Yeniyetməydim.Ədəbiyyata böyük marağım var idi.”Azərbaycan” jurnalına işə düzəlmişdim Adlarını eşidib əsərlərindən xəbərdar olduğum lakin üzlərini görmədiyim şairlərin ,yazıçıların əhatəsindəydim.Əkrəm Əylisli, Qabil, Əmir Mustafayev,Nadir Cabbarov,Fikrət Qoca,İsi Məlikzadə,İsa İsmayılzadə,Nemət Veysəlli,İntiqam Qasımzadə və digər tanınmışlarla demək olar ki, hər gün üz-üzə ,göz- gözə,söz-sözə gəlirdim.Belə ünsiyyət ədəbiyyata marağımı bir az da artırırdı.Mən də şeir yazıb tanınmış şair olmaq istəyirdim.Və eləmə tənbəllik yavaş-yavaş bu istəyimin arxasınca düşdüm.Qabil müəllim o zaman jurnalda şeirə baxırdı.Hələm-hələm onun zövqündən jurnala şeir adlatmaq o qədər də asan məsələ deyildi.Çox tələbkar idi.Yanına gələnlərdən hansının şair olub olmadığını üzündən oxuyurdu.Şerinə,sözünə ehtiyac qalmırdı. Gənc “şair” üzünü çevirib gedən kimi Qabil müəllim onun gətirdiyi şeirləri divar boyu düzülən rəfin gedər-gəlməz bölməsinə vasil edirdi. Şeirə sözə həddindən ziyadə tələbkar olan zəhmli Qabil müəllimin poetik tələbini hər şair ödəyə bilmirdi.Nə başınızı ağrıdım, günlərin bir günü Qabil müəllimin ovqatının yaxşı vaxtında oxuyub fikir deməyə bir neçə şeir uzatdım.Əllərim havada qaldı.Baxışları ciddiləşdi,zəhmləşdi,qəzəbli görkəm aldı.Günah işlətmiş adam kimi şeirlər əlimdə çəkilib yerimdə oturdum…- Sən də şeir yazırsan ,– deyib üstümə acıqlandı.-A bala ,bir dərnəklərə getginən ,bir mətbuatda çap olunginan sonra gəlib mənə şeir göstərərsən.Bu nə cürətdi eləyirsən? Axı belə olmaz,yekə oğlansan. Matım-qutum qurudu.Ortaya ağır sükut çökdü.Özümü cinayət başında yaxalanan adam kimi hiss elədim.Gözləmədiyim mənzərədən qanım qaraldı,əməllicə dilxor oldum.Hirsimnən gözlərim doldu.Özümü ədəbiyyata gəlməmiş ədəbiyyatdan qovulmuş hiss elədim.Təxminən bir həftə danışmadıq,küsülü qaldıq.Amma ilk barışıq addımını Qabil müəllim özü atdı,böyüklük elədi.-Xalıq bala, gətir o şeirlərə baxım,bir az əsəbləşdim heş nə olmaz.Mən də bu sözlərdən sonra ürəkləndim, başımı qaldırıb üzünə baxdım.Əvvəlki qəzəbli Qabil müəllimdən əsər-əlamət qalmamışdı.Üzünə o vaxta qədər görmədiyim qəribə gülüş qonmuşdu,bir az da özü qəsdən artırmışdı.Əlini saçına çəkdi.-Hə, gətir görək, utanma gətir o şeirləri oxuyum.Bir iş idi oldu getdi.Gəl bu konfetləri də götür çay içərsən…-Şeirləri cırdım atdım Qabil müəllim, – dedim.-Nə danışırsan, adam da elə iş eləyər.Sən indidən belə şeylərə dözmürsən gələcəkdə necə şair olacaqsan …Yaxşı onda nə vaxt yazsan gətirərsən baxaram…Beləcə ilk ədəbi” travmanı “o vaxt aldım.İndi zaman dəyişib həmin mənzərəylə hər hansı bir gənc qarşılaşsa yeddi qat caxabını verər.Yeddiqat cavab isə ədəbiyyatda keçmir.Əsl ədəbiyyat tənqidə, qəzəbə ,“şapalağa” duruş gətirən ,qucaq açan ədəbiyyatdır.Əlbəttə qərəz olmadan.Ruhu şad olsun Qabil müəllimin.
Yazıya 125 dəfə baxılıb