Qələmini qılınca, süngüyə lazım gələndə də külüngə çevirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-dramaturq, publisist, “Prezident mükafatçısı”-Zaur Vedili hal-hazırda 15 kitabın müəllifidir. Zaur Vedili oxucuları ilə ilk dəfə “Şərq qapısı” qəzetinin 19 iyun 1990-cı il tarixli nömrəsində görüşüb. Qəzetdə “Şöhrət” ordenli, mərhum şairimiz Elman Həbibin təqdimatı ilə gənc şair barədə yazdığı “Tanış olun” adlı məqalə, həmçinin Zaur Vedilinin “Ata ocağı” və “Bir sonu var həsrətin də” şeirləri oxucuların ixtiyarına verilmişdir. Danılmaz həqiqətdir ki, Zaur Vedilinin oxucuları ilə olan bu ilk görüşü ona sonsuz oxucu məhəbbəti və neçə-neçə oxucu məktubları da qazandırmışdır. Onu da bildirim ki, bu illər ərzində neçə-neçə aşıqlar, xanəndələr, bəstəkarlar, müğənnilər onun yaradıcılığına dəfələrlə müraciət ediblər.
Bütün bəşər əhlinə məlumdur ki, 8 Noyabr 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir gündür. 30 ilə yaxın bir müddət ərzində sinəmizdə yara kimi köz bağlayan Vətən, torpaq həsrətinə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanının apardığı daxili və xarici siyasətin, həmçinin Azərbaycanın müzəffər Ordusunun qorxmazlığının, qəhrəmanlığının sayəsində nəhayət ki, son qoyuldu. Bu zəfər sevinci yaradıcı insanların yaradıcılığında da yeni bir qayə oldu.
Ötən illərdə olduğu kimi 2021-ci ildə də Zaur Vedili yaradıcıllığına bir sıra müğənnilər və bəstəkarlar müraciət etdilər. Yeni mahnılar bəstələndi və ifa edildi. Həmçinin zəfər ruhlu iki mahnıya da kliplər çəkilib, musiqisevərlərin ixtiyarına verildi. Yeni kliplər çəkilmiş bu mahnıların birincisi ” Zəfər bayramını qeyd edir Vətən!”, ikincisi isə “Ey Vətən” adlı mahnılardır. Onu da bildirim ki, “Zəfər bayramını qeyd edir Vətən” adlı bu mahnı Naxçıvan Muxtar Respublikasında yaşayıb-yaradan bəstəkar Polad Vəlinin Zaur Vedili ilə ilk mahnı əməkdaşlığıdır. Altı müğənni tərəfindən ifa edilən bu mahnını İsrafil Qibləliyev, Rahim Əsgərzadə
İlkin Abdullayev, Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva,
Mübariz Əsgərov, Tural Nəcəfov ifa etmişlər.
Klipin rejissoru-Vüsal Səmavi, montaj edəni-Rauf Həsənov, aranjimançısı isə “Turan” studiadır. Onu da bildirim ki, bu klip Naxçıvan Dövlət Universiteti tərəfindən çəkilib.
Sevilən müğənnimiz Meydan Əsgərovla Zaur Vedilinin əməkdaşlığı bütün musiqi sevərlərimizə məlumdur. “Sarı gəlin”, “Kimsəsiz körpələr”, “Yaz yağışı” , “Qızıl gül”, “Göyçəli qız” və “Sevgi yağışı” adlı mahnılar bu iki sənət adamının yaradıcılıqlarının bəhrəsidir. Yeni klip çəkilmiş mahnı isə “Ey Vətən!” adlanır. Onu da bildirim ki, bu mahnı sevilən Azərbaycan filmi olan “Dədə Qorqud” filmindəki Emin Sabitoğlunun “İncə bellim” adlı mahnısının musiqisi əsasında ifa edilib. Klipin rejissoru-Murad Həsənov, montaj edəni-Mirhəsən Abdullayev, aranjimançı isə Elnur Nuridir.
Oxucularımıza onu da bildirim ki, Meydan Əsgərovun çəkdirdiyi bu klip Zaur Vedilinin sözlərinə məxsus olan üçüncü klipdir.
Uğurlarınız davamlı olsun!!!
Səma Cəlilova
“Xəzər Universiteti”
Azərbaycan dili və ədəbiyyat müəllimliyi-II kurs
Yazıya 656 dəfə baxılıb