Gündüz Sevindik – “London Saatından üzü Dənizə”

gunduzÇağdaş ədəbiyyatımızda, yavaş-yavaş artıq nəsr ədəbiyyatının nəzm ədəbiyyatından çoxluq təşkil etdiyi bir zamanda minlərlə əsərlər – romanlar, hekayələr, povestlər meydana gəlir ki, bu əsərlər və xüsusən müəlliflərin sərgilədikləri ədəbi mövqe  arasında asanlıqla seçim edə bilirsən. Bir müəllifin az qala könülsüz, hətta zorla qələmin boğazından yapışdığını, o biri müəllifin öz istedadı ilə yazdığı əsər arasında – nəyi necə demək prinsipini, gərginliyini, digər müəllifin isə sırf  Əlahəzrət Ədəbiyyat üçün doğulub bu meydana atıldığını indi  hiss etmək, təyin etmək elə də çətin deyil. Müasir zamanda demək olar ki, dünyanın hər “çeşid” problemlərinə, prosesslərinə, gedişatına asanlıqla düşüb-çıxan və bu girdabda bişib-bərkiyən, həyatın istənilən sahəsində kifayət qədər təcrübəsi olan müasir İnsan eyni zamanda öz ədəbi zövqünü, ədəbi baxış və tələblərini də sırf təcrübə üzərində qurur. Müasir ədəbiyyata və müasir “Söz alıcısına” indi 800-1000 səhifəlik quru “söz yavanlığı” gərək də deyil. Onun bunu oxumağa nə həvəsi, nə də ən əsası, vaxtı yoxdur. Amma etiraf edək ki, elə dəyərli nümunələrə də rast gəlirsən ki, əlinə keçən gənc müəllifin ilk cümlələri, ilk fikirləri  sənə “bu kitabı son hərfinə qədər oxu” – deyir! Bu yaxınlarda istedadlı yazıçı Nəzakət Cavadovanın əldə etdiyim “London saatı” romanı ədəbi zövqümün cərgəsində yer alan kitablardandır.

“Sevgi ötürməsən, sevgi ala bilməzsən! Gözəl ürəyin ətrafa yaydığı işıq kimidir sevgi. İşıq varsa, sevgi varsa – hər şey var demək. Yağışa yazı yazmaq qədər çətindir sevgidən yazmaq. Gərək insan bunu özü yaşayıb duya… Və asfaltı dəlib keçən çiçək kimdir sevgi… hiss edilmədiyini düşünərsən, fəqət adi gözlə də görünər. Və formulu olmayıb, isbatına ehtiyac duyulmayan yeganə şey xoşbəxtlikdir…” İnsanın iç dünyasının mənəvi formulu kimi qəbul etdiyim bu fikirləri Nəzakət xanım təkcə “London saatı” üçün deməyib əslində…

Məşhur London Saatının altında hələ onu qarşıda nələr gözlədiyini bilməyən, həyatın hansı ağır imtahanlarından keçəcəyindən xəbərsiz olan kəpənək qanadları qədər zərif, gözəlliyi ilə bütün bu sentimental şəhərin başını gicəlləndirən, amma dodaqlarındakı təbəssümü sanki ədəbi itirmiş, qürurlu siması ilə ağır zərbələr aldığını qətiyyən sezdirməyən gənc bir qız dayanmışdı. Sanki keçən hər ağır dəqiqə onu ağır, bundan sonrakı uğursuz taleyə hazırlayırdı… Bütün bunlara rəğmən onun məğrur üzü “Sevgi təqvimin bir günü deyil ki, növbəti günə keçərkən geridə qalıb tarixə dönsün. Mənim mərhəmətə ehtiyacım yoxdur!” – ifadəsini dolğun bir obrazla tamamlayırdı. Amma… qürur varsa, əzab, əziyyət, ən əsası təklik və  tənhalıq da şübhəsizdir. Bəlkə tənha insanların bütün gücləri elə onların qürurundadır?…

