqda idi. Yenə evə gec gəlirdi. Hətta bəzən heç gəlmirdi də. Kef məclisləri tükənmək bilmirdi. Sən demə, həmin eyş-işrət məclislərində qadınlar da olurmuş. Bəzən yoldaşları evə Şahmarın leşini gətirirdilər. Belə anlarda onun dili söz tutmurdu, pallı-paltarlı özünü atırdı çarpayıya və başlayırdı xoruldamağa.
Şəfiqə xanım deyinir, söylənirdi. Elmira isə, susurdu. Səsini içinə salıb ata-anasına da bir söz demirdi. Onları dərdə salmaq, rahatlıqlarını pozmaq istəmirdi. Rəfiqələri zəng edəndə sözarası Şahmarı da yada salır, onu qadınlarla gördüklərini Elmiraya çatdırırdılar.
Belə anlarda Şəfiqə xanım:
-Rəfiqələrinin sözlərini qulaq ardına vur. Sənin paxıllığını çəkirlər. Ərin, evin-eşiyin, uşağın. O Hüsniyyə gedib öz dərdini çəksin. Dözüb altı ay, ərdə qalmadı. Səlimə də nənəm yaşındadır, hələ ərə getməyib.
Şahmarın yolunu gözlədikləri bir axşam Elmira özünü saxlaya bilməyib dedi:
-Anacan, Şahmar daha ağ eləyir.
Şəfiqə xanım halını pozmadan:
-Qızım, fikir vermə, -dedi. -Kişi xeylağıdır. Kişi yeyib-içər də, gəzər də. Belə şeyləri çox da ürəyinə salma. Ürəyinə xal düşər. Mənim kişim elə bilirsən dinc otururdu?
Elmira qucağında Fərid təəccüb və heyrətlə qayınanasına baxırdı: “Necə yəni fikir vermə? Bir zaman deyirdi: “Kişi yeyib-içər də”. İndi isə, “Kişi gəzər də” – deyir.
Son zamanlar Şəfiqə xanım çox dəyişmişdi. Oğlunun tərəfini saxlayırdı.
-Uşağına bax. Fikrini boş-boş şeylərə yönəltmə. Xanımın borcu ərinə xidmət etmək, onun qulluğunda durmaq, sözünü eşitməkdir! Qadının vəzifəsi ərinin işlərinə qarışmaq, onu izləmək deyil! Qadın nə qədər başıaşağı olsa, hörməti-izzəti çox olar!
Elmira mat-məəttəl qalırdı: “Bu arvad nə danışır?”
Elmira bu evə gəlin gəldiyi gün Şəfiqə xanım: “Xoşuma gəlirsən, – dedi. –“Gözəl-göyçək, yaraşıqlı gəlinsən. İşli-güclü. Oğluma yaraşırsan. Amma qiymətini birini doğandan sonra verəcəyəm!
Uşaq doğuldu. Günlər keçdi. Şəfiqə xanım bir gün Elmiranın üzündən-gözündən öpüb:
-Nə, vaxt yetişdi, – dedi. -Sənin qiymətini vermək olar. Sən mənim xanım gəlinimsən! Budur sənə verilən qiymət – “Xanım gəlin!”
Həmin gecə Şahmar gəlib çıxmadı. Ertəsi gün axşamüstü qapını açıb şaqraq səslə və heç nə olmayıbmış kimi:
-Bu da mən! – dedi.
Şəfiqə xanımla Elmiradan səs çıxmadığını görüb:
-Vacib işim vardı. Mal dalınca getmişdim.
Elmira özünü saxlaya bilmədi:
-Hansı malın dalınca getdiyindən az-çox xəbərimiz var!
Şahmar tutuldu, bilmədi nə desin, sonra özünü ələ alıb:
-Başlama, – dedi və o biri otağa keçdi. Fərid yatırdı. Aşağı əyilib xeyli oğluna baxdı. Onu öpməkdən özünü güclə saxladı. Uşaq hələ balaca idi. Öpmək məsləhət deyildi.
Şahmar şalvarını, köynəyini dəyişib gəldi, üzünü Elmiraya tutub dedi:
-Geyin, gedək bir az hava alaq.
-Nə hava? Uşağın oyanan vaxtıdır. Əynini dəyişməliyəm, əmizdirməliyəm.
Şahmar ayaqqabılarının bağını bağlaya-bağlaya:
-Sən geyin, uşağa anam baxar, – dedi.
Şəfiqə xanım söhbətə qoşuldu:
-Ərin düz deyir. Bütün günü dörd divar arasındasan. Bu divarlar səni sıxmır? Çıx bir az gəz-dolan, eynin açılsın, bayır-baca gör.
Elmira boyun qaçırdı:
-Yox e, ay ana, indi uşaq oyanacaq, ağlayacaq…
Şəfiqə xanım uşağın yatdığı otağa sarı boylanaraq arxayınlıqda dedi:
-Narahat olma, mən baxaram, yeməyini qoy…
Elmira boyun qaçırmaqda idi:
-Birdən ağlayar, sakitləşmək bilməz. Sizi də incidər.
Şəfiqə xanım əlini yellədi:
-Eh, incidər – incidər. Nə böyük iş olar? Nəvəm deyil?
Elmira boyun qaçırmaqda idi:
-Həm də yemək qoymaqla iş düzəlmir. Gərək əmizdirim.
Maral xanım da təkidli idi:
-Dedim ki narahat olma. Uşaq böyütməmişik? Ağlamaqla uşağın zəri tökülmür. Başını qataram.
Şahmar söhbətin uzandığını görüb:
-Yaxşı, siz bir qərara gəlin, mən də düşüm həyətə. Maşında gözləyəcəyəm.
Elmiranın sakitləşmədiyini görən Şəfiqə xanın güzəştə getdi:
-Yaxşı, Fəridi əmizdirib sonra gedərsən.
Elə də oldu.
Bir az şəhəri gəzib-dolanandan sonra gəlib “Çanaqqala” restoranına çıxdılar. Restoranın həyəti yaşıllıq idi. Həyət-bacanı sulamışdılar. Yay ayı olsa da, buraya ürəkoxşayan sərinlik çökmüşdü. Restoranın geniş ərazisi vardı. Müştərilərə yay və qış salonları xidmət edirdi. Xidmət səviyyəsi yüksək olduğundan, əyləncə üçün hər cür şərait yaradıldığından yaş-qış “Çanaqqala”da adam əlindən tərpənmək olmurdu. Tez-tez toy şənlikləri, ziyafətlər, ad günləri, nişan məclisləri keçirilirdi. Ailəvi dincəlmək üçün də münasib idi. Bir növ restoran dəbdə idi.
Sol küncdə yüksəklikdən şəlalə səs qopara-qopara axıb hovuza tökülürdü. Harada su varsa – orada həyat var. Təpənin başında dağ keçisi boynunu dik tutaraq ətrafı seyr edir, qonaqlara göz qoyurdu. Əlbəttə, söhbət həqiqi şəlalədən, əsl dağ keçisindən getmirdi. Restoranın yaratdığı gözəl mənzərədən danışılırdı ki, bu da qonaqlara xoş ovqat bəxş edirdi.
“Çanaqqala”dan çıxandan sonra Şahmar maşını dar bir məhəlləyə sürdü. Elmira key-key onun üzünə baxdı. Şahmar zarafata saldı:
-Nə baxırsan? Səni qaçırmışam.
Bayaqdan alnı düyünlənmiş Elmira gülməkdən uğunub getdi:
-Yəni deyirsən təzədən başlayırıq?
Bu dəfə Şahmarı gülmək tutdu. Sonra nəfəsini dərib:
-Yox, əzizim, bir dəfə başlamışıq, ölənə kimi davam edəcək!
Elmira maşının pəncərəsindən yan-yörəyə baxaraq soruşdu:
-Burada nə işimiz?
Şahmar şaqraq səslə:
-Gəlmişəm sənə nişan üzüyü alım… – dedi.
Elmiranı gülmək tutdu:
-Bəs dedin bir dəfə başlamışıqsa… İndi də deyirsən təzədən nişanlanaq, təzədən evlənək.
Şahmar maşını saxlayıb arxa oturacağa sarı boylandı. Elmiraya üzünü tutaraq:
-Ema, əzizim, -dedi. -Fərid anadan olanda səni düz əməlli-başlı təbrik edə bilmədim. Əlim aşağı idi. İndi düzəlib. İstəyirəm hədiyyəni özün bəyənib seçəsən.
Elmira ətrafa göz gəzdirdi. Maşından bir az aralıda iki oğlan uşağı tumançaq oynayırdı. Bir gəlin əlində dördayaq bir həyətdən çıxıb o biri həyətə girdi. İki kişi nərd taxtanı dizlərinin üstünə qoyub zər atırdı.
– Bu dar məhəllədə univermaq, ya da qızıl mağazası haradadır?
Şahmar əli ilə göstərdi:
-Zümrüd xanımın evində. İnanırsan onun ordan-burdan, yəni o ölkədən, bu ölkədən xəlvəti gətirdiyi brilyant qaşlı üzüklərin, sırğaların yerini heç nə verməz. Şəhərdəki qızıl mağazalarında, univermaqların qızıl-gümüş satılan şöbələrində həmin yaraşıqda, bəzək-düzəkdə üzük və sırğalar çətin tapılar.
Elmira etirazını bildirdi:
-Şahmar, bəlkə lazım deyil. Bədxərclik niyə lazım? Qədərincə zinət şeylərim var. Üzüyüm də, sırğalarım da, qolbaq və bilərziklərim, gümüş kəmərim var. Maşını döndər gedək. Uşaq sarıdan nigaranam. Ağlamaqdan ürəyi çatlar.
Şahmar qəh-qəhə çəkdi:
-Anamı tanımırsan. Uşağa baxmaqda, ona qulluq göstərməkdə tayı-bərabəri yoxdur. Oynadıb da, çayını da verib, yeməyini də. Gedib görəcəksən yatır. Di düş.
Elmira yerindən tərpənmədi:
-Heç istəmirəm axı.
Şahmar onun qolundan tutub maşından düşməyinə öz köməyini göstərdi:
-İstərsən, çoxun nə ziyanı?
Zamrüd xanım onları çox mehribanlıqla və gülərüzlə qarşıladı. Görünür Şahmarla çoxdanın tanışı idi. Şahmar Elmiranı təqdim etdi. Tanış oldular. Zümrüd xanım onları otaqlardan birinə apardı. Özü mətbəxə keçdi. Tez süfrə açıldı. Ortaya çay, mürəbbə və şirniyyatlar gəldi. Şahmar dil-ağız elədi:
-Zümrüd xanımım çay süfrəsindən olmaz!
Zümrüd xanım gülümsədi:
-Nuş olsun! – deyib yenə yoxa çıxdı.
Elmira dönüb Şahmara baxdı. Şahmar bunu belə başa düşdü: “Mənim çay süfrəm pis olur bəyəm?”
Odur ki, asta səslə:
-Bu tərif elə şeydir ki, xoş ovqat və mehribanlıq yaradır. Məndən nə gedir? Qoy tərifləyim də… Sənin çayının yanında bunun çayı heç nədir. Sən gətirib qabağıma adi qaynar su da qoysan, onu çay bilib bəh-bəhlə, ləzzətlə içərəm. Sən hara, bunlar hara?!
Zümrüd xanım içəri girdi. Balaca bir çantanı açıb qaş-daşı ortaya tökdü. Həqiqətən də əvəzi olmayan zinət şeyləri idi. Elmira yaqut, mirvari, zümrüd və brilyant qaşlı üzüklərin, sırğaların, bilərzik və qolbağın gözəlliyinə heyran oldu. Bilmədi ki, hansına baxsın, hansını seçsin. Bir-birindən gözəl idilər. Zümrüd xanım göstərdikcə Elmira lal-dinməz baxır, fikrini bildirmirdi. Şahmar:
-Ema, bax, ürəyin istəyəni götür. Qorxma, pulum var, borclu qalmaram.
Elmira baxır, lakin heç birinə əl uzatmırdı. Bunu görən Şahmar onlardan bir ovuc götürüb:
-Zümrüd xanım, özünü yorma. Emadan olsa, gərək sabaha qədər burada oturaq. Evdə körpə uşaq qoyub gəlmişik. Qoy bunları aparım evə, arxayınlıqla baxsın. Hansını götürər, onun pulunu verərəm, qalanlarını da gətirib qaytararam.
Zümrüd xanım inamsız halda Şahmara baxdı. Zinət şeyləri xeyli pul demək idi. İtə-bata, dolaşığa düşə bilərdi.
Şahmar onun tərəddüd elədiyini görüb xəbər aldı:
-Yoxsa inanmırsan, etibar eləmirsən?
Zümrüd xanım:
-Hər halda burada baxsaydınız, burada seçsəydiniz – yaxşı olardı.
Şahmar onun inamını qazanmaq üçün:
-Bir-iki saata burdayam, – dedi.
Zümrüd nar-naçar razılaşdı:
-Üç saat vaxtınız var.
Maşın asfalt yolla şütüyürdü. Şahmar qiymətli qaş-daşları Elmiranın ovcuna basmışdı.
-Bir az asta sür.
Elmiranın səsi idi.
-Baş üstə.
Bu da Şahmarın səsi idi.
Telefon zəngi gəldi. Şahmar cavab verdi:
-Yoldayıq.
Sonra başını döndərmədən Elmiraya:
-Anamdır, soruşur nə vaxt gəlirik? –dedi. Sonra siqaret çıxarıb yandırdı.
Elmira:
-Şahmar, əzizim, yenə siqaretin iyini verdin mənə.
Şahmar dinmədi.
-Canına yazığın gəlmir? Niyə siqaret çəkirsən? Bir dərdin-sərin var?
-Eh, Ema, arağa yox demək olur, amma bu siqaret elə zəhrimardır ki, öyrəşdin, tərgitmək çətindir.
-Azalt, sonra at.
Şahmar siqaretə dərini bir qullab vurdu:
-Deyirsən də. Siqaret elə şeydir ki, qəfil qurtaranda, səni düşmən qapısına aparır.
Elmira yadına saldı:
-Elektron siqaret çıxıb. O gün televiziyada reklam edirdilər. Siqaret əvəzinə onu çəkirsən, sonra siqaretdən zindi-zəhlən gedir.
-Xeyri yoxdur. Bu elə zibildir ki… Özünü saxlaya bilmirsən. Hə, o elektron siqareti əvvəllər tərifləyirdilər. İndi deyirlər, o, siqaretdən də ziyanlı, hətta təhlükəlidir.
Elmira sözünün təsirsiz qaldığını görüb soruşdu:
-Bəs indi nə edək? Səndən nə vaxta qədər araq-siqaret iyi gələcək? Pal-paltarına da hopur. Məcbur olub paltarlarını eyvana atıram ki, iyi dağılsın. Sən hiss eləmirsən, amma bizim başımız çatlayır.
Şahmar əlindəki siqareti maşının pəncərəsindən küçəyə ataraq:
-Evdə çıxıb eyvanda çəkirəm, bir elə mənzilə yayılmır, – dedi. -Amma işdə otağa girən-girən “Nə çox siqaret çəkmisən”, – deyir. Lap danlaq yiyəsi olmuşam. Amma deyirlər bunun da bir çarəsi var. Amma baha başa gəlir.
Elmira tez:
-Olsun, təki tərgidəsən.
-Sərf eləmir.
-Niyə?
-Deyirlər bir qutu siqaret alırsan…
-Həə…
-Birini götürüb yandırır, qalanlarını qutu qarışıq qolun getdikcə tullayırsan. Ürəyin siqaret istəyəndə yenə gedirsən mağazaya. Bir qutu alırsan. Birini çəkirsən, qutu qarışıq yerdə qalanlarını atırsan zibil yeşiyinə. Bu hesabla bilirsən gün ərzində siqaretə nə qədər pul vermək lazımdır? Bir anbar. Gərək qazancının hamısını siqaretə verəsən. məcbur olub siqaretə “əlvida” deyirsən.
