Mayın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Qırğızıstan Xalq yazıçısı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayevin “XAN Nəşriyyatı”nda çap olunmuş “Dəlixana” romanının təqdimat mərasimi keçirilib.
Tədbirdə AYB rəhbərliyi, tanınmış ədəbiyyat və incəsənət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB sədri, Xalq yazıçısı Anar Sultan Rayevi Azərbaycanda, rəhbəri olduğu ədəbiyyat ocağında salamlamaqdan məmnunluğunu ifadə edib. “Dəlixana” əsərinin müəllifin Azərbaycan dilində ilk çap olunan əsəri olduğunu deyən Anar Türk dünyasının böyük yazıçısının azərbaycanlı oxucular tərəfindən də seviləcəyinə və bu layihənin davamlı olacağına inandığını deyib.
Tədbirin aparıcısı, Ədəbiyyat Fondunun baş direktoru Varis romanın magik-realizm janrının ən əhəmiyyətli nümunələrindən biri olduğunu, ingilis, rus, türk, macar dillərində dərc edilərək geniş oxucu kütləsi topladığını vurğulayıb.
Qeyd edib ki, azərbaycanca nəşr daha mükəmməl, orijinala daha yaxın alınıb. O, romanın əsas mesajını da diqqətə çatdırıb: dünyada heç nə izsiz ötüşmür, bütün pisliklər bumeranq kimi geri qayıdır.
Varis onu da nəzərə çatdırıb ki, sözügedən roman Azərbaycan Ədəbiyyat Fondu və Hədəf Şirkətlər Qrupunun birgə layihəsi olan “Türk xalqları ədəbiyyatı” seriyasının ilk kitabıdır. Layihə rəhbərləri Hədəf Şirkətlər Qrupu, eləcə də Azərbaycan Ədəbiyyat Fondunun baş direktorları Şəmil Sadiq və Varisdir.
Hədəf Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadiq əsərin özəlliklərindən danışıb. Bildirib ki, kitabın tərcüməçisi Aysel Oğuz, redaktorları Cavid Qədir və Yunus Oğuzdur.
Ş.Sadiq deyib ki, romanda yüzlərlə il əvvəl ölmüş tarixi şəxsiyyətlərin ruhunu daşıyan yeddi nəfərin başına gələnlər təsvir olunur. Onlar həm özlərinin, həm də ruhunu daşıdıqları şəxslərin yol verdiyi günahların cəzasını çəkirlər.
Əsərin qəhrəmanları özlərindən də, cəzadan da qaçmaq üçün çöllərə düşür, Müqəddəs torpağın axtarışına çıxır, Musa peyğəmbərin ardıcılları kimi səhrada dolaşmağa başlayırlar…
Yazıya 15 dəfə baxılıb