Haqqında danışacağım Dəniz adlı bu qız ötən il işıq üzü görmüş istedadlı gənc yazıçı Nəzakət Cavadovanın “London Saatı” romanının əsas qəhrəmanıdır. “London saatı”… əsərin adı tam doğru ifadə ilə seçilən və çağdaş nəsr ədəbiyyatı üçün maraq doğuran bir addır. Romanda baş verən bütün hadisələrin mərkəzində dayanan Dəniz adlı bu qız qətiyyətli, dərhal qərar verə bilmək, olacaqlara ürəkdən əvvəl ağılla yanaşmağı bacaran, müdrik və gənc xanımlara örnək ola biləcək bir obrazdır. İsti varsa, soyuq da var, mənfi varsa, müsbət də var, gecə varsa, gündüz də var – ibtidai icma quruluşundan ta üzü bəri bir-birlərinə tərs mütənasib olan bu ikilinin davamı olaraq Dənizlə bərabər əsərimizin əsas qəhrəmanlarından biri də hələ özünü dərk etməmiş “eşqə düşən, sevən” və təbii ki, bu sevgidən “pay ala bilməyən”, bəsit fikirlərin, adi duğuların qurbanı, iradəsiz, zəif və cığal olan  Yanar adlı  bir gəncdir. Romanı tamamilə ilk səhifədən son səhifəyə qədər çözmək, baş verənləri ən xırda detallarına qədər incələyib vaxtınızı almaq kimi fikrim yoxdur. Dəyərli qələm əhli, ədəbiyyatımızın dostu Nəcibə xanım İlkin romana yazdığı “Ön Söz”də kitabın üz qabığından mündəricatına kimi bütün prossesləri zərgər dəqiqliyi ilə hər bir qəhrəmanımızı – onların əsərdəki mövqeləri, xarakterləri, hər kəsin rolu, bütövlükdə “London Saat”nın ədəbiyyat üçün mahiyyətini uğurla təqdim edib. Romanı oxuyandan sonra özümün gəldiyim qənaəti və bir neçə vacib amili müəlliflə və “London Saatı”nı oxuyanlarla bölüşmək qərarına gəldim.

Romanda demək olar ki, bircə nəfər də olsa mənfi, təhlükəli obraz yoxdur (bu amil romanın bədii təsir qüvvəsini azaldan, əsəri bədii gərginlikdən çıxaran amillərdəndir).  Roman az qala hər kəsin həyata, insanlara və baş verənlərə münasibəti humanizm prinsipləri, qayğı, diqqət, istiqanlılıq və həssas predmetlər üzərində qurulub. Düzdür, “öz tikanlı, ehyamlı” danışığı ilə Dənizin qəlbini yaralayan nadir obrazlarımız var ki, bu obrazlar da əsər üçün “tam ciddi mənfi obraz cəbhəsi” sindromu yarada bilmir. Bu isə müəllifin özünün birbaşa həyata, dünyaya baxışının “məhsuludur”. Müəllif heç kəsdə  ziddiyyətli fikir, yamanlıq, araqarışdırma, təhlükə, problem axtarmır. Belədə, “zərbə” hardasa gərginliklə və bədiiliklə tam dola bilməyən “London saatı”na dəyir. Nəzakət xanımın heç bir “düşməni” yoxdur. Çünki əsərdə baş verən hadisələr o qədər sürətli şəkildə baş verir ki, bəlkə də müəllif öz qəhrəmanlarının diqqət və qayğı ilə bəzənmiş mövqelərini itirməkdən ehtiyat edir. Nəzakət Cavadovanı bu baxımdan müasir ədəbiyyatımızın “ən humanist” yazıçısı adlandırmaq olar. Müəllif heç kimi durduğu yerdə ağlatmır, sıxmır, heç kimə təzyiq göstərmir.  Yazılarımın birində demişdim: “Mən heç vaxt filmə baxmıram, rejissora baxıram. Dünyanın ən bahalı, möhtəşəm rəsm əsərinin qarşısında rəssamın Eşqini və barmaqlarını izləyirəm. Musiqiyə deyil, bəstəkarın mənə “deyəcəyi” ən son səsi axtarıram. Mən yazıçını, şairi oxumuram, müəllifin  necə “can verdiyini” görməyə çalışıram”… Nəzakət Cavadova da ürəklə “can verən” və ürəklərə can verən yazıçıdır!

