Türk Ağsaqqalları Birliyinin sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, TAİB-in İdarə Heyətinin üzvləri, professor Eyvaz Hünbətov, akademik Sabir Tağıyev, “Qızıl Aypara ” Cəmiyyətinin məsul əməkdaşı Nüsrət Paşayev, TAİB-in Beynəlxalq Əlaqələr Departamenyinin rəhbəri Elnur Eltürk, TAİB-in İcra Aparatının rəhbəri, Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar və TAİB-in digər üzvləri Gəncə Dövlət Dram Teatrının yeni inşa olunan binasına baxış keçiriblər.
Gəncə Dövlət Dram Teatrının direktoru Aqil Bəhramlı Birliyin İdarə heyətinin üzvlərini qarşılayaraq onlara teatrın tarixindən bəhs edib. O qeyd edib ki, Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə Bakıda yaradılıb. 1925-ci ilədək “Tənqid-təbliğ” teatrı, 1932-ci ilədək “Bakı-işçi-kəndli” teatrı adlandırılıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib. Görkəmli teatr xadimləri İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi şəxsiyyətlərin sənət yolu məhz buradan keçib.
Bununla yanaşı Aqil Bəhramlı yeni binada yaradılan şəraitlə bağlı qonaqlara məlumat verib. Bildirib ki, Gəncə Dövlət Dram Teatrının 2014-cü ildə təməli qoyulan yeni binasında 478 yerlik böyük tamaşaçı zalı, 22 tamaşaçı yerlik lojalar və 120 yerlik kiçik tamaşaçı zalı var. Yeddimərtəbəli binada, həmçinin iki zaldan, 135 eksponat və rəsm əsərlərindən ibarət Gəncə Teatr Muzeyi, zəngin kitabxana, xoreoqrafiya zalı, qrim otaqları, mehmanxana, kafe və digər zəruri infrastruktur yaradılıb. Bir sözlə teatrın yeni binasında tamaşaların nümayişi üçün müasir texniki şərait təmin edilib, yaradıcı heyətin məşqləri ilə bağlı bütün məqamlar nəzərə alınıb.
Yazıya 76 dəfə baxılıb