Şahmarın siqaretdən əl götürmək fikrində olmadığını görən Elmiranın sifətinə kədər kölgəsi çökdü:
-Bilmirəm, axır bir şey fikirləşib qurtar bu zəhrimarla. Özünə yazığın gəlsin. Ağ ciyərlərin qurum bağlayacaq. Damarların tutulacaq. Ürəyin ağrıyacaq.
Şahmar yenə zarafata saldı:
-Yaxşı, bu məsələni həll elədik. Keçək ikinci məsələyə?
Elmira təəccüblə soruşdu:
-İkinci məsələ nədir?
-Yəni deyirəm özün necəsən?
-Şükür Allaha! Yaxşıyam. Sən pis vərdişlərindən yaxa qurtarsan, əntiqə olar. Sən də olarsan yaxşı oğlan!
-Nədir xoşuna gəlməyən?
-Səhərdən bir quranlıq söz danışırıq. İndi soruşursan nədir xoşuma gəlməyən. Yorğan-döşəkdən də araq, siqaret iyi gəlir. Mən heç. Nə ananı, nə də Fəridi fikirləşirsən.
-Həə…
-Bir də…
-Nə birdə? Saxlama, de.
-Bir də qadınların dalınca düşməyini yığışdır. Məni necə alçaltdığını təsəvvürünə belə gətirmirsən.
Bu söz Şahmarı tutdu. Elmira ilk dəfə idi ki, onunla bu mövzuda belə açıq danışırdı. Görünür, bıçaq artıq sümüyə dirənmişdi. O hıçqırırdı.
Şahmar maşının sürətini azaltmadan dönüb arxaya Elmiraya baxdı. Şahmar öz-özünə fikirləşdi: “Bu binəvaya da əzab verirəm”. Bir söz deməyib başını çevirdi.
Tindən qəfil bir maşın çıxdı. Qabaq oturacaqda, sürücünün yanında bir oğlan uşağı da oturmuşdu. İki-üç yaşlarındaydı. Şahmar tez sükanı döndərdi ki, toqquşmasınlar. Maşın sürətlə gedib iri gövdəli ağaca çırpıldı. Zərbə sərt idi. O biri maşın aradan çıxdı.
Ətrafdakı adamlar maşının ətrafına yığışmışdılar. Maşının xurd-xəşil olmağı bir yana qalsın, özləri də yaman vəziyyətdə idilər.
Elmira arxa oturacaqda huşsuz vəziyyətdə düşüb qalmışdı. Şahmarın başı zərblə maşının qabaq şüşəsinə dəydiyindən partlamışdı. Qan onu aparırdı. Sükan sinəsini də əzmişdi.
Şahmarı maşından düşürdülər. Ayaq üstə güclə dururdu. Tez özünü maşının arxa qapısına doğru atdı. Elmiranı ölmüş bilib nalə qopardı, başını maşının qapısına çırpmağa başladı.
Təcili tibbi maşın gəldi. Onları xəstəxanaya apardılar. Hər ikisinə tibbi yardım göstərildi. Elmira çarpayıda uzanmışdı. Hələ özünə gəlməmişdi. Sol əli sanki kilidlənmişdi. Həkim, tibb bacısı nə billah etdilərsə, əlini aça bilmədilər. Ovcunda nə isə tutmuşdu.
Az sonra Şahmar gəldi. Həkimlərdən öyrənmişdi ki, Elmiranın vəziyyəti təhlükəli deyil. Odur ki, Şahmar toxtamışdı.
Həkimlə tibb bacısı palatadan çıxdılar.
Şahmar irəli yeriyib çarpayının yanındakı stulda əyləşdi. Elmiranın bənzi ağarmışdı. Gözəl gözlərini yummuşdu. Bir damla yaş donub yanağında qalmışdı. Hənirti hiss edərək gözlərini açdı. Şahmarı görüb gülümsədi. Lakin gözü onun başındakı sarğıya sataşanda sifətinə qüssə, qəm və kədər çökdü.
Şahmar onun əlindən tutdu. Başındakı qanlı sarğını göstərərək:
-Boş şeydir. Sağalıb gedəcək. Necəsən? Özünü necə hiss edirsən? Bilirəm uşağı soruşacaqsan, yaxşıdır, çox yaxşı. Bir az var gediblər. Anam sənin yanına Fəridi də gətirmişdi.
Şahmar əyilib Elmiranı öpdü. Hər ikisi bir ağızdan ”Şükür!” dedi. Şahmar Elmiranın, Elmira da Şahmarın vəziyyətini nəzərdə tutaraq ”Şükür!” deyirdilər.
-Necəsən?
-Yaxşı, bəs sən?
-Mən də yaxşı.
-Əlini niyə açmırsan? Əzilib?
Elmiranın yadına düşdü. Və əlini açdı. Zümrüd xanımım verdiyi, Şahmarın da maşında Elmiranın ovcuna basdığı qaş-daşlar idi. Qəza baş verəndə qoruyub saxlamışdı.
Şahmar dərindən nəfəs aldı. Bu qaş-daşları axtarıb tapmamışdılar. Maşın tamam sıradan çıxmışdı, bu daş-qaşların bir yerdə iyirmi-otuz min manatdan çox dəyəri vardı. Şahmar bu qədər pulu tapıb Zümrüd xanıma verməli idi. Amma haradan, necə tapsın? Qayınatasına – Rasimə gümanı gəlirdi. Amma gedib ondan pul istəməyi şəninə sığışdıra bilmirdi.
Elmira Şahmarı xilas etmişdi.
Şahmar Elmiranı öpüşlərə qərq etdi:
-Həyatım, ömrüm-günüm!
-Uşaq necədir?
-Yaxşıdır. Anasından ötrü darıxıb.
Elmiranın gözləri doldu. Yerində dikəldi. Şahmar:
-Həkimlər icazə verib. Bir azdan durub geyinərsən. Evə gedərik.
Həmin bədbəxt hadisədən sonra Şahmar çox dəyişdi. Maşını təmir etdirdi. Boş vaxtlarında ailəsi ilə birlikdə olur, Şəfiqə xanımı, Fəridi, Elmiranı maşına mindirib şəhərə çıxarırdı. Çalışırdı ki, onların günləri xoş keçsin.
Fərid əyləncə mərkəzlərində olanda salon boyu qaçır, atılıb-düşür, cürbəcür maşınlara, yellənçəklərə minir, oynamaqdan doymurdu.
Şahmar içkini azaltmışdı, siqareti atmışdı. Ad günlərində, toy məclislərində, qonaqlıqlarda, ziyafətlər zamanı az miqdarda içki içirdi. Maşınla olanda isə, dilinə spirtli içki vurmurdu.
Şəfiqə xanım da, Elmira da sevinirdi. Şad idilər. Elmira üçün xəz gödəkçə, yeni toy və gəzinti paltarları, uzunboğaz qış ayaqqabısı, Şəfiqə xanım üçün yun palto almışdı. Fəridə gəldikdə isə, pal-paltarının sayı-hesabı yox idi. Birini çıxarıb o birini geyindirirdilər. Tez-tez əynini dəyişirdilər. Maral xanım qızına yaxşı, bahalı cehiz qoşduğundan mebellərə dəyməmişdi. Şahmarın fikri-zikri evində-eşiyində idi: “Pul-paranı itə-qurda, hara gəldi səpələməkdənsə, ailəmə xərcləyim” – deyə düşünürdü.
Avtomobil qəzası zamanı Elmiranın göstərdiyi fədakarlığı, daş-qaşı qoruyub ona çatdırmasını Şahmar heç cür unuda bilmir, onun bu hərəkətinə yüksək dəyər verirdi. Arada geyinib-keçinib qayınatasıgilə gedirdilər. Rasimlə Maral xanım onları görəndə əldən-ayaqdan gedirdilər. Maral xanım, Şəfiqə xanım, bir də Elmira mətbəxdə çay, yemək hazırlayır, söhbət edir, Rasimlə Şahmar da dərdləşir, nərd oynayırdılar.
Əsas mövzu Fərid idi. Söhbət nədən gedirdisə, axırda gəlib Fəridin üstünə çıxırdı. Onun oturuşu-duruşu, hərəkətləri, danışığı söhbət mövzusu idi. Fəriddən ötrü ürəkləri gedirdi. Fərid də mehriban, istiqanlı, qanı şirin uşaq idi. Kim qolunu açırdısa ona sarı qanadlanırdı. Fəridlə saysız-hesabsız şəkil çəkdirmişdilər. Həmin şəkilləri, video çəkilişləri bir-birlərinə göndərirdilər.
Rasimlə Maral xanımın da onlara gəlişi toy-bayram olurdu. Başqa cür də ola bilməzdi. Bir-biri ilə küsülü olan, yola getməyən, bir-birinin qarasınca açıb-kəsən qudaları başa düşmək olmur.
Bax beləcə hər şey xoş və sakit axarla gedirdi. Şahmarın yenidən yolunu azmasına qədər.
* * *
Yenə kimlərəsə qoşulmuşdu. Özü də pis qoşulmuşdu. Ağlını başından almış, təsir altına salmışdılar. Əvvəlki pis vərdişlərinə qayıtmışdı. Heç kimi eşitmirdi. Söz deyəndə özündən çıxırdı: “Uşağam başıma ağıl qoyursunuz?” İçki, siqaret bir yana qalsın, qumara, narkotikə qurşanmışdı.
Belə günlərin birində Elmira Şəfiqə xanıma dedi:
-Ana, Şahmar özünü məhv edir. Qurban olum, qoyma. Qabağını al. Yalvarıram.
Şəfiqə xanım əvvəl dinmədi. Bunu özü də görür, içini yeyirdi. Bu dəfə oğlu möhkəm ilişmişdi. Heç Şəfiqə xanımlıq da deyildi. O, oğlunun halına yanır, amma əlindən bir iş gəlmirdi. Şahmar adameşitməz olmuşdu. Şəfiqə xanımın fikir-xəyaldan əsəbləri korlanmışdı. Aman-zaman bir oğlu vardı. O da belə, bu gündə. Elmiranın Şahmardan şikayətlənməsi Şəfiqə xanımın xoşuna gəlmədi. Qeyri-ixtiyari:
-Sən də əl çək! – deyə səsini qaldırdı. –Mən nə hayda, sən nə hayda! O sən, o da ərin! Mənimlə işiniz olmasın! Dərdim özümə bəsdir! Təqsirin çoxu səndədir! Mal kimi oturmusan. Ərini yığışdıra bilmirsən. Bir arvad kimi hökmün yoxdur. Bir qadın kimi o qədər acizsən ki, ərinin gözü orda-burdadır.
Elmira heyrətlə açılan gözlərini onun üzünə dikib bir xeyli lal-dinməz dayandı. Hiss elədi ki, dodaqları əsir: “Sən demə, bütün bu hadisələrin səbəbkarı mən imişəmmiş! Bir gör ha”.
Elmira sakitcə yerindən qalxıb o biri otağa keçdi. Fərid oyanmışdı. Onun yanlarını yudu, quruladı, əynini dəyişib yedirtdi.
* * *
Şahmar bu gün çox qanıqara halda evə dönmüşdü. Nə billah elədilərsə, səbəbini açıb demədi. Eyvana çıxıb siqareti-siqaretə caladı. Həmişə evə gələndə tez Fəridi görmək istəyərdi. Uşaq oyaq idisə, qucağına götürüb başı üzərində qaldırar, şirin dillə dindirər, onun ağzından çıxan qırıq, rabitəsiz sözlərin hər birindən sonsuz fərəh hissi keçirir, öpüb oxşayırdı. Yatmış olsaydı, tez o biri otağa keçib doyunca ona tamaşa edib üzündən öpərdi. Bu gün Fərid heç yadına düşmədi. Düşüncələrinin pəncəsindən qopa bilirdi ki?!
Nə hadisə baş vermişdi?
* * *
İşdə oturmuşdu. Zəng gəldi. Mobil telefonun ekranına baxdı. Ülkər idi. Ülkərlə çox gün keçirmişdi. Xırda biçimli, mamlı-matan qız idi. Albalı rəngli dodaqları vardı. Şahmar əvvəl elə bilirdi ki, qız dodaqlarına rəng çəkir, sonra gördü ki, yox, təbiidir, dodaqlarının öz rəngidir.
Şahmar bir müddət idi ki, qızlarla, qadınlarla əlaqələrini kəsib, sidq-ürəklə ailəsinə bağlanmışdı.
Bir istədi Ülkərə cavab verməsin. Öz-özünə: “Məni qınayırlar. Oturmuşam yerimdə. Nə olsun, əl çəkmirlər. İndi bu zəng edir, sabahda, birisi gündə də Səkinə, Gülbacı, Qəmər qulağımı dəng edəcəklər. Əşi deyərəm işim var, ya da deyərəm şəhərdə deyiləm”.
Bu fikirlə telefonun düyməsini basdı. Özünü bilməməzliyə vurdu:
-Kimdir?
-Ülkərdir. Məgər telefonda adım yazılmayıb?
-Fikir vermədim. Xoş gördük! Necəsən? Nə yaxşı, nə yaxşı, şad oldum.
-Hardasan? İtirib-axtarmırsan.
-Bağışla, gözəl, başım qarışıq idi. İş-güc imkan verir ki?! Bir az başım ayılsın, zəngləşərik.
Belə deməklə Ülkəri başdan eləmək istəyirdi. Lakin Ülkər bu tezliklə ondan ayrılmaq fikrində deyildi, nə isə sözlü adama oxşayırdı. Odur ki, xudahafizləşməyə imkan vermədi:
-Görüşməliyik. Vacib sözüm var. hər nə işin varsa, bir kənara qoy.
-Nömrəmi haradan öyrənmisən?
Şahmar telefonunun nömrəsini dəyişmişdi ki, qadınlardan uzaq olsun. Amma dostlarının, qohumların, işi ilə bağlı şəxslərin nömrələrini yaddaşa köçürmüşdü. Tanış qızların, qadınların nömrələrini də yazmışdı ki, kimin zəng etdiyini bilsin. Lazım gələndə cavab verəcəkdi, lazım bilməyəndə yox. Əks təqdirdə onlardan kimsə zəng etsəydi, bilməyib cavab verə, özünü işə sala bilərdi.
Amma nə xeyri? Ülkər onun nömrəsini öyrənmişdi. Odur ki, Şahmarın sualına beləcə də cavab verdi:
-Axtaran tapar. Nömrəni dəyişmisən ki, səni tapa bilməyim?
-Nə danışırsan. Telefonumu itirmişdim. əlacsız qalıb təzə telefon aldım, yeni nömrə verdilər.
-Kəsəsi, harada, nə zaman görüşək?
-Nə məsələdir, deyə bilməzsən?
-Telefon söhbəti deyil. Amma hökmən görüşməliyik. Unutma.
Qız hökmlü danışırdı. Həm də elə bil meydan oxuyurdu.
Şahmar öz-özünə: “Buna nə olub?” – deyə fikirləşdi.
-Ucundan-qulağından de, görüm nə məsələdir? Ürəyimi partlatma.
-Deyəcəm. Saat on ikidə “İçərişəhər” metro stansiyasının qarşısında görüşək.
Şahmar cavab vermək istəyirdi ki, Ülkər danışığı kəsdi.
Maraq Şahmara güc gəldiyindən taksiyə oturub metro stansiyasına sarı sürdürdü. Öz maşını təmirdə idi. Maşından düşməmiş gözü ilə axtarıb Ülkəri tapdı. Gözündə gün eynəyi ağacın kölgəsinə sığınıb durmuşdu. Əvvəlki kimi təravətli və şux idi. əyninə dizdən bir azca yuxarı çəhrayı don geyinmişdi. Dabansız çəhrayı tuflilərdə idi. Fikirli, qaşqabaqlı görünürdü. Şahmar maşından düşüb Ülkərə yaxınlaşdı. əl verib üzündən öpdü.
-Burada niyə? Gedək kafeyə.
“Qızılgül” kafesində üz-üzə əyləşdilər.