“London saatı” ilk səhifədən sonuncu səhifəyə qədər sevgidir. Sevgi… Qeyd edim ki, əsərdə baş verən hadisələr “sevgi həddindən və ailə-məişət” məsələləri və həyati problemlərdən nisbətən kənara çıxa bilməkdə çətinlik çəkir. Roman eşqlə, eşq məqamına çatan Dərd əlinin ahı ilə yetərincə Yüklənə bilməyib. “London saatı” ictimai yük daşıya bilib, bəşəri Yük yox… Bəlkə müəllifin özü buna ehtiyac görməyib və dediklərimlə də razıdır?! Milyonlara “Ana”  haqqında şeirlər yazılıb. Amma etiraf edək ki, “Ana” mövzusunda yazılan yeganə ölməz və dünyanın bütün Analarına aid olan şeir Cəfər Cabbarlıya məxsusdur. Çünki bu şeirə ölməzlik və möhtəşəmlik gətirən dünyəvi dəyər, dünyəvi yükdür. Bu şeir müqəddəs Ana adını doğruldan planetin bütün Analara aiddir! Zənnimcə, cəmi bir neçə aktiv qəhrəmanı olan “London saatı”na daha geniş panoramadan yanaşmaq olardı.jpeg

Və nəhayət yaradıcılığımızın, xüsusən də nəsr ədəbiyyatımızın ən yaralı məqamı… Qadın zəifdir, yoxsa güclü? – sorğusunda iştirak edən bütün qadın yazarların hər biri birmənalı olaraq “Qadın Güclü Məxluqdur” – deyə mövqe sərgilədi. Biz də bunu belə qəbul edirik və başlıcası belə də görmək istəyirik. Amma gəlin yada salaq və baxaq… Çağdaş nəsr ədəbiyyatında demək olar ki, bütün əsərlərdə qarşılaşdığımız əlidəsmallı, gözüyaşlı, bütün haqları zorlanmış,  ailəsi dağılımış, işsiz, körpələri ilə küçələrə atılmış, böyük əksəriyyəti elə qadın müəlliflərin özü tərəfindən hər səhifədə ağladılan ədəbiyyatımızdakı qadın obrazlarının sayı-hesabı varmı?… Buna səbəb olan nədir? Qadının zərif olmasımı, cəmiyyətmi, dünyanın özümü, tarixmi, ədəbiyyatmı, ya bu ədəbiyyatı yaradan müəlliflərmi? Nizami Gəncəvinin zalım şahlara, ədalətsiz dövlət məmurlarına, bütövlükdə dünyanın özünə həyatın istənilən sahəsində ibrət dərsi keçən Nüşabələri, Şirinləri, Fitnələri, “qoca qarıları”… bunlar ədəbiyyatımızın ən Güclü, Qəhrəman qadınları deyillərmi? Ya bir az öncə qeyd etdiyim C.Cabbarlının “Ana”sı dünyanın ən Güclü Qadın-Anası deyimi? Ya “Sevil”?… belə nümunələr çoxdur. O vaxtdan bu vaxta qadınların xeyrinə dəyişən minlərlə cəmiyyət qanunları və qadın haqları var. Amma ədəbiyyatdakı əksər qadınlarımız hələ də gözüyaşlıdır, hələ də bütün sahələrdə hüquqları tapdanır, bu qadınlar hələ də “günahkar”, hələ də “yazıq” adlanırlar”. Niyə? Hələ ki, ədəbiyyatımız qadın obrazlarımızın əleyhinə işləyir – düşüncəsi məni daim narahat edib, düşündürüb.

Müqayisə aparmaq istəməzdim, amma “London saatı”ndakı Dəniz mənə “şükür” söylədə bildi. Sınmaq, əzilmək, ağlamaq məqamında Dəniz bir dəfə də sınmadı, əzilmədi, ağlamadı. Əksinə, Dəniz bütün bunları qarşı tərəfə, cığal, hissis, qarşısındakı insanı dinləmək mədəniyyətindən məhrum olan Yanar adlı “peşman bir qul”a yaşatdı… Dəniz hətta dünyanın bu “köndələn vədəsində” uzaq Avropa ölkəsində yüksək təhsilindən də qalmadı. Yıxılmaq ən normal haldır. Bəs dura bilmək?… Dəniz nəsr ədəbiyyatımızda ağlamadan, sızlamadan ayağa qalxan ən güclü obrazlarımızdandır! Dəniz üsyankar da deyil. Sadəcə yaradılışı budur – Gücü Qadın! Təbii ki, Dənizin mövqeli qadın olmasında müəllifin “qələmi” və həyata baxışı bu məqamda ən döyüşkən, ən mübariz mövqe sərgiləyir. Və həm müəllif, həm də onun zərif qəhrəmanı… həsrətlə gözlədiyimiz qadın müəllif və onun qadın  obrazı ədəbi düşüncəmin alqışları ilə qarşılandı. Nəhayət ki, ədəbiyyatımızdakı qadınların “qolundan tutan, onların göz yaşlarını silən tapıldı” – deyə… Güclü müəlliflərin güclü də qəhrəmanları olar – prinsipim burda da keçərlidir!

