Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuş və döyüş meydanındakı acınacaqlı məğlubiyyətlərinin əvəzini çıxmaq üçün Azərbaycanın münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlardakı mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı ərazilərini hədəf seçmiş, müxtəlif növ silahlardan, o cümlədən artilleriya və ballastik raketlərlə atəşə tutaraq insanlıq əleyhinə və müharibə cinayətləri torətmiş, mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə irimiqyaslı zərər vurmuşlar.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişlər.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarix və mədəniyyətində, qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşanı azad etdi. Bu qələbəmizin əldə olunmasında İmişli rayonunun igid oğullarının da xidmətləri olmuşdur.
Belə oğullarımızdan biri də Şöhrət Əli oğlu Cabbarov idi. Şöhrət 28.04. 2002-ci ildə İmişli rayonunun Ölcələr kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra Vətənə borcunu vermək üçün hərbi xidmətə yollanıb. Vətənə, torpağa olan sevgisi ilə müddətdən artıq xidmət etmək həvəsinə düşsə də, anası Təranə xanım onun bu istəyinə qarşı çıxıb: “Evə qayıt, oğul, biz sənsiz qala bilmərik”- deyərək onu fikrindən yayındırıb. Şöhrət evə qayıdaraq anasını sevindirib, lakin qəlbindəki qisas hissi onu rahat buraxmayıb. Dostlarına tez-tez bu barədə danışarmış: ”Bu qorxaq millətin başını əzmək lazımdır. Bircə, ölkə Prezidentimiz döyüş əmri versəydi, birinci özüm gedərdim döyüş bölgəsinə, ermənilərin başını əzməyə”. Anası Təranə xanımla söhbət zamanı deyirdi: “Ay ana, vallah, bu erməni tayfasını yer üzündən silmək lazımdır. Onların kökünü kəsmək üçün bizim kimi gənclər lazımdır. Darıxma, ana, biz bunu edəcəyik”. Anası isə oğlu Şöhrətin başını sığallayıb bağrına basaraq: “Mənim vətənpərvər oğlum, bizim xalq döyüşkən, mübariz xalq olub, can bala “- deyərdi.
Günlərin bir günü ata və anasından xeyir-dua alaraq hərbi komissarlığa gedib müddətdən artıq hərbi xidmətə getmək üçün ərizə ilə müraciət edir. 2019 – cu il oktyabrın 2-də hərbi xidmətə yollanır. 3 ay kurs keçdikdən sonra Beyləqana yola düşür. 2020-ci il sentyabr ayının 25-də evə gələrək ata-anasını sevindirmiş, heç 15 dəqiqə danışmamış geri dönəcəyini bildirmişdi: “Ana, mən getməliyəm, Vətən bizi səsləyir, sən narahat olma, hər şey qaydasındadır. Gəldim, sizi görüm, mənə görə narahat olmayın, ermənilərin belini qırmışıq, az qalıb, qələbə bizimdir, ana!” Anası oğlunu bağrına basaraq deyir: “ Oğlum, düşmənə təslim olma, bu, kişiliyə yaraşmaz, ancaq ehtiyatını əldən vermə, həmişə üstündə “Limonka” olsun. Əsir düşmə o alçaqlara. Gördün, çıxılmaz vəziyyətdəsən, məhv elə özünü, əsir düşmə o alçaqlara”. Şöhrət gülmsəyərək anasını qucaqlayıb deyir: “Ana, təşvişə düşmə. Allaha and olsun, çoxlu erməni qulağı gətirəcəyəm kəndə. Paşınyanın da qulağı olacaq onların içində.” Şöhrət anası ilə vidalaşıb gedir. Atası Əli kişi də oğlunun bu qüruruna çox sevinir, qəlbində pıçıltı ilə köks ötürərək: “Sağ ol oğul” -deyir.
Bir neçə gün keçdikdən sonra anası Təranə xanım oğlu Şöhrətdən xəbər tuta bilmir. Gecəni səhərə qədər yatmır. Elə bil ürəyinə dammışdı ki, Söhrətə nəsə olub, evin içində elə hey vurnuxur: “Şöhrət niyə bizə zəng eləmir görəsən, nə baş verib?” deyə düşünür. Sentyabrın 26-da əsgər dostları ilə danışıb, vəziyyəti öyrənsə də, özünə yer tapa bilmir. Oktyabr ayının 23-ü səhər saat 9-10 radələrində oğlunun cənazəsi gəlir. Yaxından-uzaqdan gələn əhali Şəhidi qarşılamaq üçün Ölcələr kəndinə – Əli kişinin həyətinə toplaşmışdı, böyük izdiham var idi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Elçin Rzayev də şəhidin dəfn mərasimində iştirak edirdi. Atası Əi kişi boğazında ilişib qalan qəhərini boğaraq dəfn məraiminə gəldiklərinə görə hamıya razılığını bildirdi və Azərbaycanın üçrəngli bayrağını köksünə sıxaraq: “Vətən sağ olsun, təki Vətən yaşasın” – dedi və oğlu Şöhrəti son mənzilə yola saldı.
Ölkə Prezidenti cənab İlham Əliyev Şöhrət Cabbarovu ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarıyla təltif etmişdir.
Şöhrətin valideynlərinə, yaxınlarına Allahdan səbr diləyirəm.
Vətən sağ olsun!
Zeynəb Həsənova,
“Xalq sözü” qəzetinin əməkdaşı
Yazıya 31 dəfə baxılıb