TEAS Press Nəşriyyat evinin yenicə işıq üzü görən kitabı belə adlanır. Kitab 44 günlük Vətən müharibəsində xalqımızın qələbəsinə həsr edilmiş hekayələr toplusudur. Kitabda hər müəllifdən bir hekayə olmaqla 44 zəfər hekayəsi toplanıb.
…8 may 1992-ci il….
Ana təbiətin yaz fəslində yurdumuza qış gəlmişdi. Kainatın əbədi günəşinin ilıq bahar şəfəqləri torpağımızı getdikcə daha çox isindirməyə başladığı zaman Vətənimizin sinəsinə qar yağmış,buz bağlamışdı.
Baharda gələn bu qış-qar-buz fəsli düz 28 il 6 ay davam etdi. Düz 28 il 6 aydan sonra rəşadətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı, müzəffər Ali Baş Komandan “Dəmir yumruq” kimi birləşərək qarı-boranı, çovğunu-qışı ölkəmizdən qovdular vəana təbiətin payız fəslində yurdumuza bahar gəldi! Kainatın əbədi Günəşinin xəfif payız şəfəqlərinin getdikcə solğunlaşdığı bir vaxtda Azərbaycanda yeni bir günəş doğdu: Azadlıq günəşi!
O Günəş uğrunda canından keçən əziz şəhidlər,o Günəşi gətirən qəhrəmanlar, 26 fevrallarda, 3 aprellərdə, 8 maylarda, 23 avqustlarda… doğulan mərd igidlər bu günə illərlə hazırlaşmış, bu günü illərlə gözləmişdilər…
Elə onların dastanını yazanlar da…
Qələbə, azadlıq təşnəsi olan qələm əsgərləri dəhəmin günü gözləyir, həmin günə hazırlaşır, həmin gün can atırdılar…
Nəhayət o gün gəldi!
Bizsə payızda gələn baharın nəğmələrini bir kitaba topladıq.
Topladıq ki, birdəstə solmayan bahar çiçəyi kimi, bir dəstəsolmaz gülü kimi daim masanızın üstündə olsun, əziz oxucular.
Buyurun, tanış olun: “44 fəsil. Payızda gələn bahar hekayələri” artıq sizin ixtiyarınıza verilir.
Bu kitab Azərbaycan tarixinə əbədi yazılacaq 44 günün möcüzələrindən bəhs edir. 44 günün möcüzələri deyəndə göz önünə Vətən müharibəsi, torpaqlarımızın azadlığı, müqəddəs amallar uğrunda canından keçən əziz şəhidlərimizin misilsiz qəhrəmanılığı, igid qazilərimizin düşmənə dərs olan şücaəti, rəşadətli Azərbaycan Ordusunun dünya hərb tarixinə yazılacaq parlaq qələbəsi və bu arzuların çin olması üçün Ali Baş Komandanın müdrik sərkərdə istedadına güvənərək, onun rəhbərliyi altında yumruq kimi birləşərək, düşmənin aşına “Dəmir yumruq” endirən Azərbaycan xalqının dəyanəti gəlir təbii ki…
Kitaba daxil edilmiş hekayələri oxuduqca haldan-hala düşəcək, gah sevinib fərəhlənəcək, gah da mütəəssir olub kövrələcəksiniz. Burada müxtəlif müəlliflərin hərəyə bir hekayəsi olmaqla 44 əsər toplanıb. Bu hekayələrdə 44 günlük müqəddəs savaşın ayrı-ayrı epizodlarının, şəhid, qazi və əsgər valideynlərinin, döyüşçülərin, əzizlərini Vətən uğrunda döyüşə yola salmış insanların hiss və həyəcanlarının hər müəllifin özünəməxsus istedad və ustalıqla qələmə aldığı bədii təsvirini görəcəksiniz. Bu kitab dünyada dillərdə dastan olmuş 44 günlük savaşda xalqımızın gücünü və rəşadətini vəsf etmək yolunda bir töhfədir, möhtəşəm Qələbəmizə bir heykəldir.
İnanırıq ki, bu yazı abidəsi oxucuların zövqünü oxşayacaq.
Əminik ki, fəsillər dəyişəcək, amma “44 fəsil” solmadan, saralmadan, dəyişmədən yaşayacaq!
Yazıya 281 dəfə baxılıb