BİR ŞAİR ÖMRÜNÜN SÖZ KÖZƏRTİSİ

sabir Deyirlər Peyğəmbərlərdən sonra Allaha ən yaxın olan zümrə şairlərdir. Əlbəttə, söhbət iddiaları özlərindən böyük olan, cızmaqaraları ilə elə bil insanların ədəbi zövqünü korlamağı özlərinə borc bilən və sosial şəbəkələrdə meydan sulayan qrafomanlardan yox, ədəbi aləmi zənginləşdirmək arzusunda olan əsl istedad sahiblərindən gedir.  Məhz bu prizmadan yanaşanda, Sabir Şirvanın rəvan təbli-istedadlı söz adamı olduğunu elə bəri başdan əminlik hissiylə söyləyə bilərəm. Nə qədər təəccüblü olsa da, deyəcəyəm,- Sabir Şirvanı tanıyana qədər onun Şirvan mahalına məxsus qələm sahibi olduğunu zənn etmişəm. Ancaq sonradan bilmişəm ki, rayonumuzun ən gözəgəlimli kəndlərindən olan Xələflidə dünyaya göz açıb. Xələfli Cəbrayılın iri yaşayış məntəqələri ilə müqaisədə bir az kiçik görünsə də, öz yetirmələri ilə haqlı olaraq fəxr edə bilər. Ən azından görkəmli elm adamları və ədəbi aləmdə kifayət qədər tanınan Əli Rza Xələfli, Əjdər Yunus və Sabir Şirvan… kimi şairləri ilə.

Sabirlə tanış olmazdan qabaq onun çeşidli mətbuat orqanlarında və sosial şəbəkələrdə yer alan əsərləri barədə kifayət qədər təsəvvürə malik idim və onun bir neçə kitabını da oxumuşdum. Şair eloğlumun  mövzu “politrası” geniş, əhatəli, rəngarəng və zəngindir. Bununla belə onun vətənpərvərlik, yurd həsrəti, ana təbiətin ilahi gözəlliklərinin tərənnümü, sevgi-məhəbbət notları, uşaq dünyasından söz açan mənalı-məzmunlu şeirləri  ədəbi yaradıcılığında əsas yer tutur.

Yeri gəlmişkən deyim ki, ilk gənclik illərindən şeirlər yazan Sabir Şirvan paytaxt Bakıda yaşadığı son iyirmi yeddi il ərzində imzasını sevdirməyi bacarıb. Şairin müxtəlif illərdə işıq üzü görən “Gordubaba”, “Səs salma, əzən külək”, “Ellər məni unutmayın”, “Könlümün közü”… adlı kitabları, mətbuat səhifələrində və sosial şəbəkələrdə yer alan şeirləri bu fikri vurğulamağa  əsas verir…

Yaxşı yadımdadır, illər öncəsi AYB Mingəçevir bölməsinin xəttiylə nəşr olunan “Bənövşə” (“Mingəçevir leysanı”) adlı jurnalımızda da şairin  “Azərbaycan” adlı poeması dərc edilmiş və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılanmışdır…

Sabir Şirvan doğma ata ocağını məcburən tərk edən söz adamlarından biri kimi illər boyu dünyaya göz açdığı yurdla, bütövlükdə isə düşmən caynağında inləyən Qarabağın bir parçası olan Cəbrayılla ilgili ürəyində qövr eləyən sızıltıları qələmə aldığı  şeirlərdə də öz əks etdirib.  Bu baxımdan onun “Vətən” adlı şeiri daha böyük təsir gücünə sahibdir:

 

Qoymayın vətəndaşlar,

Bölünüb bənd-bənd vətən.

Doğranmış torpaqları,

Eyləyək cənnət vətən.

Bağlanıb hər yol, iriz,

Sevinci, dərdi əziz,

Borçalı, Göyçə,Təbriz,

Bir tərəf Dərbənd vətən.

Olmayaq başsız bədən,

Qarabağ gedir əldən.

Silahlan, heç kimsədən,

Götürmə minnət, vətən.

Dünyanı düşmənə dar,

Eyləmək çarəsi var.

Hər qızın Həcər, Nigar,

Hər oğlun bir mərd, vətən.

Durmaram olsam çolaq,

Müjdəni verrəm soraq,

Dolanıb oymaq-oymaq,

Gəzərəm kənd-kənd, vətən.

Kim sökdü, kimlər tikər,

Xiffətin Sabir çəkər.

Hər ovuc qumun şəkər,

Hər daşın bir qənd, vətən.