-Çay, kofe, yoxsa dondurma ilə Şampan şərabı?
-Şampan olmaz. İçmirəm. Hava istidir. Kofedən də keçdi. Çay mürəbbə ilə.
Sifariş gəldi.
-Eşidirəm, nə isə vacib sözün var.
Ülkər söhbətə necə başlayacağını bilmədiyindən bir anlığa susdu. Lakin lal-dinməz oturmağa gəlməmişdi. Sözünü deməli idi:
-Uşağa qalmışam.
Şahmarı elə bil ildırım vurdu. “Bu nə danışır? Bircə bu çatmırdı. Hər şeyin üstündən qələm çaldığı bir zamanda bu nə söz idi eşidirdi?! Uşağa qalıb-qalıb da. mənə niyə eşitdirir? Doğur – gedib doğsun, abort etdirir – gedib elətdirsin. Mən həkim, ya mamaçayam ki, sözünü mənə deyir?
Özünü o yerə qoymayıb:
-Təbrik edirəm. Övladın yox idi, daha nə istəyirsən?!
-Uşaq böyüyəndə atasını soruşacaq.
-Soruşacaq – deyərsən. Kimdir o köpək oğlu? Çıxsın meydana.
-Meydandan qaçıb axı.
-İstəmirsən, abort elə, canın qurtarsın. Borc pul lazımdır? Pulsuz abort eləməzlər.
-Məsələ pulda deyil.
-Bə nədədir?
-Uşağın atası irəli durmalıdır. Uşaqdan imtina etmək fikrim yoxdur.
-O it oğluna zəng et, de gəlib yetiminə yiyə dursun. Burada çətin nə var ki?
-Onda irəli dur.
Şahmarın dili topuq çaldı:
-Kim? Mən?
-Bəli, sən. Uşaq səndəndir.
-Nə danışdığını bilirsən?! Bura bax, gedib orda-burda uşaq düzəltdirib indi mənim üstümə atırsan?
-Elə deyil, axırıncı dəfə səninlə olmuşam. Səndən əvvəl xəstələnmişdim. Səndən sonra xəstələnmədim. Biləndə ki, uşağa qalmışam, başladım səni axtarmağa, gördüm deyən olmadı.
-Bura bax, səninlə müqaviləm vardı ki, uşağa qalasan? Qalmayaydın! Qələt eləmədim ki, bir-iki dəfə səninlə yaxınlıq etdim. Başqaları necə, mən də elə. Yatıb-dururdun – pulunu alırdın. Yüzünün altından çıxandan sonra özünü mənə sırımaq istəyirsən? Mən ailəliyəm. Arvadım, uşağım var. qəmişini məndən çək.
Şahmar ayağa qalxdı. Ülkər onun qolundan tutub oturtdu:
-Zilə çıxma. Mən səndən də bərk qışqıraram. Amma yadından çıxarma. Mən qışqırsam, daha pis olacaq. Evin, ailən də dağılacaq.
-Ülkər məni başa düş. Bu ola bilməz. Mənim ailəmi dağıtma. Səninlə keçirdiyim o xoş günləri indi niyə burnumdan tökürsən? abort elə, qurtarsın getsin. Nə qədər pul deyirsən – verim.
-Şahmar, mən fahişə deyiləm. Doğrudur, sənə qədər kişilərlə görüşmüşəm. Amma sənə rast gələndən sonra bir kişinin belə mənə əli dəyməyib.
-İnsafsız olma, həyatımı zəhərləmə!
Bu dəfə Ülkər ayağa qalxdı:
-Doğmaq istəyirəm.
Şahmar onun qolundan yapışdı:
-Əyləş, hələ qərara gəlməmişik. Uşaq neçə aylıqdır?
-Üç aylıq.
-Abort etdirə bilərsən. Mənə qulaq as.
-Mən qəti qərara gəlmişəm. Sənin soy adın, sənin adın da uşağın yaş kağızında yazılacaq.
Şahmar bilmədi başına nə çarə qılsın:
-Mən nə qələt eləmişəm, ilahi!
-Yatağıma girəndə bunu fikirləşəydin.
Ülkər durub çıxdı. Şahmar xeyli müddət yerində donub qaldı.
Çayla dolu fincanlar içilməmiş qalmış, mürəbbələrə əl dəyilməmişdi. Şahmar sifarişin pulunu ödəyib kafedən çıxdı.
* * *
İndi Şahmar partlaya-partlaya, çatlaya-çatlaya qalmışdı. Gec-tez bu sirr açılacaqdı. Onda Elmiranın, anasının, Rasim kişi ilə Maral xanımım üzünə mecə baxacaqdı? Onlara nə deyəcəkdi? Özünü necə təmizə çıxaracaqdı? Üstəlik Fəridin üzünə həsrət qalacaqdı. Elmira yığışıb atası evinə gedəcək, əlacsızlıqdan Ülkəri bu evə gətirəcəkdi. Övladını taleyin hökmünə buraxmayacaqdı ki?!
Şahmar eyvandan çəkilmək bilmirdi. Hamı yatandan sonra paltarını soyunub ehmalca çarpayıya uzandı. Elmira yuxulamışdı, nizamla nəfəs alırdı. O, sədaqətli, vəfalı, alicənab, tərbiyəli, ismətli, mehriban, gözəl xanım idi. Zərrəcə suçu yox idi ki, narahatçılığı olsun. Alnı bir balaca düyünlənmişdi. Bu da səbəbsiz deyildi. Əri qanıqara qayıtmışdı. Dərdini də bölüşməmişdi. Buna görə narahat idi. Narahatlığı da həmişə Şahmar gətirirdi.
Şahmarın yuxusu ərşə çəkilmişdi. Ülkər başına iş açmışdı. Şahmar Elmiraya yaxınlaşmağa, onun bədəninə toxunmağa da utanırdı, xəcalət çəkirdi. Bu qadına layiq ola bilməmişdi. Həmişə ona əzab vermiş, qəlbinə toxunmuşdu. İndi hansı üzlə onu qucaqlasın, “qadınım mənim”, “Sevgilim mənim”, “ömür-gün yoldaşım mənim” desin?! Axı Elmira ondan xahiş etmişdi: “Məni sındırma, ləyaqətimi, mənliyimi alçaltma”. O da söz vermişdi. Sözə, anda belə əməl edərlər?
Şahmar yerində qurcalanır, yuxuya gedə bilmirdi. əməllərinin acısı-ağrısı bir-bir üzə çıxırdı.
Elmira oyanıb: “Niyə yatmırsan, əzizim?” – deyə soruşdu. “Niyə ürəyini boşaldıb sakitləşmirsən?”
Şahmar:
-Yat, əzizim, yat, ciddi bir şey yoxdur. İşdə yüngülvari anlaşılmazlıq olub. Sabah yoluna qoyulacaq, – deyib Elmiranı qucaqladı.
* * *
Növbəti gün səhər açılar-açılmaz Şahmar geyinib evdən çıxdı. Yaşlı qadın həyəti süpürürdü. Şahmarı görüb əl saxladı. Şahmar qadının gözlərinə baxmamaq üçün üzünü yana çevirib, salam verib tez ötüb keçdi. Həmişə onunla rastlaşanda belə edirdi. Deyilənə görə, bu qadının yaman gözləri vardı. Gözlərin ki, gözlərinə sataşdı, o gün işin uğursuz olurdu.
Həyətdə kimisi səhər idmanı ilə məşğul idi, kimisi maşının yanını kəsdirmişdi, ora-burasına baxırdı. Şahmar pay-piyada yolun ağzına düşdü. Həyəcanlı və həm də narahat idi. Səhər erkən yataqdan qalxmağı da səbəbsiz deyildi. Elmiranın gözünə dik baxa bilməyəcəkdi. Parkda gəzib saat doqquza qalmış iş yerinə gələcəkdi. İş yerində də vaxtından əvvəl görünmək istəmirdi. Tez gəlməyinin səbəbi ilə maraqlanacaqdılar. Kimə isə hesabat, yaxud izahat verməkdən xoşu gəlmirdi. Söz-söhbət yaratmaq istəmirdi. O ümidini üzməmişdi. Qızın onunla insafsız davranmağına, onun sözlərini qulaq ardına vurmaqda davam edəcəyinə inanmırdı.
-Hə, Ülkərcan, sabahın xeyir. Necəsən? Səndən ötrü lap darıxdım.
Üikər söz altında qalmadı. İstehza ilə:
-Hiss olunur. Ona görə zəng etmirdin?
Şahmar tutuldu. Ülkər haqlı idi: “Heç ağlıma gəlməyib. Gərək birinci mən zəng edəydim, qız görəydi ki, ona münasibətdə laqeyd deyiləm. Amma iş-işdən keçmişdi. Sonrasını fikirləşmək, işləri yoluna qoymaq lazım idi. Amma Ülkər daşı ətəyindən tökəcəkdimi? Uşaq məsələsini ortaya atıb. Bəlkə hələ başqa məqsədi var. Birdən yapışar yaxamdan ki, al məni. Qoyurlar ki, insan kimi yaşayaq?! Özümə yenicə qayıtmışdım ki, uşaq məsələsi meydana gəldi. Bura bax, bəlkə uşaq məsələsi qondarmadır?! Məndən külli-miqdarda pul qoparmaq, özünü mənə sırımaq üçün bəhanədir. Bəlkə ortada uşaq yoxdur. Bunu yoxlamaq olar. Apararam Səidə xanımın yanına. Deyərəm: gör bu qız uşağa qalıb? Neçəsini abort etdirmişəm. Səidə xanım sirr saxlayandır. Ağzından indiyədək artıq söz çıxmayıb. Dayan, dayan, Ülkəri onun yanına aparanda, xəlvəti Səidə xanıma deyərəm, əgər uşağa qalıbsa, buna bir iynə vur, yaxud dərman ver, qoy rədd eləsin uşağı. Bəs birdən Ülkər yoxlamaya getmədi? Getməz, özü bilər! Mən də deyərəm, day öz işindir, mən getdim, xudahafiz! Yaxşı, birdən getdi, məlum oldu hamilədir, iynəni qoymadı vurmağa, dərmanı atmadı, bəs onda? Ya da Səidə xanım qorxub iynə vurmadı, dərman da vermədi. Həə… Axırda başım şişib qazana dönəcək. Nə qədər fikirləşmək olar? İnsan addımını gərək düz ata. Ayağını ki, əyri qoydun, bir qəmbərqulu çıxır, başın ağrıyır. Bu itin qızı ilə peşman olub beş-on dəfə görüşdüm. İndi meydan sulayır, məni hədələyir”.
Ülkər dayanıb baxırdı. Şahmar öz aləmində idi.
-Niyə dinmirsən?
Şahmar diksindi. İndi yadına düşdü ki, axı o, Ülkərlə danışırdı. Fikir-xəyal onu elə bürüyüb ki, qız yadından tamam çıxıb.
-Həə…
Ülkər:
-Deyirəm, darıxdığın üçün zəng etmirdin?
-Yox, niyə ki?! Zəng etmək istəyirdim, amma sən məni qabaqladın.
-Zəng etmək fikrin vardısa, bəs niyə dayanıb durdun?
-Açığı, cəsarət etmirdim. Dedim, qoy acığın soyusun.
-Acığım soyuyan deyil. Amma mən həqiqətən səndən ötrü darıxmışam.
Şahmar sevindi. “Deyəsən yumşalıb. Kefi də sazdır. Bundan istifadə etmək lazımdır. Məndən hayıf çıxırmış. Neçə aydır itirib-axtarmamış, hal-əhval tutmamışam. Kim olsa, acığı tutar da. qadındır. Kişisizdir. Tək darıxır, dincəlmək istəyir. Yalvar-yaxar edib uşağı saldırmağı boynuna qoyaram.
Ülkərin:
-Yaxşı yemək bişirmişəm. Səbzi plov, yarpaq dolması…Konyakım da var, -deməsi Şahmarın çox şadlandırdı.
Ülkər Şahmarın konyakı sevdiyini bilirdi.
-Səni qonaq çağırıram! Gəl, oturaq. Əvvəllərdə olduğu kimi.
Şahmarın bütün narahatçılığı yoxa çıxmışdı, hətta uşaq məsələsini də unutmuşdu. Sevincindən qanad açıb uçurdu. Ülkər dili ilə dedi: “Gəl, oturaq. Əvvəllərdə olduğu kimi”. Ülkərli günləri Şahmarın yadına düşdü. Beləcə yeyib-içər, hamamlanıb, yatağa uzanardılar. Bütün dünya onların olardı.
Şahmarın bütün dilxorçuluğu ötüb keçmişdi: “Belə yumşalarsan! Yəqin abort etdirməyə razıdır. Amma pula ehtiyacı var. olsun. Nə qədər desə, tapıb verəcəyəm. Təki bu bəladan qurtarım”.
Şahmar cavab vermək istəyirdi ki, Ülkər onu qabaqladı:
-Bir maşına əyləş, tez gəl. Gözləyirəm.
Şahmar ayağa qalxıb həyətə düşdü. Maşını təmirdə idi. Taksiyə minib yola düşdü.
* * *
Fərid artıq böyümüşdü. Yaş yarımı keçmişdi. Elmira da uşağa qalmışdı. İkinci övladını gözləyirdi. Şəkər xəstəliyi Şəfiqə xanımı haldan salmışdı. Bir az həyəcanlanan, yaxud hirslənən kimi şəkəri kəllə-çarxa çıxırdı. Fərid gözlərini Elmiranın qarnına zilləyərək:
-Ana gonbul olub, – deyirdi.
Belə anlarda Şəfiqə xanım:
-Bəs nənə?
-Nənə gonbul deyil. Ana çoxlu yemək yeyir, ona görə gonbuldur. Nənə sözə baxmır, yemək yemir, böyük qız olmayacaq.
Şəfiqə xanım nənəsinin bu sözlərini eşidəndə fərəhlənir:
-Nənə dilini yesin, – deyirdi.
-Yox, nənə. Dilimi yesən, necə danışaram?
Sakitcə dayanıb qayınanası ilə oğlunun dialoquna qulaq asan Elmira da xoş hal olur, sevinci köksünə sığmırdı:
-Ay mənim ağıllı oğlum! – deyirdi.
Fərid onun özünə deyilənləri imkan tapıb nənəsinə və anasına qaytarırdı.
Mətbəxdə idilər. Şəfiqə xanəm kartof soyur, Elmira döyülmüş ətdən kotlet hazırlayırdı. Şahmar söz vermişdi ki, bu gün evə tez gələcək. Onun nədənsə bərk dilxor olması hamının qanını qaraltmışdı. Şahmarı heç belə görməmişdilər. Özünə qapılaraq bir söz demir, əhvalının nə üçün pozğun olduğunu açıb-ağartmırdı. İnsan öz dərdini bölüşəndə necə olmasa yüngülləşir.
Fərid televizorun qabağında oturub cizgi filminə baxırdı:
Çərə gedirəm, çürə gedirəm,
Sənə nə var hara gedirəm?
“Tıq-tıq xanım” göstərilirdi. Cizgi filminə baxandan sonra Fərid anasına yaxınlaşıb sualı sual dalınca verməyə başladı:
-Tıq-tıq xanım niyə suya düşdü?
-Siçan bəy niyə Tıq-tıq xanımı evdə qoyub toya getmişdi?
-Tıq-tıq xanımla Siçan bəy barışdılar?
Elmira mətbəxdə işini görə-görə arada hövsələ ilə Fəridin suallarına cavab verirdi. Heç zaman onun xətrinə dəyməzdi. Suallarına cavab alandan sonra Fərid nənəsinə yaxınlaşdı:
-Kotleti kimin üçün bişirirsən?
-Ata gələcək, oturub şam edəcəyik.
-Ata gec gəlir, ata gəlmir. O gələndə mən yatıram. Ata niyə evə gec gəlir?
Fərid artıq Şahmarın hərəkətlərinə öz münasibətini bildirməyə başlamışdı.
