Getdiyin o gündən çəkilib ərşə,
Gündüz rahatlığım, gecələr yuxum.
Şəklinə baxmağı etmişəm peşə,
Qəlbimi doldurub sənin yoxluğun.
*
Görən mənsiz indi necədir halın?
Həsrətin bağrımın başını dələr
Səndən vəfalıymış,vallah,xəyalın,
Nə zaman darıxsam yanıma gələr.
*
Söz veridim son qoyam sənli hər şeyə,
Unudam əlindən çəkdiklərimi.
Birdən yuxuma da gələrsən deyə
Qorxuram qapayam kirpiklərimi
*
Susma,din,de harda elədim günah,
Belə məhəbbətlə sevməkdə səni.
Yerində olmağı istədi, vallah,
Kimə anlatdımsa mən bu sevgini
*
Çox çəkdim səninçün qüssə,kədər,qəm,
Yolunda neynədim,gördüm hədərdi.
Əslində səndə də günah görmürəm,
Kimi sənin qədər sevsəm bezərdi.
*
Yaxın gəl, sözümə qulaq as bir az,
Sən mənim nəyimi sevirsən axı?
Yüz dəfə demişəm -,,bizimki tutmaz”,
Sən mənim nəyimi sevirsən axı?
*
Mən sənin qayğına qalan deyiləm,
Küsəndə könlünü alan deyiləm,
Sirdaşın,həmdəmin olan deyiləm,
Sən mənim nəyimi sevirsən axı?
*
Daha bu payızdan yay ola bilməz,
Min ulduz yığışsa ay ola bilməz
Yaşım da yaşına tay ola bilməz,
Sən mənim nəyimi sevirsən axı?
*
Sığmıram ocağa,evə,bilmirəm,
Çəkərmi bu dərdi dəvə? Bilmirəm.
Mən özüm-özümü sevə bilmirəm,
Sən mənim nəyimi sevirsən axı?
*
Daha mənim üçün ötdü bu qatar,
Qışda açan gülü şaxta,qar vurar.
Mən gedən payızam,sən gələn bahar,
Sən mənim nəyimi sevirsən axı?
*
Könlüm evi bir zindandır.
Bu zindanın neçə-neçə əsiri var.
Hər əsirin öz sirri var.
Əl çatmayan arzularım, xəyallarım,
Ümidlərim, istəklərim, amallarım,
Ömürlük həbs alanı var—yatır burda,
Bir vaxt azad olanı var—yatır burda.
Neçə arzum zindandadır gör nə vaxtdır,
Necə hissim zindandadır gör nə vaxtdır.
Bu da baxtdır?
Öz əlinlə öz arzunu,
istəyini zəncirə vur,
Sonra otur yasını qur?
Amma bir tək-
yeri gəlib deyəm gərək–
Göz yaşımı,
qəlbimdəki damla-damla o əriyən buz daşını
tutammamdım.
Nə zindana salammamdım,
Nə zəncirə vurammadım.
Yalnız bir tək
göz yaşımı əsir etmək mənlik deyil.
O azaddır,
canı çəksə hey axacaq veyil-veyil.
Gözlərimin bulağından daşacaq o.
Özüm üçün bərkitdiyim sərhədləri
və hədləri aşacaq o.
,,Burda olmaz,
orda dayan,hamı baxır,
Indi olmaz, başqa zaman…
”O isə axır…
Nə ağlıma qulaq asır,
nə könlümü dinləyir o.
Gör nə vaxtdır yalvarmaqdır ona peşəm,
Bir zindanın rəisiykən,
bir əsirə çevrilmişəm…
Yazıya 1289 dəfə baxılıb