Səni xoşbəxt edə bilsəm.
Sən bir ləçək
Kəpənək tək ağuşunda itə bilsəm.
Sən bir çiçək
Mən dövrəndə bülbül kimi ötə bilsəm
Səni xoşbəxt edə bilsəm.
Sən sözümsən
Bir misramda bitə bilsəm.
Sən özümsən
Mənliyimi güdə bilsəm.
Sən düyünüm
Bu düyünə gedə bilsəm.
Sən ağ günüm
Səadətə yetə bilsəm
Səni xoşbəxt edə bilsəm.
***
SEVGIMIN
Dərdinə bir çarə qıla bilmədim,
Dəymədi əlinə əli sevgimin.
Elə od tutdu ki, elə yandı ki,
Sovruldu göylərə külü sevgimin.
Bu necə taledir, bu necə baxtdı?!
Var-dövlət dediyin quruca taxtdı!
Sən elə bilmə ki, sənsiz xoşbəxtdi
Ruhu da şad deyil ölü sevgimin!
Topla dağıtdılar bulud dolmazdı,
Yondular; diddilər bu gül solmazdı.
Dinib danışmaga sözü olmazdı,
Yaman qısa oldu dili sevgimin…
Kimdi xeyir güdən gül bazarından?
Qurtulmaq olmayır eşq azarından!
Yapışıb bağrımın şah damarından
Sovurur qanını zəli sevgimin!
Özüm yaraladım, özüm oxladım,
Bütün ümidimi ona bağladım,
Daxildən ağladım,içdən ağladım,
Bəxtəvər günüdü çölü sevgimin..
Düşdü qürub çağı, günü qaraldı,
Başını üstünü rüzgar aldı.
Payızda açmışdı yazda saraldı,
Soldu çəmənzarı gülü sevgimin.
Min xəyal qursamda yenə az imiş,
Mənim məhəbbətim nə dayaz imiş?!
Sinəmə sıxdığım telli saz imiş,
Bilməzdim qırılar teli sevgimin…
Başım hey daşlardan daşlara dəydi,
Daşım çox başlardan başlara dəydi,
Gözüm gözdən axan yaşlara dəydi,
Axmadı gözümdən seli sevgimin.
Dərdimi dediyim dağ yamacıdır,
Dağın yamacıda eşq möhtacdır,
Dərdinə qayalar, dağlar acıdı,
Havalı sevgimin, dəli sevgimin.
Sevgisi nakamlar anlar Məmmədi,
Acıdır dünyanın nazı-neməti,
Şax idi qüruru, qəddi, qaməti,
Gör necə büküldü, beli sevgimin..!
***
Gözlə məni
Ay qız,yolumdan eylədin
Bir cüt qara gözlə məni.
Saldın eşqin yağışına
Şirin-şirin sözlə məni.
Xain olmaz bele xofsuz,
Tora düşdüm qovha-qovsuz.
Yandırırsan od-alovsuz
Bu işvəylə,nazla məni.
Çatmaz neçə xəyal dada,
O arzuya o murada,
Yetməz oldum bu dunyada
O dünyada gözlə məni..
***
Sənin sevirəm sözün
Dilinin ucundadır.
Mənim sevirəm sözüm
Sinəmin alt qatında.
Mən heç vədə o sözü
Gətirmərəm dilimə..
Çünki o bir məlhəmdir
Ürəyimin çatında.
***
Sən hardan rast gəldin bu yaşda mənə.
Qurduğum xəyaldan enirəm indi,
Şam kimi əriyib-sönürəm indi,
Sən gedən yolları dönürəm indi,
Baxmadın enişdə, yoxuşda mənə,
Sən hardan rast gəldin bu yaşda mənə?!
Ötüb cavanlığım, yaşa dolmuşam,
Artıq saçlarıma dən də salmışam,
Balaca uşaqdan betər olmuşam,
Gəl indi qaynayıb qarış da mənə.
Sən hardan rast gəldin bu yaşda mənə?!
Sevgi cürbə-cürdür barmaq izi tək,
Bir başa bəladır, bir başa bəzək,
Mənə ürəyini açmazdın gərək,
Günəş neyləyəcək bu qışda mənə?
Sən hardan rast gəldin bu yaşda mənə?!
***
Yaxşı yar
Bəxtinə işıq saçan
Dürdanədir yaxşı yar!
Yolunda şam kimi yan
Pərvanədir yaxşı yar!
Saçlarını oxşayar,
Qəm yükünü daşıyar,
Eşqin ilə yaşayar,
Bir dənədir yaxşı yar!
O hamıya gərəkdir,
Fəxarətdir fərəhdir,
Göydən enmiş mələkdir,
Bir sonadır yaxşı yar!
Çətin günə acıdı,
O başının tacıdı,
Həm qardaşdı,bacıdı,
Həm anadır yaxşı yar!
