Mayın 4-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı Məmməd Orucun xalq şairi Fikrət Qoca haqqında “Naməlum Fikrət Qoca” adlı kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin aparıcısı Seyran Səxavət dəyərli qələm ustası haqqında kitabın işığına yığılanları salamlayandan sonra sözü AYB -nin sədri, Xalq yazıçısı Anara verib. Anar mərhum şairlə dostluğundan, onun nəcib xüsusiyyətlərindən söz açaraq xatirəsini ehtiramla yad edib və kitab üçün Məmməd Oruca təşəkkürünü bildirib. Daha sonra Vaqif Əlixanlı, Qəşəm Nəcəfzadə, Elçin Hüseynbəyli, Maarif Soltan, Təranə Vahid və başqa qələm adamları Fikrət Qoca və kitabın müəllifi haqqında ürək sözlərini bölüşüb, illərin yaddaşından süzülüb gələn xatirələri çözüblər. Şairi yaxından tanıyanlar Fikrət Qocanın çoxuna məlum olmayan balıq tutmaq kimi məşğuliyyət və hobbisi ilə bağlı maraqlı xatirələri də dilə gətiriblər.
Qeyd etmək lazımdır ki, tədbirin sonunda Məmməd Orucun qızı Aysel xanım, Fikrət Qocanın qardaşı oğlu Babək Qoca ailələri adından tədbirə yığılanlara təşəkkürlərini bildiriblər. Məmməd Oruc deyilən xoş sözlər, yada salınan xatirələrə görə hamıya təşəkkür edib və son olaraq xatirə şəkilləri çəkilib.
Yazıya 67 dəfə baxılıb