Şam yeməyi artıq hazır idi. Çoban salatı düzəltməyə başladılar. Çörəyi dilimlərə ayırıb çörəkqabına düzdülər.
Elmiranın mobil telefonu səsləndi. Nömrəsiz zəng idi. Kim ola bilərdi? Telefondakı həyəcanlı danışırdı. Kişi səsi idi:
-Şahmarın anası, ya da həyat yoldaşı lazımdır.
-Eşidirəm, həyat yoldaşıdır.
-Bacı, Sumqayıt yolunda bədbəxt hadisə baş verib. Şahmarın avtomobili qəza törədib. Maşın xurd-xəşil olub, özü isə ondan betər.
Elmira qulaqlarına inanmadı. Donub qaldı. Şəfiqə xanım telefon zəngindən sonra gəlinin əhvalının qarışdığını görüb əl-ayağa düşdü:
-Şahmardır? Yenə bir işi çıxıb?
Elmiranın səssiz-səmirsiz dayandığını, rənginin kətan kimi ağardığını görüb onun da sifətinə ölüm rəngi çökdü. Şəfiqə xanım Elmiraya sarı gəlib onu qucaqladı:
-Nə olub, qızım, desənə.
Elmira:
-Şahmar qəzaya uğrayıb. Həlak olub, – deyib tir-tap yerə sərildi.
“Ölüb” sözünü eşidən kimi Şəfiqə xanımın da ürəyi gedib onun yanına düşdü. Fərid onlara baxıb bir şey başa düşmədi. Yaxşı ki, Şəfiqə xanımın bacısı Rəfiqə onlarda idi. Eyvanda əyləşib hava alırdı. Fərid qorxmuş vəziyyətdə onun yanına qaçdı:
-Rəfiqə xala, anamla nənəm öldü, – deyib göz yaşlarını axıtdı.
Rəfiqə xanım qaçaraq otağa girdi. Onları yerdə sərəli görüb təcili yardıma zəng etdi.
* * *
Elmira xəstəxanada gözlərini açdı. Ətrafa baxdı: “Bura haradır? Burada nə gəzir?” başa düşdü ki, xəstəxanadadır. Bilmədi ki, buraya nə üçün gətirilib. Qarın nahiyəsində ağrı hiss edirdi. əlini qarnına apardı. Dəhşət içərisində dik atıldı. Qışqırığına həkim, bir də Rəfiqə gəldi. Rəfiq. Tez onu qucaqladı:
-Sakitləş, qorxulu bir şey yoxdur. Şükür Allaha!
-Bəs…
Rəfiqə ona sözünü tamamlamağa imkan vermədi:
-Körpəni itirdin, əziz bacı. Yaxşı ki, özünə xətər toxunmayıb. Ema, özünü ələ al.
Elmira həyəcan və təşvişlə:
-Mənə nə olub?
Bir anlığa fikirləşib yadına salmağa çalışdı:
-Zəng gəldi. Özümdən getmişəm. Körpəni itirdim? Telefonda dedilər Şahmar ölüb. Aman Allah! Bu nə cəzadır mənə verirsən?! Şahmar da yoxdur, körpəm də…
Birdən uca səslə:
-Bəs Fərid hanı? – deyə xəbər aldı.
-Narahat olma.
Bu zaman Rasimlə Maral xanım, yanlarında Fərid içəri girdilər. Maral xanın tez özünü Elmiranın üstünə atdı, dalınca da Fərid. Fəridin yanıqlı səsi eşidildi:
-Ana, anacan! Sənə nə olub?
Rəfiqə çıxdı. Elmira Fəridi bağrına basdı:
-Oğlum, narahat olma, anan yaxşıdır.
Elmira ata-anasını görüb kövrəldi. Ağlamağa başladı. Fərid də ona qoşuldu.
Maral xanım qollarını geniş açaraq hər ikisini – qızını və nəvəsini qucaqladı:
-Elmira, toxta, uşağı qorxutma. Hövsələli ol.
Elmira itirdiyi körpəsindən atasının yanında söz açmaqdan utanıb Şahmarı soruşdu:
Rasim:
-Qızım, ələk-fələk elədil. Baş çəkmədiyim, zəng edib soruşmadığım xəstəxana qalmayıb. Şahmar yağlı əppək olub yoxa çıxıb. Gördüm deyən yoxdur. Maşınını da belə olub, bilinmir. Çox qəribədir. Özünün də, maşınının da izini itiriblər. Polislər ayağa qalxıblar, ölüsünü, dirisini tapacaqlar. Sənə zəng edən adam yaşlı idi, yoxsa cavan?
-Səsi ayırd eləmək olur ki, ay ata. Bəzən cavan adamın səsi qoca səsinə, qoca adamın səsi cavan səsinə oxşayır. Məncə, orta yaşlı idi.
Rasim həkimə sarı dönüb:
-Nə fikirləşirsiniz?
-Vəziyyət normaldır, evə apara bilərsiniz. Amma qayınanası hələlik xəstəxanada qalmalı olacaq.
Elmira:
-Ona nə olub?
-Aldığı xəbərdən halı pisləşib.
Elmiraya demədilər ki, Şəfiqə xanımın şəkəri o qədər qalxıb ki, gözləri tutulub. Rəfiqə indi onun yanında idi.
Həkimlər nə qədər deyirdilərsə, Rəfiqə nə qədər yalvarıb-yaxarırdısa Şəfiqə xanım aram olmur, sızıldayır, ağlayır, oğlundan ötrü ah-uf edirdilər.
Rəfiqə onu sakitləşdirməyə çalışırdı:
-Bacım, canım, bir zəngə görə ikiniz də döşəndiniz. Heç bilinmir kim idi zəng edən, hansı məqsədlə zəng çalıb, qarnının azarı nə olub. Bəlkə elə Şahmarın düşməni olub. Bəlkə Şahmara heç nə olmayıb.
-Necə yəni heç nə olmayıb? Bəs elə isə niyə, nə üçün səs-sorağı yoxdur. Evə gəlməyib. Mən də, Elmira da xəstəxanaya düşmüşük. Başı əlində olsaydı, özünü çatdırardı. Mənə düzünü de, Şahmarı harada dəfn elədiniz? Heç olmasa atasının yanında basdırdınızmı?
-Ay bacı, nə danışırsan? Nə dəfn, nə basdırmaq? Şahmardan bir xəbər var ki? Rasim qardaş düzü-dünyanı bir-birinə vurub. Gördüm deyən yoxdur. Həmin gün həmin saatda Sumqayıt yolunda avtomobil qəzası da olmayıb.
Şəfiqə xanım dikəldi:
-Olmayıb? Bəs binəva oğlumun başına görən nə gəlin? Yəqin öldürüb dənizə, çaya, dərəyə atıblar ki, izi-tozu qalmasın. Qəza məsələsini də yalan-palandan düzəldiblər.
-Öldürsəydilər, açıb-ağartmazdılar.
-Görünür öldüyünü də qəsdən deyiblər ki, yanıb-tökülək. Düşmənli imiş bədbəxt oğlum. Yetim qoyub getdi, məni də ağlar qoydu. Balam vay!
Şəfiqə xanım qıyya çəkdi. Həkim özünü yetirdi:
-Yenə bu xanıma nə olub? Özünü həlak edəcək. Biz çalışırıq şəkərini salaq, bu da əksinə, özünə divan tutaraq şəkərini qaldırır.
Həkim Şəfiqə xanıma müraciətlə dedi:
-Xanım sakitləşin. Biz sizi ayaq üstə qaldırmağa çalışırıq, siz isə əziyyətimizi yerə vurursunuz.
Şəfiqə xanım:
-Şahmarım əlimdən gedəndən sonra şəkərimin aşağı, yaxud yuxarı olmasının bir mənası varmı? Belə sağ qalmaqdansa, özümə ölüm arzulayıram.
Həkim başını bulayaraq getdi. Rəfiqə bacısını sinəsinə sıxdı. O da bərk kövrəlmişdi:
-Bacı, sakitləş. İnşallah sənə xoş xəbər verərəm. Özün yaxşı bilirsən, Şahmar əhli-kef adamdır, başı Allah bilir harada qarışıb. Ola bilsin heç Bakıda deyil, hansısa rayona gedib. Mənim ürəyim çox sakitdir.
Rəfiqə Elmiranın uşaq itirdiyini bacısına demədi. Şəfiqə xanımın halı lap xarablaşardı.
Həkim gəldi:
-Gəlini evə buraxdıq. Sabah da səni evə yazarıq. Özünə fikir ver.
Rasimlə Şəfiqə xanım yanlarında Fərid içəri girdilər. Fərid nənəsinin üstünə yüyürdü:
-Nənə, can nənə!
Şəfiqə xanım dikəlib onu bağrına basdı, üzündən, gözündən öpdü, kövrəldi.
Elmira da gəldi, Şəfiqə xanımın üzündən öpüb hal-əhval tutdu.
Ertəsi gün Şəfiqə xanımı da evə yazdılar. Bir yandan oğlunun öldü-qaldı xəbərinin olmaması, digər tərəfdən, işıqlı dünyaya həsrət qalması onu üzürdü.
Aranı Turana aparır, Turanı Arana gətirirdi. Yeməkdən-içməkdən də qalmışdı.
Elmira da əli qoynunda otaqda fırlanır, əli işə yatmırdı.
(ardı var)
* * *
Şahmar harada idi? Niyə ondan səs-soraq çıxmırdı? Ölmüşdü, yoxsa sağ idi? Ölmüşdüsə, niyə yeri tapılmırdı? Sağ idisə, bəs niyə görünmürdü? Niyə yeri bəlli deyildi?
Bu suallar Rasimin də, Şahmarın da ailəsinin rahatlığını pozmuşdu. Xəstəxanalar, morqlar, ağaclıqlar, gözdən uzaq yerlər, hətta zibilliklər də ələk-fələk edilmişdi. Şahmarın telefonu söndürülmüşdü. Soruşulmayan, dindirilməyən adam, dost-tanış qalmamışdı. Taksi ilə deyil, öz maşını getmişdi. Hara getmişdi? Nə üçün getmişdi? Niyə qayıtmamışdı? Bu nə görüş idi ki, o gedən olmuşdu. Suallar çox idi. Cavabı da yox. Polislər də həşirdə idilər. Axtarırdılar.
Rəfiqə demişkən, Şahmar isə, öz kefində idi. Ülkərin qar kimi ağ yatağında uzanıb xumarlanırdı. Üç gün keçmişdi. Şahmar göyün yeddinci qatında idi. Heç bilmirdi ki, neçə gündür burdadır. Elə zənn edirdi ki, indi gəlib, bir azdan durub evinə-eşiyinə gedəcək. Qutab sifariş vermişdi. Fəridlə oynaya-oynaya qutabını yeyəcək.
Gəlin geriyə qayıdaq.
* * *
Şahmar pilləkənləri düşüb ofisin qapısı ağzında dayandı. “Axır ki zalımın qızı insafa gəldi. Başqa cür ola da bilməzdi. Ülkəri bir dostu onunla tanış eləmişdi: “Yaxşı candır! Girişsən, əl çəkməyəcəksən”.
Ülkər həqiqətən can alan gözəl idi. Oturub-durmağa dəyərdi. Ərindən ayrılmışdı. Başladılar görüşməyə. Şahmar onu saxlayırdı. Ad günlərində, bayramlarda aldığı hədiyyələr bir yana qalsın, cib xərcliyi də verir, bazarlığını edir, əyin-baş sarıdan korluq çəkməyə qoymurdu. Amma sonradan qızdan soyudu. Ailə borcu, evdəkilərin tənbehi onu düz yola qayıtmağa məcbur elədi. Həm də Ülkər tez-tez sarı simə vururdu. İştahası böyük idi. Şahmarın evli olduğunu bilə-bilə ailəsindən soyudub ona ərə getmək istəyirdi. Şahmarın Elmiranı boşaması isə mümkünsüz idi. “İpək kimi, çiçək kimi arvadım var. Nəsilli, nəcabətli ailədəndir. Mənə sədaqətlidir. Ailəsinin xətrinə Şahmarın yaramaz hərəkətlərinə də dözür. Gül kimi oğlum var”.
Bütün bunları ölçüb-biçən Şahmar axırda qərara aldı ki, Ülkərdən uzaq dursun. Amma nə olsun? Ülkər bildiyini eləmişdi. Ona sürpriz hazırlamışdı. Belə getsə, bu qızdan heç zaman yaxa qurtara bilməyəcək! Arada Ülkəri onunla tanış edən dostunu lənətləyirdi. O olmasaydı, bu Ülkərə haradan rast gələcək, ilişəcəkdi?!
Ülkərlə heç cür evlənə bilməzdi! Lap Elmira ilə boşansalar da. dostu dili ilə demişdi: “Nə zamandır onunla gəzib-dolanıram. Artıq doymuşam. Bir az da sən gün keçir. Xoşuna gələcək. Peşman olmazsan.
Arxayın olmaq üçün Şahmar soruşmuşdu: “Problem yaradan deyil ki?”
Dostu cavabında demişdi: “Yox, narahat olma”.
İndi beləsini evinə necə buraxasan? Yanına salıb hara aparasan? Elə-belə olar. Bir məşuqə kimi. Arvad kimi yox. O deyəcək “bununla keflər görmüşəm”, bu söyləyəcək “heç bilirsən nə candır!”. Şahmar da bu fahişəni özünə arvad edib. Belə deyəcəkdilər. Özünə deməsələr də, ardınca danışacaqdılar. Ondan sonra əlac ona qalır ki, başına ləçək bağlayasan.
Ülkər işvə-nazla Şahmarı qarşıladı. ətirlənmişdi. Əyninə uzun xalat geyinmişdi. Xalatın yuxarıdan iki düyməsi, aşağı hissədən də bir düyməsi açıq idi. Qar kimi ağ sinəsi görünürdü. İrəli yeriyib Şahmarın boynuna sarıldı. Şahmarın bədəninə xoş bir istilik yayıldı. Dodaqlar görüşdü.
Dünyanın naz-neməti süfrəyə düzülmüşdü. Keçib əyləşdilər. Ülkər şampan şərabını qədəhlərə süzdü. Badəni qaldırıb ayağa qalxdı. Gəlib Şahmarın yanında əyləşdi. Şahmar öz-özünə: “Bə o gün deyirdi içki içmir. Bəhanəsi də bətnindəki idi. İndi birdən-birə nə oldu buna?”
Badələri toqquşdurdular. Şahmar:
-Sənin sağlığına!
Ülkər də öz növbəsində badəni bir qədər də yuxarı qaldıraraq:
-Sənin sağlığına! – dedi.
Şahmar öz-özünə düşündü: “Yaxşı məqamdır. Bu gün işləri yoluna qoyacağam, inşallah.
Şahmar şərabı son damlasına qədər içib, üzümün salxımından bir gilə qoparıb ağzına qoydu.
Ülkər şərabı dodağına vurub, içmədi. Qədəhi stolun üstünə qoydu. Bir-birinə sarılıb, bir-birini öpüşlərə qərq edərək nahar etdilər. Şahmar hər dəfə badəni qaldırıb sağlıq deyərək içir, sonra çərəz əvəzinə Ülkərin dodaqlarından öpməklə şərabın acılığını rədd edirdi.
Şahmar içsə də, çalışırdı ki, həddini aşmasın, məsələni elə bu gün çürüdüb arxayın evinə dönsün.
-Nə fikirləşirdin?
Bunu Ülkər soruşdu.
-Sənin barəndə düşünürəm. Sən illər, aylar ötdükcə daha da gözəlləşirsən.
Bunu da Şahmar dedi.
Ülkərin xalatının ətəyi yana düşdüyündən ağappaq qıçı açıqda qalmışdı. Şahmar əlini onun qıçının üstünə qoydu. Ülkər alışıb-yanırdı.
-Gözəllikdə sənə tay ola bilməz!
Ülkər gözlərini süzdürərək:
-Elə isə niyə dayanmısan? Qoy bu gözəllik həmişəlik sənin olsun!
Şahmar əlini çəkdi:
-Həmişəlik?
