4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” ictimai birliklərinin təşkilatçılığı, “Amal” xeyriyyə təşkilatının sponsorluğu ilə həyata keçirilən “V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu”nun mükafatlandırma mərasimi keçirilib.
Kultur.az Anaib.az-a istinadən xəbər verir ki, mükafatlandırma mərasimində ANAİB sədri Şəmil Sadiq, marafonun ideya müəllifi və rəhbəri Səbuhi Şahmursoy, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova, “Amal” xeyriyyə təşkilatının sədri Rüfət Mirzəyev, yazıçılar Varis, Rövşən Abdullaoğlu çıxış edib, layihənin əhəmiyyətindən söz açıblar. Çıxışçılar azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu kimi tədbirləri müsbət qiymətləndiriblər.
Qeyd edək ki, final mərhələsində qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyatın hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırıblar.
Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırılıblar. İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim edilib. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürülüb.
Yazıya 9 dəfə baxılıb