Bir ara sosial şəbəkələrin “xəbər qəhramanı” olan bir qadın mağmın-mağmın qarşımda əyləşmişdi. O qadın ki, iki azyaşlı uşağını və “bığıbırma” ərini evdə qoyub qonşu kişiyə qoşulub, qonşuluqdan çıxmışdı.
“Bu məsələ mənim öz şəxsi işimdir” deyib sözə başladı.
Əslində onun şəxsi işinə qarışmaq niyyətim yox idi. Məni maraqlandıran başqa şey idi…
“Xanım, məgər ərindən boşanıb sonaradan qonşu kişiyə ərə gedə bilməzdin”? – deyə soruşdum.
Aldığım cavab məni əməlli başlı təəccübləndirdi;
“Ay xanım, siz mənim ərimi tanımırsız ee… O elə qəddar kişidi ki, ona boşanmaq haqqında nəsə demək olmazdı.
Məsələ aydın idi. Qadın, “azadlığını” tamamilə əlindən almış zabitəli “kişi”nin qorxusundan evdə nəfəs ala bilmədiyi üçün, qonşu kişinin yanında “ağ gün” görəcəyini ümüd edərək özünə görə cəsarətli sayılacaq bir addım atmışdı.
Sözün hər iki mənasında qonşuluqdan çıxan bu iki “gün üzü görməmiş” Bakıda nicat tapacaqlarına ümüd edərək, şələ-şülələrini yığışdırıb, tıxaclardan keçə-keçə paytaxta qədər gəlib çıxıblar.
Gözünə döndüyüm qələm əhlinin isə bu hadisəni yazmadığı qəzet, sayt, dərgi qalmayıb. Bir yana baxanda jurnalislər də qınanılası deyil. Axı onlar bu iki “aşiq”in havasızlıqdan Bakıya gəlmələrindən xəbərsiz olub.
Xülasə, qarşımda əyləşən qadın onları başa düşməyimi istəyir.
Başa düş deyir, düşüm də…
Qadının ərinin zabitəli olmağı heç inandırıcı gəlmədi mənə. O necə zabitəli kişidir ki, doğmaca arvadı ondan qorxa-qorxa qonşu ilə eşq-məşq yaşayır. O kişiyə olsa-olsa həlim kişi demək olar.
Bir də ki, “məni başa düş” deyən bu qadına bir söz də demək istəyirəm. “Mən səni başa düşürəm. Statiskalarda da məlumdur ki, ölkədə qadın qıtlığı var. İşinə davam et, əksik qalan planları doldur! Səni axtarmayan həlim ərin isə dünyanın zövqündən əl çəkib “dərvişlik” etsə yaxşı olar. Çünki, bu həlimliklə o hələ çox arvadı qonşu kişinin yanına göndərə bilər”.
Sonra da deyirlər ki, ərlilər də ər axtarır…
atvxəbər.az
Yazıya 874 dəfə baxılıb