***
ƏRİT DAMLA-DAMLA YANAĞA MƏNİ
Yenə salamlaşdı baxışlarımız,
Qovruldu qəlbimiz həsrət odunda.
Indi aramızda qəzəblə axan,
Bir dərya gurlayır nifrət adında..
Gözəl çağlar imiş xəyal aləmi
Dünyadan üzülən əlmi, ətəkmi?
Bir anlıq unudub kədəri, qəmi
Yenidən qeyb olub gözdən itəkmi?
Sənin gözlərində bir yol görünür,
Baxdıqca aparır uzağa məni
Qoy gedim o yolla buluda dönüm,
Ərit damla-damla yanağa məni
***
Sən və mən
Ah nə ola bir dəfə,
Baxışımız toqquşa.
Dayanaraq üz-üzə,
Gözlərimiz danışa.
Danışmaya dilimiz,
Hətta bir kəlmə belə.
Qorxuram dilimizdən,
Acı zəhər tökülə.
Heç yaxın da gəlmərəm,
Inan mən sənə sarı.
Heç nəyə dəyişmərəm,
Bircə o, baxışları.
Hər səhər o, baxışlar,
Salam verib keçəydi.
Düşünəydim gün boyu,
O baxışlar necəydi?
Mən sənə baxmaq üçün,
Hey qarşına çıxaydım.
Gözlərimi qırpmadan,
Gözlərinə baxaydım.
Baxaydım ürəyimi,
Danışdıran gözlərə.
Ürəyimi yandıran,
Alışdıran gözlərə.
Hər gün başqa bir aləm,
Hər gecə bir düşüncə.
Yenidən doğuluram,
Gözlərini görüncə.
Hamıdan gizli-gizli,
Ömür sürəydik belə.
Nə bir gözə gələydik,
Nə də
***
QİSMƏTİMİZ DAŞDAN ÇIXIR
Sənsən mənə, mənəm sənə əmanət,
Kimimiz var bu həyatda bizlərin?
Şərbət kimi süzüləcək qəlbimə,
Bir gün mənə acı gələn gözlərin.
Bir ömürü şumlayırıq xış kimi,
Hələ öndə bir fəsil var,qış kimi,
Uşaqlar da uçub gedər quş kimi,
Gözlərimə zillənəcək gözlərin.
Qismətimiz daşdan çıxır bulaq tək,
Səadət də gəlib gedir qonaq tək..
Nə yaxşı ki səninlədir bu ürək,
Üzüm ağdır yanında çox üzlərin.
***
Olsan
Olub şeh damlası dan ağarınca,
Gələrəm yanına sən yarpaq olsan.
Dünyaya əbədi yumub gözümü,
Yataram qoynunda sən torpaq olsan.
Kiçildim,kiçildim öz gözümdə mən,
Yenə mərd dayandım öz sözümdə mən,
Özümü kəşf etdim öz-özümdə mən,
Azmaram yolumdan sən dayaq olsan.
Dərd nədir bilmərəm gülərəm sənlə,
Dünyanı bir cənnət bilərəm sənlə,
Yarıb ürəyimi bölərəm sənlə,
Mənim bu sevgimə sən ortaq olsan.
Girsən gül bağıma çiçək dərərsən,
Saçına çiçəkdən çələng hörərsən,
Mənə bir ömürlük şərəf verərsən,
Mənim həyatıma sən qonaq olsan.
***
SAXLA GƏLİN MAŞININ
Saxla gəlin maşının,
Orda mənim canım gedir..
Yer ayağımaltdan qaçır,
Göyüm,asimanım gedir..
Saxla gəlin maşının,
Alım bütün vücudumu.
Qoy götürüm kül olmadan
O ürəkdən eşq odumu!
Saxla gəlin maşının ,
Orda iki gözüm gedir!
Sınar belim, qol-qanadım,
Dilim ağzım sözüm gedir..!
***
Ürəyimin Işıq Yeri
Uşaqlığa əl çataydı,
Nə bir günah, nə xataydı,
Bir anaydı, bir ataydı
Ürəyimin işıq yeri.
Gah yay oldu, gah qış oldu,
Ömür, rəngli naxış oldu,
Sevgi dolu baxış oldu
Ürəyimin işıq yeri.
Bu dünyaya gəldim qonaq,
Söykənməyə olmadı dağ,
Aydan, gündən düşən saçaq
Ürəyimin işıq yeri.
Yer Tanrının əl işidir,
Bahar yazın gəlişidir,
Körpələrin gülüşüdür
Ürəyimin işıq yeri.
Araz sakit axan çaydı,
Həsrət ona düşən paydı..!
Həm o taydı, həm bu taydı
Ürəyimin işıq yeri.
Dərbənd eldən Bağdadacan
Nurla dolu günəş saçan
Yaralanmış Azərbaycan
Ürəyimin işıq yeri!!!
Yazıya 940 dəfə baxılıb