Əsərləri dünyanın yüzə yaxın dilinə çevrilmiş, Azərbaycan, türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində qırxdan çox kitabı yayınlanmış, türk dünyasının görkəmli şairi, professor Məmməd İsmayıl “Mikayıl Azaflı-100” medalı ilə təltifləndi.
Məmməd İsmayılın səhhəti ilə əlaqədar olaraq təltifetmə mərasimi onun Bakıdakı evində həyata keçirildi. Ustad aşıq Mikayıl Azaflının 100 illik yubileyi münasibətilə“Tovuz Xeyriyyə Cəmiyyəti”nin təsis etdiyi “Mikayıl Azaflı-100” medalını Məmməd İsmayıla Cəmiyyətin sədr müavini Çingiz Abbasov təqdim etdi. O, qeyd etdi ki, “Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi olan Azaflı Mikayılın xatirəsinə həsr edilmiş medalı qürur hissilə Azərbaycan və türk dünyasının böyük oğlu, Tovuzun fəxarət ünvanı Məmməd İsmayıla təqdim edirəm. Otuz beş ilə yaxındır ki, xalqın, ordumuzun yanında olan, torpaqlarımızın qorunması və düşmən tapdağından azad olunması üçün böyük işlər görən, mütəmadi olaraq elm-sənət adamlarının yaradıcılığına maddi və mənəvi dəstək verən “Tovuz Xeyriyyə Cəmiyyəti”nin (ilk dəfə “Oğuz Xeyriyyə Cəmiyyəti” adı altında fəaliyyətə başlayıb. Red.) ilk yaradıcılarından olan, Cəmiyyətin sabiq Prezidenti Məmməd İsmayıl daim Azərbaycan folkloruna, Azərbaycan aşıq sənətinə dəyər və önəm verərək, saz-söz sənətkarlarının yaradıcılığının təbliğ və tədqiqi yönündə böyük işlər görüb”.
“Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədri Musa Süleymanov, TXC Ağsaqqallar Şurasının sədri, professor Qəzənfər Paşayev, TXC üzvü, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və mərasimdə iştirak edə bilməyən Cəmiyyət üzvləri zəng edərək Məmməd İsmayılı “Mikayıl Azaflı-100” medalı, qarşıdan gələn “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni İl münasibətilə təbrik etdilər, xoş arzularını şairə və onun ailə üzvlərinə çatdırdılar.
.
Yazıya 36 dəfə baxılıb