27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri Zəfər Abidəsini ziyarət ediblər.
Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
27 Sentyabr – Anım Günü 2020-ci il sentyabrın 27-də Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi məqsədilə başlanan Vətən müharibəsinin ilk gününü və şəhidlərimizin qəhrəmanlığını xatırladan əlamətdar gündür. Həmin gün Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələr əldə olunub.
Anım Günü Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə təsis edilib və hər il sentyabrın 27-də qeyd olunur.
Azərbaycan Yazıçılar Birliyinin üzvləri ziyarət zamanı şəhidlərin əziz xatirəsinin xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıblar. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və Vətən uğrunda fədakarlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən biri kimi dəyərləndirilib.
Yazıya 10 dəfə baxılıb





















