Tapdıq kişi oğlu Arazı çağırıb:
-Ay bala, Çiçəkli kəndinə get, Bahəddinə de ki, gəlib bizim taxılı kombaynla biçsin. Bahəddinin evini tanıyırsan. Evdə olacaq.
Araz tez:
-Baş üstə, ata, -dedi və yola düzəldi.
Amma tək getmədi. Tay-tuşu Ələmdarı də yanına salıb yola düşdü. Piyada gedirdilər. Zarafatlaşır, bir-birinə lətifə danışır, bir-birini qovur, yola nərdivan salırdılar. Axır gəlib Çiçəkliyə yetişdilər.
Qapıya Nanə xala çıxdı:
-Bahəddin indi evdə yoxdur. Amma harada olsa, gəlib çıxar. Sözünüzü özünə deyərsiniz.
Araz cavabında dilləndi:
-Yaxşı, xala, gözləyərik.
Nanə xala onları evə dəvət etdi. Gələnlər içəri keçmədilər. Çöldə, hasarın qənşərində qoyulmuş oturacaqda əyləşib gözləməyə başladılar. Yarım saat keçdi, bir saat, saat yarım keçdi. Bahəddin gəlmək bilmirdi.
Hava qaralırdı. Tapdıq kişi, Gülsənəm xala narahat idilər. Şər qarışmışdı. Araz görünmürdü. Birdən kəndin polis məntəqəsindən zəng vurdular. Sahə müvəkkili kapitan Şakirov idi:
-Sizin övladınızla Ələmdarı saxlamışıq.
Tapdıq kişi əl-ayağa düşdü:
-Saxlamısınız? Niyə?
Kapitan izah etdi:
-Arazla Ələmdar əlbir olub oğurluq ediblər. İki təkər oğurlayıblar.
Tapdıq kişi səsini qaldırdı:
-Nə təkər? Mən oğlumu kəndə təkər dalınca yox, kombayn dalınca göndərmişəm. Gedib Bahəddinə deyəcəkdi ki, gəlib taxılımızı biçsin. Nə təkər, nə oğurluq? Onun bir balaca boyu var? Yerə bir torba pul atsan, axtarıb yiyəsini tapar, onu qaytarar.
Bayaqdan ərinin yanını kəsdirib duran Gülsənəm xala saçını yolmağa başladı:
-Vay, uşağı tutublar.
Səsə qonşular tökülüşüb gəldilər.
Tapdıq kişi Gülsənəmi sakitləşdirməyə çalışdı:
-Özünü didib tökmə. Bu saat gedib aydınlaşdırar, uşağı gətirərəm.
Tapdıq kişi atın belinə qalxdı.
…Arazla Ələmdar Bahəddin kişinin gəlib çıxmadığını görüb gəzişdilər. Gəlib “Kamaz” markalı maşının yanında dayanıb söhbət etməyə başladılar. Qaranlıq idi. Yorulub bir az aralıdakı daşların üstündə oturdular. Söhbət etməyə bir mövzu da qalmamışdı. Az oturmuşdular, çox oturmuşdular, bir də gördülər ki, iki polis nəfəri onlara yaxınlaşdı. Biri zabit idi, o biri sıravı.
Arazla Ələmdar ayağa qalxdılar. Polislərdən biri əlini Arazın, digəri Ələmdarın çiyninə qoydu:
-Polis məntəqəsinə gedəcəyik.
Araz dilləndi:
-Polis məntəqəsinə? Bahəddin dayı ordadır? Biz də bayaqdan onu burada gözləyirik.
Kapitan sərt-sərt ona baxdı:
-Nə Bahəddin?
-Kombaynçı…
Polis nəfəri:
-Düşün qabağımıza. Ayırd edərik…
Tapdıq kişi özünü yetirdi:
-Rəis, uşaqlar burada nə gəzirlər? Mən onları Bahəddinin dalınca göndərmişəm…
Araz dilləndi:
-Bahəddin dayı evdə yox idi. Bayaqdan onun gözləyirdik. Axşam düşdü. Bizi bura gətirdilər, bilmirik niyə?
Kapitan üzünü uşaqlara tutaraq:
-Boynunuza alın! -dedi.
Araz soruşdu:
-Nəyi boynumuza alaq?
-Təkərləri neynəmisiniz?
Bu dəfə Ələmdar dilləndi:
-Hansı təkərləri?
-“Kamaz” maşınının təkərlərini. İki təkər oğurlanıb.
Tapdıq kişi söhbətə qarışdı:
-Deyirsən təkərləri bu uşaqlar oğurlayıb?
Polis nəfəri cavabında dedi:
-Bəli. Qaranlıqdan göz gözü görmürdü. Bu uşaqlar maşının yanını kəsdirib durmuşdular.
Tapdıq kişini gülmək tutdu:
-Ay canım, elə şey olmaz?
Polis nəfəri:
– Bunlar şübhəli şəxs kimi yaxalanıb.
Tapdıq kişi qəh-qəhə çəkdi:
-Təkərin hər biri 10-11 yaşlı bu uşaqlardan daha böyükdür. Heç onlara gücləri çatar? Onları necə oğurlaya bilərlər?
-Oğurluq yaşa baxmır ki…
Bunu sahə müvəkkili dedi.
Tapdıq kişi soruşdu:
-Deyirsən o boyda təkərə, özü də bir deyil, ikidir, bu uşaqların gücü çatıb? Yaxşı, tutaq ki, gücləri çatıb, bəs haraya aparıblar? Harada gizlədiblər? O böyüklükdə təkəri necə gizlədiblər, necə aparıblar ki, heç kim görməyib? Bir sualım da var: təkəri aparıb neyləyəcəkdilər? Velosipedlərinə bağlayacaqdılar?
Polislər Tapdıq kişinin sözlərini eşidib sanki yuxudan ayıldılar.
Tapdıq kişi uşaqları götürüb getdi.
Polislər oğrunu axtarmağa başladılar. Ertəsi gün məlum oldu ki, sən demə, təkərləri sürücünün öz qaynı çırpışdırıbmış.
Bakı şəhəri, 12 oktyabr 2023-cü il
Yazıya 39 dəfə baxılıb