Sabir Şirvan istedadlı şair olduğu qədər də həssas qəlbli insandır. Həm ölkəmizdə, həm də çalxalandıqca bulanan yer üzündə baş verən olaylara biganə qala bilmir, sanki dünyanın bütün ağrı-acıları tufana-qasırğaya çevrilərək üstündən adlayıb keçir. Tanınmış yazıçı-publisist, AYB-nin üzvü Nəriman Mahmudun bir yazısında deyildiyi kimi: “Sabir Şirvan öz şeirlərində son illər evimizdə-Yer kürəsində baş verən kataklizmləri, sayı getdikcə artan təbii fəlakətləri, ümumiyyətlə bəşəriyyətin mövcudluğu üçün  yaranan potensial təhlükəni… dünya boyda dünyanı daxilində daşıyır,,,”

Bu əlamət onun “Xocalı” adlı şeirində daha qabarıq şəkildə üzə çıxır:

 

Nalən yetişmədi kar vicdanlara,

Özünü yollarda yoran Xocalı.

Belə vəhşiliyi tarix görməyib,

Oldun bir gecədə viran Xocalı.

 

…Yas tutub qaralar bağladı ellər,

Bəxtinə ağılar söylədi dillər.

O məşum gecədən ötsə də illər,

Hələ də qan sızır yaran Xocalı.

 

Şairin  torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarından keçən ərən oğullara həsr etdiyi  “Burda bir şəhid yatır” adlı şeirində isə kövrək şair qəlbinin həzin notları haray çəkir:

 

…Qəlbində oğul dağı,

Anası deyir ağı.

Ömrünün qönçə çağı,

Burda bir şəhid yatır.

 

Ölümü zəfərə səs,

Bacarmaz bunu hər kəs.

Keçdiyi yol müqəddəs,

Burda bir şəhid yatır…

 

Sabirin şeirlərində ana təbiətin əsrarəngiz gözəllikləri misra-misra dil açır, uşaqlıq çağlarından üzü bəri yaddaşının alt qatında iz salan əlvan çiçəkləri soraqlayıb, kol dibində, şehli çəməndə, yalda-yamacda yazağzı göz açan nərgizin, bənövşənin, lalənin, qərənfilin varlığından oxucuları halı edir:

 

…Dirçəldin gələndə baharın səsi,

Görəndə mat qoydu rəngin hər kəsi.

Gündüz gözəllərin odlu busəsi,

Gecə ləçəyinə şeh qondu, lalə.

 

…Sabir bir aşiqdir, xallı gözəl sən,

Çöhrəni görənlər söylədi əhsən.

Hüsnü-məlahətdə bircəsən, təksən,

Gözəllik nə doqquz, nə ondu, lalə.

 

Şair ilk baharda təravət saçan çiçəkləri tərənnüm edəndə belə, uzun illərdən bəri ürəyində sızlayan yurd nisgilini gizlədə bilmir. “Bənövşə” adlı şeirinin aşağıdakı bəndində olduğu kimi:

 

Yazsam da tərifin min-min varağa,

Kisəsi qismətdi vaxtsız qonağa.

Taleyi Sabiri saldı uzağa,

Çox dikmə gözünü yola, bənövşə…

 

Yaşadığı həyatda, əhatəsindəki insanlarda gördüyü, görə biləcəyi hər şeyin gözəl və ürəyə yatımlı olmasını arzulayan şair “Gözəldir” adlı şeirinin aşağıdakı iki bəndində qəlbindən keçənləri başqalarına da təlqin etməyə çalışır:

 

İnsanın yolunda əmək qoyasan,

Zəhmətin getməyə hədər gözəldir.

Əli uzun olan pisin, nakəsin,

Çəkilsə önünə çəpər gözəldir.

Maraq doğurmursa səsim, avazım,

Köçməsin kağıza duyğusuz yazım.

Mənasız kitabın yüzü nə lazım,

Bir olan, pir olan əsər gözəldir.

 

“İstərəm” adlı şeirində isə o, II Qarabağ Savaşında qazanılan zəfərlə ilgili sevincini belə açıqlayır:

 

Bu xoş gününü də gördük ilahi,

Sanki qanad taxıb uçmaq istərəm.

Üç rəngli bayrağı düz İrəvanda,

Ən uca zirvəyə sancmaq istərəm.

 

Son qoyduq otuz il uzanan aha,

Bir anın fərəhi ömürdən baha.