-Yəni deyirəm qurtaraq bu məsələni.
Şahmar sevincək:
-Hə, elə mən də bu fikirdəyəm.
Ülkər şad:
-Evlənək, qurtarsın getsin!
Şahmarın halı dəyişdi: ”Bu qız elə çaldığını çalır”.
-Necə yəni evlənək? Mən evliyəm. Ailəm var, uşağım var.
Ülkər:
-Ailən yenə olacaq, – deyib əlini qarnına apardı. –Uşağın da olacaq!
-Ülkər, sən düz deyirsən. Mən neçə müddətdir, səninlə əlaqəni kəsmişdim. Başa düşdüm ki, bu, yaxşı hərəkət deyil. əlaqəmizi bərpa edək, yenə görüşək. Nə zaman istəsən, mən sənin hüzurunda hazır olaram.
Ülkər istehzalı gülümsəyişlə dedi:
-Mən təsadüfi görüşlərin tərəfdarı deyiləm. İstəyirəm ki, həmişə yanımda olasan. Oynaş-məşuq kimi yox, bir ər kimi!
Şahmar sarısını uddu: “Yox, bu qızla məsələləri yoluna qoymaq heç də asan başa gəlməyəcək. Bu işdən rüsvayçılıq iyi gəlir. Bu qız evimdə, ailəmdə böyük mərəkə doğuracaq. Ailəmi dağıdacaq. Bu qız məni məhv edəcək. Ülkərə rast gələn yerdə qıçım qırılaydı!
-Ülkər, canım, ürəyim, məni başa düş. -Şahmarın dili topuq çaldı. –İstəyirsən bütün g ünü birim sənin bağında, bağçanda. Telindən bir tük qoparıb yandıran kimi qulluğunda hazır olum. Lap nağıllarda deyildiyi kimi! Sənə nə hədiyyə deyirsənsə, alım. Lap ər-arvad kimi yaşayaq, amma ailəmi bura qatma, ailəmə toxunma! Qohum-əqrəbam var, dost-tanışım var. deməsinlər birisinə uyub ailəsini atdı.
Ülkərin kefi pozuldu:
-Bax, görürsən?! Öz-özünü ifşa edirsən. Mənə birisi kimi baxırsan. Sözünə bir diqqət elə: “birisinə uyub ailəsini atdı”. Bunu deyənlər həm də sənin sözlərin böyür-başına “fahişənin birisinə uyub” sözlərini də artıracaqlar, həə? Sən özün də belə fikirləşirsən.
Şahmar özünə haqq qazandırmaq üçün:
-Yox, yox, elə demək istəmirdim, – dedi. -Deyirəm yəni məni alçaltma.
Ülkər:
-Mən isə ömrüm boyu fahişə olaraq qalım? Budur sənin məntiqin? Bir var deyəsən ərimi gözləyirəm, “bu mənim ərimdir. Bir də var deyəsən: oynaşımı gözləyirəm, mənim məşuqumdur. Gəlib mənim işimə baxıb getsin. Bəs sən məni təhqir etmirsən, alçaltmırsan?
-Niyə elə fikirləşirsən? Qohum-əqrəbadan birini taparam, alar səni, evin də olar, ailən də, ərin də.
-Sonra arada xəlvəti, ərimin gözünü oğurlayıb ehtirasını söndürmək üçün yanıma gələrsən: Həə…
-Gəlmərəm, yaxşı.
-Yox, gələcəksən. Bir ər kimi.
-İşə düşmədik.
-Uşağına yiyə durursan, durmursan?
-Tərslik eləmə. Gedək həkimə, saldır uşağı. Bununla da hər şey qurtarıb getsin.
-Sən də ilim-ilim itəsən? Heç nə belə sadəcə qurtarıb getməyəcək!
Şahmarın ağlına gəldi:
-Onda molla ilə kəbin kəsdirək.
-Yox, nikah bağlayaq. Sənə yaxşı, sədaqətli arvad olaram, söz verirəm. Xəyanət etsəm, başımı kəsərsən. Dilimdən iltizam verərərm.
Ülkər xalatının düymələrini açdı, bütün bədəni açıqda qaldı. Altdan da heç nə geyməmişdi.
-Belə bədəndən imtina edirsən?
Şahmar ayağa qalxmaq istədi. Ülkər qoymadı:
-Söhbətimizi bitirməmişik. Yaxşı konyakım var, fransız.. sənə söz vermişdim. Unudub mətbəxdə qoymuşam, mən də içəcəyəm. İndi qızışıb bir-birimizə ağzımızdan gələni deyirik içək, söhbətimizi davam etdirək.
-Yaxşı.
Ülkər mətbəxə keçdi. Məcməyidə konyak şüşəsi və konyak dolu iki badə gətirdi. Qədəhlərdən birini Şahmara uzatdı:
-Mənim sağlığıma iç, ağıllı qız olacağam.
Bunu eşidən Şahmarın daxilində bir ümid qığılcımı yandı. Konyakı içdi az sonra yavaş-yavaş gözləri yumuldu. Ülkər qollarından tutub onu yatağa sarı apardı. Soyundurdu və özü də xalatını bir tərəfə tulladı.
* * *
Rəfiqə Şəfiqə xanımı əlindən tutub otaqda gəzdirirdi. Fərid, adəti üzrə sakitcə oyuncaqları ilə oynayırdı. Elmira da mətbəxdə idi.
Domofonun zəngi səsləndi. Elmira qapıya yaxınlaşıb dəstəyi qaldırdı:
-Kimdir?
-Ema, mənəm.
Şahmarın səsi idi. Elmira qulaqlarına inanmadı. Bir də soruşdu:
-Kimdir?
-Şahmardır.
Elmira qeyri-ixtiyari:
-Şahmardır, -deyib düyməni basdı. Blokun qapısı açıldı. Şahmar binaya daxil oldu.
“Şahmardır” sözünü eşidən Şəfiqə xanım haldan-hala düşdü:
-Can bala, gələn ayaqlarına qurban. Gəl məni ölümdən qurtar! Mənzilin qapısını açıb gözlədilər. Lift dayandı, Şahmar göründü. Şahmar evdəki dəyişiklikləri dərhal sezdi. Rəfiqə Şəfiqə xanımın qolundan tutmuşdu. Anasının yerişi ləng idi. Kor adamlar kimi əllərini qabağa uzadıb Şahmarı axtarırdı. Şahmar özünü anasına doğru atdı:
-Ana, anacan! Sənə nə olub? De.
-Ay bala, anana olan-olub. De görüm, sənə nə olmuşdu. Barı sağ-salamatsan?
Bunu deyən xalası Rəfiqə idi.
Şəfiqə xanım əllərini Şahmarın sir-sifətində, bədənində gəzdirdi:
-Şükür, sağ-salamatsan.
Şahmar Elmiraya sarı getdi. Ondakı dəyişikliyi də dərhal gördü və yerində dondu:
-Bə…
Elmira ağladı:
-Körpəni itirdik…
Şahmar başa düşdü ki, bütün bunların səbəbkarı odur.
Fərid dayanıb baxırdı. Şahmar başını qucaqlayıb hərəkətsiz dayanmışdı. Sonra irəli yeriyib Fəridi qucağına götürüb öpdü:
-Necəsən, oğlum?
-Yaxşıyam, ata. Harada idin? Anam səndən ötrü çox ağladı, arıqladı. Nənəm də ağlayırdı. Rasim baba ilə Maral nənə də bizdə idilər. Tək sən yox idin. Hara getmişdin? Nənəmlə anam dolma bişirmişdilər. Sən gəlmədin, dolma qaldı, yemədik. Sən gəlmədiyin üçün əvvəlcə anam, sonra da nənəm yerə yıxıldılar. Həkimlər gəlib onları apardılar.
Fərid dil boğaza qoymurdu. Şahmar susurdu. Rasim müəllim zəng etmişdi, Elmira ilə danışırdı. Rasim müəllim deyirdi:
-Polislər sənə zəng edən adamın telefon nömrəsini tapıblar. Amma itmiş, yaxud oğurluq telefondan zəng edilib. Telefon sahibinin polisə ərizəsi də var. həmin hadisədən iki gün əvvəl ərizə yazıb ki, telefonum oğurlanıb. Yenə də bilinmədi ki, zəng kimin zəngidir.
Elmira axıra qədər qulaq asıb dedi:
-Ata, Şahmar gəlib çıxdı.
-Gəldi? Nə yaxşı. Gözün aydın, qızım! İndi ananla mən də gəlirəm.
* * *
Hamının gözü Şahmarda idi. Onun nə deyəcəyini, bu üç gündə harada olduğunu bilmək istəyirdilər. Şahmar isə susurdu. Gah yuyunur, gah paltarını dəyişir, gah da üzünü qırxmaqla özünü məşğul göstərirdi.
İndi Rasim müəllimlə üzbəüz oturmuşdular:
-Ay oğul, din, danış. Üç gün əvvəl bir maşına oturub harasa getmisən. Bir saat keçməmiş evə zəng edib Elmiraya deyiblər ki, sənin mindiyin maşın qəzaya uğrayıb, sən də həlak olmusan.
Şahmar qəddini düzəltdi: “Bu nə danışır?!”
-Bu xəbəri eşidən kimi Şəfiqə xanımın gözləri tutulub, Elmira da yerə yıxılıb, uşaq da tələf olub. Yaxşı ki, xalan evdə imiş. Bir əlcə uşaq – Fərid dəli olardı. Tək-tənha nə eyləyə bilərdi?! Rəfiqənin zəngindən sonra təcili yardım maşını gəlib onları xəstəxanaya aparıb.
Şahmar Ülkərin əlindən qurtarandan bəri hey fikirləşirdi ki, bu neçə günü harada olduğunu yaxınlarına necə izah edəcək? Ağlına bir şey gəlmirdi.
-Polislər axtarış elan etmişdilər.
Bu söz Şahmara çox pis təsir etdi: ”Gör iş nə həddə çatıb. Əlacsızlıqdan polis işə qarışıb”.
Rasim müəllim görəndə ki, Şahmar başına gələnlərdən söz açmaq istəmir, o da dərinə getmədi.
* * *
Ertəsi gün Şahmar oyanıb yuyundu. Səhər yeməyinə oturanda Ülkər onun başını qataraq yenə ona dərman verərək, yatırmışdı ki, durub evinə getməsin. Axşam da eləcə. Bu minvalla Şahmarı üç gün mənzilində saxlamışdı. Hələ bu azmış kimi Elmiraya zəng vuraraq, demişdilər ki, Şahmar avtomobil qəzasına düşüb, həlak olub.
Bununla Şahmarın ailəsində qanıqaraçılıq yaratmaq, onu zor-bəla ilə də olsa, özünə bağlamaq, ailəsini dağıtmaq istəyirdi.
Şahmar arada mənzili tərk etmək istəyəndə Ülkər sirkəni götürərək, özünü öldürəcəyi ilə Şahmarı qorxudur, hədələyirdi. Axırda Şahmar bir yol tapıb onun əlindən qurtula bildi.
Məsələ onun düşündüyündən də ağır idi. Başına gələnlər azmış kimi üstəlik Elmira bətnindəki körpəni salmış, anasının gözləri tutulmuşdu. Rasim müəllimlə Maral xanın onun yoxa çıxmağından xəbər tutmuşdular. Bundan başqa, neçə gün idi ki, polislərin də dincliyi yox idi. Nə olsun Şahmar tapılmışdı?! Lap yaxşı. İndi onu çağırıb sorğu-suala tutacaqdılar: harada idin? Kiminlə idin? Evə niyə gəlmirdin?
Fikirdən-xəyaldan Şahmarın başı partlayırdı. Hamı onun nə zaman dilə gələcəyini gözləyirdi. O isə susurdu. Bunu görən Rasim müəllim Maral xanıma göz-qaşla başa saldı ki, durub geyinsin. Elmira bir xəbər öyrənsə, onsuz da anasına deyəcəkdi. Amma Elmira evindəki hər söz-söhbəti də anasına çatdırmırdı. Boş yerə onların qanını qaraltmaq istəmirdi. Adamın belə gəlini ola!
Axşam düşdü. Fəridi yatırtdılar. Şəfiqə xanımı otağına apardılar. Rəfiqə hələ ki, burada – bacısının yanında qalırdı. Şəfiqə xanımın gözdən olması onu ağrıdırdı.
Elmira Şahmara müraciətlə:
-Çaydan, yeməkdən nə istəyirsən? – deyə soruşdu.
“Yox” cavabını alıb o da öz otağına çəkildi. Telefon səsləndi. O idi. Ülkər idi. Cavab verməyib, telefonu qapadı. Ülkərlə söhbətləri tutmamışdı: “Görəsən gələcəkdə məni nə gözləyir? Bu Ülkər məndən əl çəkən zibil deyil. Bəs polislər?! Sabah saat 10-da polis idarəsinə çağırıblar. Bu məsələni açıb-ağartmaq olmaz. Bəs rəisə nə deyim, elə deyim ki, yaxamdan əl çəksinlər. Amma inandırıcı dəlil olmalıdır. Bəs nəyi bəhanə gətirim? Nəriman prokurorluqda işləyir. Sinif yoldaşım olub. Çoxdandır görüşmürük. Məni pis qarşılamaz. Gedim dərdimi ona danışım, bir yol göstərsin. Həm də polis rəisinə tapşırsın ki, məni çox da çək-çevirə salmasınlar. Bu məsələnin altından bir daş, üstündən də bir ağır daş qoysunlar!.
Bəs evdəkilərə nə desin? Tutaq ki, polislər əl çəkdilər. Ölüm yox, itim yox. Bəs Ülkər? Ondan yaxa qurtara bilməyəcəyəm. İki ay, üç ay, axır ki, uşaq doğulacaq. İndi nə var ki? Onda bütün aləm mənim əməlimdən xəbər tutacaq. Bu insan adlı məxluqun niyə bir damarı boşdur? Niyə haqqın səsinə qulaq asmır, şeytan əməlinə uyur? Şeytan onu yoldan çıxarır. Elmiranın mənə nə yamanlığı dəyib ki, ona bu qədər əzab verirəm?! Rasim müəllim də, Maral xanım da ipək kimi adamlardır. Mənim əməllərimə göz yumurlar. Qızlarının, nəvələrinin xətrinə. Bu nə işdir düşdüm? Bu qız nə bəlaymış , bilməmişəm. İnad edib durur ki, yox, doğacağam, uşağına yiyə dur. Aləmi bir-birinə qatacağını deyir. Başıma haranın külünü töküm? İnsanın yol verdiyi bütün əməllərində onu başa düşmək olur. Bircə oğurluqda bu arvad məsələsi adama çox xəcalət gətirir. Oğurluq hallarının da bir çıxış yolu olur – imkansızlıqdan edib oğurluğu. Bəs arvadbazlığa nə ad verəsən, dərdini kimə deyəsən. deməlidir ki? Nə isə…
Yataq otağının açıq qapısından içəri boylandı. Elmira yatağı düzəldirdi. Sonra görünməz oldu. Gecə lampası yandı. Elmira şifonerin qabağına keçib üst paltarını dəyişib, gecə köynəyini geydi.
Şahmar indi hansı üzlə gedib yatağa girsin. Elmiranın yanında uzansın. Dünən Üıkərin qolları arasında idi. Onunla gün keçirirdi. Bu gün də gəlib arvadı ilə yatsın? Bu böyüklükdə həngamədən sonra buna hansı həddə, hüququ, ixtiyarı vardı? Öz-özündən iyrəndi. Gül kimi arvadını necə də ayağa verir.
Eyvana çıxıb siqaretini yandırdı. Şəhər yatırdı. Göydə ulduzlar sayrışırdı. Xəfif meh xoş sərinlik gətirirdi. Amma Şahmar bu sərinliyi hiss etmirdi. Bədəni od tutub yanırdı: “Bu işlərin axırı necə olacaq? Axırda necə qurtaracaq?”
