Hindistanlı brilyant tacirinin 100 atasız qızın toyunu maliyyələşdirdiyi bildirilir.
İş adamı Maheş Savani qərbi Qujarat ştatındakı Surat şəhərində 111 cütlük üçün kütləvi toy edib, NDTV bildirir.
Bütün qadınlar “sadə” ailələrdən gəlir və atalarını itiriblər. Buna görə də öz toylarını maliyyələşdirmək iqtidarında deyillər, kanalın internet səhifəsində deyilir.
Mərasimi maliyyələşdirməklə yanaşı, özünü qadınların “atalığı” adlandıran cənab Savani, həmçinin hər bir gəlinə 7300 dollar dəyərində hədiyyə də verib. “Biz onlara qızıl və gümüş zinət əşyaları, qab-qacaq, elektronik əşyalar, geyim və evliliklə bağlı bütün xərclərini vermişik,” iş adamı deyir.
Cənab Savani həmçinin, qadınların “evlilikdən sonrakı xərclərini” də ödəmək niyyətindədir. Bura hamiləliklə bağlı xərclər də daxildir.
Hindistanda kütləvi nikahlar yoxsul cütlüklərin xərclərini azaltmaq üçün həyata keçirilir.
Cənab Savani deyir ki, o, işçisinin iki qızını evləndirməsinə 12 gün qalmış dünyasını dəyişməsindən sonra evlilik mərasimlərini maliyyələşdirməyə başlayıb. “Mən kütləvi nikahlar üçün heç bir ianə toplamıram. Bu mənim şəxsi təşəbbüsümdür. Qızını evləndirməkdən daha xeyirxah əməl ola bilməz,” o, “The Times of İndia” qəzetinə bildirib.
Gəlinlərdən biri qəzetə bunları deyib: “O təkcə mənə deyil, qardaşlarıma və bacılarıma da ata kimidir. Mən belə bir insanı həyatıma göndərdiyi üçün tanrıya minnətdaram”.
Yazıya 703 dəfə baxılıb