Ölməzlik nədir? Ölməzlik Bilqamış dastanında göstərildiyi kimi dirilik suyunun əldə edilməsində deyil, neçə-neçə illər, əsrlər sonra yenidən yad edilməkdir. Tarixin tozlu səhifələrində adının tozlanmamasıdır. Ancaq ölməzlik mərtəbəsinin ən ali pilləsi isə təkcə unudulmamaq deyil, böyük sevgi ilə xatırlanmaqdır. Eynilə Ulu öndər Heydər Əliyev kimi… Bəs bu sevgi haradan gəlir? Ümummilli liderin xalqı, milləti üçün aldığı müdrik qərarlardan. Elə bu qərarlardan biri də minbir səy nəticəsində Azərbaycan ədəbiyyatını beynəlxalq səviyyədə tanıtdırmaq olub.
Ümummilli liderin Azərbaycan folkloruna verdiyi dəyər hakimiyyətinin ilk illərində özünü göstərib. Hətta 1996-cı ildə Xəzər dənizində müstəqil Azərbaycanın ilk nəhəng üzən qazma qurğusunun “Dədə Qorqud” adı ilə fəaliyyətə başlaması bu diqqətin böyük bir nümunəsi olub. O, nəhəng qurğunun açılışındakı nitqində “Dədə Qorqud” adının tarixi sinvolikasında yer alan müdriklik və uzaqgörənlik anlamlarını xüsusi vurğulayıb, həm də 1997-ci ildə “Kitabi – Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin qeyd olunması barədə də tarixi fərmanı imzalayıb.
“Kitabi Dədə Qorqud” dastanlarının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təklifini də Azərbaycan Respublikası adından Ulu öndərimiz irəli sürüb. Dədə Qorqud Yubiley Komissiyasının sədri Heydər Əliyev cənablarının rəhbərliyi ilə 1300 illik yubileyin yüksək səviyyədə keçirilməsi üçün mütəmadi şəkildə sistemli və ardıcıl işlər aparılıb və onun böyük səyləri nəticəsində 2000-ci ildə keçirilən “Dədə Qorqud – 1300” təntənəli yubileyi Azərbaycanın beynəlxalq miqyasda gerçəkləşdirdiyi uğurlu elmi – mədəni tədbirlər silsiləsində öz ləyaqətli yerini alıb. Bu təntənəli yubiley münasibəti ilə eposun təkminləşdirilmiş elmi – tənqidi mətni və müxtəlif dillərə ( rus, ingilis, alman, gürcü, eston, litva, qazax, yapon və s.) tərcümələri, Azərbaycan və xarici alimlərin hazırladıqları tədqiqat əsərləri və bu mövzuya həsr olumuş rəsm, xalça və heykəltaraşlıq işləri və teatr, kino və musiqi əsərləri ictimaiyətə çatdırılıb. Həm də Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif insititutlarında, universitetlərdə, tədris müəssisələrində, elmi – mədəni mərkəzlərdə bu eposun tədqiq və təbliği məqsədi ilə konfrans və simpoziumlar keçirilib. Azərbaycan Milli Elimlər Akedemiyası, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində “Qorqudşünaslıq” elmi laboratoriyaları da yaradılıb.
Ümummilli liderin klassik ədəbiyyata da böyük diqqəti olub. Bunu 1975 – ildə Azərbaycan sovet ədəbiyyatı günlərində söylədiyi məşhur nitqində də görmək olur: “ Tarixin bir – birinə qovuşdurduğu əsrlər bir çox xalqların oğul və qızlarını məhəbbətlə tərənnüm edən Nizami dühasının ölməz əsərlərini, Füzulinin insanpərvərlik və xeyirxahlıq dolu misralarını, Nəsiminin fəlsəfi fikirləri zəngin lirikasını, Xaqaninin məhəbbət və iztirab tərənnüm edən poemalarını, Vidadi və Vaqifin xalq yaradıcılıq çeşməsindən qidalanan ölməz şeirlərini bizə gətirib çatdırmışdır. Tarix tələbkar ittihamçıdır. Hökmdarlar, saray əyanları, zülmkarlar unudulub getmişlər. Azərbaycanın böyük mütəfəkkir və humanist şairlərin təravətdən düşməyən misraları isə bu gün də öz hikməti və insanpərvərlik ruhu ilə dünyanı heyran qoyur.”
Ulu öndərin Azərbaycandakı rəhbərliyi dövründə də kalssik ədəbiyyata olan diqqəti azalmamış və Nizami Gəncəvi yaradıcılığına xüsusi əhəmiyyət verərək böyük şairin yubileyinin keçirilməsinə nail olub. Həm də Nəsiminin 600 illik və Məhəmməd Füzulinin 500 illik yubileylərinin YUNESKO səviyyəsində keçirilməsi Ümummilli liderin klassik irsə olan münasibətinin ən bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin xarici siyasətindəki düzgün addımları azərbaycanlıların çox yaşadığı ölkələrdə qəzet və jurnalların dərcinə vasitə olub. Bu jurnalların sırasına dünyaca məşhur olan “İrs – Nasledie” jurnalı da daxildir. Moskva şəhərində 2002-ci ilin fevral ayında ilk sayı işıq üzü görən bu jurnal səkkiz min tirajla çap edilir. Hazırda dünyanın bir çox xalqlarının dilində bu jurnal –“Heritage”, “Miras”, “Erbe”,”Turas”,”Heritaja”, “Dedistivi”, “Herancia”, “İsan”, “Patrimonio”, “Yichan”, “Heranca” adları altında nəşr olunur. Bu jurnalın səhifələrində ölkəmizin tarixi, etnoqrafiyamız, müxtəlif xalqlarla mədəni əlaqəmiz, məşhur azərbaycanlıların şəcərələri, milli mətbəx və musiqi alətlərimiz, həmçinin xarici oxucuda Azərbaycan haqqında təsəvvür yarada biləcək digər səpkili məqalələr yer alır.
1997-ci ildə Ümummilli lider Heydər Əliyevin Ukraynaya rəsmi səfəri zamanı ölkədə yaşayan azərbaycanlılarla tarixi görüşündə söylədiyi “hər bir azərbaycanlı harada yaşamasından asılı olmayaraq ölkəmizin informasiya blokadasından çıxmasında əlində gələni əsirgəməməlidir” tövsiyəsi bir il sonra Ukraniyada milli diasporumuzun formalaşmasına təkan verməklə yanaşı, bir sıra diaspora qəzetlərinin işıq üzü görməsinə də əsaslı zəmin yaradıb. Bu qəzetlərin sırasına Ukraniya Azərbaycanlıları Konqresi Dnepropetrovsk vilayət təşkilatının mətbu orqanı olan “Savalan” qəzeti də daxildir. Bu qəzet 1998-ci ilin mart ayında Ukraniya Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək fəaliyyətə başlayıb.
Yuxarıda adı çəkdiyimiz işlər və haqqında məlumatlar Ulu öndərin dövlətçilik təlimində ədəbiyyat faktorunun az bir hissəsini təşkil edir. O, bu sahədə xeyli səylər göstərib və minlərlə xarici kitabların Azərbaycan dilinə tərcüməsinə şərait yaradaraq ədəbiyyatın inkişafına xidmət edib.
Yazıya 323 dəfə baxılıb