Göydə bir ulduz axdı. Şahmar onu görüb lap dilxor oldu: “Bu, pis əlamətdir! Vallah özü saxlasın!”
* * *
Həqiqətdə nə baş vermişdi? Ülkər konyaka yuxu dərmanı qatmışdı. Şahmar yuxulayan kimi aparmışdı çarpayıya. Özü də girmişdi yanına. Bunu, artıq demişik. Şahmarın mobil telefonunu söndürüb gizlətmişdi. Odur ki, ona zənglər çatmırdı.
* * *
Telefon zəngi gəldi. Mobil telefonunu şalvarının dal cibinə qoymuşdu. Çıxarıb baxdı. Ülkərin zəngi idi. “Səhərin gözü açılmamış nə xəbərdir? Gecə yatmayıb-nədir”.
Şahmar cavab verdi.
* * *
Sabah prokurorluğa gedəcəkdi. Bir işin dalına gedəndə də gərək iş-iş olsun, bir adamın qapısını açanda da gərək ərklə, ürəklə açasan! Yoxsa…
Mərdanzadə Şahmarı səmimiyyətlə qarşıladı, xoş dillə danışdırdı:
-Hardasan? İtib-batmısan.
Şahmar onun göstərdiyi yerdə əyləşdi. Mərdanzadə də keçib onunla üzbəqz qoyulmuş stulda ətləşdi:
-Necəsən? Rasim müəllim necədir?
Şahmar onun suallarına sıxıla-sıxıla cavab verirdi. Mərdanzadə Şahmarın sıxıldığını görüb:
-Bura bax, nə məsələdir? Birbaşa mətləbə keç, özü də heç nəyi gizlətmə. Bacardığımız köməyi edərik. Bu iki-üç günü harada olmusan?
Şahmar nə ki, var danışdı. Tay-tuş idilər, nədən çəkinəcəkdi?
-Deyir uşağa qalmışam, abort da etdirməyəcəyəm. Qalmışam odla su arasında.
-Dəli. Elə bu çatmırdı. Bəlkə başını aldadır, heç uşaq-muşaq yoxdur, pul qoparmaq istəyir? Özünü yorma. Nə qədər pul istəyirsə ver, başından elə.
-Bu barədə söhbətimiz olub. Pula yaxın durmur. Fikrində qətidir. Doğmaq istəyir. Guya həkim buna deyib ki, abort eləsən, bir daha uşağın olmayacaq. Həm də deyir onu alım, uşağa yiyə durum.
-Hə, əzizim, yaman ilişmisən. Ay zalım, oturub-duranda da eləsini seçəsən gərək ki, sonradan bağını ağritmasın, səni rüsvay eləməsin. İndi çoxları bir iş görəndə bunu məqsədlə edir. Nə, bu neçə günü harada olmusan? Öldü xəbərin çıxıb.
Şahmar olanı danışdı. Sonra əlavə etdi:
-Dedim ki, yəqin fikrindən daşınıb. İki-üç gün onun mənzilində yatıb qalmışam. Zəng edib mənim qəzaya düşdüyümü bildiriblər. Xəbər o qədər sarsıdıcı olub ki, arvadım uşağı, aman isə gözünün işığını itirib.
-Rasim müəllimin bu arvad məsələsindən xəbəri var?
-Yoxdur. Bunu açıb deyə bilmərəm. Onun bilməsinin qorxusu yoxdur. Elmira xəbər tutsa məni atıb gedəcək. Ona bələdəm, qürurludur, belə təhqirə tablaşmaz. Səlim, mən arvadımı boşayıb onu ala bilmərəm. Həm də bu Ülkərlə subay olsaydım belə, evlənə bilmərəm. Üzü üzlər görüb.
-Səni başa düşürəm.
Prokuror ayağa qalxdı, Şahmar da durdu.
-Yaxşı, burdan durub gedirsən polis rəisinin yanına. Zəng edib tapşıracağam ki, sənə kömək etsin.
Görüşüb ayrıldılar.
Şahmar küçələri dolaşıb, nəhayət, polis idarəsinə gəldi. Rəisin yanında bir nəfər vardı. Gözləməli oldu. Axır ki, görüşdülər. Polis rəisi onu mehribanlıqla qarşıladı:
-Hə, bilirəm, Mərdanzadə deyib. Bu nə məsələdir? Yoxa çıxmışdın. Belə iş tutarlar? Zəng də edə bilmirdin?
Şahmar hiss elədi ki, tər onu basır. Cib dəsmalını çıxardı. Yaxşı ki, rəis onun bu vəziyyətini görmədi. Həsənli stolun siyirməsindən bir kağız çıxarıb zəngin düyməsini basdı. Katibə içəri girdi:
-Bu kağızı mayor Səlimova ver.
Qız çıxmaq istəyəndə:
-Bizimçin çay gətir, -dedi.
Qız otağı tərk etdi, az sonra iki fincan çayla içəri girdi.
-Hə, danış.
Şahmar başına gələnləri danışdı. Polis rəisi:
-Məsələ aydındır, – dedi. –Özünə gələn kimi sənə yuxu dərmanı verirmiş. Mobil telefonunu da söndürüb ki, zənglər gəlməsin. Yaxşı, qardaş, durub-oturanda əməli saleh adam tapa bilmirdin?!
Şahmar başını aşağı saldı.
-Deməli, bu yolla səni evindən, ailəndən soyudub, özünü sənə sırımaq istəyir?
-Bəli.
-O – o olsun, biz də biz. Əgər o yalan-palan uydurub bu oyunları çıxarırsa, dərsini verəcəyik. Elə tədbir görəcəyik ki, öz hayına qalar.
-Fikriniz nədir?
-Ülkəri çağırıb sorğu-suala tutacağıq. O, müayinəyə göndəriləcək. Uşaq məsələsini uydurubsa, boyun qaçıracaq. Amma əgər ola bilər ki, doğrudan da hamilədir.
Şahmarın rəngi ağardı.
-Başqasından uşağa qala bilər. Müayinə göstərsə ki, o hamilədir, deanka etdirərik. Sənə şər atdığı aşkarlansa, boğazına çökərik. Bu, bir. İkincisi, səni neçə müddət evində dustaq edib. Bu, bilirsən nədir? Adam oğurluğu. Bunun da ayrıca cəzası var. üçüncüsü, ailənə zəng etdirib sənin öldüyünü xəbər veriblər. Bu xəbərdən sonra ananın gözləri tutulub, həyat yoldaşın uşaq salıb. Bu da bir cinayət. Zəng edəni də tapacağıq. O da boynuna alacaq onu kim öyrədib. Beləliklə, sənin Ülkərin üç maddə ilə cinayət məsuliyyətinə cəlb olunacaq.
Polis rəisi danışdıqca Şahmarın rəngi-ruhu özünə gəlirdi:
-Mən məsələnin bu qədər yoğunlaşmasını istəməzdim. İş uzandıqca, Rasim müəllim, qayınanam, həyat yoldaşım, anam, xalam həqiqəti biləcəklər.
-Ona görə də məsələni gərək xoşluqla həll edək. Bəlkə səndən pul qoparmaq fikri var. ona görə bu oyunu çıxarır.
-Yox, pul məsələsi deyil. Pul təklif eləmişəm. Yaxın qoymayıb.
-Bilirsən nə var? Sənin ona qəpik-quruşun lazım deyil. Görünür, o böyük məbləğə ümid edir.
Rasim fikrə getdi:
-Məndə böyük məbləğ haradan?
-Rasim müəllimin qayınatan olduğunu bilir?
-Bilir.
-Aydındır. Onun imkanlı olduğundan xəbəri var. Bilir ki, bəd ayaqda onun üstünə qaçacaqsan.
-Rasim müəllim bu barədə bilsə, mənə qəpik də verməz. O həmişə deyib: inkişafın üçün, ailənin rifahı üçün nə lazımdırsa, əl tutum. Mənə güvənə bilərsən. Həlləm-qəlləm işlərdən mən uzağam. Mənə ümid eləmə.
-Bura bax, bəlkə onu öyrədən var?!
-Öyrədən? Kim? Ağlıma kim isə gəlmir.
* * *
Ülkər polis rəisinin qəbulunda idi.
-Buyurun, əyləşin.
Ülkər oturdu.
-Yaxşı, bu nə məsələdir? Adam oğurluğu bilirsinizmi, cinayətdir?
-Hansı adam oğurluğundan danışırsınız, rəis?
-Şahmarı dilə tutub evə çağırmış, sonra üç gün evindən buraxmamısan.
-Yalandır. Onunla münasibətimiz var. Zəng edib ki, sizə gəlmək istəyirəm. Mən də demişəm: buyur. Gəlib üç gün bizdə qonaq qalıb, sonra da durub gedib. Döyülməyib, söyülməyib, zədəsi yox, yaralı yeri yox. Bu nə kişilikdir? Gəlib gör nəyin şikayətçisi olub?!
-Amma yaman dedin ha.
-Mən qadın xeylağı. Sizin dediyiniz kimi, zəif cinsin nümayəndəsi. O boyda kişini necə oğurlaya bilərdim? Gəldi yedi-içdi, yatdı, durdu. Arada dedim evdə narahat olarlar. Dedi: evə getmək istəmirəm, bezmişəm. Ailə həyatından nə isə narazı idi. Heç getmək istəmirdi. Məcbur göndərmişəm.
Rəis Ülkərin məntiqinə heyran oldu:
-Yaxşı, sən nə üçün evinə zəng etdirib demisiniz ki, avtomobil qəzası baş veriv, Şahmar da həlak olub.
-Kim, mən? Mən zəng etdirmişəm? Nəyimə lazımdır bu? Burada məntiq görmürəm. Əksinə, istəyirdim Şahmar durub evinə getsin. Özü getmirdi.
-Doğrudur, telefon nömrəsi və səs sənin deyil. Amma adını çəkdiyiniz məntiq şübhəni sənin üzərinə gətirir. Niyə məhz o, yoxa çıxan vaxt onun ailəsinə belə bəd xəbər verilir?
-Rəis, bu, bir qanunauyğunluqdur. Sadəcə hadisələr üst-üstə düşüb. Hansısa düşməni ailəsini sarsıtmaq üçün ona belə xoşagəlməz mesaj göndərib. Sadəcə bu, Şahmarın bizə gəldiyi günə təsadüf edib. Həmin zəngə gəldikdə, mən günahkar deyiləm.
-Deməli, burada sənin əlin yoxdur?!
-Qətiyyən.
-Tutaq ki, razılaşdıq. Bəs nə üçün onu buraxmırdınız. Zorla başını götürüb qaçıb.
-Nəzərdən qaçırmayın ki, mən onun mənzilinə getməmişəm, yaxud da iş yerindən, küçədən bir maşına mindirib onu qaçırmamışam. Öz ayağı ilə oynar-gülər mənim mənzilimə gəlib. Bir neçə gün qalıb, sonra da çıxıb gedib. Mən dul qadınam. Dostla, yoldaşla görüşməyə, evimdə qonaq qəbul etməyə ixtiyarım var. mənim mənzilimdə Şahmara zor tətbiq olunmayıb. Biz çoxdanın dostu, yoldaşıyıq. Uzun müddət görüşmüşük. Həm də bizim uşağımız var. O, bətnimdəki körpəmin atasıdır.
Ülkər özü gəlib çıxdı uşağın üstünə.
-Uşaq neçə aylıqdır?
-Bunun mənası varmı?
-Axı siz xeyli müddət bir yerdə olmamısınız. Uşaq necə ola bilər?
-Siz bunu bilməyə bilərsiniz. Həm də mənim yox, onun dediklərini əsas götürürsünüz.
-Səni müayinəyə göndərməli olacağam.
-Hansı əsasla? Şikayət var? Ərizəni görmək istəyirəm.
-Ərizə yoxdur.
-Görürsünüz, şikayət yoxdursa, ixtiyarınız çatmır.
-Ərizə ola bilər.
Ülkər istehza ilə güldü:
-Təşkil edəcəksiniz? Ərizə olanda müayinəyə göndərərsiniz.
-Yaxşı.
-Ərizə olan kimi, onun həyat yoldaşına sərgüzəştlərimizi danışaram.
-Bunu etməzsən.
-Niyə ki?! Haqqım var. O, körpəmin atasıdır.
-Olmayan körpənin?
-Siz artıq mənə təzyiq edirsiniz.
-Sən ailə dağıtmaqda ittiham oluna bilərsən.
Ülkər ayağa qalxdı:
-İcazənizlə gedim.
–Söhbətimiz bitmədi. Səninlə bir daha görüşəcəyik.
-Sağlıq olsun.
* *
Rasim müəllim Şahmarı özünün işdəki kabinetinə çağırmışdı:
-Ay oğul, bu nə məsələdir?
Şahmar qıpqırmızı oldu:
-Rasim müəllim, məni bağışlayın, bir səhvdir, olub. Amma xahiş edirəm, Maral xala ilə Elmira xəbər tutmasın. Uşaq məsələsini yalandan ortaya atıb. Xeyli müddətdir onunla görüşməmişəm. Uşaq məndən olsaydı, çoxdan doğulmuşdu. Bunun hamiləliyi hələ heç o qədər də bilinmir. Mənə şər atır.
-Məqsədi nədir?
-Bilmirəm.
-Müstəntiq düz deyir. Səndən çoxlu pul qoparmaq istəyir canının ağrısını öyrən. Nə qədər pul istəyirsə, verim, yaxandan əl çəksin.
* * *
Polis rəisi Ülkəri çağırtdırmışdı. Ülkər ötən dəfə rəisin kabinetinə ürəkli girmişdi. Bəzi orqan işçilərinin xasiyyətinə, iş tərzinə bələd idi. Onlarla qorxa-qorxa danışanda adamı daha çox çək-çevirə salır, tutmadığı işi, yol vermədiyi hərəkəti də boyununa qoyurdular. Şər də atırdılar. Ona görə özünə söz vermişdi ki, diribaş olacaq. Rəisin kabinetindən çıxandan sonra onu ağlamaq tutdu. Bir təhər özünü saxladı. ətrafda polislər gəzir, söhbət edirdilər. Onu gözü yaşlə görmələrini istəmirdi. Bir qədər uzaqlaşandan sonra bir oturacaqda əyləşib göz yaşlarını axıtdı. əsəbləri tarıma çəkilmişdi, ağlamaqla sakitləşəcəkdi. Başa düşə bilmirdi ki, Şahmar niyə gedin ondan şikayət edib. Ülkər ona nə demişdi ki? Sadəcə bildirmişdi ki, ondan uşağa qalıb, arvadını boşayıb onu alsın. İstəmir ki, doğulacaq uşaq atasız böyüsün. Burada nə var ki? Bundan ötrü utanın yerə girmir, gedib birinin üstünə beşini nədir, on beşini də qoyub polisə şikayət edib. Məni adam oğurluğunda, Elmiranın uşaq salmasında, Şahmarın anasının kor olmasında suçlayırlar. Gör özünü necə tapşırdıb ki, Ülkəri müstəntiq, sahə müvəkkili deyil, şəxsən polis rəisinin özü sorğu-suala tutdu. “Amma mən də mənəm ha. Rəisi mat qoydum. Soruşdum ki, “ərizə varmı? Əgər şikayət yoxdursa, hansı əsasla məni dindirirsiniz?” İndi necə olacaq? Rəis yəqin Şahmarın ərizəsini alıb. Hüquq mühafizə orqanına nə var ki?! Tərəflərdən hansı birini istəsə, istər haqlı olsun, istərsə də suçlu, günahlandıra bilir. Bir yol tapır. Görmədimmi doğulacaq uşaq qaldı bir kənarda, rəis başladı bütün təqsirləri mənim boynuma qoymağa”.
Ülkər başa düşürdü ki, bu dəfə rəislə ürəkli danışa bilməyəcək. Hökmən onu ginekoloqun yanına, sonra da DNK testinə göndərəcək. DNK göstərsə ki, uşaq Şahmardan deyil, o zaman ondan tələb edəcəklər uşağın atasının kim olduğunu desin. Uşaq başqasından olsa, Ülkərə cinayət işi açılacaq. Şahmara şər atdığına görə.