Yollar üzümüzə açıqdır daha,

Çəməndə gül kimi açmaq istərəm…

 

Doğma vətənimizi, elini-obasını ürəkdən sevən şairi narahat edən məsələlərdən biri də indiki günlərimizdə hərdən rastlaşdığımız  haqsızlıqlar, bəzi yüksək səlahiyyət sahiblərinin talançılıq istəkləridir. Şair bu cür neqativ hallara qarşı susmağı eyib sayır. “Olur” adlı şeirində dedikləri kimi:

 

Vətən mülkü ac tamahda talanır,

Naçar qalan dağ vüqarım pərt olur.

Kor taleyin qismətindən qaçdı kim?

Bu taledir hərdən hökmü sərt olur.

 

…Göz dağıdır əsir düşən hər qəbir,

Hey dözürük, qismətimiz tək səbir.

Bu zamanın sınağıdır ay Sabir,

Bu sınaqdan çıxan kəslər mərd olur.

 

Bu qəbildən olan “Görüntü” adlı bir şeirində isə vəzifəyə, dünya malına həris olanları yamanlayır:

 

Sən kabinet vurğunu,

Sən vəzifə düşgünü.

Vaxtın yox dinləməyə,

Narazını, küskünü.

Çətində, darda səndən,

Olmayıb kömək alan.

Bərkə-boşa düşəndə,

Verdiyin vədlər yalan…

 

“Olsun” adlı başqa bir şeirində o, ürəyindən keçənləri ən bariz şəkildə açıqlayaraq, insanlarda görmək istədiyi müsbət keyfiyyətlərdən söz açır:

 

Hər kəs həqiqəti xeyrində görə,

Düzü düz söyləmək adətin olsun.

Olmasa yaxşıya dağ məhəbbətin,

Barı qoy pislərə nifrətin olsun.

 

…Belə hikmətləri anlamaz nadan,

Mərd oğul doğular igid, anadan.

Yüngülün sanbalı olmaz binadan,

Ağır dur-otur ki, hörmətin olsun.

 

Ay Sabir payını taledən istə,

Öz qismətin alar yaxşı da, pis də.

İlandı qıvrılan xəzinə üstə,

Qiymətli söz topla, sərvətin olsun.

 

Şair “Həftəbecər” adlı şeirində iddiaları özlərindən böyük olan bəzi yazarlara nəsihət verməyi də unutmur. Aşağıda olduğu kimi:

 

Dostum şairlik ki, var,

Sanma asan peşədir.

Fərhad olmaq istəsən,

Qələm əldə tişədir.

Amma əvvəlcə hələ,

…Sözü yağdır desinlər,

Bədahətən deyirdi.

Sorsalar bəs qafiyə,

De ki, sərbəst şeirdi.

…Şeir, söz gülşənində,

Yoxdu çiçək qoxuyan.

Heç Füzuli oxunmur,

Səni kimdi oxuyan.

Məzmun oldu, olmadı,

Sən durma, yaz, yaz, keçər.

Anlaşmaz olsun deyə,

Adın qoy həftəbeçər.

 

Mənim fikrimcə elə bu məqamdaca Sabir Şirvanın bir-birindən mənalı sevgi şeirlərini xatırlatmaq da yerinə düşərdi. Onun bu silsilədən olan şeirlərində də duyumlu bir şair qəlbi döyünməkdədir. Aşağıdakı şeir parçalarından bu hərarəti hiss etmək o qədər də çətin deyildir:

 

Bitdi başlamamış eşqin havası,

Kaman, tar tələsdi, mən tələsmədim.

Kimsə arzulamaz qarlı zimistan,

Son bahar tələsdi, mən tələsmədim.

 

İnsan düşməsəydi ehtiyaclara,

Başlar əyilməzdi qızıl taclara.

Ömrün baharında şəvə saçlara,

Yağan qar tələsdi, mən tələsmədim.

“Mən tələsmədim”

 

Və ya:

 

Sənin sitəmin çox, mənim kədərim,

Ömür başa yetdi qəm arasında.

Yetməzmi əzabın dilbilməz dilbər?

Kirpiklər göyərdi nəm arasında.

 

Mən olum qurbanın budur ənənə,

Aşiqi məşuqə gərək güvənə.

İztirab eylərsə sevən sevənə,

Xəcalətli olar cəm arasında.

“Arasında”

 

Və yaxud:

 

Al qırmızı dondasan,

Bu donda səni sevdim.

Baxma çoxdan sevirdim,

Elə bil yeni sevdim.

Eylə boyun qurbanı,

Bu dona naz yaraşır.

Başqa görkəm, başqa don.

İnan ki, az yaraşır.

Yanaq lalə, dodaq ləl,

Könül bu qızı sevər.

