Akif ABBASOV – PENDİR ƏHVALATI

akif abbasov(hekayə)

Pəri arvad yaxşı pendir düzəldirdi. Kənddə-kəsəkdə onun pendiri adla deyilirdi.

Pəri arvad Tahir kişinin bacısı idi. Axır vaxtlar nədənsə görünmürdü. Tahir kişi bacısına xəbər göndərdi ki, pendirimiz qurtarıb, bir buralara gəlsin, gələndə o tərifli pendirindən də bir az gətirsin ki, ağzımız dada gəlsin. Mağazada satılanlar adamı yarıtmır.

Pəri arvad axşamüstü özünü qardaşına çatdırdı. Gətirdiyi pendir haradasa iki kilo olardı. Tahir kişi əlinin işarəsi ilə qızı Şəfiqəni çağırdı. Şəfiqə tez pendirdən kəsib bir nimçədə dədəsinin qabağına gətirdi. Şükufə arvad da təndirdən çıxardığı qızmar çörəyi süfrəyə qoydu.

Tahir kişi bayaq isti çörəklə pendirə girişdi:

-İndi biləcəyəm. Görüm tərifli pendirinin doğrudan əvəzi yoxdur?

Pəri arvad gözlərini qardaşına dikib onun fikrini bilmək istəyirdi. Bu Tahirə də hər şeyi bəyəndirmək olmurdu. Pəri arvad narahat idi. Birdən qardaşı pendiri bəyənmədi. Yasda da deyəcək, toyda da.

Pəri arvad fikir verib gördü ki, qardaşı artıq üz-gözünü turşudub: “Aha, başlandı”:

-Ay bacı, bu pendir nə isə qoxulanır.

Pəri arvad əl-ayağa düşdü:

-Ola bilməz, ay qardaş, özüm də yemişəm.

-Necə ola bilməz? Nə dediyimi bilmirəm? Birinci dəfədir ki, pendir yeyirəm? Yoxsa sənə şər atıram, ay bacı? Deyirəm nə isə pendirdən iy gəlir.

Pəri arvad özünə haqq qazandırmağa çalışdı:

-Ürəyinə başqa şey gəlməsin, ay qardaş, vallah tər-təmiz yumuşam, özü də paltar sabunu ilə. Dəfələrlə suya çəkmişəm.

Tahir kişinin gözləri bərəldi:

-Pendiri paltar sabunu ilə yumusan?

Pəri arvad aydınlaşdırdı:

-Yox, ay qardaş, dizliyimi?

-Dizliyinin bura nə dəxli var?

-Dəxli var, qardaş.

Tahir kişinin heyrətlə baxdığını görüb:

-Vallah öz dizliyim olub, – dedi. -Zahirin dizliyi yox.

Tahir kişi artıq özünü ələ ala bilmirdi:

-Nə dizlik, dizlik, salmısan,.. Ərin Zahiri də gözümə soxursan.

Pəri arvad ilişmişdi:

-Düz sözümdür. Öz dizliyim olub. Geyilməyə yaramayanda, didiləndə, köhnələndə dizliyimi qəşəngcə suya çəkib, pendir parçalarını doldururam içərisiinə. Asıram, ki pendirin suyu süzülsün…

-Nə, nə?..

Tahir kişi əli ilə pendiri geri itələyib cəld ayağa qalxdı:

-Deyirəm axı, pendirdən sənin iyin gəlir.

Bakı şəhəri, 11 yanvar 2022-ci il

 

Yazıya 152 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.