Vaxta az qalırdı. Rəis Ülkəri günorta saat 3-ə çağırtdırmışdı. Saat birdə, adətən nahara gedər, saat 2-də qayıdıb iş başında olardı. Rəis Ülkərlə ötən görüşünü yada saldı: “Amma bu Şahmar da az aşın duzu deyil.. ha. Deyirik gərək o qıza baş qoymayaydın. Amma öz aramızdır, ona necə baş qoymayasan. Keçməli deyil ha. Həm də dişli qızdır. Az qala məni divara dirəmişdi: !Rəsmi şikayət varmı?”
Rəisin işarəsi ilə Ülkər əyləşdi.
-Deyirəm vaxt itirməyək. İndi nə deyirsən? Səni ginekoloqa, sonra da DNK testinə yollayımmı?
Ülkər yaxşı başa düşürdü ki, bu rəis də Şahmar kimi ona inanmır. Rəis bu kimi işlərdə saç ağartmışdı. Ülkər kimə kələk gəlirdi? Axırda özü günahkar çıxacaqdı. Qız qeyri-ixtiyari söyüş söydü:
-Əclaf köpək oğlu! Məni işə saldı!
Rəis diqqət kəsildi:
-Kimi söyürsən? Şahmarı?
Ülkər tez özünü ələ aldı:
-Yox, bağışlayın.
İnadkarlıq göstərməyə dəyməzdi. Ona görə şikayət ərizəsinin verilib-verilmədiyini soruşmayıb ayağa qalxdı.
* * *
Ülkər xeyli miqdarda pul qoparıb Şahmarı rahat buraxdı. Bu, Şahmara dərs oldu, yanıb-yaxıldı. İnsanları tanımaq olmazmış. Düz deyirlərmiş. Ülkər iç üzünü göstərdi. Asan yolla əlinə pul keçirib, “Jeep” maşın, Mərdəkanda əla təmirli ev və hovuzu da olan bağ evi aldı. Onu öyrədən şəxs də ortaya çıxdı. Bu, Şahmarın öz müavini idi. Ülkərlə onu tanış edən Səməd. Sən demə, Ülkəri öyrədibmiş ki, şahmarın üzünə dursun, onu şirkətdən uzaqlaşdırıb onun yerini tutsun. Ülkərin qazancı da o olacaqdı ki, müavin vəzifəsini icra edəcəkdi. Uşaq söhbəti düz-doğru idi, amma Şahmardan yox, Səməddən imiş.
Səməd istətinə nail olmadı, iş yerini də itirdi, Ülkər uşağı doğub tək böyütməyə başladı. Abort da etdirə bilərdi, sonralar uşağının olmayacağından qorxmuşdu. Həkim bu barədə onu xəbərdar eləmişdi.
Rasim müəllim ağıllı və tədbirli adam idi. Kürəkəninə dəstək durmuşdu. Bu işlər qurtarandan sonra Şahmara demişdi:
-Bundan belə onlara baş qoşma. Nə Səmədə, nə də Ülkərə. Elə bil o əhvalat da baş verməyib. Bir daş altdan, bir daş üstdən. Bir də, ay oğul, daha uşaq deyilsən. Pul cəhənnəmə, işlərini yoluna qoydu. Amma elə şeylər var kı, bir-birinə dəyəndə pul da adamın dadına çatmır. Uşağını, anan da gözlərinin nurunu itirdi. Bir neçə anlığa şəhvanə nəfsini söndürmək, təmin etmək naminə onlardan məhrum olmağa dəyərdimi? Mən bağışla, səninlə açıq danışıram. Amma məcburam. Olub-keçənlərdən nəticə çıxar. Bunu edə bilsən, udan da sən olacaqsan. Yalan-palan, fırıldaq, şantajla nəyə isə nail olmaq həvəsində olanların axırı yoxdur. Gec-tez peşman olurlar. Bəzən hətta həyatlarını belə itirirlər.
Həqiqətən belə oldu. Bir dəfə dənizkənarındakı restoranların birində möhkəm yeyib-içən və maşına əyləşən Ülkər rəfiqəsi ilə birgə qəzaya uğradı. Səməd də nədənsə onlarla imiş. Rəfiqələr həyatlarını, Səməd isə, qıçlarını itirdi. Balaca Sevda bir daha uşağa qalmayacağından qorxan anası Ülkərdən məhrum qaldı. Səməd uşağı evinə gətirdi. Uşağa baxmaq üçün bir qulluqçu tutdu.
Şahmar Ülkərlə Səmədin faciəsinə sevinmədi. Yalnız təəssüf etdi. Uşağa yazığı gəldi.
* * *
Şirkətdə Şahmarın işləri düz gətirmirdi. İflasa uğramışdı. Rasim müəllim istəməsə də, “bağışlamışam” desə də, Şahmar qayınatasına dəyən ziyanı – verdiyi pulu geri qaytarmaq istəyirdi. Odur ki, heç kimə qulaq asmadı. Xəstə anasını, cavab arvadını, balaca Fəridi burada qoyub yoldaşlarına qoşulub Sankt-Peterburqa yola düşdü. Burada alverlə məşğul idilər. Özü də gün-güzəranı düzələndən sonra özü üçün kirayə mənzil tutdu və Elmira ilə Fəridi də bu şəhərə gətirdi.
Ağlı başında işləyirdi.
* * *
Dolanışıqları yaxşı idi. Şahmar qazancından geriyə də atırdı. Hər ay anasına da pul göndərirdi. Amma birdən-birə Şahmarın gəliri çoxald. O, bunun səbəbini işlərini yaxşı getməsi iolə izah edirdi. Fəqət pis günün sonu olduğu kimi, sən demə, yaxşı günlərin də sonu yetişə bilərmiş. Və yetişdi də…
Elmiranın yalvarışlarına baxmayaraq, Şahmar yenə yolunu azdı. Kef məclisləri ara vermirdi. Vaxt olurdu ki, bir gün, iki gün evə dönmürdü. Elmira balaca Fəridlə yad yerdə dörd divar arasında qalırdı. Divarlar da, mühit də onu sıxırdı. Yuxusu ərşə çəkilmişdi. Axşamlar başını qatmaq üçün yır-yığış edir, paltar yuyur, yemək hazırlayırdı. Bəzən səhərə qədər gözlərini televizora zilləyirdi.
Həyat gözəl olduğu kimi, bəzən cancıxıcı, hətta dözülməz olurmuş. Ağlına gələn fikirlərdən az qalırdı dəli olsun. Bu qədim şəhərin onun xoşbəxtliyinə son qoyacağı, ərini əlindən alacağı barədə qorxunc xəyallara qapılırdı. Dərdini içinə salmışdı. Ata-anası, Şəfiqə xanım tez-tez zəng edir, hal-əhval tuturdular. Onlara heç nə demir, onlarda narahatçılıq yaratmamağa çalışırdı. Hələ də ümidini itirməmişdi. Günlərin birində hər şeyin yoluna düşəcəyinə özündə inam yaratmağa çalışırdı. Ümid bağladığı həmin günün nə zaman gələcəyini isə bilmirdi. Sadəcə buna özünü inandırmaq istəyirdi. Ümumiyyətlə, o gün gələcəkdimi? Bilmirdi. Gücü göz yaşlarına çatırdı: “Gərək buraya gəlməməydim. Sankt-Peterburqda gəlməklə Şahmarın əl-qolu daha da açılmışdı. Burada ona söz deyən, işinə qarışan yox idi. Təkcə Elmira idi ki, onun da sözlərinə əhəmiyyət vermir, dediklərini qulaq ardına vururdu.
Şahmar son günlər çox əsəbi idi. Evə gec gəlir, dinib-danışmırdı. Səhərə qədər oturur, eyvana çıxıb siqareti siqaretə calayırdı. Sualların heç birinə cavab vermirdi. Daha evə pul da gətirmirdi. Büküb bir kənara qoyduqlarından xərcləyirdilər. Bu vəziyyəti görən Elmira öz-özünə: “Deyəsən yenə ilişib, özü də çox pis. Allah, sən özün köməyimizdə dur. Mən heç, bu uşağa rəhmin gəlsin!”
* * *
Şahmar bir neçə gün idi ki, evə gəlmirdi. Elmira daha bilmirdi ki, dərdini kimə desin. Ah-zar edirdi. Onu sorğu-suala tutan oğluna:
-Bala, ağlamıram, soğan soymuşam, ondandır, – deyirdi.
Fərid əl çəkmək bilmirdi:
-Anacan, soğanı günorta soyurdun axı. Xörək bişirəndə. Hələ acısı getməyib?
Elmira daha ucadan hönkürərək onu bağrına basdı:
-Çox pis soğan idi, hə, balası, heç acısı getmir, – deyirdi.
-Bəs atam harada qaldı? Mən bilirəm, atam gələn kimi ağlamağını kəsəcəksən.
Şahmarın hərdən bir-iki gün evə gəlmədiyi günlər olurdu. Amma əvvəlki günlərdən fərqli olaraq bu gün nədənsə Elmira çox narahat idi, sakitləşmək bilmirdi. Ağlına gələn həmişə başına gəldiyindən hiss edirdi ki, nə isə xoşagəlməz bir hadisə baş verib. Ata-anasına deyib onların da qanını qaraltmaq istəmirdi. Polisə də deyə biməzdi. Bir də gördün, gəldi çıxdı. Həm də polisə desəydi, Şahmar çox pis əsəbiləşər, hətta Elmiraya əl də qaldırardı.
Şənbə günü saat on iki olardı. Qapının zəngi çalındı. Fərid tez qapıya qaçdı:
-Ay ana, anacan, atam, atam gəldi.
Elmira narahat halda ərinin gəlişini gözlədiyindən gözlükdən baxmadan qapını açdı. Gələn Şahmar deyildi. İki kişi qapı ağzında dayanmışdı. Biri Şahmarın şəriklərindən idi. O birini tanımırdı. Şərik:
-Olar?
Elmira çəkilib onlara yol verdi. Keçib əyləşdilər. Fərid üzünü Şahmarın şərikinə tutaraq soruşdu:
-Şakir əmi, bəs atam hanı?
Şərik:
-Oğlum, sən o biri otağa keç.
Fərid anasına baxdı. Elmira başının işarəsi ilə bildirdi ki, deyilənə əməl etsin.
Fərid qonşu otağa doğru getdi. Elmiranın ayaq üstündə quruyub qaldığını görən tanımadığı şəxs:
-Siz əyləşin, – dedi.
Elmira oturdu. Pis xəbərlə gələnə oxşayırdılar. “Yəqin tutublar” -deyə fikirləşdi. “Yekə kişidir, heç özünə qoyulmur. Ha de, ha başa sal, ha gözünün yaşını axıt”.
-Şahmar yoldaşlarına atıb, odur ki, onu saxlayıblar.
Elmiranın həyəcanlandığını görən şərik:
-Narahat olma, buraxacaqlar.
Bayaqdan nəfəsini udan Elmira özünə gəldi. Şərik sözünə davam etdi:
– Amma şərtləri var, gərək əməl edə.
Elmira baxdı.
-Dəymiş ziyanı tez bir zamanda ödəməlidir. Yoxsa həyatı ilə vidalaşacaq. Sən də onu başa sal.
Gələnlər getdilər.
* * *
Artıq üçüncü gün idi ki, Şahmar evə gəlmirdi. Soraq verən yox idi. Elmira Fəridi uşaq bağçasına qoyub taksiyə oturdu və polis idarəsinə sürdürdü. Çatanda iki nəfər onun qabağını kəsdi:
-Şahmardan xəbər bilmək istəyirsənsə, maşına əyləş.
Əyləşdi. Maşın uzaqlaşdı. idi.
-Şahmarı buraxdılar?
Arıq və uzun kişi başını yellədi. Elmira key-key baxdı. “Yəni nə baş verib?”
Həmin şəxs:
-Onu aradan götürüblər.
Elmiranın gözləri hədəqəsindən çıxdı.
-Necə yəni aradan götürüblər? Hara aparıblar?
Arıq və uzun kişini gülmək tutdu:
-Heç yerə aparmayıblar.
Bir anlığa susub sözünə davam etdi:
-Öldürüblər.
Elmira nalə çəkdi:
-Vay, evim yıxıldı!
-Şahmar bizə atıb. Bu işdə aldatmaq bağışlanılmır. Biz də bağışlamadıq.
Elmiranın ürəyi getdi. Üz-gözünü döyəcləyib, su verib onu ayıltdılar.
-Şikayət-filan olmayacaq. Birinci uşaq yoxa çıxacaq…
Elmira göz yaşlarını axıtdı.
-Ərim hardadır?
-O dünyada.
-Harada dəfn olunub?
-Biz xəbərdarlıq etdik. Gərək dilini dinc qoyasan. Şahmarın ölüm xəbəri, tanıdığın adamlar barədə, bizim işimiz barədə heç kimə bircə kəlmə demirsən. Polisə müraciət etməyin isə, təhlükəlidir. Nə burada, nə də orada – Azərbaycanda ağzından bir kəlmə söz çıxmamalıdır. Şahmarın ölümündən də xəbərin yoxdur. Özünü, oğlunu, ata-ananı fikirləş. O adamların əlləri uzundur axırınıza çıxa bilərlər. Birinci oğlundan başlayacaqlar. Əvvəlcə onu öldürəcəklər. Özü də sənin gözlərinin qarşısında. Səni öldürməyə ehtiyac olmayacaq. Uşağının necə boğularaq öldürüldüyünü görəndə ürəyin partlayacaq. Odur ki, səssiz-səmirsiz buradan, bu şəhərdən çıx, get. Nə qədər tez yola düşsən, xeyrinə olar. Səninçin və oğlun üçün bilet alınacaq. Bir daha xəbərdarlıq edirik ağzından bir kəlmə söz qaçırsan… Nə baş verəcəyini artıq bilirsən. Bayaq dedik. Biz icraçıyıq. Narkoşefin tapşırığını yerinə yetiririk. Nəbadə Bakıya qayıdandan sonra bu işi qurdalayasan. Unutma ki, onun əlləri uzundur, çox uzun. Dünyanın hansı guşəsi olursa-olsun çatır. Hətta dağlara, dənizlərə, okeanlara, cəngəlliklərə kimi. Dili uzunluq eləsən, özündən başqalarını da oda ata bilərsən. Biz xəbərdarlıq elədik. Sən də ağıllı ol. Oyunu oynayanda düz oynamaq lazımdır. Şahmar öz günahının qurbanı oldu.
Elmira göz yaşları içərisində gedib Fəridi uşaq bağçasından götürdü, evə qayıdıb çamadanlarını yığışdırmağa başladı.
* * *
Elmira elə həmin gün Bakıya yola düşdü. Soruşanlara: “Şahmar qalmalı oldu. Möhkəm məşğuldur. İşi çoxdur” – deyirdi. Belə söyləsə də, ürəyi qan ağlayırdı: “Az dedik, çox dedik. Heç birimizi eşitmədi. Axır ki balamı yetim qoydu. Gör necə tale yaşadı. Yeri-yurdu da bilinmir. Ölü olsa da, bir müddət diri kimi yaşayacaq. Sonra onun yoxluğuna öyrəşəcəklər”.
* * *
İllər keçdi. Şahmardan xəbər çıxmadı. Gördüm deyən olmadı. Onun yoxluğuna axır ki, alışdılar. İtkin düşdüyü bildirilirdi. Nə dirisi, nə də ölüsü tapıldı. Şəfiqə xanım oğlunun dərdindən dünyasını dəyişdi. Elmira valideynlərinə sığındı.
Elmira övladını, əzizlərini yadına salıb narkobaronun adamları ilə olan söhbəti heç kimə açıb demədi. Onlar da Elmiranı rahat buraxdılar. Bir də ki, polisə nə deyəydi?! Tapa bilsəydilər tapardılar. Mafiya öz işini elə təmiz qururdu ki, izə düşə bilmirdilər.