Mən dəli, o, tamam al,

Dəli qırmızı sevər.

“Sevdim”

 

Ya da:

 

Sən ki, qismətindən uzaq qaçardın

Təzə yol almısan, quzum gəlmisən.

Uğursuz bəxtimə gün hardan doğub,

Könüllü gəlmisən, özün gəlmisən.

 

Sevincin qəlbində olsa da ələm,

Yaş ki, o yaş deyil dönəm, əyiləm.

Bu vaxtsız gəlişlə tək mən deyiləm,

Heyrətdə qoymusan yüzün gəlmisən.

 

Mənə də çətindir deyim-deməyim,

Sənə bu halında dəyməz köməyim.

Könül sevdasında diligödəyim,

Əli ətəyindən uzun gəlmisən.

“Gəlmisən”

 

Yeri gəlmişkən, illərdən bəri arabir uşaqlar üçün də şeirlər yazdığımdan, yaxşı bilirəm ki, bu sahədə fəaliyyət göstərmək yazardan çox böyük məsuliyyət tələb edir. Yəni, bir ünlü qələm sahibinin dediyi kimi, “gərək uşağı, uşaq yerinə qoyub” ağlına gələni uşaq şeiri adlandırıb balacalara sırımayasan. Şair dostumun uşaqlar üçün yazdığı yığcam-lakonik şeirlərə istinadən deyə bilərəm ki, bu səpkidə qələmə aldığı şeirlərində də istəyinə nail olmaq gücündədir. Məhz bu baxımdan şair həmkarımın uşaqlar üçün yazdığı aşağıdakı iki şeirini oxucu diqqətinə təqdim etmək kifayətdir:

 

Nənəsi Ayla üçün,

Yekə bir kukla aldı.

Bu qızcığaz kuklaya,

Tezliklə mehr saldı.

İstəmir ki, böyüklər,

Onu kiməsə verə.

Tutub bağrına basır,

Əlindən qoymur yerə.

Kuklanı bir dost kimi

Danışdırır, dindirir.

Sonra ayaqqabısın,

Kuklaya geyindirir.

Anası yedirəndə,

Yeməkdən kənar qaçır.

Götürüb qucağına,

Kuklanın ağzın açır.

Hər bir işdə, əməldə,

Onu unutmur, anır.

Kuklanı da özünə,

Rəfiqə, yoldaş sanır.

“Aylanın kuklası”

***

Kamal baxıb səmaya,

Göyü yaxın sanırdı.

Ay başı üzərində,

Parlayırdı, yanırdı.

Sonra xeylı uzaqda,

Əmisigilə getdi.

Ayı göydə görəndə,

Diksinib heyrət etdi.

Sanki möcüzə oldu,

Kamalın nəzərində.

Ay yenə parlayırdı,

Başının üzərındə.

Adamlara söylədi,

Uca səslə, əzmlə:

– Göydə bir aya baxın,

Bura gəlib bizimlə.

“Ay”

 

Sabir Şirvan indiki günlərdə şairliyinin ən yetkin, barlı-bəhrəli çağlarını yaşayır. Və bununla bərabər şair adını daşımağın məsuliyətini də bütün varlığıyla hiss edir. Aşağıdakı şeir parçasında özünün dediyi kimi:

 

Şair qəlbi şeirlər

Bişirən odlu kürə.

Söz gərəkdir zövq verə

Söz gərək düşündürə…

 

Yəqin ki, şairin  nəşr etdirdiyi kitablarından birində sərgilənən “Unutmayın” adlı şeirinin aşağıdakı misralarını nəzərdən keçirən diqqətli oxucu onun əzəl gündən el-oba sevgisinə böyük önəm verdiyinin fərqində olacaqdır:

 

Hicranın səddin devirdim,

Yönümü sizə çevirdim.

Mən ki sizi çox sevirdim,

Ellər, məni unutmayın.

 

Şairin bu istəyi əslində onun-illərdən bəri söz mülkündə “külüng çalan” bir söz sevdalısının-öz halal haqqına sahib olmaq arzusundan irəli gəlir. Şəxsən mən özüm də bu məsələdə ona haqq qazandırmaq umurundayam. Və bu istəklə də şeirdən-şeirə püxtələşib müdrikləşən qələm dostumun bundan sonrakı vaxtlarda da oxucu qəlbini riqqətə gətirəcəyini əminlik hissiylə söyləyə bilərəm. Uğur olsun, Sabir Şirvan, yolçu yolda gərək!..

3

 

İSMAYIL MƏRCANLI İMANZADƏ

Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair-publisist

 

Yazıya 640 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.