YARDIMLININ YARDIMSEVƏR POLİSLƏRİ

news-2022-02-05-114441-414296YARDIMLININ YARDIMSEVƏR POLİSLƏRİ

 

Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz”.

İlham Əliyev

Yardımlı torpağını hələ uşaq yaşlarımdan sevirəm. O gözəl diyara uzaqdan-uzağa bağlıydım. Bu bağlılığı Azərbaycan torpaqlarını qarış-qarış dolaşaraq hər daşına, çiçəyinə, ağacına, çayına, insanlarına sevgi verən, onlardan sevgi alan, içindəki sevgini söz-söz, misra-misra oxucularına, eldaşlarına, qandaşlarına ötürən Sabir Rüstəmxanlı aşılamışdı mənə. Bəli, mən Rüstəmxanlını, Yardımlını, Azərbaycanı sevə-sevə böyüdüm, bu sevgi içimdə söz oldu, misra oldu, kitab oldu…

…Son illər başımıza min-bir bəla gəldi. Torpaq itkisi, Şəhid ağrısı, yaralı sızıltısı, ana naləsi eşitdik… Dözdük, durduq və haqq yerini buldu – Zəfər çaldıq. Ordumuz müzəffər ordu, xalqımız müzəffər xalq adını qazandı.

Ordum yaşasın!

Qazilərimin yarası sağalsın!

Şəhidlərimin ruhu şad olsun!

Bu günlərdə Yardımlını qarış-qarış dolaşdım. O dilbər diyarımızın gözəlliyinə heyran qaldım. Və bir daha əmin oldum ki, torpaq böyük qüvvədir. İçimizdəki Vətən sevgisi, el heysiyyatı ilə yanaşı, xasiyyət və davranışlarımızın da formalaşmasında torpağın danılmaz gücü var.

Mənə elə gəlir ki, hər bir bölgənin insanı simaca və xasiyyətcə doğulduğu torpağa bənzəyir.  Yardımlılar da torpaqları kimidir –  bir üzlü, bir rəngli, bir sözlü, dəli-dolu, isti, bərəkətli…

Yaxşı xatırlayıram, bir neçə il əvvəl saytımızda Rövşən Həbiboğlunun müəllifliyi ilə polis zabiti  Şahin Nəsirovun qısa, lakin şərəfli ömür yoluna həsr edilmiş, “Daha mənə “əmi” deyən olmayacaq…” başlıqlı məqalə dərc edilmişdi. Yazıda Azərbaycan polisinə, xüsusən də Yardımlı rayonunun asayiş qoruqçularına olan sevgi qabarıq nəzərə çarpırdı. Sadə bir vətəndaşın polis əməkdaşı barədə yazdığı bu ehtiram dolu məqalə uzun müddət mənim xatirəmdə qaldı. O yazıdan sonra Yardımlı rayonunun asayiş qoruqçuları ilə tanış olmaq istəyim çoxalmışdı. Nəhayət o gün gəldi, həm də yardıma ehtiyacımız olduğu bir zamanda gəldi. Biz Yardımlı rayon polis əməkdaşlarına müraciət etdik. Bu şərəfli peşənin sahibləri bizi o qədər mehriban, səmimi qarşıladı ki, onların timsalında Azərbaycan polisinə olan sevgimiz birə-beş artdı.

…Bildiyimiz kimi, Yardımlı rayonu dağlıq zonada yerləşir.  Fövqəladə hadisələr – dağ uçqunları, sürüşmələr, yol qəzaları bu rayondan qaçılmazdır. Statistikaya nəzər salanda görürük ki, Yardımlı cinayət işləri, yol qəzaları və s. kimi hadisələrdə adı ən az hallanan rayonlarımızdandır. Bütün bunlar isə Yardımlı rayon asayiş qoruqçularının əməyi sayəsindədir.

Asayiş qoruqçusu olmaq bütün peşələrin məcmusudur, desək, yanılmarıq. Onlar pedaqoqdur – maarifləndirmə işləri aparırlar, onlar həkimdir – qəza zamanı ilk tibbi yardım edirlər, onlar mühəndisdir, siyasətçidir, alimdir… Yəni polis hər bir sahəni bilməli, hər bir sahənin adamı ilə ünsiyyətə girməyi bacarmalıdır.

Yardımlıda bizə yardım edən, Dövlətin, Polisin qayğısını hiss etdirən Yardımlı rayon polislərinə, onlara rəhbərlik edən polkovnik Arif Babayevə, orada tanıdığım Post Patrul Xidmətinin əməkdaşı Əli Heydərova öz dərin minnətdarlığımı bildirirəm. Bu minnətdarlıq hissində Yardımlı Yol Polisinin də yeri böyükdür. Yol polisinin xidməti barədə məlumat almaq üçün bir neçə sürücü ilə də əlaqə saxladım. Məlum oldu ki, Yardımlı rayon Yol Polisi rəisi Kənan Heydərovun şəxsən rəhbərliyi ilə rayonda tez-tez reydlər keçirilir, vaxtlı-vaxtında yol hərəkətini tənzimləyən nişanlar yenilənir, sürücülər maarifləndirirlir. Elə ona görə də Yardımlıda yol hərəkəti qəzaları minimum həddə çatıb.

Məlumdur ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda ilk mübarizəyə qoşulanlar da polis əməkdaşları idi. 20 Yanvar hadisələrində, sonra Çaykənd əməlliyyatında, Birinci və İkinci Qarabağ döyüşlərində yüzlərlə polisimiz öz canından keçərək ən uca zirvəyə – Şəhidlik məqamına yetişib. Başda general Məhəmməd Əsədov olmaqla, Şəhid polislərimizi sayğıyla anır, ruhları qarşısında baş əyirik!

Azərbaycan Polisinə, xüsusən də, Yardımlı polisinə ünvanladığım minnətdarlıq dolu yazıma ölkə prezidenti İlham Əliyevin sözləri ilə başlamışdım. Ali baş Komandanımızın Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir” arzusunun reallaşdığı məni çox sevindirir. Bəli, bu gün Azərbaycan xalqı öz polisini sevir və ona hörmət edir. Elə bu sevgiylə də şərəfli Azərbaycan polisi adını daşıyan hər bir vətən oğluna öz dərin təşəkkürümü bildirir, dövlətçiliyin əsas sütunlarından olan bu qurumun daha sağlam və möhkəm olmasını arzu edirəm.

İradə Aytel

 

Yazıya 242 dəfə baxılıb

Şərhlər

Şərh

Pin It

Comments are closed.