..ciyərim yanırdı övlad sarıdan… – Qulu Ağsəsin şeirləri

quluağsəsmx18***

Hava haqda proqnozu –

buluddan öyrən,

ayının ağız dadını –

armuddan öyrən.

Ustanın əl işi –

şəyirddi,

davadan gələn xəbər –

şəhiddi.

Külü ancaq göz yaşı –

təzədən alov eləyər,

oxa bələdçiliyi –

ov eləyər.

Cənnətin qapısını döyən –

demək, orda deyil,

arxada qalan göz –

düz yolda deyil.

Ba-ax, ikisi də tərs keçidi:

biri –

gündüzdü,

biri –

gecədi.

Gecə –

səhəri su kimi üzünə çəkər,

Gündüz –

gecənin çiynindən ulduzları sökər.

***

Bir də baş qoşan deyiləm

            gecə ulduza, Aya,

Aldığım son xəbəri də

            verdim getsin yuxuya.

Yatmamış instaqramdakı

            hekayə  nəydi – baxdım,

Bu arada votsapa da

            barmağım dəydi – baxdım.

Baxmaqdan ağı qarışdı

            gözümün qarasına

Tez uzandım… siqnal girdi

            yuxumun arasına.

Düşündüm, görən O neynir,

            hardan  tapır dincliyi?

Gecə Ona,

            gündüz Ona,

                        saat Ona işləyir!

Pəncərəmdə Günəş doğdu –

            üzünə töküb telin,

Olan-qalan ağlımı da

            qarışdırdı sübh yeli.

Uzaqda göy guruldadı

            qəfil, yağış çilədi

Qalxıb fərman imzaladım,

            hamını əfv elədim…

***

…Və bir gün qərq olarsan sulara

burulğan çəkər aşağı,

arxanca hürüb ağlaşar

suiti uşağı…

Burda köməyə kimi çağırasan –

qalarsan gözünü döyə-döyə,

başını balıq ağzından çıxararsan

dişin dişinə dəyə-dəyə.

Saçların quruyar qorxudan

yolarsan, bir ocaq catasan,

əlin gedər alışqan

            qoyduğun cibə…

“Sənə lazımıydı,

            siqareti atasan?!”

***

Dirəşmisən ki:

sevgi nədi,

mənə anlat!

Döyüşdə

son patronunu

beyninə sıxacaq qədər

cəsur əsgərə,

sülh zamanı

göyərçin xanıma

“patron” dedirəcək qədər

məsumdu həyat…

Görürsən,

səni sevməkdən də vacib

işlərim var əlimdə,

amma yenə səni sevirəm…

tənbələm dəəə!

***

Güzgü qabağında

            ağlayar gözəllik –

boyası qarışmasın deyə;

Qapısını əlcəklə

            bağlayar yalan –

birdən tüpürən olar dəstəyə;

Gecələr sürətini

            azaldar dünya –

əyləcin işığı düşər göyə;

Və çox şeyi görər əhli-hal –

amma qarışmaz çox şeyə…

***

Hər gözünü sıxanda şəhid anası

əri dişini sıxar:

“Olmadı,

bu ki olmadı!”.

…Dörd şəhid atasının

dişlərini saydım

otuz iki olmadı…

***

Çətirim səma,

“Yaxşı qalmısan!”

nə tez oxşadı

“Yaxşı ki, qalmisan”a?!

Səma çətirim,

bir inandığına

bir də inanmaqdı,

bir sevdiyini

biryolluq sevməkdi –

                        ən çətini…

Çətirim,

səmam,

üzünə baxdım,

halım qarışdı,

əynini qalın elə,

sənin də üst-başın yaşdı…

***

Əkinçinin

havaya atdığı

bir ovuc toxumdu ulduzlar –

bar vermədiyindən qızarar.

…Şeir sirdi, Adam,

sirri bağırmazlar –

ulduzlardan utan…

***

Günəş

meşənin üstündən

çəkdi duman-pərdəni

öz şöləsiylə,

quşlar səhnəyə çıxdı

yarpaqların alqış səsiylə…

***

Dönüb baxırsan ki:

sevgidə üçüncü yox,

            ikinci adam artıqmış…

Unudun rəvayəti,

yalandı “Leyli və Məcnun” məhəbbəti,

var Məcnun sevgisi:

– hansı Məcnun?

– Leyli Məcnun!

var Leyli sevgisi:

– hansı Leyli?

– Məcnun Leyli!..

Şeirdə artıq sözü

kəsib atırdım bir vaxtlar,

indi baxıram,

            şeirdə bütün sözlər artıqmış  –

sevgidəki ikinci adam kimi.

…Gəl, təzədən yaşayaq şeiri,

Gəl, təzədən yazaq sevgini…

***

Gül uzadır

başdaşındakı şəklə

üç yaşında uşaq:

– Ata, ata,

anam almır,

gedək, sən mənə velosiped al da!..

Minaaxtaran

İyirmi ildi

ayağının ağrısından

gecələr yuxu getmir gözünə,

son vaxtlar

maraqlı türkəçarə tapıb özünə:

arvad-uşağı

şənbə-bazar bir yanda azdırır

çəkilir şəhər kənarına –

evdən gətirdiyi bir balon sidiyi

ocaqda qızdırır…

Sonra baxır havalı kimi,

sidiyi iki əskiyə süzür

dədə malı kimi.

Birin sağ qıçına bükür

(bükdükcə ödü ağzına gəlir),

o biriynən

sol qıçını kəsdiyi bıçağın

tiyəsini silir…

***

Ümidimi ütüləmişdim

barmağımı cütləmişdim

subay vaxtı:

iki oğlum olasıdı

birinin adı Tezol,

birinin adı Təkər.

Tezol –

zamandan iti,

Təkər –

maşından yekə.

…Qayğılar basdı başımdan

özümü güclə atdım

zaman – maşından.

Baxdım ki,

aləm qarışıb,

ümidimin ütüsü cəhənnəm

barmağımın cütü qırışıb!

Baxdım ki,

ömür yarıda…

…qızımın adın Su qoydum

ciyərim yanırdı övlad sarıdan…

***

Bu dünyada

heç kəsə demədim…

O dünyada soruşsalar:

sən kimsən?

– gözümü yumub,

ağzımı açacam!

Deyəcəm ki:

altındakı skamyada

bir yol özü oturmayan

yorğun ağacam…

***

Çox da salıb dünyanı eynəyim gözdən – noolar

Ağız suyuyla bitir dodaqda söz də – noolar…

Ölüm nə çətin işdi, gör nə gözəl cəzan var,

Dörd tərəfin köpəksə, demək, mühafizən var…

Yer tərpənir – tərpənsin, sallanarsan budaqdan

Bir də gördün əl edir kimsə sənə uzaqdan…

Nə lazım, uzaqbaşı bircə otağın ola

Gecənin bir yarısı qəfil qonağın ola…

Sevəsən bu gəlişi başdan-ayağa kimi

Küsdürəndə ağlaya qoynunda çağa kimi…

Gedəndə könlünü də yalvar-yapış apara

Gün görməmiş dərisin gün çıxmamış apara…

…Gedə, bir də qapından əcəl girəndə gələ

Günəş xəstə dünyaya şüa verəndə gələ…

Mənbə: Ədəbiyyat qəzeti

 

Yazıya 362 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.