Yeni il ərəfəsindəyik. Bütün bayram günlərində olduğu kimi yenə də Azərbaycan Polisi gücləndirilmiş iş rejimindədir. Biz ocağımızın başında rahat-rahat bayram edərkən, onlar gecə-gündüz bilmədən, canları-qanları bahasına bizi qoruyurlar.
Bu məsuliyyətli, həm də təhlükəli işin ağırlığı ən çox da yol polislərinin üzərinə düşür. Kimi alkoqolun təsirindən, kimi bayram təlaşından, kimi yol hərəkəti qaydalarını doğru-düzgün bilmədiyindən, yaxud da o qaydalara riayət etmək istəmədiyindən müxtəlif qəzaların törədilməsinə səbəb olur. Yollarda baş verən kiçik bildiyimiz qayda pozğunluqları isə böyük təhlükələrə, faciələrə yol açır. Bu gün bütün bu neqativ halların qarşısını almağa çalışan, Azərbaycan xalqının təhlükəsizliyi üçün gecə-gündüz oyaq olan polis əməkdaşlarından, yaşadığım ərazinin polislərindən danışmağı və onların bayramlarını təbrik etməyi özümə borc bildim.
Hələ bayrama bir neçə gün qalıb. Mingəçevir polisi artıq gücləndirilmiş rejimə keçib. Şəhər Polisinin Rəisi Ədalət Əliyevin və müavini Vahid Məmmədovun xüsusi tapşırıq və göstərişçi ilə təhlükəsizliyimizin təminatçıları xidmət saatının artırılmasından şikayət etmədən iş başındadır. Yol polisinin əməkdaşları Mingəçevir küçələrində quraşdırılmış yol hərəkəti nişanlarına, yollardakı hərəkət intensivliyinə nəzarəti gücləndirərək, reydlərə başlayıb. Bu ağır, çətin işlərin başında Mingəçevir Yol Polisi İdarəsinin rəisi Yusif Paşayev dayanır. Bu sadə, işinin öhdəsindən məsuliyyətlə gələn insan Mingəçevir yollarında təhlükəsizliyin qorunması üçün necə əmək sərf etdiyini Mingəçevir əhalisi və sürücülər çox yaxşı bilir.
44 günlük Zəfər tariximizdə Azərbaycan polisinin əməyi danılmazdır. Birinci və İkinci Qarabağ döyüşlərində, sonrakı uğurlu “Qisas” və “Antiterror” əməliyyatlarında polis əməkdaşlarının çox böyük rolu oldu. Xüsusən də, “Antiterror” əməliyyatının uğurla başa çatmasında Azərbaycan Polisinin adını qürurla çəkirik.
Azərbaycan Polisini, Mingəçevir Polis idarəsinin əməkdaşlarını Yeni il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik etməzdən əvvəl Azərbaycan Vətən Müharibəsində qəhrəmanlıqlar, igidliklər göstərərək şəhadətə yüksəlmiş polislərimizin ruhu şad olsun deyirəm! Onların ailələrinə və xalqıma dərin hüznlə baş sağlığı verirəm. Və ilk növbədə Şəhid Polislərimizin ailələrini, bütün şəhid və qazilərimizin ailələrini, xalqımı, ordumu və fəxr duyduğum Azərbaycan Polisini qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm!
Azərbaycan ordusunun, Azərbaycan xalqının yanında olan, zəfər yolunda dönmədən, yorulmadan irəliləyən, əziz polis əməkdaşları!
Əziz Mingəçevir şəhər polisləri!
Arzu edirəm ki, əməyiniz boşa getməsin! Qarşıdan gələn ağır bayram günlərini xətasız, qayda pozuntusu olmadan başa vurasınız!
Qarşıdan gələn bayramlarınız mübarək!
Səxavət Kəlbəcərli
Yazıya 23 dəfə baxılıb