Məriş kişi evə gec gəlmişdi. Bu gün işi çox olmuşdu. Odur ki, yorulub əldən düşmüşdü, həm də bərk acmışdı. Ağır addımlarla pilləkənləri çıxanda bir də gördü ki, qapının ağzında 5-10 cüt nimdaş ayaqqabı, qaloş var. Ayaq saxlayıb: “Xeyr olsun. Bizə niyə yığışıb bu camaat?”
Pəri arvad ayaq səslərindən bildi ki, Məriş gəlib. Tez onun qarşısına çıxdı. Məriş əli ilə nimdaş ayaqqabıları göstərdi: “Yəni ev-eşik bu adamlarla niyə dolub?”
Ərinin xasiyyətini bildiyindən Pəri arvad onu sakitləşdirməyə, onun “qaz”ını almağa çalışdı:
-Məriş, əzizim! Bir sakit ol. Qonşu uşaqlarıdır, bəzisi anası ilə gəlib. Televizorda maraqlı kino verirlər. Oturub dinməz-söyləməz kinoya baxırlar…
Məriş onun sözlərini eşidib səsini qaldırmaq istəyəndə Pəri arvad imkan vermədi:
-Sən Allah, hövsələni bas, az sonra hamısı dağılıcaq.
Məriş səsini qaldırmadı, amma sözünü dedi:
-Ay o uşaqların…
-Ayıbdır, Məriş.
Məriş birtəhər özünü ələ alıb aynabəndə daxil oldu. Qonaqlar onu görüb tez ayağa qalxdılar. Mərişin işarəsi ilə təzədən yerlərində oturdular. Televizor aynabənddə qoyulmuşdu.
Sizə 40-50 il bundan əvvəlki bir əhvalatı danışıram. O zamanlar televizor təzə çıxmışdı. Hər evdə televizor olmurdu. Ona görə uşaqlar, qadınlar kimdə televizor vardısa, gedib orada kinoya baxardılar. Kino da həftədə bir dəfə olurdu, ya olmurdu.
Yaxşı, bu uşaqlar, bu böyüklər indi kinoya baxacaqlar, Məriş də qarnını qucaqlayıb onların nə zaman dağılaşacağını gözləsin? Acından qarnı fit çalır axı. Susuzluqdan boğazı quruyub.
Pərinin xahişini nəzərə alan Məriş artıq hərəkətə yol vermədi, heç kimin xətrinə dəymədi. Astaca gedib əlini televizorun yan-yörəsində gəzdirdi. Mənalı-mənalı baxışlarını qonaqların üzərində gəzdirib televizorun şunurundan yapışdı. Onu elektrikdən ayırıb:
-Ay uşaqlar, – dedi. -Televizor yaman qızıb, qorxuram xarab olar. Sonra kinoya harada baxacaqsınız?
Gələnlər ayağa qalxdılar və tez dağılışdılar. Məriş əl-üzünü yuyub stolun arxasına keçdi. Əyləşib şam yeməyinin süfrəyə gələcəyini gözlədi.
Şirvan şəhəri, 09 avqust 2023-cü il
Yazıya 20 dəfə baxılıb