03.09.2023-cü il tarixində Bakı şəhər “SedetArt” rəsm qalereyasında Aktivist Rəssamlar Assosiasiyasının toplantısı keçirildi.
www,kultur.az xəbər verir ki, toplantıda azərbaycanlı rəssamlar – Əbdüləli Əliyev, Əmrah Mədətov, Naqiyə Rzayeva, Yeganə Hüseynova, Leyla Əliyeva, Validə Əsəd, Aynurə Mustafayeva, Tamara Kontsedaylo, Nərmin Abdullayeva, Nəvai Metin, Tofiqə Əliyeva, fotoqraf İradə Qədirova, şair Günay Nəriman, “SededArt” rəssamlıq kursunun öyrənciləri Vəlizadə Fəridə, Yusufzadə Nərgiz, Hüseynova Aişə və rəsmsevərlər iştirak edirdi.
“Bu günkü toplantımızın məqsədi həyatın hər bir sahəsinə, o cümlədən də rəssamlığa ağır zərbə vuran CORONA-virus epidemiyasından sonra bir araya gəlmək, itirdiklərimizi yenidən bərpa etməkdir. Pandemiyaya qədərki dövrdə biz ay ərzində iki dəfə yığıncaq edir, bölgələrdə səfərlərdə olurduq. Bu səfərlər zamanı canlı olaraq rəsmlər çəkir, sərgilər təşkil edir, gənc nəsli sevgi dolu sənətə – rəssamlığa yönəltməyə çalışır, bir növ rənglər dünyasının işığında həyata inam, insanlara və təbiətə sevgi aşılamağa çalışırdıq. Demək olar ki, məqsədimizə nail olurduq. Bu barədə mətbuatda kifayət qədər məlumat var” – deyən, rəssam Nəvai Metin “Əgər insanlar sənətə doğru gəlmirsə, sənət insanlara getməlidir. Lazım gəlsə, oba-oba, kənd-kənd, ev-ev dolaşacağıq ki, pandemiyanın və müharibənin ağırlığı hələ də çiyinlərində olan xalq boyaların sehrində az da olsa sevinə bilsin”, – deyərək fikrinə son verdi.
Toplantı boyunca Azərbaycan rəsm sənətinin daha da inkişafı, təbliği, gəncləri sənətə yönləndirmənin doğru yolları və s. barədə geniş müzakirələr aparıldı, nəticə olaraq, bölgələrə səfərlər etmək, canlı rəsmlər çəkərək sərgilər keçirmək qərara alındı.
Toplantının sonunda Nəvai Metin “Uluslararası kaldığımız yerdən devam” mövzulu onlayn sərgiyə qatıldıqlarına və Türkiyə Cümhuruyyətinin Zəfər bayramı münasibətilə azərbaycanlı rəssamlara – Mirağa Hakimov, Vaqif Ələkbərov, Günel Bayramova, Yusif Yaşar, Könül İbrahimova, Günay Muradova və Əmrah Mədətova USART dərnək başqanı Hülya Gülmez tərəfindən imzalanmış təşəkkürnamələri təqdim etdi.
Yazıya 568 dəfə baxılıb