* * *
Maral xanımın səsi Elmiranı xəyallarının pəncəsindən ayırdı:
-Qızım, əynini dəyiş, ən yaxşı paltarlarından birini geyin.
Elmira zarafata saldı:
-Necə bilirsən? Bəlkə gəlinlik paltarı geyim? Fata da qoyum?
Maral xanım pərt oldu:
-Biz sənin xoşbəxtliyin üçün əlləşirik, sən isə məni dolayırsan, atana qulaq asmırsan. Qızım, ayıb deyil?
Elmira durub anasını qucaqladı:
-Xətirinə dəydimsə, bağışla. Nə edim, ana, söhbət etməyə, zarafatlaşmağa bir adam yoxdur. Atam bütün günü işdə, Fərid də balaca. Gücüm sənə çatır.
Maral xanımın əlinə girəvə düşdü:
-Ay qızım, elə biz də bununçun əlləşirik də. Sənə qulaq yoldaşı lazımdır.
Elmira əlini yellədi:
-Eh, ana, birincidən əlim bala batdı, bundan da doşaba batar.
Şəfiqə xanım əllərini onun çiyinlərinə qoyaraq:
-Dur geyin,- dedi, -bir azdan Fərhad müəllimin oğlu – Fuad gələcək. Qoy sənə baxıb hayıl-mayıl olsun!
Hazırlıq görülmüşdü. Süfrə açılmışdı. Şirniyyat stolu idi. Rasimlə Maral elə bil iynə üstündə oturmuşdular. Gözləri televizorda olsa da, fikirləri-xəyalları Elmira ilə məşğul idi, gələn qonaq haqqında düşünürdülər. Elmiranın cavabının onlar üçün əhəmiyyəti böyük idi. O, yerbəyer olsaydı, ürəkləri yerinə gələrdi. Onlar bu gün var idilər, sabah yox. Elmiranın gələcəyi isə qabaqda idi. Tək oğlan uşağı ilə tənha Elmiranın günü-güzəranı sonralar necə olacaqdı? Bu idi Rasimi narahat edən, rahatlığını pozan.
Qapının zəngi çalındı. Rasimlə Maral xanım yerlərindən qalxdılar. Fərid sakitcə divanda oturmuşdu. Ona başa salmışdılar ki, özünü ağıllı aparsın. O da söz vermişdi. Uşaq sadəlövhlüyü ilə.
Qapını Rasim açdı. Fuad bir əlində iri bir gül dəstəsi, o biri əlində hədiyyələr olan çanta içəri girdi. Gülləri Maral xanıma verdi. Sağ əli boşaldı. Və həmin əlini qabağa uzadıb Rasimlə görüşdü.
Ona yer göstərdilər. Elmira da ayaq üstə idi. Rasim ona salam verib əyləşəndən sonra Elmira da oturdu.
Fərid divanda lal-dinməz əyləşib oyuncaqları ilə oynayırdı.
Rasim hal-əhval tutdu, atasını soruşdu. Fərhad müəllimdən razılıq etdi. Onların söhbət etdiklərini görən Elmira qalxıb mətbəxə keçdi. Anasına kömək etməyə başladı. Maral xanım dönüb qızına baxdı. Bu, “Hə, oğlan necədir?” demək idi. Elmira çiyinlərini çəkdi. Maral xanım:
-Daha ağ eləmə. Bundan yaxşı namizəd ola bilməz, – dedi. –Mənim xoşuma gəldi.
Elmira:
-Hə, pis oğlan deyil, – dedi.
Maral xanım sevindi. Qızının axır ki, insafa gəldiyindən çox şad oldu. Elmira anasının süzdüyü çayı götürüb otağa keçdi. Fincanlardan birini atasının, digərini Fuadın qarşısına qoydu, həm də hiss etdi ki, Fuad altdan-altdan onu süzür. Elmira geri dönmək istəyəndə Maral xanım da əlində iki fincan içəri girdi.
-Əyləş, qızım.
Elmira oturdu. Maral xanım da fincanın birini qızının, o birini öz qarşısına qoydu və əyləşdi. Elmira Fəridə müraciətlə:
-Oğlum çay istəyirsən? – deyə soruşdu.
Fərid sözləri sındıra-sındıra:
-Çay istəmirəm, su içirəm… deyə cavab verdi.
Elmira durub Fəridə su gətirdi.
Rasim söhbətcil idi. Qonağı darıxmağa qoymurdu. Öz sorğu-sualı ilə Fuadı da hərəkətə gətirmişdi. O, həvəslə öz işlərindən, imkanlarından, uğurlarından danışırdı. Cavan olsa da tez bir zamanda özünə hörmət və nüfuz qazanmışdı.
Elmira hələ onu öyrənirdi. Danışığına, geyiminə-keçiminə, süfrə başında özünü aparmağına, müraciətlərinə, nitqinə, suallara verdiyi cavablara diqqət yetirirdi. Hər şey ölçülü-biçili idi.
Fuad zövqlə geyinmişdi, özünü sərbəst, ciddi, alicənab və nəzakətli aparırdı. Nitqi aydın və rabitəli idi.
Maral xanım nəyisə bəhanə eləyib Rasimi qonşu otağa çağırdı. Əslində onlar Fuadla Elmiranın təklikdə qalmasına şərait yaradırdılar. Cavanlar təxminən 25-20 dəqiqə təklidə qalıb söhbət etdilər. Onları maraqlandıran məsələlərə aid suallar verirdilər. Elmira institutda hansı vəzifədə çalışır, nə işlə məşğul olur, dissertasiya mövzusu götürübmü, araşdırmaları nəyə aiddir, işə nəyə gedib-gəlir, nəyi xoşlayır, istirahət günlərində nə edir? Bəs Fuad nə ilə məşğuldur, Sankt-Peterburqda yaşamaqda davam edəcək, yoxsa yığışıb gələcək? Neçə günlüyə buradadır?
Sualları tükənəndə Fuad mətləbə keçdi:
-Gəlişimin məqsədi sənə bəllidir. İstəyirəm mənə ərə gələsən.
Elmira susurdu.
-Qərarın nə oldu? Elçilərimi göndərim?
Elmira:
-Qərarımı sabah Fərhad müəllimə deyərəm.
Fuad onun cavabını təbii saydı: ilk görüşləridir, yəqin utanır. Nə olar, sözünü atama desin. Təki cavabı müsbət olsun.
Bu zaman Rasimlə Maral xanım gəldilər. Fuad:
-Məni bağışlayın, gedim, – deyib ayağa qalxdı.
Rasimlə Maral xanım onu yola saldılar. Elmira divana sarı gedib Fəridi qucağına aldı, üz-gözündən dönə-dönə öpdü. Fərid də anasına sarılmışdı. Elmira:
-Bir daha göstərdin ki, mənim ağıllı balamsan. Sakitcə oturdun, oyuncaqlarınla oynadın. Qonaq gələndə həmişə özünü belə apar.
Elmira kövrəlmişdi. Rasimin işarəsi ilə Maral xanım qızına yaxınlaşdı. Hər ikisini qucaqlayaraq:
-Qızım, Fuada nə cavab verdin?
Elmira dinmədi. Maral xanım tez bir zamanda xoş xəbər eşidib ərini muştuluqlamaq istəyirdi. Elmira anasını çox intizarda qoymadı:
-Cavabı sabah Fərhad müəllimə deyəcəyəm.
Maral xanım dalın-dalın geri çəkildi. Matı-mutu qurumuşdu. Pərt halda Rasimin yanına gedib Elmiranın sözlərini ona çatdırdı. Rasim:
-İşin olmasın, – dedi. -Qızın üstünə çox da düşməyək. Gözləyək. qoy ölçüb-biçib qəti qərara gəlsin. Məncə, Fuadı bəyənib. Qızımın fikri əsasdır. “Hə” də deyə bilər, “yox” da. Amma onu tələsdirmə. Bu həyat onundur, seçim də onun olmalıdır. Çəkdiyini onsuz da çəkib.
Maral xanım onu başa düşdü. Fikirləşdi ki, əri düz deyir.
Elmira Fəridi də götürüb öz otağına çəkildi və oradan çıxmadı. Səhər də tezdən durub işə getdi.
Fərhad müəllim adəti üzrə işə tez gəlmişdi. Öz kürsüsündə əyləşib yazıb-pozurdu. İşçilər hələ gəlməmişdilər. Fərhad müəllim tez yerindən qalxdı:
-Qızım, sabahın xeyir. Necəsən?
-Yaxşıyam, sağ olun. Siz necəsiniz?
-Duaçınam. İnşallah hər şey gözəl olacaq. Fuad ağıllı-kamallı oğuldur. Oturuşunu-duruşunu biləndir. İşində ciddidir. Ailəcanlıdır.
Elmira susurdu.
-Müasir adamdır. Heç bir probleminiz olmayacaq. Burada da, orada da eviniz olacaq. Rus dilini də yaxşı bilirsən. Sankt-Peterburqda işə düzələrsən. İstəsən lap Fuadın yanında işləyərsən. Buraya gəlib-getmək də problem olmayacaq. Təyyarə ilə iki-üç saatlıq yoldur. Darıxanda gəlib burada qalarsan, valideynlərinlə görüşərsən, bizdə qalarsan. Daha bunlar öz işindir. Əlinizə-ayağınıza dolaşan olmayacaq. Öz əliniz, öz başınız olacaq. Hə, indi nə deyirsən. Eşitdim cavabını mənə bildirəcəksən. Elçiləri nə zaman göndərim?
Elmiranın qaş-qabağı açılmırdı:
-Fərhad müəllim, tələsməyin. Sizə sözüm var.
-Buyur, qızım.
-Dedikləriniz çox gözəl. Fuad xoşuma gəldi.
Fərhad müəllim xoşhal oldu. İstəyinə çatdığına sevindi. Övladının tərifindən hansı valideynin xoşu gəlməz?
Elmira sözünə davam etdi:
-Amma ona ərə getmək fikrim yoxdur.
Fərhad müəllimi tər basdı. Qulaqlarına inanmadı: “Doğru deyirlərmiş. Bu nə qəribə qızdır. Fuad kimi bir oğula “yox” deyir”.
Fərhad müəllim alnının tərini silib dedi:
-Neçə qızın oğlumda gözü var. Amma Fuad onların heç birinə meyl salmadı. Gözü səni tutdu. Mən də istəyirəm gəlinim olasan.
Elmiranın dodağına acı təbəssüm qondu:
-Fərhad müəllim, sizə böyük hörmətim var. Ağsaqqalımızsınız. Dünya görmüş adamsınız. Sizə bir sualım var?
-Buyur, qızım.
-Fərhad müəllim, sizcə, ananın ürəyinə yol haradan gəlir?
Fərhad müəllim çaşdı. Nə cavab verəcəyini bilmədi. Onsuz da tutulub durmuşdu. Fikrini toplamaya. Elmira özü dedi:
-Ananın ürəyinə yol övlad sevgisindən, övladına olan dərin məhəbbətdən gedir!
Fərhad müəllim onunla razılaşdı:
-Doğru deyirsən, qızım. Sualın qəfil olduğundan çaşıb qaldım. Fikrimi toplaya bilmədim ki, cavab verim. Bununla nə demək istəyirsən?
Elmira çantasını stolun üstünə qoyub dilləndi:
-Elə isə, mən deyim, siz özünüz nəticə çıxarın.
Fərhad müəllim keçib yerində əyləşdi, Elmiraya işarə etdi ki, o da otursun. Elmira da stolun arxasına keçdi. Fərhad müəllim diqqət kəsildi.
-Fuad gəldi, bir saatdan bir qədər çox evimizdə oldu. Öz işindən, uğurlarından danışdı, atamla, anamla, mənimlə söhbət elədi. İlk baxışda mənə çox yaxşı təsir bağışladı. Hətta son anlara qədər taleyimi onunla bağlayacağıma qərar vermişdim. Amma Fuad özü də hiss etmədən hər şeyi alt-üst elədi.
Fərhadın marağı artdı:
-Niyə, qızım? Oğlumun nəyi, hansı cəhəti xoşuna gəlmədi.
-Bayaq sizə sual verdim. Məsələnin kökü o sualdadır. Fuad gələndə oğlum divanda oturmuşdu. Axıra qədər də dinməzcə yerində qaldı, Arada qonağa təəccüblə baxır, onun marağında olmadığını görüb, oyuncaqları ilə başını qatırdı. Fuad çıxıb getdi. Amma nə gələndə, nə gedəndə, nə də bizdə olduğu müddətdə oğluma diqqət göstərmədi, ona sarı baxmadı. Nə onu dindirdi, nə də bir xoş söz dedi. Sanki o yoxmuş. Axı o mövcud idi, mənim oğlum idi. Mənim bir param, bir hissəm idi. Bu necə olur? Mənə elçi düşür, övladıma isə məhəl qoymur. Biz küçədə, bayırda, nəqliyyatda, ictimai yerlərdə tanımadığımız bir uşaq görəndə belə onu dindirir, əzizləyir, öpür, “Allah saxlasın!” deyirik. Mən Fuada razılıq verməli olsam, oğlumu atmayacağam, yaxud ata-anamın yanında qoymayacaq, onu da özümlə aparacağam. İndi siz deyin. Fuad indidən mənim oğlumu görməməzliyə vurursa, bəs sabah necə olacaq? Mən indidən, ilk andan, ilk gündən bu laqeydlik, biganəlik, saymamazlığı görürəmsə, niyə nəticə çıxarmamalıyam? Tutaq ki, evləndik. Bir müddət birgə həyat sürəndən sonra evimizdə “mənim oğlum”, “sənin oğlun” söhbəti başlayacaq. O zaman mənim oğluma yox, öz oğluna önəm verəcək. onun tərəfini saxlayacaq, mənim ürəyimi sındıracaq. Gözəl günlərin birində, yəni uşaqlar böyüyəndə belə bir münasibətin nəticəsi olaraq, yəqin Fuad oğlumu məcbur edəcək ki, onun oğlunun ayaqqabılarını silsin. Sonra da oğlumu öz oğlunun sürücüsü təyin edəcək. Fuada “yox” cavabımın kökündə, Fərhad müəllim, bax bunlar durur.
Fərhad müəllim deməyə söz tapmadı. Donub yerində qaldı. Oğluna acığı tutmuşdu. Pərt halda:
-Fuad düz hərəkət eləməyib. Səhvini düzəltsə necə?
-Yox, Fərhad müəllim, belə şeyləri kimsə deyəndən sonra düzəltmirlər. İnsanın öz qanında, xislətində olmalıdır. Bu gün bu səhvini düzəldirsə, sabah kim bilir, bundan betər hansı qüsura yol verəcək!
-Qızım, bəlkə…
-Yox, Fərhad müəllim, gecdir, çox gec! Qərarım qətidir. Oğlun bir dəfə yetim qalıb, yetimliyini ona hiss etdirmirik. İkinci dəfə boynu bükük qalacaq. Bu, yetim olmaqdan daha pisdir. Hamı məndən soruşur: “Cavan, gözəl qızsan. İstəyənin çoxdur. Niyə ərə getmirsən? Bax buna görə! Bu münasibətə görə! Oğlumu yad əlinə vermək istəmirəm, özüm tərbiyə edəcəyəm. Mənim bundan sonrakı xoşbəxtliyim, səadətim, sevincim onunla bağlıdır. Onu xoşbəxt eləyə bilsəm, özüm də bəxtiyar olacağam! Bax belə, Fərhad müəllim. Məni bağışlayın. Ananın ürəyinə yol həqiqətən ana sevgisindən başlanır!
Fərhad müəllim deməyə söz tapmadı. Amma nə isə deməli idi. Nəhayət, yadına düşdü:
-Allah oğlunu sənə çox görməsin! Sən mən düşündüyümdən də ağıllı qız imişsən! Heyf. Xoşbəxt olun!
O, siqaret yandırıb çölə çıxdı.
Şirvan şəhəri, 5-6 sentyabr 2016-cı il
Yazıya 552 dəfə baxılıb