“London saatı”nın dil və üslubu… Əsərin dili o qədər rəvan və sadədir ki, bu əsər heç kimdə (hətta orta məktəbi güclə bitirən birində) oxu və dərketmə, başadüşmə problemi yarada bilməz. Bu romanda anlaşılmaz, ilk baxışdan 70-80 sözdən ibarət “zəhimli, vahiməli” təsir bağışlayan bir cümləyə belə rast gəlmək mümkün deyil. Müəllif bütün baş verən, cərəyan edən hadisələri sanki öz oxucalarının qarşısında, necə deyərlər, “sadə el dilində” söhbət edib. Zənn edirəm ki, bu  dil, əsərdə tam sərbəst və ən başlıcası “aydın danışa bilmək” keyfiyyəti nəsr ədəbiyyatında özünü sınamaq istəyən gənc yazarlarımız üçün yaxşı “metodiki vəsait”, yaxşı bir nümunədir. Nəzakət Cavadova öz daxili fantaziyası və obrazlı danışa bilmək keyfiyyətinə istinad edərək əsəri də məhz bədii təsvir predmetləri üzərində qurmağa çalışıb. İlk səhifələrdən bu bədii panorama zəif təsir bağşlasa da kitabın orta hissəsindən artıq bədiiliyin təsir qüvvəsinin növbəti güclü dalğalarını asanlıqla hiss etmək olur. Və hadisələrin bu məqamda daha maraqlı, daha “dadlı”, daha cəlbedici ana çatdığını görürsən. Romanın son bölümlərində isə gərginliyin çəkildiyi, azaldığı bir “dönəmdə”, xüsusən “lal səhnələrdə” bədilliyin ən pik həddə olan təqdimatının şahidi olmamaq mümkün deyil. Finala doğru gedən yolda isə bir boş cümlə, bir zəif tablo, bir hədəfə dəyməyən ox müşahidə eləmək olmur.

Romanın finalında “güclü partlayış” gözləsəm də açığı bunu görə bilmədim. Amma müəllifin elədiyi bir ədəbi manevr məni tam başqa cür düşünməyə və gedişatla barışmağa vadar etdi. Uğursuz sonluqdan sonra Dənizi tam təsadüfən görüb, tanış olan,  hətta danışdırmadan, kənardan seyr etməklə belə onu tam anlayan və bütün olanları normal qiymətləndirən sadə, səmimi, ən əsası özünü Dənizdə tapan, Dənizdə görən bir insanla davam etməyi ən normal və başadüşülən həyati hadisə kimi qəbul etdim. Bəlkə elə belə də olmalıymış?! Sinəsində ürək əvəzinə humanizmlə  və rəhmlə süslənmiş geniş bir dünya gəzdirən müəllif Yanarı bəlkə belə “cəzalandırdı” – deyə qənaətini qəbul etdim.

“London saatı”nı oxuduqca sanki, həm də bir film izlədim. Ağrılı, iztirablı, əzabla dolu,  əbədi ayrılıqla bitən bir sevgi filmi… Düşünürəm ki, müasir Azərbaycan kinomatoqrafçılarımız, daimi axtarışda olan gənc istedadlı rejissorlarımız “London saatı”ndan layiqincə yararlanıb bu əsəri efir vasitəsilə hər evə, hər kəsə “çatdıra” bilərlər.

“London saatı”nı oxuyun! Oxuyun ki, dünyanın,  ən əsası öz zamanınızı, öz vaxtınızı “London saatı”nın parametrləri ilə eyni vaxta qurasınız.

                                                          

Yazıya 1283 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.